Məhkəmə qərarları › İş №2-1(106)-380/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-380/2024

15.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-380/2024 15.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Firdusi oğlunun sədrliyi ilə, Hakimlər Hüseynov Fikrət Cilingir oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X2 Baş Mühafizə İdarəsinə qarşı “xx.xx.2021-ci il tarixli, Ə1159ş/h-038-21 əmrin onun işdən azad olunmasına dair hissədə qismən ləğv edilməsi” barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2-1(120)-167/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası X2 Baş Mühafizə İdarəsinə qarşı “əvvəlki vəzifəsinə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı məhkəməyə iddianın dəyişdirilməsinə dаir ərizə təqdim еdərək, iddiа ərizəsində dəqiqləşmə аpаrıldığını, iddiaçının və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “Azərbaycan Respublikası Cavabdeh xx.xx.2021-ci il tarixli, Ə 1159ş/h- 038-21 nömrəli əmrinin ləğv edilməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Sonradan İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddianın dəyişdirilərək “Azərbaycan Respublikası Cavabdeh xx.xx.2021-ci il tarixli, Ə 1159ş/h-038-21 əmrinin onun işdən azad olunmasına dair hissədə qismən ləğv edilməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1998-ci il tarixdən etibarən daxili işlərorqanlarında işə qəbul olunmuş və həmin vaxtdan əvvəlcə İmişli rayon Mühafizə Bölməsində, sonra isə İmişli rayon Mühafizə şöbəsində polis baş serjantı vəzifəsində işləmişdir. İşlədiyimüddətdə heç bir nöqsanı olmamış və bir dəfədə olsun ki, intizam tənbehi almamış, əksinə Cavabdeh sabiq rəisi Milli Qəhrəman Mədət Quliyev tərəfindən qüsursuz xidmətə görə medalla təltif olunmuşdur. 1-ci Qarabağ Müharibəsində döyüşlərdə iştirak etmiş və müharibə veteranıdır. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri içtimai birliyinin İmişli şöbəsinin üzvüdür. Cavabdeh Azərbaycan Respublikası X2 Baş Mühafizə İdarəsinin xx.xx.2021-ci il tarixli, Ə1159ş/h- 038-21 nömrəli qanunsuz əmri ilə Azərbaycan Respublikası Daxili İşlər orqanlarında xidmət keçmə haqqında əsasnaməyə müvafiq olaraq 135-ci maddənin 11-ci bəndi ilə (ştatlar ixtisar edildikdə) xidmətdən xaric edilmişdir. Cavabdeh Azərbaycan Respublikası X2 Baş Mühafizə İdarəsinin həmin əmri qanunvericiliyin müvafiq tələblərinin pozulması ilə qəbul edildiyi üçün qanunsuzdur. Belə ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək qabiliyyətinin olmaması vərəqəsi əsasında xəstəliklə əlaqədar bülletendə olduğu halda xx.xx.2021-ci il tarixli, Ə160-038-21 nömrəli təşkilatı ştat əmrinə əsasən xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası X2 Baş Mühafizə İdarəsinin sərəncamında sayılmışdır. Həmin vaxt bülletendə olmuş və xəstə olduğu vaxt Azərbaycan Respublikası X2 Baş Mühafizə İdarəsinin qərargah rəisi polkovnik Asəf Dəmirov cənablarına bildirmişdir ki, bülletendədir və bura niyə çağırılmışdır, ona bülletenin boş şey olduğunu bildirmişdir. Xəstəlik barədə bülleteni İmişli rayon Baş Mühafizə İdarəsinə təqdim etmiş və ona bildirilmişdir ki, işdən çıxarılmaq üçün adının əmrə salınıb və Azərbaycan Respublikası X2 Baş Mühafizə İdarəsinə göndərilmişdir. Lakin ona işdən çıxma barədə əmr və əmək kitabçası verilməmişdir. 11 avqust 2021-ci il tarixdə 01 nömrəli pul attestasiyası verilmiş və Azərbaycan Respublikası X2 Baş Mühafizə İdarəsinə təqdim etmək üçün, lakin həmin günədək və ondan sonra işdən çıxma barədə əmr və əmək kitabçası verilməmişdir. Yalnız xx.xx.2021-ci il tarixdə onun işdən çıxmağı barədə xx.xx.2021-ci il tarixli, Ə1159ş/h-038-21 nömrəli əmrdən çıxarışın surətini və əmək kitabçasını yazıb ona verilmişdir. Digər halda ona 01 nömrəli pul attestasiyasına imza etdirilmiş ki, guya cəmi 2310 manat məbləğində xidmətdən təxris olunmaya görə vəzifə və rütbə maaşının 5 aylıq məbləğində pulu almışdır. Lakin həmin 2310 manat pulu bu günədək almamışdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1998-ci ildən daxili işlər orqanlarında, İmişli rayon Mühafizə Bölməsində xidmətə başlamış və xidmət illərində heç vaxt nöqsanı, intizam tənbehi olmamışdır. 1-ci Qarabağ Müharibəsi veteranıdır. Cavabdeh Azərbaycan Respublikası X2 Baş Mühafizə İdarəsinin xx.xx.2021-ci il tarixli, Ə1159ş/h- 038-21 nömrəli əmrilə “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 11-ci bəndi ilə (ştatlar uxtisar edildikdə) xidmət xaric edilmişdir. xx.xx.2021-ciil tarixdən xx.xx.2021-ci il tarixə kimi “Covid-19” diaqnozu ilə müalicə olduğu üçün tibb müəssisəsi tərəfindən ona həmin tarixlərə “Əmək qabiliyyətinin olmaması vərəqəsi” verilmişdir. xx.xx.2021-ci il tarixli, 160-038-21 nömrəli təşkilati ştat əmrinə əsasən 01 iyun 2021-ci il tarixdən 09 avqust 121-ci il tarixədək Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsinin sərəncamında olduğunu, 11 avqust 2021-ci il tarixdə 1 saylı pul attestasiyasıni aldığını, xx.xx.2021-ci il tarixdə işdən çıxmağı barədə xx.xx.2021-ci il tarixli, Ə1159ş/h-038-21 saylı əmrdən çıxarışı aldığıni, pul attestasiyasına imza etdirdiklərini, lakin ona veriləsi 2310 manatı vermədiklərini bildirmişdir. İddiaçı iddia tələbi əsassızdır. Belə ki, təqdim edilmiş, İddiaçı adına olan 090518 saylı “Əmək qabiliyyətinin olmaması vərəqəsində” sonuncunun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi “Covid-19” diaqnozu ilə müalicə olunduğu göştərilmişdir. xx.xx.2021-ci il tarixdə isə DİN-in Baş Mühafizə İdarəsinin hissələrinin təşkilat-ştat məsələlərinə dair Ə160-038-21 saylı əmri olmuşdur ki, həmin əmrə əsasən BMİ üzrə 116 ştat verilmiş, 157 ştat ixtisar edilmişdir. İxtisar edilmiş 9 ştat polis nəfəri İmişli Rayon Mühafizə Şöbəsinin payına düşür. 01 iyun 2021-ci il tarixdə İmişli Rayon Mühafizə Şöbəsində əməkdaşların iştirakı ilə keçirilmiş əməliyyat müşavirəsində 9 polis nəfəri ştat vahidinin ixtisar olunması məsələsi müzakirə olunmuş, həmin şəxslərin namizədlikləri ilk növbədə pensiya hüququ qazanmış əməkdaşlar arasından seçilmiş və onlara BMİ-nin digər mühafizə qurumlarında xidmət etmək, xüsusən İmişli rayonuna yaxın məsafə baxımından Bakı şəhəri, Qaradağ RMİ-də xidmət etmək təklif olunmuşdur. xx.xx.2021-ci il tarixdə İddiaçı ixtisara düşməsilə bağlı BMİ-nin Kadrlar İdarəsinə dəvət olunmuş, ona imişli rayonuna yaxın məsafə baxımından Bakı şəhəri, Qaradağ RMİ-də xidmət etmək təklif olunmuş, lakin o, təqaüdə çixmağa üstünlük vermişdir. Yalnız bundan sonra xx.xx.2021-ci il tarixdə barəsində daxili işlər orqanlarında xidmətdən xaric olunma haqqında təqdimat verilmiş və həmin tarixdə də “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqındaƏsasnamə”nin 135-ci maddəsinin 11-ci bəndinə əsasən (ştatlar ixtisar edildikdə) Ə1159ş/h-038-21 saylı əmri ilə xidmətdən xaric edilmişdir. İddiaçı təqvimi hesablama əsasında 27il, 11 ay, 08 gün xidmət etmişdir. İddiaçı 5847 manat 04 qəpik son haq-hesab hesablanmış və ondan 4315 manat ödənilmiş, 1532 manat isə ödəniləcəkdir. Göründüyü kimi İddiaçı xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi müalicə olunmuş, bundan xeyli müddət sonra, xx.xx.2021-ci il tarixdə bütün mümkün hallar təklif olunmaqla təqaüdə göndərilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsinə qarşı vəzifəyə bərpa olunma və kompensasiyanın ödənilməsi tələbi əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 06 mart 2024-ci il tarixli, 2-1(120)-167/2024 saylı qərarı (hakim Hilal Nəcəfov) ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, işə baxan birinci instansiya məhkəməsi iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və nəticədə qanuni və əsaslı olmayan məhkəmə aktı qəbul etmişdir. Apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 06 mart 2024-ci il tarixli, 2-1(120)-167/2024 saylı qərarının ləğv edilərək iddianın təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: «Polis haqqında» Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə görə polis – Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır, polis əməkdaşı – polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. Həmin Qanunun 13-cü maddəsinə görə səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək polis əməkdaşının ümumi vəzifələrindən biridir. Həmin Qanunun 34-cü maddəsinin 1-ci hissəsinin 11-ci bəndinə əsasən ştatlar ixtisar edildikdə polis əməkdaşı xidmətdən xaric edilə bilər. Həmin Qanunun, həmin maddəsinin 3-cü bəndinə əsasən polis əməkdaşının xidmətdən xaric edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnamənin: 40-cı maddəsinə əsasən təşkilati və ştat dəyişiklikləri ilə əlaqədar daxili işlər orqanlarının əməkdaşı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tutduğu vəzifədən azad edilərək iki aydan artıq olmayan müddətə müvafiq orqanın sərəncamında saxlanıla bilər. Göstərilən müddətdə həmin əməkdaşa tam həcmdə əmək haqqı ödənilir və onun işlə təmin olunması məsələsi həll edilir. Həmin Əsasnamənin 135-ci maddəsinin 11-ci bəndinə əsasən ştatlar ixtisar edildikdə daxili işlər orqanlarının əməkdaşı xidmətdən xaric edilə bilər. Həmin Əsasnamənin 141-ci maddəsinə əsasən Daxili işlər orqanları əməkdaşlarının xidmətdən xaric edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Əsasnamənin 142-ci maddəsinə əsasən bu Əsasnamənin 135-ci maddəsinin 5, 6 və 11-ci bəndlərinə müvafiq olaraq xidmətdən xaric edilən daxili işlər orqanlarının əməkdaşları xidmətdən xaric ediləcəkləri haqda bilavasitə rəisləri tərəfindən iki aydan gec olmayan müddətdə xəbərdar edilirlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə, (61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda, (61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda, (61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü madəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, işin hallarına görə İddiaçı tələbi (dəqiqləşdirildikdən sonra) “Azərbaycan Respublikası Cavabdeh xx.xx.2021-ci il tarixli, Ə 1159ş/h-038-21 əmrinin onun işdən azad olunmasına dair hissədə qismən ləğv edilməsi” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, mübahisələndiirlən əmr yalnız iddiaçı barəsində deyil, 7 nəfər barəsində qəbul edilmişdir ki, digər xaric edilən şəxslər onlara iş yerlərinin Bakı şəhər mühafizə hissələrinə dəyişdirilməsi barədə təklifin edildiyi və həmin işi qəbul etmədikləri halının başverdiyi hissəsini yuxarıda qeyd edilən aktla təsdiqləmişdirlər. İddiaçı isə həmin vəzifənin ona təklif edilmədiyini bildirsə də, iş materiallarına əsasən iddiaçının qeyd edilən təkliflə bağlı münasibətini bildirməsi üçün kifayət qədər vaxtının olduğu müəyyən edilir. Belə ki, xx.xx.2021-ci il tarixdə İmişli Rayon Mühafizə Şöbəsində keçirilmiş əməliyyat müşavirəsində artıq qeyd edilən hallara hüquqi qiymət verilmiş və xaric ediləcək olan əməkdaşlar, eləcə də İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2 aydan çox müddətə sərəncamda olmuşdur. Sərəncamda olduğu dövrdə iddiaçı tərəfindən qeyd edilən təklifləri qəbul etməsi və ya onun barəsində tərtib olunan tədbirlərlə bağlı hər hansı hərəkətinin (münasibətinin) olduğu müəyyən edilməmişdir. Məhkəmə mövcud qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının Azərbaycan Respublikası X2 Baş Mühafizə İdarəsinn xx.xx.2021-ci il tarixli, Ə1159ş/h-038-21 əmrin onun işdən azad olunmasına dair hissədə qismən ləğv edilməsi” tələbi əsaslı sayılmamalıdır. Cavabdeh inzibati orqan tərəfindən səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilməmişdir. Hazırki halda mübahisələndirilən əmr qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirildiyindən iddiaçının cavabdeh inzibati orqana qarşı olan tələbi əsaslı olmadığı müəyyən edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab edib, işin mahiyyəti üzrə əlavə olaraq aşağıdakıları qeyd edir: İlk öncə qeyd olunmalıdır ki, hazırki iddia münahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Başqa sözlə mübahisələndirmə haqqında iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqlarını pozsun. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsində mübahisələndirmə haqqında iddianın təmin edilməsi üçün hansı şərtlərin mövcud olması sadalanmışdır. Həmin maddəyə əsasən məhkəmə inzibati aktı, yalnız onun qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda ləğv edir. İşdə olan iddiaçıya məxsus АЗЕ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət müddəti 27 il 11 ay 08 gün təşkil edir. İşdə olan Azərbaycan Respublikası Cavabdeh Ə1159ş/h-038-21 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, İmişli rayon Mühafizə şöbəsinin polis nəfəri polis baş serjantı İddiaçı “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 11-ci bəndi ilə (ştatlar uxtisar edildikdə) xidmət xaric edilmişdir. İşdə olan İmişli rayon Mühafizə şöbəsinin əməliyyat müşavirəsinin xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli protokolun surətindən görünür ki, DİN-in Baş Mühafizə hissələrinin təşkilat-ştat məsələlərinə dair xx.xx.2021-ci il tarixli, 160 nömrəli əmrinə əsasən İmişli RMŞ-də 9 vahid polis nəfəri ixtisar edilməsi ilə əlaqədar vəzifələri ixtisar edilmiş polis nəfərinin xidmət üzrə iş yerlərinin Baş İdarə rəhbərliyinin göstərişinə əsasən Bakı şəhər mühafizə hissələrinə, xüsusən məsafə baxımından İmişli rayonuna yaxın olan Qaradağ rayon Mühafizə idarəsinə dəyişdirilməsi barədə edilmiş təklif nəzərə alınmışdır. Vəzifələri ixtisas edilmiş polis nəfərlərinə hüquq və vəzifələrinin izah edildiyi qeyd olunsun və daxili işlər orqanlarında xidmətdən vəzifələrinin ixtisar edilmələri ilə xaric olunmaları barədə xahişləri nəzərə alınmışdır. Vəzifələri ixtisar edilmiş polis nəfərləri sərəncamda olduqları 2 ay müddətində (yemək pulu istisna olunmaqla) əmək haqlarının, həmçinin xidmətdən xaric edildikdən sonra son haqq hesabın tam ödənilməsi İmişli rayon Mühafizə şöbəsinin rəisi, polis polkovniki Bahadur Şükürova tapşırılmışdır. İşdə olan 11 avqust 2021-ci il tarixli, 01 nömrəli pul attestasiyasının surətindən görünür ki, İmişli rayon Mühafizə şöbəsinin polis nəfəri polis baş serjantı İddiaçı 2310 manat Azərbaycan Respublikası Cavabdeh xx.xx.2021-ci il tarixli, 71159ş/h-038-21 nömrəli əmrinə əsasən daxili işlər orqanlarından xaric olunması ilə əlaqədar verilmişdir. İşdə olan Azərbaycan Respublikası Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2023cü il tarixli, 3-13-17/2-3295/2023 nömrəli məktubundan görünür ki, “DİN-in Baş Mühafizə idarəsinin hissələrinin təşkilatı-ştat məsələlərinə dair” xx.xx.2021-ci il tarixli 160 nömrəli əmrinə əsasən imişli Rayon Mühafizə Şöbəsində doqquz vahid polis nəfəri ştatları ixtisar edilmişdir. Bununla bağlı xx.xx.2021-ci il tarixdə İmişli Rayon Mühafizə Şöbəsində keçirilmiş əməliyyat müşavirəsində İddiaçı da daxil olmaqla vəzifələri ixtisar edilmiş polis nəfərlərinə xidmət üzrə iş yerlərinin Baş İdarə rəhbərliyinin göstərişinə əsasən Bakı şəhər mühafizə hissələrinə, xüsusən məsafə baxımından İmişli rayonuna yaxın olan Qaradağ rayon Mühafizə İdarəsinə dəyişdirilməsi barədə təklif edilmişdir. Vəzifəsi ixtisar edilmiş polis nəfəri İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric olunmasını xahiş etmişdir və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sərəncamda olması qərara alınmışdır. Keçirilmiş əməliyyat müşavirəsi barədə protokol tərtib edilmiş, əməliyyat müşavirəsinin gedişatı tam əks olunmuşdur. Odur ki, İddiaçı iş təklif edilməsi barədə digər sənəd mövcud deyil. İddiaçı Allahvardi oğlu barəsində müraciətdə göstərilən digər zəruri sənədlərin təsdiq olunmuş surətlərini əlavə etmişdir. İşdə olan Azərbaycan Respublikası Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2023cü il tarixli, 3-13-17/2-3295/2023 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2021-ci il tarixli, Ə1159ş/h-038-21 nömrəli əmrin təsdiq edilmiş surətindən görünür ki, polis baş serjantı İddiaçı İmişli rayon Mühafizə şöbəsinin polis nəfəri, “istefada olan polis baş serjantı” sayılmaqla xx.xx.2021-ci il tarixdən “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 11-ci bəndi ilə (ştatlar ixtisar edildikdə) xidmət xaric edilmişdir. İşdə olan Azərbaycan Respublikası Cavabdeh İmişli rayon Mühafizə şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-17-xx/xx/2024 nömrəli məktubundan görünür ki, sabiq polis nəfəri İddiaçı məxsus attestat və əmək kitabçası Azərbaycan Respublika DİN-in Baş Mühafizə İdarəsinin 18 oktyabr 2021-ci il tarixli 038-23-256-1221 nömrəli məktubu ilə 26 oktyabr 2021-ci il tarixdə İmişli Rayon Mühafizə Şöbəsinə daxil olmuş və 27 oktyabr 2021ci il tarixdə İddiaçı təhvil verilmişdir. O, Attestat və Əmək kitabçasını alması barədə qəbz yazmışdır. Məhkəmə kollegiyası hazırda mübahisələndirilən inzibati aktın “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə və həmin inzibati aktın qəbul edilməsini şərtləndirən hüquq normalarının tələbinə uyğun olub-olmadığını müəyyən etmək üçün aşağıdakı dəyərləndirmənin aparılmasını zəruri hesab edir. İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. «Polis haqqında» AR Qanununun 1-ci maddəsinə görə polis – Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır, polis əməkdaşı – polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. Həmin Qanunun 13-cü maddəsinə görə səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək polis əməkdaşının ümumi vəzifələrindən biridir. Həmin Qanunun 34-cü maddəsinin 1-ci hissəsinin 11-ci bəndinə əsasən ştatlar ixtisar edildikdə polis əməkdaşı xidmətdən xaric edilə bilər. Həmin Qanunun, həmin maddəsinin 3-cü bəndinə əsasən polis əməkdaşının xidmətdən xaric edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnamənin 40-cı maddəsinə əsasən təşkilati və ştat dəyişiklikləri ilə əlaqədar daxili işlər orqanlarının əməkdaşı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tutduğu vəzifədən azad edilərək iki aydan artıq olmayan müddətə müvafiq orqanın sərəncamında saxlanıla bilər. Göstərilən müddətdə həmin əməkdaşa tam həcmdə əmək haqqı ödənilir və onun işlə təmin olunması məsələsi həll edilir. Həmin Əsasnamənin 135-ci maddəsinin 11-ci bəndinə əsasən ştatlar ixtisar edildikdə daxili işlər orqanlarının əməkdaşı xidmətdən xaric edilə bilər. Həmin Əsasnamənin 141-ci maddəsinə əsasən Daxili işlər orqanları əməkdaşlarının xidmətdən xaric edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Əsasnamənin 142-ci maddəsinə əsasən bu Əsasnamənin 135-ci maddəsinin 5, 6 və 11-ci bəndlərinə müvafiq olaraq xidmətdən xaric edilən daxili işlər orqanlarının əməkdaşları xidmətdən xaric ediləcəkləri haqda bilavasitə rəisləri tərəfindən iki aydan gec olmayan müddətdə xəbərdar edilirlər. Məhkəmə araşdırması zamanı təqdim edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, “DİN-in Baş Mühafizə idarəsinin hissələrinin təşkilatı-ştat məsələlərinə dair” xx.xx.2021ci il tarixli 160 nömrəli əmrinə əsasən imişli Rayon Mühafizə Şöbəsində doqquz vahid polis nəfəri ştatları ixtisar edilmişdir. Bununla bağlı xx.xx.2021-ci il tarixdə İmişli Rayon Mühafizə Şöbəsində keçirilmiş əməliyyat müşavirəsində İddiaçı da daxil olmaqla vəzifələri ixtisar edilmiş polis nəfərlərinə xidmət üzrə iş yerlərinin Baş İdarə rəhbərliyinin göstərişinə əsasən Bakı şəhər mühafizə hissələrinə, xüsusən məsafə baxımından İmişli rayonuna yaxın olan Qaradağ rayon Mühafizə İdarəsinə dəyişdirilməsi barədə təklif edilmiş və vəzifəsi ixtisar edilmiş polis nəfəri İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sərəncamda olması qərara alınmışdır. İddiaçı tərəfindən edilən təkliflər qəbul edilmədiyindən Azərbaycan Respublikası Cavabdeh xx.xx.2021-ci il tarixli, 71159ş/h038-21 nömrəli əmrinə əsasən daxili işlər orqanlarından “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 11-ci bəndi ilə (ştatlar ixtisar edildikdə) xaric olunmuşdur. Vəzifələri ixtisar edilmiş polis nəfərlərinə, o cümlədən iddiaçıya sərəncamda olduqları 2 ay müddətində (yemək pulu istisna olunmaqla) əmək haqları, həmçinin xidmətdən xaric edildikdən sonra son haqq hesabı tam ödənilmişdir. Həmçinin, iş materiallarına olan xx.xx.2023-cü il tarixli akdan görünür ki, İddiaçı və ştatları ixtisar edilməsi ilə əlaqədar xaric edilən digər əməkdaşların iş yerlərinin Bakı şəhər mühafizə hissələrinə dəyişdirilməsi barədə təklif edilmiş və qeyd edilən şəxslərin işləməkdən imtina etməsi və təqaüdə göndərilmələrinin təklif edilməsi qeyd edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə onu da qeyd edir ki, mübahisələndiirlən əmr yalnız iddiaçı barəsində deyil, 7 nəfər barəsində qəbul edilmişdir ki, digər xaric edilən şəxslər onlara iş yerlərinin Bakı şəhər mühafizə hissələrinə dəyişdirilməsi barədə təklifin edildiyi və həmin işi qəbul etmədikləri halının baş verdiyi hissəsini yuxarıda qeyd edilən aktla təsdiqləmişdirlər. İddiaçı isə həmin vəzifənin ona təklif edilmədiyini bildirsə də, iş materiallarına əsasən iddiaçının qeyd edilən təkliflə bağlı münasibətini bildirməsi üçün kifayət qədər vaxtının olduğu müəyyən edilir. Belə ki, xx.xx.2021-ci il tarixdə İmişli Rayon Mühafizə Şöbəsində keçirilmiş əməliyyat müşavirəsində artıq qeyd edilən hallara hüquqi qiymət verilmiş və xaric ediləcək olan əməkdaşlar, eləcə də İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2 aydan çox müddətə sərəncamda olmuşdur. Sərəncamda olduğu dövrdə iddiaçı tərəfindən qeyd edilən təkliflərin qəbul etməsi və ya onun barəsində tərtib olunan tədbirlərlə bağlı hər hansı hərəkətinin (münasibətinin) olduğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası mövcud qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının Azərbaycan Respublikası X2 Baş Mühafizə İdarəsinn xx.xx.2021-ci il tarixli, Ə1159ş/h-038-21 əmrin onun işdən azad olunmasına dair hissədə qismən ləğv edilməsi” tələbini əsaslı sayılmaması nəticəsinə gələrkən haqlı mövqe sərgiləmişdir. Cavabdeh inzibati orqan tərəfindən səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin 06 mart 2024-ci il tarixli, 2-1(120)-167/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 06 mart 2024-ci il tarixli, 2-1(120)-167/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar