Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-381/2023 17.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əliyeva Nərmin Ramiz qızının, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2-1(120)-2271/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Masallı rayon Qeydiyyat şöbəsinə qarşı ad və soyadın dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Masallı rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, “Rəhimli” soyadının “Şıxəliyev” soyadına və “Aslan” adının “Aqşin” adına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 02 may 2023-cü il tarixli, 2- 1(120)-2274/2023 nömrəli qərarı ilə İddiaçı iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, onun ilk doğum haqqında şəhadətnaməsində adı “Aqşin”, soyadı isə “Şıxəliyev” kimi yazılmışdır. Sonradan qanuni əsaslarla adını “Aslan” və soyadını isə “Rəhimli” kimi dəyişdirmişdir. Adını və soyadını dəyişdirdiyi üçün sonradan özünü günahkar hiss edib. Belə ki, atasının ona verdiyi adı və soyadı daşımaq istəyir. Bununla əlaqədar adını və soyadını əvvəlki adına və soyadına dəyişmək qərarına gəlmişdir. Bu barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Apellyasiya şikayətinin dəlilləri İddiaçı iddia ərizəsindəki dəlillərə istinad edərək birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində o, birinci instansiya məhkəməsinin qərarı ilə razı olmadığını, iddiasının əsassız olaraq təmin edilmədiyini bildirmiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, o, 2017-ci ildə Rusiya Federasiyasından deportasiya olunmuşdur. Lakin orda yarımçıq işləri olduğuna görə təzədən geri qayıda bilməsi üçün ad və soyadını dəyişməyə məcbur olmuşdur. Hal-hazırda ad və soyadını dəyişdiyi üçün çox peşmandır, özünü günahkar hiss edir, atasının ona verdiyi adı və soyadı daşımaq istəyir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Masallı rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdeh Masallı rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdə doğulmuşdur. İşdə olan xx.xx.2017-ci il tarixli, AZ-İ 019737 nömrəli adın, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şıxəliyev Aqşin Ayaz oğlu soyadını və adını İddiaçı dəyişdirmişdir. İşdə olan xx.xx.2017-ci il tarixli, AZ-İİİ 971406 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1987-ci il tarixdə Masallı rayonunun Şatıroba kəndində doğulmuş İddiaçı atası Şıxəliyev Ayaz Oruc oğlu, anası isə Şıxəliyeva Sevil İsmayıl qızıdır. İşdə olan Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/Q-68-09 nömrəli imtina məktubundan görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının soyadının və adının dəyişdirilməsindən imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-38-5/2-563/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı 2017-ci ilədək Şıxəliyev Aqşin Ayaz oğlu kimi qeydiyyatlardan keçir. O, Şıxəliyev Aqşin Ayaz oğlu kimi xx.xx.2017-ci il tarixdə, saat 16:55 radələrində “Şirvanovka” SBM-də RF-də müddətdən artıq qaldığı üçün Rusiyadan Azərbaycana deportasiya olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Məhkəmə kollegiyası mübahisənin həlli üçün həmin normanın təfsir edilməsinin vacib olduğunu bildirir. Məhkəmə kollegiyasının qənaətinə görə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsində “Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir” müddəası vətəndaşın öz adını və soyadını, atasının adını dəyişdirməsinə yalnız 18 yaşına çatdıqdan sonra icazə verilə bilər kimi başa düşülməlidir. Həmin norma “18 yaşına çatmış vətəndaşın öz adını və soyadını, atasının adını istədiyi zaman istədiyi formada dəyişdirə bilər” kimi başa düşülməməlidir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.5-ci bəndinə əsasən ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın iddiaçının ad və soyadının dəyişdirilməsindən imtinası qanunazidd sayıla bilməz. Belə ki, ad və soyadın növbəti dəfə dəyişdirilməsi ilə bağlı qanunvericiliyin nəzərdə tutduğu hallar iddiaçıya münasibətdə müəyyən edilmir. Başqa sözlə, inzibati orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmçinin qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi xx.xx.1987-ci il təvəllüdlü iddiaçının əvvəlki adı Şıxəliyev Aqşin Ayaz oğlu olmuşdur. Müraciətinə əsasən cavabdeh inzibati orqan tərəfindən xx.xx.2017-ci il tarixdə adı və soyadı İddiaçı dəyişdirilmişdir. Hazırda iddiaçı yenidən ad və soyadının dəyişdirilməsini istədiyini bildirir, lakin bunun hansı səbəbdən, hansı zərurətdən edilməli olmasına aydınlıq gətirə bilmir. Məhkəmə kollegiyası hesab edir ki, adın və soyadın dəyişdirilməsi üçün əsaslı səbəblər olmalıdır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2-1(120)-2274/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kasasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-381/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-381/2023
17.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver