Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-387/2025 18.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Pərviz Vaqif oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2-1(120)-253/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın dəyişdirilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixdən təyin edilmiş 2-ci dərəcə əlilliyin səbəbinin “ümumi xəstəliklə əlaqədar əlillik” ifadəsinin dəyişdirilərək “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” ifadəsi ilə əvəz olunması və xx.xx.2021-ci il tarixdən “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması bаrədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 19 mart 2025-ci il tarixli, 2- 1(120)-253/2025 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi qərardan, yəni Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarından məlumatlı olduğundan və prosessual müddətin axımı həmin qərardan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Belə ki, hazırkı iddia ərizəsi xx.xx.2023-cü il tarixdə (zərflə xx.xx.2023-cü il tarixdə göndərilmişdir) məhkəməyə daxil olmuşdur. Başqa sözlə iddiaçı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarından məlumatlı olduğu vaxtdan 2 (iki) ilə yaxın vaxt keçdikdən sonra müraciət etmişdir. Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırma aparılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, uzun müddət araşdırma aparıldıqdan sonra əsassız olaraq iddia mümkünsüz sayılmışdır. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı 2011-ci ildən “ümumi xəstəlik” səbəbi ilə əlillik vəziyyətində olmuş, 2016-cı ildə növbəti əlillik təyinatı zamanı səbəbli əlaqə kimi “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” qeyd edilmiş, lakin cavabdehin xx.xx.2021-il tarixli qərarı ilə iddiaçıya növbəti dəfə əlillik təyin edilərkən səbəbli əlaqə “ümumi xəstəlik” kimi qeyd edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə həmin qərarın əlilliyin səbəb əlaqəsi hissəsində dəyişdirilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Bundan sonra birinci instansiya məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçının əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Həmin qərardad əsasında “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Həmçinin birinci instansiya məhkəməsinin 06 iyun 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və rəy əldə edilmişdir. Bundan sonra iddiaçıya xx.xx.2025-ci il tarixli məhkəmə iclasında məktub (yardım) təqdim edilərək, məktubda yalnız qanunvericiliyin müvafiq maddələri sadalanmaqla, mübahisələndirmə iddiası üzrə qanunla müəyyən edilmiş müddəti ötürməsi bildirilmiş, lakin müddətin ötürülməsinin səbəbləri və üzrlü sayılması əsasları barədə məhkəməyə müvafiq ərizə vermək hüququ izah edilməmişdir. Həmin tarixli məhkəmə iclasının audio-video çəkilişinə baxış zamanı da müəyyən edilmişdir ki, həmin məktub formal olaraq iddiaçıya təqdim edilmiş, yuxarıda qeyd olunan hüquqlar ona izah edilmədən və müvafiq vəsatət verməsi üçün şərait yaradılmadan həmin məhkəmə iclasında iddianın mümkünsüz sayılması barədə qərardad qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edilməsini zəruri hesab edir ki, müvafiq qanunvericiliyin normaları inzibati məhkəmələrdən onu tələb edir ki, iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra ilk növbədə qiymət verilməli olan məsələ iddianın mümkünlük şərtlərinin yoxlanılmasıdır. Buna baxmayaraq, hazırki iş üzrə iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olduqdan sonra uzun müddət (2 ildən artıq) ərzində mahiyyəti üzrə araşdırma aparıldıqdan sonra iddia müddətin ötürülməsi səbəbindən mümkünsüz sayılmışdır. Bu vəziyyət prosessual qənaət prinsipinə zidd olmaqla, tərəfin haqlı narazılığına səbəb olan haldır. Bundan başqa, işdə olan tibbi sənədlərlə müəyyən edilir ki, iddiaçıya xx.xx.2021-ci il tarixli qərarla 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsinə baxmayaraq, xx.xx.2021-ci il tarixli qərarla “Göndərişin natamam doldurulması” əsası ilə əlillik təyinatından imtina edilmişdir. Yəni iddiaçı əlillik vəziyyətində olduğu və 5 illik əlillik təyinatı barədə qərar qüvvədə olduğu halda yenidən əlillik təyinatından imtina edilməsinin hüquqi əsasları və doğura biləcəyi hüquqi nəticələrin nədən ibarət olması ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən müvafiq araşdırma aparılmamış, eyni zamanda yaranmış bu vəziyyətə münasibətdə iddiaçının hüquqi marağını təmin edəcək prosessual hərəkətlərin aparılması istiqamətində iddiaçıya hüquqi yardım edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. -12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. -13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; -24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; -24.3-cü maddəsinə əsasən ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir; -24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz; -24.5-ci maddəsinə əsasən ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; -24.6-cı maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. -38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir və qeyd edir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi tələbin mümkünlük şərtləri üzrə düzgün hüquqi dəyərləndirmə aparmamış, mübahisələndirilən inzibati aktın iddiaçıya təqdim edilməsi və yaxud iddiaçının həmin akt barədə məlumatlı olması anını tərəflərin izahatları, yaxud digər vasitələrlə müəyyən etməmiş, bununla da iddiaçının qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaması qənaətinə gələrək, iddianı mümkünsüz hesab etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş üzrə iddianın mümkünlük şərtlərinə yenidən qiymət verilməsi və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2-1(120)-253/2025 nömrəli qərardadı ləğv edilsin, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(106)-387/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-387/2025
18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver