Məhkəmə qərarları › İş №2-1(106)-381/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-381/2024

25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-381/2024 25.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2-1(120)-2050/2024 nömrəli qərardadından iddiaçının vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********3305 nömrəli və xx.xx.2022-ci il tarixli, **********439 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Pərvanə Qurbanova) 29 mart 2024-cü il tarixli, 2-1(120)-2050/2024 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi qərarlardan xx.xx.2022-ci il tarixdə məlumatı olmuş, iddia ərizəsi isə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Belə ki, iş materiallarında olan Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli qərar iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixli qərar isə xx.xx.2022-ci il tarixdə oxunmuşdur. Qeyd edilənlərlə bağlı yardım göstərilərək İnzibati Prosessual Məcəllənin müddətlə bağlı tələbləri izah edilsə də iddiaçı tərəfindən müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı hər hansı bir sənəd və ya ərizə təqdim edilməmişdir. Belə olan halda iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Qərardaddan iddiaçının vəkili tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən operativ vergi nəzarəti nəticəsində qəbul edilmiş xx.xx.2022-ci tarixli **********439 nömrəli qərara əsasən qanunsuz olaraq 20357.52 manat və xx.xx.2022-ci il tarixli, **********439 nömrəli qərara əsaən isə 7339.00 manat, ümumilikdə 27696.52 manat məbləğində vergi borcu hesablanmışdır. O, Şirvan şəhərində yerləşən inşaat mağazasında inşaat materiallarının pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirir. Bu fəaliyyətlə əlaqədar dövlət büdcəsi qarşısında olan bütün vergi və digər öhdəliklərini vaxtlı-vaxtında ödəmişdir. 2022-ci ilin sentyabr ayında Şirvan şəhəri, 1 may küçəsində yerləşən anbar və Şirvan şəhəri, M.Mirzəyev küçəsində yerləşən İnşaat materialları adlı mağazada operativ vergi nəzarəti keçirilmiş və bu yoxlamanın nəticəsi olaraq qanunsuz şəkildə ona 27696.52 manat məbləğində cərimə yazılmışdır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində İddiaçı məxsus Şirvan şəhəri, M.Mirzəyev küçəsində yerləşən "İNŞAAT MATERİALLARİ" adlı obyektdə 203958 manat məbləğində mal olduğu müəyyən edilmiş və **********0224 nömrəli operativ vergi nəzarəti keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə ilə malların alışını təsdiq edən sənədlər tələb edilmiş və tələbnamədə göstərilən müddətdə heç bir sənəd təqdim edilməmişdir. Keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticəsi xx.xx.2022-ci il tarixli DVX seriyalı 005180 nömrəli aktla rəsmiləşdirilmişdir. Tərtib edilmiş akt iddiaçı tərəfindən də imzalanmış və fərdi sahibkar tərəfindən aktın düzgünlüyünə heç bir etiraz edilməmişdir. Nəticədə fərdi sahibkar İddiaçı xx.xx.2022-ci il tarixli **********3305 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarı ilə 20357,52 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********0159 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarına əsasən fərdi sahibkar İddiaçı fəaliyyət göstərdiyi Şirvan şəhəri, 1 May küçəsində yerləşən "ANBAR" adlı obyektde malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektlərindən (obyektlərindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məqsədilə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Obyektdə 73390 manat məbləğində mal olduğu müəyyən edilmiş və operativ vergi nəzarəti keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə ilə malların alışını təsdiq edən sənədlər tələb edilmiş və tələbnamədə göstərilən müddətdə heç bir sənəd təqdim edilməmişdir. Nəticədə fərdi sahibkar X2 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********3439 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarı ilə 7339 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Elektron sistem üzərindən həmin qərarlar “oxunmuş” olaraq qeyd olunması uzun müddət iddiaçının xəbərsiz və qərarların əlçatmaz olaraq qalması ilə nəticələnmişdir. İddiaçı həmin qərarlardan 2023-cü ilin noyabr ayında məlumat əldə etmiş və dərhal məhkəməyə müraciət etmişdir. Belə olan halda bu qeyd olunanlar məhkəmənin gəldiyi nəticənin tamamilə əsassız olmasını təsdiq edir. İddiaçının yuxarıda qeyd olunan qərarlardan şifahi şəkildə mühasib vasitəsilə məlumatı olmuşdur, qərarlar barədə məlumat əldə edən kimi məhkəməyə müraciət etmişdir. Həmçinin həmin qərarlar iddiaçıya kağız daşıyıcıda ümumiyyətlə təqdim edilməmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, iddiaçı mübahisələndirilən qərarın qəbul edilməsindən az sonra yəni, 07 və xx.xx.2022-ci il tarixlərdə həmin qərarlar əsasında hesablanmış borc məbləğinin silinməsini xahiş etmişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçının həmin qərarlar barədə məlumatı olmuşdur. İddiaçıya məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilmiş, onun vəkili əvvəlki və hazırki məhkəmə iclaslarının təxirə salınmasını xahiş etmiş, hər iki halda əsas kimi sübut təqdim edəcəyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının vəkilinin eyni məzmunlu ərizələrində konkret hansı sübutların təqdim ediləcəyi, həmin sübutların işin həlli baxımından nə əhəmiyyət kəsb etməsi şərh edilmədiyindən onun məhkəmə iclaslarının təxirə salınmasında niyyəti işin icraatının yubadılmasından ibarətdir. Əsaslandırma Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İşin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, xx.xx.2022-ci il tarixli qərar iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixli qərar isə xx.xx.2022-ci il tarixdə oxunmuşdur. İddia ərizəsi isə xx.xx.2023-cü il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Həmçinin iddiaçı tərəfindən cavabdehə ünvanlanmış və elektron qaydada təqdim edilmiş məktubların məzmunundan görünür ki, iddiaçının mübahisələndirilən qərarlar barədə məlumatı olmuş və həmin qərarlar əsasında hesablanmış vergi borcunun bir halda hissə-hissə ödənilməsini, digər halda isə azaldılmasını xahiş etmişdir. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya müvafiq hüquqi yardım göstərilsə də iddiaçı bu fürsətdən yararlanmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq iddia mümkün sayılmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2-1(120)-2050/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar