Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-379/2024 23.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, İddiaçı, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2-1(120)-849/2024 nömrəli qərarından üçüncü şəxs Azərbaycan Respublikasının Qaçqınların və X5 Üzrə Dövlət Komitəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinə qarşı vahid aylıq müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, 2017-ci il tarixdən dayandırılmış vahid aylıq müavinətin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibаti Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Qaçqınların və X5 Üzrə Dövlət Komitəsi üçüncü şəxs qismində adi cəlbetmə qaydasında işə cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 29 fevral 2024-cü il tarixli, 2- 1(120)-849/2024 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin xx.xx.2021-ci il tarixdən verilməsi öhdəliyinin cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə keçmiş arvadı arasında ailə münasibətlərinə xitam verildiyindən, tərəflər arasında əmlak bölgüsü tələbi olmadığından, onun keçmiş arvadının mülkiyyətində olan daşınmaz əmlaklara xitam verildikdən sonra iddiaçının mülkiyyət hüququ mövcud olmadığından iddiaçıya məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin xx.xx.2021-ci il tarixdən verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qərardan üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiа onunla əsaslandırmışdır ki, 1993-cü ildə Füzulı rayonu işğal olunduqdan sonra məcburi köçkün düşmüşdür. Hazırda ünvan 1 ünvanda yaşayır. 2017-ci ildən ona və 4 nəfərdən ibarət ailə üzvlərinə təyin olunan aylıq müavinət dayandırılmışdır. Səbəbi isə həyat yoldaşı X2 adına şəxsi mülkə aid çıxarışın olması göstərilmişdir. Qeyd olunan mənzilin sahibi arvadının valideynidir. Mənzil onun valideynlərinin maddi vəsaiti hesabına alınmışdır, yalnız qeydiyyat vəsiqəsi arvadının adındadır. Həmin mənzillə onun və arvadının heç bir bağlılığı və istifadə hüququ yoxdur. Həmçinin 2021-ci il tarixdən məhkəmə qətnaməsi ilə boşanmışlar və ayrı yaşıyırlar. Belə olan halda ona verilən müavinətin dayandırılmasını düzgün hesab etmir. Cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, İddiaçı və ailə üzviləri məcburi köçkün kimi vahid aylıq müavinət almışlar. Lakin Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən Füzuli Rayon İcra Hakimiyyətinə göndərilən adlarına kupçalı mənzil olan vətəndaşların siyahısında İddiaçı arvadı X2 adına ev olduğu qeyd olunmuşdur. Buna görə də İddiaçı və ailə üzvilərinə verilən vahid aylıq müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi Köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası" haqqında 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə müvafiq Təlimatın 2.1 -ci (məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla)) bəndinə əsasən Mirzəcamallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən dayandırılmışdır. Üçüncü şəxs Azərbaycan Respublikasının Qaçqınların və X5 Üzrə Dövlət Komitəsinin iddiaya qarşı etiraz dəlilləri cavabdehin dəlilləri ilə oxşar məzmunludur. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi təfəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri iddiaya qarşı etiraz dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər Üçüncü şəxsin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Füzuli rayon bölməsinin xx.xx.2023-cü il tarixli, 129 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən də Füzuli rayonundan məcburi köçkündür, məcburi köçkün statusu var, Füzuli rayon yeni salınmış 400 evlik Fin qəsəbəsi, 322 nömrəli evdə müvəqqəti olaraq məcburi köçkün kimi qeydiyyatdadır və yaşayır. -Füzuli rayon Məhkəməsinin 2(064)-572/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X4 arasında xx.xx.2000-ci il tarixli Füzuli rayon Mirzəcamallı kənd icra nümayəndəliyində 03 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Qətnamə 16 aprel 2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. -Füzuli rayon İcra Hakimiyyəti Başçısının Mirzəcəmallı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışında bildirilir ki, Seyidmahmudlu kənd sakini İddiaçı və ailə üzvlərinə yemək xərci müavinətinin verilməsi xx.xx.2017-ci il tarixdən dayandırılmışdır. -Tibbi-sosial ekpertiza müayinəsindən çıxarışdan müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2021-ci il tarixdən ikinci qrup əlildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 1-ci bəndinə əsasən aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilir. 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla); Həmin Qaydaların 2-ci bəndində aylıq müavinətin şamil olunmadığı şəxlər kateqoriyası müəyyən edilmişdir: 2.1. məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı ailələri, Azərbaycanın Milli Qəhrəmanı ailələri, şəhid ailələri, Qarabağ müharibəsi ilə əlaqədar orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla). İş materiallarından görünür ki, İddiaçı arvadı X8 məcburi köçkün düşdükdən sonra mənzil əldə etdiyinə görə onun və ailə üzvilərinin vahid aylıq müavinətləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Məcburi Köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” haqqında 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə müvafiq Təlimatın 2.1-ci bəndinə əsasən 2017-ci ilin yanvar ayından dayandırılmışdır. Birinci instansiya məhkəməsi öz qənaətini İddiaçı arvadı X8 arasında olan nikahın pozulması və tərəflər arasında əmlak mübahisəsinin olmaması, bununla da iddiaçının keçmiş arvadının mülkiyyətində olan daşlnmaz əmlakla bağlı nikaha xitam verildikdən sonra mülkiyyət hüququnun mövcud olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən Qaydaların 2.1-ci bəndinə əsasən sonradan ailə münasibətlərinə xitam verilib-verilməməsindən, aralarında əmlak bölgüsü ilə bağlı mübahisənin olub-olmamasından asılı olmayaraq məcburi köçkün düşdükdən sonra ayrıca yaşayış sahəsi əldə edən şəxslərə aylıq müavinətin verilməsi mümkün hesab edilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs Azərbaycan Respublikasının Qaçqınların və X5 Üzrə Dövlət Komitəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2-1(120)-849/2024 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinə qarşı vahid aylıq müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia təmin edilməsin. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-379/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-379/2024
23.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver