Məhkəmə qərarları › İş №2-1(106)-377/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-377/2023

16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-377/2023 16.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdudi oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şərifov Sarvan Şərif oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarda dəyişiklik edilərək diaqnoz qrafasında müvafiq qeydin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati iş üzrə ərazi aidiyyəti ilə bağlı fikir ayrılığına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək qərarda dəyişiklik edilərək diaqnoz qrafasında müvafiq qeydin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 05 aprel 2023-cü il tarixli, 2- 1(116)-1501/2023 nömrəli qərardadı ilə iddia ərizəsinə əsasən İddiaçı qeydiyyatda olduğu ünvanın Laçın rayonu, Qayğı qəsəbəsi olduğu əsas gətirilərək inzibati işin aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 10 avqust 2023-cü il tarixli, 2-1(120)-3094/2023 nömrəli qərardadı ilə İddiaçı Laçın rayonu, Qayğı qəsəbəsində qeydiyyatda olsa da, faktiki yaşayış yerinin ünvan 5 olduğu əsas gətirilərək inzibati işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. İddia ərizəsi məhkəməyə daxil olarkən qüvvədə olan redaksiyada Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Bakı şəhəri inzibati ərazi vahidi Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.6-cı maddəsinə əsasən inzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərazi aidiyyətinin müəyyən edilməsi üçün inzibati işin Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi ilə prosessual hüquq normalarının tələblərinə düzgün riayət etmişdir. İşdə olan xx.xx.2006-cı il tarixli, AA 132578 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, 1979-cu il təvəllüdlü İddiaçı 1992-ci il tarixdə Laçın rayonunu tərk etmiş, hazırda məskunlaşdığı ünvan Bakı şəhəri, Suraxanı rayonudur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Xüsusi Təyinatlı Mənzil İstismar İdarəsinin Xüsusi təyinatlı yaşayış sahəsinin xx.xx.2019-cu il tarixli, 24 nömrəli kirayə müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 15 nömrəli binanın 48 nömrəli, 2 otaqlı, yaşayış sahəsi 29,11 m2 olan mənzil kirayə haqqı ödənilməklə, müvəqqəti yaşamaq üçün kirayəçi İddiaçı (kirayəçinin ailə üzvləri: Novruzova Dinara Nadir qızı, Novruzlu Rafael Rövşən oğlu, Novruzlu Aysel Rövşən qızı) sahibliyinə və istifadəsinə verilir. İşdə olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 103 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 87 nömrəli məktubunda qeyd edilmişdir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 15 nömrəli binanın 48 nömrəli, 2 otaqlı, yaşayış sahəsi 29,11 m2 olan mənzili Azərbaycan Respublikası Müdafiə Nazirliyi Xüsusi Təyinatlı Mənzil İstismar İdarəsinin Xüsusi təyinatlı yaşayış sahəsinin xx.xx.2019-cu il tarixli, 24 nömrəli kirayə müqaviləsinə əsasən İddiaçı 3 (üç) nəfər ailə tərkibi ilə (Novruzova Dinara Nadir qızı, Novruzlu Rafael Rövşən oğlu, Novruzlu Aysel Rövşən qızı) verilmişdir və ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. İşdə olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 01-13/128 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsi ilə bağlamış olduğu xx.xx.2019-cu il tarixli, 24 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 15, mənzil 48 ünvanında qeydiyyatdadır və yaşayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın ərazi aidiyyətini müəyyən etmək üçün ilk növbədə iddianın növü müəyyən olunmalıdır. İddianın predmeti mübahisələndirilən qərarda dəyişiklik edilərək diaqnoz qrafasında müvafiq qeydin edilməsindən ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına görə mübahisələndirmə haqqında iddia vasitəsilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Belə olan halda iddianın növü mübahisələndirmə haqqında iddiadır. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı Laçın rayonunun Qayğı qəsəbəsində qeydiyyatda olsa da, ünvan 5 ünvanında müvəqqəti qeydiyyatda olmaqla yaşayır. Bakı şəhəri isə inzibati ərazi vahidi kimi Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olduğundan hazırkı inzibati işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 9.1-ci və 9.1.3-cü maddələrinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci və 9-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarda dəyişiklik edilərək diaqnoz qrafasında müvafiq qeydin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar