Məhkəmə qərarları › İş №2-1(106)-382/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-382/2024

14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-382/2024 14.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Bəhmənov Habil Xanoğlan oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2-1(120)-809/2024 nömrəli qərarından İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Pərvanə Qurbanova) 28 mart 2024-cü il tarixli, 2-1(120)-809/2024 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəliyinin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, inzibati orqan qərarda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməlidir. Qərardan iddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, ona «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi məsələsi ilə bağlı 2004-cü ildə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət etmişdir. Baş Prokurorluqdan ona daxil olmuş xx.xx.2004-cü il tarixli 09/52 saylı cavabdan görünür ki, Baş Prokurorluqda yaradılmış Komissiya tərəfindən prokurorluq işçilərinə «Müharibə veteranı» vəsiqəsinin verilməsi məsələsi araşdırılır, komissiya araşdırmanı yekunlaşdırdıqdan sonra bununla bağlı Respublika Hərbi Komissarlığına müraciət oluna bilər. Bundan sonra ona Baş Prokurorluq tərəfindən heç bir məlumat verilməmişdir. O, yenidən «Müharibə veteranı» adı və veteran vəsiqəsinin verilməsi ilə bağlı Müdafiə Nazirliyinə və Hərbi Prokurorluğa müraciət etmişdir. Azərbaycan Respublikası Müdafıə Nazirliyindən daxil olmuş xx.xx.2019-cu il tarixli, 1/7-7931 saylı cavabda və Azərbaycan Respublikası Hərbi Prokurorluğundan daxil olmuş xx.xx.2019-cu il tarixli, HD-7/767 saylı cavabda Baş Prokurorluuğa müraciət olunması və alınan rəydən sonra Müdafiə Nazirliyinə müraciət etməsi göstərilmişdir. Həmin rəyin verilməsi ilə bağlı o, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət etmiş və Baş Prokurorluq tərəfindən verilən xx.xx.2020-ci il tarixli, 10/1640 saylı məktubla ona həmin rəyin verilməsindən imtina olunmuşdur. Ona görə də o, İnzibati Məhkəməyə müraciət etmiş və xx.xx.2021-ci il tarixdə məhkəmə baxışı zamanı ona Azərbaycan Respublikası Müdafıə Nazirliyinin etirazı təqdim olunmuş, həmin etirazda onun Baş Prokurorluqdan daxil olmuş sənəddən sonra «Müharibə veteranı» adı və veteran vəsiqəsinin verilməsi ilə baglı inzıbatı orqana, yəni Müdafıə Nazirliyinə müraciət etməli olduğu göstərilmişdir. «Müharibə veteranı» adı və veteran vəsiqəsinin verilməsi ilə bağlı yenidən Müdafiə Nazirliyinə müraciət etmiş və Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli, l/Ə-10567 saylı məktubunda ona «Müharibə veteranı» adı və veteran vəsiqəsinin verilməsindən imtina olunmuşdur. xx.xx.1993-cü ildən Hərbi Prokurorluqda işləməyə başlamış, yəni xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilə kimi Qarabağ qarnizonu hərbi prokurorunun köməkçisi, xx.xx.1996-cı ildən xx.xx.2005-ci ilə kimi Lənkəran qarnizonu hərbi prokurorluğunda müstəntiq və böyük müstəntiq vəzifələrində işləmiş, xx.xx.2005-ci ildə isə Saatlı rayon prokurorunun köməkçisi vəzifəsinə təyin olunmuş, həmin vaxtdan Prokurorluqda müxtəlif vəzifələrdə işləmiş, 60 yaşı tamam olduğundan Azərbaycan Respublikası Baş Prokurorunun xx.xx.2019-cu il tarixli, 11/14 saylı əmri ilə «Prokurorluq oıqanlarında qulluq keçmə haqqında» Qanunun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə prokurorluqda qulluq keçməyinə xitam verilmiş, hazırda pensiya alır. xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilə kimi Qarabağ qarnizonu hərbi prokurorunun köməkçisi vəzifəsində işlədiyi müddətdə Qarabağ uğrunda Ağdam rayonu ərazisində gedən döyüşlərdə birbaşa iştirak etmışdir. Döyüşə prokuror Yusif Ağayevin rəhbərliyi ilə başlamışlar. Döyüşdə hərbi prokuror Yusif Ağayev ağır yaralandı. Həmin döyüşdə o, prokuror Yusif Ağayev, prokuror muavini Zümrad Filiyev, müstəntiq Bəbir Fətizadə (onlar müharibə veteranıdırlar), mühafizə bölməsinin rəisi Müqasif Ağayev, mühafizə bölməsinin əsgərləri və prokurorluğun digər əməkdaşları iştirak etmişlər. Azərbaycan Respublikası Baş Prokurorunun xx.xx.1994-cü il tarixli, 215 saylı əmrinə əsasən Qarabağ qarnizonu hərbi prokurorluğu Silahlı Qüvvələrin döyüş əməliyyatları apardığı ərazilərdə olan hesab edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1992- ci il tarixli 0314 saylı əmri ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun, qarnizon hərbi prokurorluqlarının işçiləri Müdafiə Nazirliyinin bütün növ təminat xərcliyinə götürülmüşdür. Hərbi prokurorluğun xx.xx.1993-cü il tarixli, 69/93 nömrəli məktubuna əsasən o, N saylı hərbi hissə komandiri polkovnik Məmmədovun xx.xx.1993-cü il tarixli, N saylı əmri ilə hərbi hissənin təchizatına daxil edilmişdir. N saylı hərbi hissə komandiri polkovnik-leytenant E.Əlibəyovun xx.xx.1998-ci il tarixli, 1002 saylı arayışından görünür ki, N saylı hərbi hissə xx.xx.1992-ci ildən xx.xx.1994-cü il tarixə kimi tam heyətlə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Qarabağ qarnizonu hərbi prokurorluğunda onunla bir yerdə işləmiş Qarabağ uğrunda Ağdam rayonu ərazisində erməni işğalçılarına qarşı onunla bir yerdə döyüşmüş Qarabağ qarnizonu hərbi prokuroru Yusif Ağayevə, prokuror müavini Zümrad Filiyevə, müstəntiq Bəbir Fətizadəyə, mühafizə xidmətinin rəisi X3 Nazirliyi tərəfindən verilmiş 021173 saylı, 080738 saylı, 058157 saylı və 055865 saylı vəsiqədən görünür ki, onlar «Müharibə veteranıdırlar» və müharibə veteranı vəsiqəsi almışlar. O, həmin şəxslərlə müharibədə eyni vəziyyətdə, eyni iş şəraitində olmuş, müharibədə birbaşa iştirak etmişdir. Bu şəxslər müharibə veteranı adı və vəsiqəsi aldıqları halda, ona müharibə veteranı adının və vəsiqəsinin verilməməsi ədalətin və qanunların pozulması deməkdir Apellyasiya şikayətinin dəlilləri İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətininin dəlilləri iddia ərizəsinin məzmunu ilə əsasən eynilik təşkil edir. Şikayətdə əlavə olaraq bildirilmişdir ki, Şirvan İnzibati Məhkəməsi onun iddiasını qismən təmin etmədə, yəni araşdırmanı uzun müddət onun müraciətini təmin etməyən orqana havələ etməkdə haqlı olmamışdır. Odur ki, qərar əsassız və qanunsuz olduğundan dəyişdirilməsi, iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətində qeyd edilir ki, qərar əsassız olduğundan, mahiyyəti üzrə yekun məhkəmə qərarı qəbul edilmədiyindən ləğv edilməli, inzibati iş materiallarına yenidən baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməlidir. Belə ki, Müdafiə Nazirliyi tərəfindən hər hansı hərəkətsizlik edilməmiş, iddiaçının müraciəti araşdırılmış, müvafiq sənədlər əsasında qərar qəbul edilərək iddiaçıya məlumat verilmişdir. Digər tərəfdən iddiaçının tələbi ona Müharibə veteranı adı və vəsiqəsinin verilməsi olduğu halda, məhkəmə iddia tələbindən kənara çıxaraq, qərarın nəticə hissəsində iddia tələbini qismən təmin edilmə olaraq formulə etməsi və inzibati akt qəbul edilmə vəzifəsinin cavabdehin üzərinə qoyulması prosessual cəhətdən əsaslı hesab edilə bilməz. Göstərilənlərə əsasən Şirvan İnzibati Məhkəməsinin qərarının ləğv edilməsi, inzibati iş materiallarının Şirvan İnzibati Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsi xahiş olunur. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, eyni zamanda özü tərəfindən verilmiş şikayəti müdafiə edərək edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxsin nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdeh və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası hərbi prokurorunun xx.xx.1993-cü il tarixli, 014 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı köçürmə yolu ilə Azərbaycan Respublikası hərbi prokurorluq orqanlarına qəbul olunmuş və Qarabağ hərbi qarnizon prokurorluğuna stajçı prokuror köməkçisi vəzifəsinə təyin edilmişdir. -13 yanvar 1993-cü il tarixli, 13 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı stajçı prokuror köməkçisi təyin edilməklə N nömrəli hərbi hissədə ümumi təchizatla təmin edilmişdir. -Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli, 0314 saylı əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Hərbi Proktrorlugunun, qarnizon hərbi prokurorluqlarının işçiləri Müdafiə Nazirliyinin bütün növ təminat xərcliyinə götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorunun xx.xx.1994- cü il tarixli, 215 saylı əmrinə əsasən Qarabağ qarnizonu hərbi prokurorluğu Silahlı Qüvvələrin döyüş əməliyyatları apardığı ərazilərdə olan hesab edilmişdir. -N saylı hərbi hissə komandiri polkovnik-leytenant E.Əlibəyovun xx.xx.1998-ci il tarixli, 1002 saylı arayışından görünür ki, N saylı hərbi hissə xx.xx.1992-ci ildən xx.xx.1994-cü il tarixə kimi tam heyətlə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. -05 aprel 2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı Cavabdehnə müraciət edərək, xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilə kimi Qarabağ qarnizonu hərbi prokurorunun köməkçisi vəzifəsində işlədiyi müddətdə xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi Qarabağ uğrunda Ağdam rayonu ərazisində erməni işğalçılarına qarşı gedən döyüşlərdə birbaşa iştirak etdiyi üçün ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. - xx.xx.2021-ci il tarixli, 1/Ə-10-567 saylı məktubdan görünür ki, iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizəsinə “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2021-ci il tarixli iclasında baxılmış, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuş və Müdafiə Nazirliyi tərəfindən hərbi prokurorluqlarda qulluq keçən hərbi qulluqçulara Azərbaycan Respublikası Baş Prokurorluğunda yaradılan müvafiq komissiyanın rəyinə əsasən verildiyi bildirilmişdir. -xx.xx.2020-ci il tarixli ərizədən, xx.xx.2020-ci il tarixli arayışdan, xx.xx.2020-ci il tarixli, 10/1407 nömrəli, 24 noyabr 2020-ci il tarixli, 10/1640 nömrəli və 29 dekabr 2021-ci il tarixli xx/xx-2501 nömrəli məktublardan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edərək xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilə kimi Qarabağ qarnizonu hərbi prokurorunun köməkçisi vəzifəsində işlədiyi müddətdə xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi Qarabağ uğrunda Ağdam rayonu ərazisində erməni işğalşılarına qarşı gedən döyüşlərdə birbaşa iştirak etdiyi nəzərə alınaraq “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün müvafiq rəyin verilməsini xahiş etmiş, Baş Prokurorluqdan isə ona qanunvericiliyə əsasən “Müharibə veteranı” adı və vəsiqəsinin döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş, eləcə də döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə döyüşlərdə iştirakı sübut edən müvafiq sənədlər əsasında verildiyi, həmçinin xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikası Prokurorlugu orqanlarına qulluğa qəbul edilərək Qarabağ qarnizonu hərbi prokurorunun koməkçısı vəzifəsində işləməyinə baxmayaraq, “Hərbi xidmət haqqında” Qanuna əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmagı və muvafiq hərbi rütbə verilməklə, Azərbaycan Respublikası Hərbi Proktrorluğunun sərəncamına göndərilməyi, yəni hərbi prokurorluq orqanlarında işlədiyi müddətdə həqiqi hərbi xidmət keçməyi və hərbi qulluqçu statusu daşımağı müəyyən edilmədiyi bildirilmiş və rəyin verilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Hər iki tərəfin apellyasiya şikayətinin dəlilləri oxşar olduğundan məhkəmə kollegiyası ümumi şəkildə qeyd edir ki, cavabdeh inzibati orqan həyata keçirilən fəaliyyəti zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz . 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Cavabdeh, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli, 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır (maddə 61.1). Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir (61.2). İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır (maddə 61.3). İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur (maddə 61.4). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddələrinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə (maddə 73.3.1); inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə (maddə 73.3.2); inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda (maddə 73.3.3). İşin faktiki hallarından görünür ki, iddiaçı ilə eyni statusda olan şəxslər müharibə veteranı adı almışlar və iddiaçının həmin şəxslərlə eyni hərbi statusda və eyni hissənin tərkibində xidmətləri iş materialları ilə öz təsdiqini tapır. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab edərək qeyd edir ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmadan iddiaçının müraciətinə formal əsaslarla cavab vermişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2-1(120)-809/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar