Məhkəmə qərarları › İş №2-1(106)-379/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-379/2025

04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-379/2025 04.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Əliyev Qasım Vəli oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan İnzibati Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 2-1(120)-837/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv olunması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müracitə edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********275400 saylı və xx.xx.2022-ci il tarixli, **********98922900 saylı qərarların ləğv edilməsi barədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 24 yanvar 2025-ci il tarixli, 2- 1(120)-837/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 3227 nömrəli Sərəncamına uyğun olaraq, çəltikçiliyin inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, çəltik istehsalına marağın artırılması məqsədi ilə “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” hazırlanmışdır. Həmin Proqramın 8.1.3-cü bənində Çəltik məhsullarının istehsalı sahəsində mütərəqqi təcrübəyə malik xarici şirkətlərlə əlaqələrin genişləndirilməsi Kənd Təsərrüfatı Nazirliyinə tapşırıldığı göstərilir. Eyni zamanda həmin Proqramın 8.5.2-ci bəndində Çəltik istehsalı, emalı və ixracı ilə məşğul olan yerli şirkətlər barədə məlumatların Azərbaycanda istehsal olunan malların vahid məlumat bazası üzrə portalda yerləşdirilməsi və mütəmadi olaraq yenilənməsi Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, X1 və Kommunikasiya Mərkəzinə tapşırıldığı göstərilir. Göründüyü kimi, Çəltiyin (təmizlənmiş düyünün) kənd təsərrüfatı məhsulu olması həmin “Dövlət Proqramı”nda da öz əksini tapır. Vergi Məcəlləsinin 13.2.61.2-ci maddəsinə əsasən bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu kimi formasını saxlamalı, kimyəvi tərkibi dəyişdirilməməli, konservləşdirilməməlidir. Göründüyü kimi düyü də nə konsevləşdirilmir, nə kimyəvi tərkibi dəyişmir, nə də təbiətdə olduğu formasını itirmir. Bu səbəbdən də istehsal olunan düyü də kənd təsərrüfatı məhsulu hesab olunur. Həmçinin Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2018-ci il 31 oktyabr tarixli 9/2 nömrəli Kollegiya Qərarına münasibətdə Azərbaycan Respublikasının Vergi Məcəlləsi daha üstün hüquqi qüvvəyə malik olduğundan, kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla, Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş mənfəət vergisini, əlavə dəyər vergisini, eyni zamanda həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən 2024cü ilin 1 yanvar tarixinədək azad edildiklərindən çəltik (düyü) məhsullarının istehsalçısı olan iddiaçının da əlavə dəyər vergisini ödəməkdən azad edilməsi hüququ tanınaraq təmin edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı həmçinin analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1 (102)-911/2023 nömrəli qərarında sərgilədiyi hüquqi mövqeyə istinad etmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2018-2019-cu illərdə icarəyə götürdüyü 12 ha torpaq sahəsində kənd təsərrüfatı məhsulu olan çəltiyi əkib becərərək onu dəyirmanda sənaye üsulu ilə emal etməklə təmiz düyü halına gətirərək, satışını həyat keçirmişdir. Cavabdeh orqan tərəfindən 2019-cu ildə "xxxx" MMC-yə satdığı 5000 kq, dəyəri 9000 manat olan düyüyə görə xx.xx.2019-cu il tarixə etdiyi vergi bəyannaməsinə qanunsuz olaraq ƏDV hesablamış, aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş 500,40 manat məbləğində əlavə verginin hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********275400 saylı “Vergilərin, sosial sığorta haqlarının hesablanması barədə” qərarını qəbul etmişdir. Həmçinin cavabdeh xx.xx.2022-ci il tarixli, **********008400 saylı qərarla 500,40 manat əsas, 182,65 manat faiz, ümumilikdə 683,05 manat vergi, faiz və maliyyə sanksiyası müəyyən etmiş və bununla bağlı Lənkəran rayon icra və probasiya şöbəsinə tələbin icraya yönləndirilməsi barədə müraciət etmişdir. Bundan əlavə, cavabdeh vergi orqanı xx.xx.2022-ci il tarixli, **********922900 saylı qərarla əlavə olaraq 40,0 manat maliyyə sanksiyası da tətbiq etmişdir. Beləliklə, cavabdeh tərəfindən Statistika Komitəsinin xx.xx.2018-ci il tarixli 9/2 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı”nın 10.61.11-ci “C” seksiyasında “təmizlənmiş düyü”nün dəyirman-ding sənayesi məhsullarına aid edilməsi əsas gətirilərək “Vergilərin, sosial sığorta haqlarının hesablanması barədə” əsassız qərarı əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, Statistika Komitəsinin xx.xx.2018-ci il tarixli 9/2 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı”nın 10.61.11 -ci “C” seksiyasında “təmizlənmiş düyü”nün dəyirman-ding sənayesi məhsullarına aid edilməsi Vergi məcəlləsinin 164.1.1.18 maddəsində göstərilənlərin əksinə deyildir. Həmin “təsnifat”da təmizlənmiş düyünün mənbəyi barədə heç nə bildirilmir. “Təsnifat”da nəzərdə tutulan adi qaydada (kənardan, özü istehsal etmədən) əldə edildiyi düyü nəzərdə tutulur. Çünki təmizlənmiş düyü kimi strateji məhsulun əksər hissəsi Respublikaya kənar dövlətlərdən idxal edilir. Belə olan halda həmin düyünün satışı ƏDV-yə cəlb edilir. Şəxsin özünün becərdiyi düyünü sənaye üsulu ilə çəltiyin qabığından təmizləyərək satışından əldə edilən vəsaitin ƏDV-yə cəlb edilmədiyi Vergi məcəlləsinin 164.1.18 maddəsində göstərilənlərə tam uyğundur. Vergi məcəlləsinin 13.2.61.2. maddəsinə əsasən bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu kimi formasını saxlamalı, kimyəvi tərkibi dəyişdirilməməlidir. Göründüyü kimi düyü də nə konservləşdirilmir, nə kimyəvi tərkibi dəyişmir, nə də təbiətdə olduğu formasını itirmir (buğda, arpa, yulaf, qoz ləpəsi və ya fındıq kimi). Bu səbəbdən də istehsal olunan düyü də kənd təsərrüfatı məhsulu hesab olunur. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən malların təqdim edilməsi və xidmətlərin göstərilməsi ilə bağlı elektron qaimə fakturalar təqdim edilməsinə baxmayaraq, 2019-cu ilin gəlir vergisi bəyannaməsinin təqdim etməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə bağlı vergi ödəyicisinə vergi orqanı tərəfindən “Bəyannamənin təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********689100 nömrəli məktub göndərilmiş, vergi ödəyicisi tərəfindən müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2019-ci il üçün 500,4 manat gəlir vergisi hesablanaraq "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********640500 nömrəli Qərar qəbul olunmuşdur. Sonradan iddiaçı tərəfindən xx.xx.2022-ci ildə 2019-cu ilin dəqiqləşmiş gəlir vergisi bəyannaməsi təqdim edilmiş, vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə 500,4 manat vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********275400 nömrəli Qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Həmçinin uçot baza məlumatlarının araşdırılması zamanı iddiaçı tərəfindən 2019-cu ildə elektron qaimə fakturalar əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 9000,0 manat dəyərində düyü məhsulu təqdim edildiyi, X2 1008,0 manat dəyərində kənd təsərrüfatı xidmətlərinin göstərildiyi, idxal əməliyyatlarının aparılmadığı müəyyən edilmişdir. Vergi ödəyicisinin əsas fəaliyyət növünün “dənli (çəltik istisna olmaqla) bitkilərin becərilməsi” olmasına baxmayaraq vergi orqanında uçota alınmış təsərrüfat subyekti müəyyən edilməmişdir. Kameral vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən 2019-cu ildə təqdim edilmiş elektron qaimə fakturaların dəyəri olan 10008,0 manat gəlir nəzərə alınaraq Vergi Məcəlləsinin 102.1.30cu maddəsinə əsasən (mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlara 75 faiz güzəşt) 500,4 manat gəlir vergisi hesablanmışdır. Vergi ödəyicisi tərəfindən şəxsi təsərrüfat yaradaraq dənli bitkilərin (düyü və arpa) əkilməsi və satışı ilə məşğul olduğunu müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə sorğu verilmiş, Agentliyin cavab məktubunda vergi ödəyicisinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydalarf’na uyğun olaraq qida təhlükəsizliyi qeydiyyatına alınmadığı qeyd edilmişdir. Məhsul növlərinin təsnifatı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2018-ci il 31 oktyabr tarixli 9/2 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı” ilə tənzimlənir. Təmizlənmiş düyünün həmin təsnifatın 10.61.11-ci “C” seksiyasında dəyirman-ding sənayesi məhsulları sinfinə daxil edilmişdir. Təmizlənmiş düyü məhsulu kənd təsərrüfatı məhsullarına aid edilmədiyindən həmin məhsulun satışı ilə bağlı gəlir Vergi Məcəlləsinə əsasən ümumi qaydada vergiyə cəlb edilir. Beləliklə, vergi ödəyicisinin əsas fəaliyyət növünün “dənli (çəltik istisna olmaqla) bitkilərin becərilməsi” olmasına baxmayaraq vergi orqanında uçota alınmış təsərrüfat subyektinin müəyyən edilmədiyini, “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”na uyğun olaraq iddiaçının qida təhlükəsizliyi qeydiyyatına alınmadığını, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2018-ci il 31 oktyabr tarixli 9/2 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı”na əsasən təmizlənmiş düyünün həmin təsnifatın 10.61.11-ci “C” seksiyasında dəyirman-ding sənayesi məhsulları sinfinə daxil edildiyini, təmizlənmiş düyü məhsulu kənd təsərrüfatı məhsullarına aid edilmədiyindən həmin məhsulun satışı ilə bağlı gəlir Vergi Məcəlləsinə əsasən ümumi qaydada vergiyə cəlb olunmalıdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddiayaq qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, iddiaçı işə iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh nümayəndəsinin iştirakının təmin etməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********275400 saylı və xx.xx.2022-ci il tarixli, **********98922900 saylı qərarların qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -13.2.60-cı maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı - sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsidir. -13.2.61 -ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının satışı - bu Məcəllənin məqsədləri üçün aşağıdakı tələblər çərçivəsində kənd təsərrüfatı məhsullarının təqdim edilməsidir: -13.2.61.1-ci ci maddəsinə əsasən istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlılar diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməlidir; -13.2.61.2-ci maddəsinə əsasən bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlamalı, kimyəvi tərkibi dəyişdirilməməli, konservləşdirilməməlidir. -102.1.11-ci maddəsinə əsasən bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından (o cümlədən, sənaye üsulu ilə) alınan gəlirlər, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar vergisindən azadır. -53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Məcəllənin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. İş materiallarında olan: -**********922900 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı tərəfindən 2019-cu il Gəlir vergisi hesabat(lar)ı və arayış(lar)ı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə ona Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən cəmi 40.0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2022-ci il tarixli, **********275400 nömrəli qərardan görünür ki, İddiaçı 500.0 manat vergi hesablanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır, əlavə olaraq qeyd edir ki, çəltik emal prosesindən keçərək düyü alınsa da, həmin prosesin gedişində məhsul təbiətdəki ilkin formasını saxlayır (qabığın çıxarılması ilkin formanın itirilməsi mənasına gəlməməlidir), kimyəvi tərkibini dəyişdirmir və konservləşdirilmir. Bu hal onu deməyə əsas verir ki, iddia Vergi Məcəlləsinin 13.2.60-cı maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmaqla, həmin Məcəllənin 102.1.11-ci maddəsinə əsasən Gəlir vergisindən azaddır. Kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2018-ci il 31 oktyabr tarixli 9/2 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı” yalnız statistika xarakteri daşıyır və hər-hansı məhsulun mənşəyini və vergiyə cəlb edilib-edilməməsini müəyyən edən normativ xarakterli sənəd hesab edilə bilməz. Başqa sözlə, bu sənədlə məhsulların çeşidlənməsi və yaxud kateqoriyalara bölünməsi vergiyə cəlb edilmə və azad edilmə meyarı kimi çıxış edə bilməz. Bundan başqa məhkəmə kollegiyası xx.xx.2022-ci il tarixli, **********98922900 saylı qərarların qanuniliyi ilə bağlı qeyd edir ki, iddiaçı qanunvericiliyin tələblərinə görə gəlir vergisindən azad edilməsi onun gəlirləri barədə məlumatı vergi orqanına bəyan etməsinin zəruriliyini aradan qaldırır. Bu baxımdan iddiaçının müvafiq bəyannamənin gec təqdim edilməsinə görə maliyyə sanksiyasına məruz qalması öz-özlüyündə hüquqi baxımdan qeyri-adekvat yanaşmadır. Beləliklə işin araşdırılmış faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 2-1(120)-837/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar