Məhkəmə qərarları › İş №2-1(106)-383/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-383/2025

21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-383/2025 21.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan İnzibati Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2-1(120)-1267/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-ci il tarixli xxxxxxx0015 №-li qərarı ilə ona ümumi əsaslarla xx.xx.2023-cü il tarixdən təyin olunmuş İİ dərəcə əlillik dərəcəsinin “səbəb”nin dəyişdirilərək, “Yaralanmadır, Hərbi Xidmət Dövründə almışdır” İİ dərəcə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim R.Quliyeva) 27 fevral 2025-ci il tarixli, 2- 1(120)-1267/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli xxxxxxx0015 №-li qərarı ilə xx.xx.1973-cü il təvəllüdlü İddiaçı ümumi əsaslarla xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 80 faiz pozulması ilə əlaqədar müddətsiz təyin olunmuş əlilliyin “səbəb”nin dəyişdirilərək, “Azərbaycan Respublikasının Ərazi Bütövlüyünün Müdafiəsi ilə əlaqədar” əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə üzərinə qoyulması barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın tələbinə görə şəxsə hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda hərbi xidmətlə əlaqədar əlillik müəyyən edilir. Təlimata görə hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir,əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. Bununla əlaqədar xüsusi olaraq qeyd edilməlidir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli, 437 saylı qərarından görünür ki, iddiaçının yaralanmasının nəticəsi – diaqnoz “Yaralanmadır, Hərbi Xidmət Dövründə Alınmışdır”. Bu işin təkzib olunmaz halıdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xx.xx.1995-ci ildə Füzuli rayon ərazisində güllə yarası almaqla sağlamlığını itirmişdir. Sağlamlığını itirməyi ilə bağlı ona “Sol budun aşağ 1/3 nahiyyısində dəlib keçən güllə yarası, Axıl vətərinin zədələnməsi funksiya pozğunluğu diaqnozu ilə 3-cü dərəcə müharibə əlilliyi təyin edilmişdir. xx.xx.2016-cı ildə o təkrar müayinə olunmuşdur və 3-cü dərəcə müharibə əlilliyi təsdiqlənmişdir. Bundan sonra, o, 2017-ci və 2019-cu ildə yenidən TSEK-dan keçmişdir, ona “G20 Parkinspon xəstəliyi, hər iki yuxarı və aşağı ətraflarda əsmə riqid forma. Beyin qan dövranı pozğunluğu. Sol tərəfli hemiparez. Arterial hipertoniya, Ağırlaşma G93.2 Xoşxassəli kəllədaxili hipertenziya, Arterial hipertoniya. Beyin qan dövranı pozğunluğu, Sol tərəfli hemiparez. Yanaşı xəstəliklər. Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Sağ baldırın aşağı 1/3-nin arxa səthinin dəlib keçən yarasından sonrakı vəziyyət. Axıl vətərinin zədələnməsi diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiəsi ilə əlaqədar xx.xx.2017-ci ildə 2-ci dərəcəli müharibə əlilliyi təyin edilmiş, 19 dekabr 2018-ci il tarixdə müayinələrinin nəticəsi olaraq ikinci dərəcəli əlillik yenidən təsdiq edilmişdir. Təkrar müayinə müddəti xx.xx.2023-cü il müəyyən edilmişdir. Beləliklə də 2016-cı ildən 2017-ci ilə kimi 3-cü dərəcəli müharibə əlilliyi, xx.xx.2017-ci ildə ikinci dərəcəli müharibə əlilliyi və yenə də 19 dekabr 2018-ci ildən xx.xx.2023-cü il tarixə kimi isə 2-ci dərəcəli müharibə əlilliyi təyin edilmişdir. Müharibə əlili kimi o nəqliyyat vasitəsi ilə də təmin olunmuşdur. 1995-ci ildə yaralandıqdan sonra əvvəlcə əlləri əsməyə başlamış, daha sonra bütün orqanizminə yayılmış və hazırda həmin funksiya pozuntusu ağır şəkildə davam etməkdədir. Xəstəliyi elə həddə çatmışdır ki, ayaq üstə durmaq iqtidarında belə deyildir. Lakin xx.xx.2023-cü il tarixdən cavabdeh Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən onun ikinci dərəcəli müharibə əlilliyi dayandırılmış və ümumi xəsəlik səbəbindən orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan obarət olmuşdur ki, iddiaçının əlillik vəziyyətinə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar”; X2: Parkinson xəstəliyi, Parkinson xəstəliyi əsmə-rigid forması Hoehn və Yahr şkalası İV (dörd) dərəcə, yeriş və hərəkət pozulması ilə;Diaqnozun mətni: .Sinir sistemi xəstəlikləri=>Ekstrapiramid və digər hərəki pozğunluqlar=>Parkinson xəstəliyi=>hərəkətin təzahür edən pozuntusu ( Hoehn və Yahr şkalası üzrə xəstəliyin İV mərhələsi)=>.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Ü.İ.X.QƏRGİNLİK STENOKARDİYASİ İİİ F.S. HİPERTONİYA XƏS-Yİ İİ MƏR. İNFARKTDAN SONRAKİ KARDİOSKLEROZ.ŞƏKƏRLİ DİABET İİ TİPLİ.AĞİR GEDİŞLİİNSULİN TƏLƏB., səbəbi ilə müddətsiz 80% əillik dərəcəsi verilmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2014-cü il tarixli 437 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Saçı baldırın aşağı 1/3-nin arxa səthindən dəlib keçən qüllə yarası, axil vətərinin zədələnməsi" diaqnozlu travmanın səbəb əlaqəsi “Yaralanmadır, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli 6595 nömrəli Ambulator xəstənin tibbi vərəqində diaqnoz "Parkinson xəstəliyi, əsmə riqid forması Xen Yar şkalası İV (dörd) dərəcə, yeriş və hərəkət pozğunluğu" kimi qeyd edilmişdir. X3 və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra sağ baldırın aşağı 1/3-nin səthində çapıq toxuması, sağ aşıq baldır oynağının açıcı-bükücü kontrakturası (açma 100 dərəcə, bükmə 90 dərəcə), əzələ atrofiyası, hissiyyat zəifliyi, reqionar osteoparoz, daimi ağrı sindromu və hərəkət funksiyasının pozulması” kimi qeyd olunmuşdur. Təqdim edilmiş X6 Baş beynin MRT müayinəsinin nəticəsi “Minimal beyin atrofiyası" kimi qeyd edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına RRM-ə məxsus təkərlikli oturacaqda, əlində əsa ilə daxil olmuş, ətraflarında əsmə nümayiş etdirmişdir. Medikamentoz preparatlardan gündə 5 dəfə % tablet Nakom, 250 mg Praksol 2 tablet x 2 dəfə qəbul etdiyini söyləmişdir. Baxış zamanı sağ baldırın aşağı 1/3-də çapıq izlənilmiş, hərəkətləri sərbəst olmuşdur. Nevroloji müayinə zamanı dərman qəbulundan öncə bütün ətraflarda hiperkinezlər, əsmə, bunun hesabına nitqin pozğunluğu, dişli çarx sindromu müşahidə edilmişdir. Müayinənin gedişatında 14 tablet Nakom qəbul etdikdən 40 dəqiqə sonra yenidən müayinə edilmiş, hiperkinezlərin azalması, sol yuxarı ətrafda daha ifadəli olmaqla ağızda və ətraflarda bradikineziya, ayaqlarını sürüyərək kiçik addımlarla, önə əyilmiş vəziyyətdə yeriməsi müşahidə edilmişdir. Hazırda əlillik təyinatına əsas verən Parkinson xəstəliyinin xüsusi səbəb əlaqəsi təsdiqlənməmişdir. Hərbi travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmişdir. Hərbi qərar alındıqdan sonrakı əlillik təyinatlarının səbəb-əlaqəsinin Hərbi xidmət dövrü ilə əlaqədar olaraq dəyişdirilməsi məqsədəuyğun hesab edilmişdir. Nəticədə, xx.xx.2017-ci və xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 illik əlillik təyinatlarının səbəb əlaqəsinin Hərbi xidmət dövrü ilə əlaqədar olaraq dəyişdirilməsi barədə qərar qəbul edilmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq oİaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Ümumi xəstəlik ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 80 faiz pozulması barədə qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi inzibati orqanın diskresion səlahiyyətlərinə müdaxilə etmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən: 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 2.1. şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: -7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. -7.2-ci bəndinin a) yarımbəndinə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarı çıxarır. «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. İş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 437 nömrəli, xx.xx.2014-cü il tarixli qərarında ( surətində) qeyd olunmuşdur ki, İddiaçı hərbi xidmət keçərkən xx.xx.1995-ci ildə aldığı və xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Sağ baldırın aşağı 1/3-nin arxa səthindən dəlib keçən güllə yarası, axil vətərinin zədələnməsi” “YARALANMADİR, HƏRBİ XİDMƏT DÖVRİÜNDƏ ALİNMİŞDİR”. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2-ci maddəsinin ç) bəndi. MN MHHK-nın 319 nömrəli xx.xx.2014-cü il tarixli protokolu. -Dövlət Tibbi-Sosial Ekspertza və Reabilitasiya Xidmətinin 22 saylı Tibbi Sosial Ekspert Komissiyasının xxxxxxx0002 saylı xx.xx.2016-cı il tarixli qərarı ilə xx.xx.1973-cü il təvəllüdlü İddiaçı xx.xx.2016-cı ildən xx.xx.2021-ci il tarixədək üçüncü dərəcə əlillik təyin olunmuşdur: Əlilliyin səbəbi: Hətbi xidmət dövrü ilə əlaqədar... TSEK-in diaqnozu: Sağ budun aşağı 1\3 nahiyyəsində dəlib keçən güllə yarası Axıl vətərinin zədələnməsi funksiya pozğunluğu.. Əlilliyin müəyyən olunması meyarı: 2.3. Üçüncü dərəcə əlillik=> DİGƏR: Sağ budun aşağı 1/3 nahiyyəsində dəlib keçən güllə yarası Axıl vətərinin zədələnməsi funksiya pozğunluğu...Əmək zəmanəti barədə: Məhdud əmək qabiliyyəti (295)... -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xxxxxxx0017 №-li, xx.xx.2018-ci il tarixli qərarından müəyyən olunur ki, X4 xx.xx.2018-ci il tarixdən (təkrar) ikinci dərəcə əlillik təyin olunmuşdur. Əlilliyin səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar...TSEK-in diaqnozu: G20 Parkinson xəstəliyi, Hər iki yuxarı və aşağı ətraflarda əsmə riqid forma. Beyin qan dövranı pozğunluğu. Sol tərəfi hemiparez.Arterial hipertoniya. AğırlaşmaG93.2 Xoşxassəli kəllədaxili hipertenziya, Arterial hipertoniya.Beyin qan dövranı pozğunluğu. Sol tərəfi hemiparez. Yanaşı xəstəliklər Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sağ baldırın aşağı 1/3-nin arxa səthinin dəlib keçən güllə yarasından sonrakı vəziyyət.Axil vətərinin zədələnməsi.. Əlilliyin müəyyən olunması meyarı: 2.2.İkinci dərəcə əlillik =>2.2.9 qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəkikoordinatlar funksiyasının pozuntuları ilə müşayiət olunan baş beyin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri. -AR ƏƏSM-nin X1 Sistemi sosial müavinət və təqaüd haqqında ********** №-li, xx.xx.2022-ci il arayışdan müəyyən olunur ki, İddiaçı xx.xx.2017-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİ qrup müharibə əlili təqaüdü təyin edilmişdir. -Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının xxxxxxx0015 №-li, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı xx.xx.2023-cü il tarixdən ümumi xəstəliklə - orqanizim funksiyasının 80 faiz pozulması səbəbi ilə müddətsiz əlillik təyin olunmuşdur. Əlillik meyarı: 6.6.1.2.6 Sinir sistemi xəstəlikləri => Ekstrapiramid və digər hərəki pozğunluqlar =>Parkinson xəstəliyi=> hərəkətin təzahür edən pozuntusu (Hoehn və Yahr şkalası üzrə xəstəliyin İV mərhələsi) => İddiaçı aid aşağıdakı; - xx.xx.2024-cü il tarixli, xxxxxxx0015 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, Meyar: 6.6.1.2 G20.6.Sinir sistemi xəstəlikləri => Ekstrapiramid və digər hərəki pozğunluqlar => Parkinson xəstəliyi =>hərəkətin təzahür edən pozuntusu (Hoehn və Yahr şkalası üzrə xəstəliyin İV mərhələsi) =>.... OFP yekun faiz meyarı 80 faiz, yekun əlillik səbəbi: ümumi xəstəlik..OFP müddəti: müddətsiz. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T /6132024 saylı rəydə bildirilir ki, İddiaçı adına tərtib edilmiş sənədlərə özünün məhkəmə-tibbi müayinəsinə əsasən adına “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 5 YK8AM20015№-li qərarla qiymətləndirilməsi aparılmış göndərilmiş Forma 88 göndərişində qeyd edilən diaqnoz ona stasionar müalicələri zamanı anamnestik, kliniki, laboratorinstrumental müayinələrin əsasında müəyyən edildiyindən xəsətliyin dinamikası, müalicə tədbirləri düzgün aparıldığından xəstəliyin klinik proqnozu qənətbəxş olmuşdur. TSEK-də müayinələri zamanı əmək fəaliyyətsiz hesab edilmişdir. -Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnozla əlaqədar onun vaxtaşırı əlavə ixtisaslaşdırılmış stasionar müalicəsinə ehtiyac vardır. İddiaçı 17.02.-xx.xx.1995-ci il tarixlərdə N saylı “Sağ baldırın aşağı 1/3-nin arxa səthindən dəlib keçən güllə yarası, axil vətərinin zədələnməsi” diaqnozu ilə müayinə və müalicə olunmuşdur. Xəsarətin varlığı şəxsin müayinəsi zamanı həmin nahiyədə aşkar edilmiş çapıq toxumalarla təsdiq olunur. -Məhkəmə kollegiyasının müvafiq qərardadı ilə ekspertiza təyin edilmiş və rəyin verilməsi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilmişdir. Həmin komissiyanın xx.xx.2025-ci il tarixli, 88/2510 nömrəli rəyində bildirilir ki, İddiaçı təyin edilmiş Parkinson xəstəliyi onun 1995-ci ildə aldığı xəsarətlə əlaqəli deyildir. Şərh olunan və iş materiallarında olan digər sənədlərlə (əlillik alt sistemindən çıxarışlar) müəyyən edilir ki, iddiaçıya 2015-ci ildə ilk dəfə sümük-əzələ sisteminin xəstəlikləri (sağ budun aşağı 1/3 hissəsinin dəlib keçən güllə yarası) diaqnozu əsasında “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəb əlaqəsi ilə İİİ dərəcə əlillik təyin edilmiş, 2016-cı ildə həmin diaqnozla eyni səbəb əlaqəsi ilə 5 il müddətinə təyin edilmiş, buna baxmayaraq, xx.xx.2017-ci il tarixli qərarla eyni səbəb əlaqəsi ilə, lakin sinir sisteminin xəstəliklərinə görə yenidən 5 illik təyinat aparılmış, bundan sonra yeni tibbi göndəriş əsasında xx.xx.2018-ci il tarixli qərarla Parkinson diaqnozu ilə “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəb əlaqəsi ilə 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmiş, növbəti qiymətləndirmə zamanı xx.xx.2024-cü il tarixli qərarla həmin diaqnozla müddətsiz əlillik təyin edilsə də, “ümumi xəstəlik” səbəbi ilə aparılmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi-Həkim Komissiyasının 437 nömrəli, xx.xx.2014-cü il tarixli Qərarının məzmunundan çıxış edərək, hesab etmişdir ki, həmin qərarda iddiaçının aldığı travmanın səbəb əlaqəsi “AR ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” qeyd edilmişdirsə, sonrakı dönəmdə aparılan əlillik təyinatı da məhz həmin qərara söykənməlidir. Lakin nəzərə almamışdır ki, növbəti əlillik təyinatı üçün təqdim edilmiş tibbi göndərişdəki diaqnoz sözügedən qərarda qeyd edilmiş patofunksional pozuntularla eynilik təşkil etmir, əksinə tamamilə fərqli orqanların pozuntularıdır və bu halda həmin pozuntuların məhz AR ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar alınmış travmalarla səbəli əlaqəsi müəyyən edilməlidir. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq, əvvəllər əlillik təyinatına əsas vermiş travmaların sonradan yaranmış Parkinson xəstəliyi ilə səbəbli əlaqəsinin olmaması müəyyən edilmişdir. Qeyd olunan sənəd müvafiq olaraq rəy şəklində təqdim edilməsə də, məktubun məzmunundan görünür ki, yekun nəticə müvafiq sahə üzrə mütəxəssis (həkim nevroloq) tərəfindən verilmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan məktubun məzmununda şərh olunmuş nəticəni mötəbər hesab edir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, ekspert rəyi ilə əvvəllər əlillik təyinatına əsas olmuş “Sağ baldırın aşağı 1/3-nin arxa səthindən dəlib keçən güllə yarası, axil vətərinin zədələnməsi” diaqnozu üzrə xəsarətlərin yalnız çapıq toxuma şəklində izlərinin qalması müəyyən edilmişdir ki, həmin xəsarətlər hazırda həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə, həm də 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlillik təyinatına əsas vermir. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlinir ki, iddia əsaslı deyil və birinci instansiya məhkəməsi düzgün olmayan nəticəyə gəlmişdir. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2-1(120)-1267/2025 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar