Məhkəmə qərarları › İş №2-1(106)-382/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-382/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-382/2025 25.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Pərviz Vaqif oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan İnzibati Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2-1(120)-1105/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqənin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 26 fevral 2025-ci il tarixli, 2- 1(120)-1105/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hərbi xidmət dövründə düşmənlə atışma nəticəsində xx.xx.2008-ci ildə yaralanması barədə məlumatlar öz əksini tapmışdır. N saylı Hərbi Hissənin xx.xx.2022-ci il tarixli, 4480 saylı travma haqqında arayışında İddiaçı xx.xx.2008-ci il tarixdə saat 14:10 radələrində düşmənlə üzbəüz ön mövqedə düşmən tərəfindən atılan qumbaranın partlaması nəticəsində “Partlayış travması, sol bazunun aşağı 1/3-nin, sağ baldırın orta 1/3-nin arxa səthinin kor qəlpə yaralanması” diaqnozu ilə döyüş tapşırığını yerinə yetirərkən xəsarət alması barədə məlumat öz əksini tapmışdır. İddiaçı döyüş şəraitində hesab edilən N №-li hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş və xidmətini başa vurduqdan sonra qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılmışdır. Qərardan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2007-ci il tarixdə Lənkəran rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağrılmış, xidmət keçmək üçün N №-li hərbi hissəyə göndərilmişdir. xx.xx.2008-ci il tarixdə xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. N №-li hərbi hissədə hərbi xidmət keçərkən xx.xx.2008-ci il tarixdə düşmənlə üzbəüz ön mövqedə döyüş zamanı düşmən tərəfindən atılan qumbaranın partlaması nəticəsində “Partlayış travması, sol bazunun aşağı 1/3-nin, sağ baldırın orta 1/3-nin arxa səthinin kor qəlpə yaralanması” diaqnozu ilə xəsarət almışdır. Yaralanmağı ilə əlaqədar xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək N №-li hərbi hissədə müayinədə və müalicədə olmuşdur. Onun xx.xx.2008-ci il tarixdə döyüş vaxtı aldığı yaralanmanın səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” ifadəsi ilə göstərilmişdir. Döyüş zamanı fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidenti adından AR Müdafiə Nazirinin 025 t №-li, xx.xx.2008ci il tarixli əmri ilə 3-cü dərəcəli “Hərbi Xidmətdə Fərqlənməyə Görə” medalı ilə təltif olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: 1) Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. 2) Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müavini-Əməliyyat Baş İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 12 may 1994-cü il tarixdən 27 sentyabr 2020-ci il tarixədək döyüş əməliyyatları aparmış hərbi hissə və bölmələrin, habelə həmin hərbi hissə və bölmələrin döyüş əməliyyatlarında iştirak etdikləri dövrlərə (başlama və bitmə tarixləri göstərməklə) dair cədvəlində iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissənin N mart 2008-ci il tarixdə döyüş əməliyyatları aparılması barədə məlumat qeyd edilməmişdir. Birinci instansiya məhkəməsi işin bu halına qiymət verməmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -AO№0858709 nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2008-cı il tarixədək hərbi xidmətdə olmuşdur. -N saylı Hərbi Hissənin xx.xx.2022-ci il tarixli, 4480 saylı travma haqqında arayışından görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdə saat 14:10 radələrində düşmənlə üzbəüz ön mövqedə düşmən tərəfindən atılan qumbaranın partlaması nəticəsində “Partlayış travması, sol bazunun aşağı 1/3-nin, sağ baldırın orta 1/3-nin arxa səthinin kor qəlpə yaralanması” diaqnozu ilə döyüş tapşırığını yerinə yetirərkən xəsarət almışdır. -N saylı Hərbi Hissənin 1333 saylı, xx.xx.2008-ciil tarixli xəstəlik tarixindən görünür ki, İddiaçı partlayış yaralanması, sol bazunun aşağı 1/3-nin, sağ baldırın orta 1/3-nin arxa səthinin kor qəlpə yaralanması diaqnozu qoyulmuşdur. -Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının İddiaçı barəsində verdiyi xx.xx.2009-cu il tarixli 253 nömrəli qərarında göstərilmişdir ki, Lənkəran RHK tərəfindən 2007-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə düşmənlə atışma nəticəsində xx.xx.2008-ci ildə aldığı və xx.xx.2008-ci ildən xx.xx.2008-ci ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: «Partlayış yaralanması. Sol bazunun aşağı 1/3-nin, sağ baldırın orta 1/3-nin arxa səthinin kor qəlpə yaralanması» (Lənkəran RHK-nın xx.xx.2008-ci il tarixli 4/1718 nömrəli göndərişi, xx.xx.2008-ci il tarixli 1027 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.2009-cu il tarixli 276 nömrəli travma haqqında arayış, N saylı hərbi hissədən verilmiş xx.xx.2008-ci il tarixli çıxarış epikrizi ilə təsdiq edilir), «HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR». -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 1715 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 04 dekabr 2006-cı il tarixli 0140 №-li əmrində 1-ci Ordu Korpusu (708, 701, 130, 127 və 1-ci qaubitsa artilleriya divizionunu çıxmaq şərti ilə N saylı hərbi hissələr istisna olmaqla) xx.xx.2007-ci il tarixdən və 11 dekabr 2007-ci il tarixli 0113 №-li əmrində xx.xx.2008-ci il tarixdən döyüş şəraitində hesab edilməsi barədə məlumat qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin 2007-2008-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün İddiaçı xidməti, döyüş əməliyyatlarında iştirak etməsi və yaralanması barədə araşdırma apara bilmir. Cavabdehin imtina aktı və apellyasiya şikayətinin əsas dəlili iddiaçının hərbi xidmətdə olduğu N nömrəli hərbi hissənin N mart 2008-ci il tarixdə döyüş əməliyyatları aparması barədə Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müavini-Əməliyyat Baş İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 12 may 1994-cü il tarixdən 27 sentyabr 2020-ci il tarixədək döyüş əməliyyatları aparmış hərbi hissə və bölmələrin, habelə həmin hərbi hissə və bölmələrin döyüş əməliyyatlarında iştirak etdikləri dövrlərə (başlama və bitmə tarixləri göstərməklə) dair cədvəldə məlumatın olmamasıdır. İşin faktiki hallarından görünür ki, iddiaçı hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil edilmiş, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılmışdır. Həmçinin iddiaçının hərbi xidmət dövründə düşmən tərəfindən atılmış qumbaranın partlaması nəticəsində travma alması yuxarıda qeyd edilən sənədlərlə təsdiq edilir. Göründüyü kimi cavabdeh orqan mötəbər sübutlara istinad etmədən, həmçinin veteran statusunun verilməsi üçün kifayət qədər sübutlar olduğu halda əsassız olaraq iddiaçının hüquqlarını məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli, 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. -19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. -24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. -61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır (maddə 61.1). Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir (61.2). İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır (maddə 61.3). İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur (maddə 61.4). Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2-1(120)-1105/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar