Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-388/2024 06.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 2-1(120)-474/2024 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, işlədiyi illərin sosial staj kimi qəbul edilərək hüququ yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 19 mart 2024-cü il tarixli, 2- 1(120)-474/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı işlədiyi illərin sosial staj kimi qəbul edilərək hüququ yarandığı, yəni xx.xx.2022-ci il tarixdən (65 yaşdan) yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı Niftalı oğlu 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir və onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış kapitalla bağlı xüsusatlara qiymət verilməsinə zərurət qalmır. Qərardan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1974-cü ildən əmək fəaliyyətinə başlamışdır, əmək fəaliyyəti xx.xx.2002-ci ilə qədər davam etmişdir. xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək hərbi xidmətdə olmuşdur. Hazırda onun 65 yaşı vardır. Yaşla əlaqədar pensiya almaq hüququ yaranandan sonra ona pensiya təyin edilməsindən imtina edilmişdir. Pensiya yaşına çatana qədər hərbi xidməti də nəzərə alınmaqla onun 28 ilə yaxın sosial stajı vardır. Bu hal ona aid hərbi bileti və əmək kitabçası ilə müəyyən edilir. Cavabdeh təşkilat tərəfindən hərbi xidmət daxil iş stajı 17 il 3 ay 20 gün hesablanmışdır. xx.xx.1992-ci ildən xx.xx.1996-cı ilədək X10 zavodunda işləməyi, xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixinədək Sabirabad rayon 43 №li X1 Dəstəsində işləməyi iş stajı kimi nəzərə alınmamışdır. O, həmin müəssiələrdə işləmiş və əmək haqqı almışdır. Sənədlərin arxivə verilib verilməməsinə o nəzarət etmirdi və əgər verilməyibsə bu onun günahı deyildir. Cavabdehin imtina və etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Fondun Mil-Muğan regional filialının xx.xx.2022-ci il tarixli aktlarına əsasən İddiaçı əmək kitabçasının surətində qeyd edilən X10 Zavodunun və Sabirabad rayon 43 nömrəli X1 Dəstəsinin arxiv sənədləri Sabirabad rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün həmin dövrün araşdırılmasının mümkün olmaması və sosial sığorta stajına əlavə edilməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh imtina və etiraz dəlilləri ilə eyni məzmunlu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, X10 Zavodunun dövlət qeydiyyatından keçməsi barədə məlumat, eyni zamanda həmin müəssisə və Sabirabad rayon 43 nömrəli X1 Dəstənin mövcud olması barədə hər-hansı məlumat olmadığı halda iddiaçını həmin müəssisələrdə işləməsi və əmək haqqı alması inandırıcı deyil. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı əvvəlki məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiyya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, özü 1975-1996-cı illərdə X10 Zavodunda işləmişdir, iddiaçı da təxminən 1979-cu ildən həmin zavodda işləməyə başlamışdır və işlədiyi dövrdə əmək haqqı almışdır. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surətləri iş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. -Н3 ******* nömrəli hərbi biletinin surətindən görünür ki, İddiaçı xx.xx.1975xx.xx.1977-ci illərdə hərbi xidmətdə olmuşdur. -iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, xx.xx.1974-cü il tarixdən xx.xx.2002-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olması barədə qeydlər aparılmışdır. -Sabirabad Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilir ki, X10 Zavodunun 1992-1996-cı illər arası və Sabirabad rayon 43 nömrəli X1 dəstənin 1996- 2002-ci illərin sənədləri mühafizə üçün Sabirabad rayon Dövlət Arxivinə təhvil verilməmişdir. -Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, dövlət reyestrində “X10 Zavodu” adlı hər hansı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat aşkar edilməmişdir. Dövlət reyestrində “43 nömrəli X1 Dəstə” adlı hüquqi şəxsin xx.xx.1991-ci il tarixdə 7102 saylı qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçməsi və xx.xx.1998-ci il tarixdə ləğv edilərək dövlət reyestrindən çıxarılması barədə məlumat aşkar edilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-21-3/2-1119/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, X10 Zavodu və Sabirabad rayon 43 nömrəli X1 Dəstəsi barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, dövlət reyestrində 43 nömrəli X1 Dəstənin xx.xx.1991-ci il tarixdə 57 nömrə ilə dövlət qeydiyyatından keçməsi və xx.xx.1998-ci il tarixdə ləğv edilərək dövlət reyestrindən çıxarılması barədə məlumat mövcuddur. X8 Emalı Zavodunun dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. -Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq, "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubunda bildirilir ki, "xxxx" ASC "xxxx" Dövlət Şirkətinin bazasında yaradılmışdır. "xxxx" Dövlət Şirkətinin tərkibində olan Sabirabad 43 nömrəli X1 Dəstənin bazasında Sabirabad Aqrartikinti filialı yaradılmış və "xxxx" ASC-nin filialı kimi fəaliyyət göstərərək, tikinti işləri ilə məşğul olmuş və filial 01 sentyabr 2023-cü il tarixdə ləğv edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. Beləliklə məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş üzrə araşdırılmış və hüquqi qiymət verilmiş sübutlarla iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun müəssisənin (Sabirabad rayon 43 nömrəli X1 Dəstə) mövcudluğu, fəaliyyət göstərdiyi müəyyən edilmiş və fəaliyyətinin olması tam sübuta yetirilir. Həmçinin iddiaçıya məxsus əmək kitabçasında işə daxil olması və işdən xaric edilməsi barədə qeydlər mövcuddur. Lakin müəssisənin sənədləri arxivə təhvil verilmədiyindən iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Həmçinin qeyd olunur ki, X10 Zavodunun qeydiyyatı barədə məlumatların olmaması və sənədlərinin arxivə təhvil verilməməsi halı iddiaçıya məxsus əmək kitabçasının mötəbər olmadığını güman etmək üçün kifayət etmir. Bu yanaşma həm də ondan qaynaqlanır ki, iddiaçının həmin müəssisədə işləməsi şahid ifadəsi ilə bir daha təsdiqini tapmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, məhkəmə araşdırması nəticəsində iddiaçının ümumilikdə 25 ildən artıq sosial sığorta stajının olduğu müəyyən edilir ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Dövlət Sosial Müdafiə Fondu Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 2-1(120)-474/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-388/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-388/2024
06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver