Məhkəmə qərarları › İş №2-1(106)-39/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-39/2023

08.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-39/2023 08.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və X4 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2-1(120)1502/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı xx xxxxxxxx 1962-ci ildə anadan olmuş, xx.xx.1977-ci ildən xx.xx.2006-ci il tarixə cəmi 25 il 10 ay sığorta stajı mövcuddur. O, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Lakin inzibati orqan tərəfindən 01 aprel 2021-ci il tarixli, **********5 nömrəli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh mövqeyini onunla əsaslandırmışdır ki, təqdim etdiyi sənədlərdə onun xx.xx.1989-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində Salyan rayon X10 və X1 Təmir emalatxanasında qaynaqçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sənədlərə əsasən işlədiyi vəzifənin əl ilə qaynaq aparan elektrik qaynaqçılarına aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az dövrü təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il tarixə 25 il 10 ay ümumi, 22 il 10 ay 14 gün güzəştli iş stajı olmasını nəzərə alaraq, ona hüququnun yarandığı 03 sentyabr 2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiyanın hesablanaraq birdəfəyə verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, o, xx xxxxxxxx 1962-ci ildə Salyan rayonunda anadan olmuş, xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilədək Salyan rayon 76 saylı X15 məktəbində armaturçu-elektrik qaynaqçısı peşəsi üzrə tam kursu bitirərək, xx.xx.1980-ci ildə B seriyalı 128267 saylı dıplom almış (10 ay 25 gün sığorta stajı), xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək olan müddətdə sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş (2 il 21 gün sığorta stajı), xx.xx.1983-cü ildən xx.xx.1983-cü il tarixli, 12 saylı əmrlə Salyan rayon X6 İdarəsində mexanikləşdirmə dəstə sahəsinə elektrik qaynaqçısı qəbul edilmiş, xx.xx.1989-cu ildə Azərbaycan SSR X13 Komitəsinin 172 saylı xx.xx.1989-cu il tarixli əmrinə əsasən rayon mexanikləşdirmə müəssisəsi ləğv edildiyinə görə, tutduğu vəzifədən azad edilib Salyan rayon X7 və X2 mexanikləşdirilmiş torpaq işləri sahəsinə qaynaqçı vəzifəsinə köçürülmüş, xx.xx.1989-cu ildə təmir emalatxanasının qaynaqçısı peşəsinə keçirilmiş, xx.xx.1992-ci ildə V dərəcə qaynaqçı dərəcəsi verilmiş, xx.xx.1994-cü ildə isə öz ərizəsi ilə işdən azad edilmiş (11 il 8 ay 14 gün sığorta stajı), xx.xx.1994-cü ildən xx.xx.2003-cü ilədək Salyan Neft-Qaz Çıxartma İdarəsinin X9 Təmiri sexində qazmaçı köməkçisi işləmiş, xx.xx.2003- cü ildən xx.xx.2005-ci ilədək X9 Təmiri sexində yeraltı təmir operatoru, xx.xx.2005-ci ildən xx.xx.2015-ci ilədək X9 təmiri sexində çilingər, xx.xx.2015-ci ildən hal-hazıradək X9 Təmiri sexində quyuların təmirə hazırlıq briqadasının operatoru vəzifəsində işləmişdir. 1999-cu ildən Salyan Neft-Qaz Çıxartma İdarəsinin adı dəyişdirilərək “Salyan Oil Limited” şirkəti adlandırılmışdır. Beləliklə, xx.xx.1977-ci ildən xx.xx.2006-cı il tarixə cəmi 25 il 10 ay (10 ay 25 gün+ 2 il 21 gün+ 11 il 8 ay 14 gün + 11 il 2 ay) sığorta stajı mövcuddur. Onun xx.xx.2019-cu ildə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün 57 yaşı olmuş, həmin vaxta isə 39 il 6 ay sığorta stajı mövcuddur. Onun işlədiyi əsas peşə əl ilə elektrik qaynaqçısı olmuş, sonradan isə Neft- Qaz Çıxartma İdarəsində də güzəştli işləmişdir. Göründüyü kimi, onun xx.xx.1977-ci ildən hal-hazıradək hansı təşkilatda peşə təhsili alması, idarə və təşkilatlarda işləməyi və hərbi xidmət keçməyi işə əlavə edilmiş əmək kitabçası, diplom və hərbi bilet ilə tam təsdiq edilir. Sonuncu dəfə 2022-ci ilin mart ayında güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasının təyin edilməsi barədə ərizə və ona əlavə edilmiş sənədlərlə cavabdehə müraciət edilmişdir. Cavabdeh inzibati orqanın 01 aprel 2021-ci il tarixli, **********5 saylı cavab məktubu (ərizəyə əlavə edilib) ilə ərizə təmin olunmamış və imtinaya əsas kimi göstərilmişdir ki, “Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə sizin xx.xx.1989-xx.xx.1994cü il tarixləri arasında dövr ərzində Salyan rayon X10 və X2 təmir emalatxanasında qaynaqçı vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Lakin sənədlərə əsasən işlədiyiniz vəzifənin əl ilə qaynaq aparan elektrik qaynaqçılarına aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də, sizin güzəştli iş stajınız 12 il 6 aydan az (xx.xx.1994-xx.xx.2005) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunverciliyin tələbləri baxımından mümkün hesab edilmir. Aşağıdakı əsaslara görə hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuz olmaqla, onun pensiya və mülkiyyət hüquqlarını məhdudlaşdırır. Əvvala, cavabdeh onun xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının olmasını qəbul edir, yalnız azı 12 il 6 ay güzəştli iş stajının olmamasını bildirir və istinad edir ki, xx.xx.1989-xx.xx.1994-cü il tarixlərdə işlədiyiniz vəzifənin əl ilə qaynaq aparan elektrik qaynaqçılarına aid olubolmamasını müəyyən etmək sənədlərlə mümkün olmamışdır. Eləcə də, qaynaq işlərini yalnız əl ilə aparmaq mümkündür ki, o, bu peşəni məhz əl ilə yerinə yetirmiş və bu qaynağı insanın digər orqanları, yəni ayaq, dil, baş, qulaq və digər əzaları ilə yerinə yetirmək mümkün deyil. Ola bilər ki, cavabdeh inzibati orqan qaynaq işlərinin digər insan orqanları ilə yerinə yetirlməsinin yeni üsulunu icad etmişdir. Bu hal onun təhsil aldığı peşə məktəbindən verilmiş diplomda da öz təsdiqini tapmışdır. İşlədiyi dövrdə, qaynaq işlərini təbii ki, hər hansısa müğənni və ya digər peşənin adamları icra etməli deyildi ki, cavabdeh gülünc və absurd əsaslarla ona imtina cavabı verir. Habelə onun sonrakı iş dövrünü güzəştli iş stajı kimi qəbul edir, əvvəlki dövrünü isə qəbul etmir. Halbuki, bu barədə “Salyan OİL Limited” şirkəti tərəfindən də güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün xx.xx.2022-ci il tarixli, 005 saylı arayış verilmişdir. Bununla bağlı pensiya təyinatı şöbəsindən verilmiş güzəştli arayış nümunəsi üzərində yeni arayış forması təqdim edilmiş, arayışda qeyd edilmişdir ki, onun xx.xx.1994-cü ildən işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahının 10.2-ci bəndinin a yarımbəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir (Güzəştli arayışın əslini ərizəsinə əlavə edir). Onun sovet dövründə işlədiyi idarələr isə ləğv edilməklə, arxivləri Dövlət Arxivinə təhvil verildiyinə görə, bu barədə yalnız arxiv arayışlarını ala bilmiş, ləğv edilmiş idarələrdən güzəştli arayış ala bilməmişdir. Bu arayışı ala bilməmək, cavabdehə əsas vermir ki, ahıl yaşında ona ödənilməli olan pensiyası verilməsin. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.1-ci (xx.xx.2017-ci ilədək qüvvədə olan redaksiyada) maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti, xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların; kişilər - 57 yaşına çatdıqda; azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə; qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunan Qanuna xx.xx.2017-ci ildən edilmiş dəyişikliyə də uyğun olaraq, onun xx.xx.2006-cı il tarixə 12 il 6 aydan artıq güzəştli və 25 ildən artıq ümumi iş stajı mövcuddur ki, bu halda ona mütləq şəkildə 57 yaşdan əmək pensiyası təyin edilməlidir. Bu hal hətta xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində də öz təsdiqini tapmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. O, xx.xx.1983-cü ildən xx.xx.1994-cü ilədək olan müddətdə Salyan rayon Mexanikləşdirmə Müəssisəsində (xx.xx.1989-cu ildə adı dəyişdirilərək Salyan rayon X7 və X3 adlandırılıb) elektrik qaynaqçısı peşəsində işləmişdir ki, həmin peşə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “Ümumi peşələr” adlanan XXXİİİ bölmədə 2320000-11620 kodu ilə qaz qaynaqçıları, 23200000-19906 kodu ilə əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşələri, habelə 23 yanvar 2007-ci ildə təsdiq edilmiş Siyahıda Ümumi peşələr adlanan 35-ci bölmədə qaz qaynaqçıları və əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi əksini tapmışdır. Göründüyü kimi, hər iki siyahıda istər qaz qaynaqçısı, istərsə də əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsi göstərilmişdir ki, bu peşələri alın təri ilə icra etməklə, sağlamlığı hesabına qazanmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu (Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı) bölməsinin 10.2. (Neft, qaz və qaz kondensatının hasilatı) yarımbölməsində neft, qaz və qaz kondensatının hasilatı quyuların əsaslı təmirinin qazmaçıları; quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar; quyuların yeraltı təmiri üzrə operatorlar və neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər peşəsi güzəştli iş stajı kimi nəzərdə tutulmuşdur. Beləliklə, onun xx.xx.1994-cü ildən xx.xx.2006-ci ilədək olan 11 il 2 ay müddətdə X14 İdarəsində qazmaçı köməkçisi, yeraltı təmir operatoru və 11 il 8 aydan artıq elektrik qaynaqçısı peşələri ona güzəştli iş stajı kimi nəzərə alınmalıdır ki, xx.xx.2006-cı ilədək olan müddətdə də 22 il 10 ay 14 gün güzəştli iş stajı mövcuddur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. 19 oktyabr 2022-ci il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizəsini təqdim edərək, iddia tələbinin dəyişdirilərək, “ona hüququnun yarandığı, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı iddia edir ki, onun işləmiş olduğu peşələr ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün əsasdır. İddiaçının dəlili əsassızdır. 1) “Vətəndaşların pensiya təminatı haqqında” Qanun iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin (b) bəndinə görə, Əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfındən təsdiq olunan 1 nömrəli siyahısı üzrə çalışan kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 ili 06 ay həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-cı il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. İddiaçının əmək kitabçasına əsasən iddiaçı xx.xx.1983-xx.xx.1994-cü illər ərzində Salyan rayon X10 və X1 Təmir Emalatxanasında qaynaqçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Nazirlər Kabinetinin tərəfindən təsdiq edilmiş siyahılarda ümumi peşələr bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları vəzifələri nəzərdə tutulmuşdur. Bu dövr ilə bağlı “güzəştli arayış” təqdim edilmədiyindən iddiaçının işlədiyi vəzifənin əl ilə qaynaq aparan elektrik qaynaqçılarına aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı cəmi 10 il 2 ay (xx.xx.1994-xx.xx.2005-ci illər) təşkil edir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Belə ki, xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Bu mənada, ƏPQ-nin 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarınm iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. 2) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin Kollegiyasinin 11 dekabr 2017-ci il tarixli, 17 saylı Qərarının Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə müraciətə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edirlər (bənd 2.2). Qeyd edilən 2 saylı əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfındən təqdim edilməlidir. (əlavənin 2.4-cü bəndi). Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-cı il tarixli, 2-1(120)-1502/2022 saylı qərarı ilə (hakim F.N.Abbasov) iddia təmin olunmuş, İddiaçı 57 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək apellyasiya şikayətinin təmin edilməsi və qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, apellyasiya şikayəti hüquqi baxımdan əsaslıdır və təmin edilməlidir. Belə ki, iddiaçıya xx.xx.2022-ci il tarixdə **********5 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, onun güzəştli iş stajı 12 il 6 aydan az (10 il 2 ay (xx.xx.1994-xx.xx.2005-ci il tarixləri arasındkı dövr) təşkil edir. Təqdim olunan əmək kitabçasına əsasən iddiaçı xx.xx.1977-ci il taridən xx.xx.1980-ci tarixədək Salyan rayon 76 saylı X15 məktəbində armaturçu-elektrik elektrik qaynaqçısı peşəsi üzrə tam kursu bitirərək, xx.xx.1980-ci ildə B seriyalı 128267 saylı diplom almış (10 ay 25 gün sığorta stajı), xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək olan müddətdə sovet ordusu sırlarında həqiqi hərbi xidmət keçmiş (02 il 21 gün sığorta stajı), xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixli, 12 saylı əmrlə Salyan rayon X6 İdarəsində mexanikləşdirmə dəstə sahəsinə elektrik qaynaqçısı qəbul edilmiş, xx.xx.1989-cu il tarixdə Azərbaycan SSR X13 Komitəsinin 172 saylı xx.xx.1989-cu il tarixli əmrinə əsasən rayon mexanikləşdirmə müəssisəsi ləğv edildiyinə görə, tutduğu vəzifədən azad edilib, Salyan rayon X7 və X3ni mexanikləşdirilmiş torpaq işləri sahəsinə qaynaqçı vəzifəsinə köçürülmüş, xx.xx.1989-cu il tarixdə təmir emalatxanasının qaynaqçı peşəsinə keçirilmiş,xx.xx.1992-ci il tarixdə V dərəcə qaynaqçı dərəcəsi verilmiş, xx.xx.1994-cü il tarixdə isə öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Salyan Neft-Qaz Çıxartma İdarəsinin X9 təmiri sexində qazmaçı köməkçisi işləmiş, xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək X9 təmiri sexində çilingər, xx.xx.2015-ci il tarixdən hal-hazıradək X9 təmiri sexində quyuların təmirə hazırlıq briqadasının operatoru vəzifəsində işləmişdir. 1999-cu il tarixdən Salyan Neft-Qaz Çıxartma İdarəsinin adı dəyişdirilərək “Salyan Oil Limited” şirkəti adlandırılmışdır. İddiaçının təqdim etdiyi sənədlərə əsasən onun xx.xx.1989-31.1.1994-cü il tarixləri arasındakı dövr ərzində Salyan rayon Maddi Texnik təchizat və X1 təmir emalatxanasında qaynaqçı vəifəsində işlədiyi qeyd olunmuşdur. Lakin təqdim olunan arayışlara əsasən iddiaçının işlədiyi vəzifənin əl ilə qaynaq aparan elektrik qaynaqçılarına aid olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də iddiaçının güzşətli iş stajı 12 il 6 aydan az (10 il 2 ay(xx.xx.1994-xx.xx.2005-ci il tarixləri arasındakı dövr) təşkil edir. Birinci instansiya məhkəməsi çıxardığı qərarı onunla əsaslandırmışdır ki, qaynağı yalnız əl ilə aparmaq mümkündür ki, o, bu peşəni məhz əl ilə yerinə yetirmiş və bu qaynağı insanın digər orqanları, yəni ayaq, dil baş, qulaq və digər əzaları ilə yerinə yetirmək mümkün deyil. Məhkəmənin məsxərə ilə ifadə etdiyi mövqeyinə cavab olaraq bildirilir ki, qaynağın bir çox növləri mövcuddur ki, bunların növləri 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nında nəzərdə tutulmuşdur. Həmin siyahıya əsasən qaynaqlama prosesinin əl ilə qaynaqçılar, elektrik, qaz qaynaqçıları növləri fərqləndirir. Beləliklə, iddiaçının həmin prosesi hansı üsull (əl və ya avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları) yerinə yetridiyi məlum olmadığı üçün ona güzəştli şərtlərlə pensiyadan imtina cavabı verilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallar tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş məhkəmə qərarıı əsaslandırılmı məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımı qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir. Apellyasiya şikayətinə etiraz İddiaçı apellyasiya şikayətinə etirazında göstərmişdir ki, cavabdeh qeyd olunan qərardan apellyasiya şikayəti vermiş, şikayətində qeyd etmişdir ki, onun xx.xx.1989-cu ildən xx.xx.1994-cü ilədək olan dövrdə Salyan rayon X10 və X1 təmir emalatxanasında işlədiyi qaynaqçı peşəsinin əl ilə qaynaq aparan elektrik qaynaqçılarına aid olubolmamasının müəyyən etmək mümkün olmamışdır. Yalnız bu əsasla ona pensiya təyin edilə bilməz. Cavabdeh inzibati orqanın apellyasiya şikayətində göstərdiyi bu dəlili əsassız və qanunsuzdur. Belə ki, cavabdeh onu və onun kimi qanunları bilməyən pensiya yaşına çatmış bir çox şəxsləri qoca yaşında barmağına dolayır və müxtəlif bəhanələrlə məhkəmə yollarında süründürür. O, hələ xx.xx.1989-cu ildə işə daxil olduğu 27 yaşında nə bilməli idi ki, nə vaxtsa sovet sistemi çökəçək və işlədiyi idarə ləğv ediləcək. Əgər bunu əvvəlcədən bilsəydi, hər gün üçün arayış alıb bu gün üçün saxlayardı. İşlədiyi idarə sonradan ləğv edilib və onun əsasında əvvəlcə Salyan Neft-Qaz Çıxartma İdarəsi yaradılıb, sonra isə adı dəyişdirilərək “Salyan OİL Limited” şirkəti olub. “Salyan OİL Limited” şirkəti tərəfindən də güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün ona xx.xx.2022-ci il tarixli 005 saylı güzəştli arayış verilib. Şirvan İnzibati Məhkəməsi də haqlı olaraq qeyd edib ki, qaynağı yalnız əl ilə aparmaq mümkündür, ayaq, dil, diş və digər əzalarla bu zərərli işi yerinə yetirmək mümkün deyildir. Görəsən bu imtinanı yazan şəxslər onun yaşına çatanda, onların özlərinə qarşı bu hərəkətlər ediləndə heç utanıb xəcalət cəkəcəklərmi ki, valideynləri yaşında insanları 200- 300 manat aylıq pensiyadan qanunsuz məhrum ediblər. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetnin təsdiq etdiyi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “Ümumi peşələr” adlanan XXXİİİ bölmədə 2320000-11620 kodu ilə qaz qaynaqçıları, 23200000-19906 kodu ilə əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşələri, habelə 23 yanvar 2007-ci ildə təsdiq edilmiş Siyahıda Ümumi peşələr adlanan 35-ci bölmədə qaz qaynaqçıları və əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi əksini tapmışdır. Göründüyü kimi, hər iki siyahıda istər qaz qaynaqçısı, istərsə də əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsi güzəştli peşə kimi qeyd edilmişdir. Ən əsası isə cavabdeh inzibati orqan məhkəmə qərarı xx.xx.2022-ci ildə elan olunandan sonrakı dövrdə xx.xx.2022-ci il il tarixli **********9 saylı məktub göndərərək, xx.xx.2022-ci ildən ona güzəştli şərtrlərlə yaşa görə aylıq 409,15 manat pensiya təyin olunduğunu bəyan etmiş, yəni iddianı qismən etiraf etmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan ona hüququnun yarandığı və 57 yaşının tamam olduğu xx.xx.2022-ci ildən, yəni 60 yaşından güzəştli şərtlərlə pensiya təyin etmişdir. Halbuki, o, xx.xx.2006-ci ilədək olan dövrdə həm ümumi, həmdə güzəştli iş stajını toplamış, qüvvədə olan qanunverciliyə uyğun olaraq həmin dövrdə pensiya yaşı 57 yaş müəyyən olunmuşdur. Cavabdeh məhkəmə qərarından apellyasiya şikayəti versədə, konkret olaraq həmin qərarı qismən icra etmiş, lakin əvvəlki 3 il üçün pensiya ödəməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyasından apellyasiya şikayətinin rədd edilməsi və Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1502/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat verərək Şirvan İnzibati Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2-1(120)-1502/2022 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar- 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (iddiaçının 57 yaşının tamam olduğu vaxt qüvvədə olan redaksiya). Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanun 67-ci maddəsinin v) bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə,müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun Maddə 13. Redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İnzibati Prosessual Məcəllə Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçının hüquqi marağı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. İddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: 1) 1 yanvar 2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) 1 yanvar 2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 20 fevral 2023-cü il tarixli 3-17-1/2-33098/2023 saylı məktubunda qeyd olunmuşdur ki, İddiaçı 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 11 ay 4 gün, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı 16 il 1 ay 9 gün (xx.xx.1994-xx.xx.2005-ci il, xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Cavabdehin qeyd olunan məktubundan belə müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 24 il 11 ay 4 gün ümumi iş stajı vardır. Ancaq cavabdeh həmin stajı hesablayarkən qanunverciliyin tələbinə zidd olaraq iddiaçının əyani təhsil aldığı müddəti sosial sığorta stajı kimi nəzərə almamışdır. Belə ki, iş materiallarında olan X12 xx.xx.2022-ci il tarixli, 29 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən 25 avqust 1977-ci il tarixli, 14-K saylı əmrə əsasən Salyan 76 saylı X15 Məktəbində 3 illik “Armaturçu elektrik qaynaqçısı” qrupunda əyani təhsil almış, 26 iyul 1980-ci il 49-K saylı əmrə əsasən tam kursu bitirmişdir (iş vərəqi 8, 50). Beləliklə, məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, iddiaçının iş illəri və əyani təhsil aldığı müddət nəzərə alındıqda müəyyən olunur ki, onun xx.xx.2006-cı il tarixədək 25 il ümumi sosial sığorta stajı toplanmışdır. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki,...”iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun xx.xx.1989-31.1.1994-cü il tarixləri arasındakı dövr ərzində Salyan rayon Maddi Texnik təchizat və X1 təmir emalatxanasında qaynaqçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin təqdim olunan arayışlara əsasən iddiaçının işlədiyi vəzifənin əl ilə qaynaq aparan elektrik qaynaqçılarına aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (10 il 2 ay, xx.xx.1994-xx.xx.2005-ci il tarixləri arasındakı dövr) təşkil edir”. Məhkəmə tərkibi cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. İlk növbəbə qeyd etmək lazımdır ki, iş materiallarında olan iddiaçıya məxsus ИТ-İ № ******* əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1983-cü il tarixli, 12 nömrəli əmrə əsasən Salyan rayon X6 mexanikləşdirmə dəstə sahəsinə elektrik qaynaqçısı qəbul edilmiş, xx.xx.1989-cu il tarixli, 10-k nömrəli əmrə əsasən Azərbaycan SSR X13 Komitəsinin 172 nömrəli 28 fevral 1989-cu il tarixli əmrinə əsasən Rayon Mexanikləşdirmə müəssisəsi ləğv edildiyindən, tutduğu vəzifədən azad olunmuş, köçürmə yolu ilə Salyan rayon X7 və X2 mexanikləşdirilmiş torpaq işləri sahəsinə öz ərizəsinə əsasən qaynaqçı vəzifəsinə köçürülmüşdür. Daha sonra o, xx.xx.1989-cu il tarixli, 10-k nömrəli əmrə əsasən X5ynaqçı işinə qəbul edilmiş və xx.xx.1994-cü il tarixli, 63-k nömrəli əmrə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. Beləliklə, iddiaçının əmək kitabçasından müəyyən olunur ki, o, xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək elektrik qaynaqçısı, xx.xx.1989-cu il tarixdən xx.xx.1994-cü il tarixədək qaynaqçı vəzifəsində işləmişdir. Eyni zamanda, iddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclasında mübahisələndirilən dövrlərdə əl ilə qaynaq aparan elektrik qaynaqçısı işlədiyini bildirmişdir. Məhkəmə tərkibi qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, iddiaçının 1983-1994-cü illərdə işlədiyi elektrik qaynaqçısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXXİİİ (Ümumi peşələr) bölməsində “əl ilə qaynaq aparan elektrik qaynaqçıları (23200000-19906)” peşəsi ilə eynilik təşkil edir. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, iddiaçının işlədiyi vəzifə onun peşə təhsilinə də uyğun olmuşdur. Belə ki, o, Salyan 76 saylı X15 Məktəbində 3 illik “Armaturçu elektrik qaynaqçısı” qrupunda əyani təhsil almışdır. Bundan başqa, yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 20 fevral 2023-cü il tarixli 3-17-1/2-33098/2023 saylı məktubundan görünür ki,...“İddiaçı güzəştli iş stajı 16 il 1 ay 9 gün (xx.xx.1994xx.xx.2005-ci il, xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər) təşkil edir”. Cavabdehin məktubundan belə müəyyən olunur ki, iddiaçının xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi müddət güzəştli iş stajı kimi nəzərə alınmamışdır. İddiaçının əmək kitabçasından görünür olunur ki, o, xx.xx.2005-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Yeraltı Təmir Sexində “çilingər” vəzifəsində işləmişdir. Eyni zamanda, Salyan OİL LTD şirkətinin Şirvan Apellyasiya Məhkəməsinə ünvanladığı 04 aprel 2023-cü il tarixli Ref: HR-23-049 saylı məktubunda qeyd edilmişdir ki,...«İddiaçı xx.xx.2005-xx.xx.2006-cı illərdə işlədiyi çilingər vəzifəsinin (peşəsinin) xüsusiyyətləri “ölçülərdə, traplarda, separatorlarda mayenin (neft və su) ölçülməsi, hasil olunan qazın ölçülməsi və qaz faktorlarının təyini”ndən ibarətdir və işçi bu vəzifədə işləmək üçün avtomatik cihazların iş qaydalarını bilməlidir. İddiaçı xx.xx.2005-xx.xx.2006-cı illərdə işlədiyi çilingər vəzifəsi (peşəsi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısının 2130200a-18559 bəndinə uyğundur». Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, iddiaçının xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın Xİİİ (Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı) bölməsində “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi çilingərlər (2130200a—18559)” peşəsinə uyğundur. Yuxarıda qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı təhsil və hərbi xidmət illəri, eyni zamanda əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla, tələb olunan 25 il ümumi sığorta stajını və 12 il 6 ay güzəştli iş stajını topladığından o, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü tərəfindən maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Şirvan İnzibati Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2- 1(120)1502/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar