Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-39/2024 21.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, İddiaçı, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2-1(120)-933/2023 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ona pensiya hüququnun yarandığı gündən (xx.xx.2022-ci il tarixdən) yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) 05 aprel 2023-cü il tarixli, 2-1(120)-933/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı pensiya hüququnun yarandığı gündən (xx.xx.2022-ci il tarixdən) yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyası təyinatı üçün Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərinin təyinatı üzrə mərkəzi filialına müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinin tələblərinə əsasən yaşa görə əmək pensiyasının təyinatı üçün 25 il sığorta stajı tələb olunur. Onun ******* saylı əmək kitabçasında hərbi xidmət dövrü əlavə edilməklə xx.xx.1975-ci il tarixdən xx.xx.2001-ci il tarixədək ümumilikdə 26 il 4 ay sığorta stajı vardır. Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı xx.xx.2022-ci il tarixli **********3 saylı məktubla 1997-2001-ci illərdə Kolxozlararası Təmir Tikinti müəssisəsinin Biləsuvar rayon Dövlət Arxivində saxlanılan əmək haqqı kitablarında işçilərin və onun adına qeyd edilən əmək haqqı faktları möhürlə təsdiq edilmədiyi üçün, 1997-ci ilin mart-avqust aylarında qaralama olduğu üçün ona əmək pensiyası təyin etməkdən imtina etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı hazırkı qanunvericiliyin tələblərinə cavab verdiyi halda yaşa görə əmək pensiyası hüququ xx.xx.2022-ci il tarixdə yaranır. İş materiallarından görünür ki, ümumilikdə mübahisəsiz sosial sığorta stajı 22 il təşkil edir. İddiaçıya məxsus əmək kitabçasında xx.xx.1997-xx.xx.2001-ci il tarixlərdə Biləsuvar rayon Kolxozlararası Təmir Tikinti İdarəsində sürücü vəzifəsində işlədiyi qeyd olunmuşdur. İnzibati icraat zamanı Biləsuvar rayon Dövlət Arxivində yoxlama keçirilmiş, xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Akta əsasən əmək haqqı kitablarında iddiaçının adına qeyd olunmuş əmək haqqı barədə məlumatlar imza və möhürlə təsdiq olunmamış, eyni zamanda 1997-ci ilin mart, aprel, may, iyun, iyul aylarında iddiaçının adına olan məlumatlarda qaralamalar olduğu müəyyən edilmişdir. İddiaçıya məxsus əmək kitabçasında qeyd olunan xx.xx.1997-xx.xx.2001-ci il tarixlərdə Biləsuvar rayon Kolxozlarası Təmir Tikinti İdarəsində işlədiyi dövr mübahisələndirilir. Məhkəmə iclasında şahid qismində ifadə verən Biləsuvar Rayon Dövlət Arxivinin müdiri X4 məhkəməyə iddiaçıya məxsus olan əmək haqqına dair arxiv arayışları və nümunə olaraq iddiaçı ilə birgə çalışmış digər şəxslərə məxsus əmək haqqı kitabından çıxarışlar təqdim edərək bildirmişdir ki, İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Biləsuvar rayon Kolxozlararası Tikinti İdarəsində sürücü vəzifəsində işləməsi barədə əmək haqqlarına dair siyahı arxivdə mövcud olmuş, həm iddiaçı, həm də onunla birgə çalışan şəxslərin əmək haqqı kitabında qeyd olunan məlumatlar möhür və imza ilə təsdiqlənməsə də sənədlər düzgün tərtib olunmuşdur. Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli yoxlama aktında göstərilmiş 1997-ci ilin mart, aprel, may, iyun, iyul aylarında iddiaçının adına olan məlumatlarda qaralamaların mövcud oİmadığı qənaətinə gəlinmiş, Biləsuvar rayon Kolxozlararası Tikinti İdarəsinin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilmişdir. Biləsuvar Rayon Dövlət Arxivinin müdiri A.S.Əzizovun məhkəməyə təqdim etdiyi sənədlərlə, arxiv müdirinin iştirakı ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixli yoxlama aktı arasında ziddiyyət mövcud olmasına baxmayaraq, qeyd olunan fakt məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, 1997-ci il üzrə qeydlər aparılarkən hesablanıb (naçis) sözünün s hərfi kiril və latın əlifbasında qaralama kimi qeyd olunmuşdur. Eyni zamanda, iddiaçının adına xx.xx.2006-xx.xx.2018-ci il tarixlərdə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Prosessual məsələlər Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan seriya AZE 08481864 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə Biləsuvar rayonu Nəsimi kəndində doğulmuş, Biləsuvar rayonunun Nəsimi kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 361 saylı arayışına əsasən, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixə kimi Sovet Ordusu Silahlı Qüvvələri sıralarında xidmət etmişdir. İşdə olan ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşdə olan Biləsuvar Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 139 saylı və xx.xx.2022-ci il tarixli, 312 saylı arayışlarından görünür ki, İddiaçı 1983-1996-cı illərdə Biləsuvar rayon Nəsimi adına kolxozda işləmiş və əmək haqqı almışdır. Həmin illər Nəsimi adına kolxozda adam günü norması 250 gün müəyyən edilmişdir. İşdə olan Biləsuvar Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 139 A saylı arayışından görünür ki, İddiaçı 1997-2001-ci illərdə Biləsuvar rayon kolxozlar arası Tikinti İdarəsində işləyərək əmək haqqı almışdır. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının İddiaçı təqdim etdiyi xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, təqdim olunmuş sənədlərin surətlərinə əsasən ümumi sığorta stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 22 il təşkil edir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun 2 saylı Şirvan-Salyan regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən Biləsuvar rayon Kolxozlararası Təmir Tikinti İdarəsinin xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək əmək haqqı kitablarında adına qeyd edilmiş əmək haqqı barədə məlumatların möhür və imza ilə təsdiqlənmədiyi müəyyən edilmişdir. Eyni zamanda 1997-ci ilin mart, aprel, may, iyun, iyul, avqust aylarında adına olan məlumatlarda qaralamalar olduğu aşkar edilmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan Biləsuvar Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 318 nömrəli məktubunda qeyd edilmişdir ki, Biləsuvar rayon Dövlət Arxivində mühafizə olunan Kolxozlararası tikinti idarəsinin arxiv sənədləri əsasında Biləsuvar rayonu Nəsimi kəndində yaşayan İddiaçı arayışın verilməsinə səbəb olan 1997-2001-ci illərə aid Kolxozlararası tikinti idarəsinin əmək haqqı cədvəllərində İddiaçı aid olan hissələrin sürətləri çıxardılaraq, arxiv möhürü ilə təsdiq edilib məktuba əlavə olunur. Məlumat üçün bildirilir ki, Kolxozlararası tikinti idarəsinin inzibati binasında məcburi köçkünlər yaşamış, idarənin fəaliyyətinə dair əmr kitabları məcburi köçkünlər tərəfindən şayiələrə əsasən yandırılmışdır. Vətəndaş haqqında yalnız aldığı əmək haqqı barədə məlumat vermək mümkün olmuşdur. X6 Kolxozlararası tikinti idarəsinin mərhum mühasibi Mehman Şahbazov tərəfindən təhvil verilmişdir. İşdə olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolundan görünür ki, şahid qismində ifadə verən Biləsuvar Rayon Dövlət Arxivinin müdiri X2 məhkəməyə təqdim etdiyi iddiaçıya məxsus və nümunə olaraq iddiaçı ilə birgə çalışmış digər şəxslərə məxsus əmək haqqı kitablarının əslinə məhkəmə iclasında baxış keçirilmişdir. İşdə olan Dövlət Statistika Komitəsinin 19 yanvar 2024-cü il tarixli, 3-34/2-26/01- 3/2024 nömrəli məktubundan görünür ki, "xxxx" ASC-nin Biləsuvar Aqrartikinti filialı 30 iyun 1996-cı il tarixdən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli, **********505800 nömrəli məktubundan görünür ki, dövlət reyestrində "xxxx" ASC-nin Biləsuvar Aqrar Tikinti filialının xx.xx.1998-ci il tarixdə vergi uçotuna alınması barədə məlumat mövcuddur. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). İşin faktiki hallarından görünür ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdə kişilərə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 65 yaşı tamam olmuşdur. 25 ildən artıq sığorta stajı olduğundan iddiaçı qanunvericiliyə əsasən yaşa görə əmək pensiyası hüququna malikdir. İddiaçının yaşa görə əmək pensiyası hüququnun olması iş materiallarına əlavə edilmiş sənədlərlə sübuta yetir. Belə ki, iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək (02 il 01 ay 19 gün) hərbi xidmətdə olmuş, xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək (11 ay 20 gün) Mexaniki Kontor İdarəsində, xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək (5 il 4 ay 25 gün) Sumqayıt Xovlu İplik Zavodunda, xx.xx.1983-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Biləsuvar rayon Nəsimi adına kolxozda, xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək (4 il 3 ay 26 gün) Biləsuvar rayon kolxozlararası tikinti idarəsində işləmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Biləsuvar Rayon Dövlət Arxivinin arayışlarına əsasən, İddiaçı 1983-1996-cı illərdə Biləsuvar rayon Nəsimi adına kolxozda işləmişdir. Bu hal əmək kitabçasında da öz əksini tapmışdır. Sözügedən arxiv arayışlarının kifayətedici sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kolxozlardakı iş stajı aşağıdakı qaydada nəzərə alınmalıdır. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 23 sentyabr 1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 1983-1996-cı illərə dair təqdim etdiyi arxiv arayışındakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktiki müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. İddiaçının adına verilmiş arxiv arayışının məlumatları nəzərə alındıqda müəyyən edilir ki, sözügedən kolxozda qeyd edilən dövrlərdə minimum əmək iştirakı norması kişilər üçün 250 gün olmuşdur. Buna qarşılıq, iddiaçı tərəfindən minimum əmək iştirakı norması 1985-1996-cı illərə münasibətdə yerinə yetirildiyindən həmin illər ona tam əmək stajı kimi, yəni 12 il hesablanmalıdır. 1983 və 1984-cü illərə münasibətdə isə iddiaçı minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də həmin illlər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktiki müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktiki müddət üzrə hesablama faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozlardakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir – (111+209) x 12 = 3840 / 250 = 15,36 ay (≈ 1 il 3 ay 11 gün). Beləliklə, bu qaydada hesablama nəticəsində iddiaçının 1983 və 1984-cü illərdə kolxozda işləyərkən faktiki müddət nəzərə alınmaqla aparılmış hesablama nəticəsində ümumi olaraq 13 il 3 ay 11 gün sığorta stajının olduğu müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu dövr, ona məxsus əmək kitabçasına əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1996-cı il tarixədək olan dövrlər mübahisələndirilmir. Tərəflər arasında mübahisə iddiaçının əmək kitabçasına əsasən xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək (4 il 3 ay 26 gün) Biləsuvar rayon kolxozlararası tikinti idarəsində işlədiyi müddətə münasibətdə meydana çıxmışdır. Belə ki, cavabdehin imtinasının və apellyasiya şikayətinin əsası ondan ibarətdir ki, iddiaçının əmək kitabçasına əsasən qeyd edilən tarixlərdə işlədiyi Biləsuvar rayon kolxozlararası tikinti İdarəsinin sənədləri X5 filialında mövcud olsa da, qarşılıqlı yoxlama aparılarkən həmin sənədlərdəki məlumatlarda qaralamaların olması, qeyd edilən məlumatların imza və möhürlə təsdiq olunmadığı üçün həmin müddət sosial sığorta stajı kimi nəzərə alına bilməz. Belə olan halda da, iddiaçının tələb olunan 25 il sosial sığorta stajı və ya pensiya kapitalı olmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması nəticəsində Biləsuvar rayon Kolxozlararası Təmir Tikinti İdarəsinin ("xxxx" ASC-nin Biləsuvar Aqrartikinti Filialının) xx.xx.1996-cı il tarixdən mövcud olduğu, həmçinin iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək həmin müəssisədə işlədiyi müəyyən edilmişdir. Bu, iş materiallarına əlavə edilmiş əmək kitabçası, arxiv məlumatları, o cümlədən şahid ifadələrilə öz təsdiqini tapır. Dövlət arxiv idarəsinə təhvil verilmiş müvafiq sənədlərdə möhür və imza olmamasına, həmçinin sənədlərdə qaralamaların olmasına və digər texniki məsələlərə görə həmin müəssisənin işçisi olmuş iddiaçı məsuliyyət daşımır və həmin hal iddiaçının əmək pensiyası hüququndan məhrum edilməsinə əsas verə bilməz. Həmçinin iddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Biləsuvar rayon Kolxozlararası Təmir Tikinti İdarəsində işlədiyini qeyd edir. Bunun əksinə dair, yəni iddiaçının qeyd edilən tarixlərdə sözügedən müəssisədə işləmədiyinə, həmçinin iddiaçının təqdim etdiyi əmək kitabçasındakı müvafiq qeydlərin həqiqətə uyğun olmadığına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin imtinası əsassızdır. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2-1(120)-933/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-39/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-39/2024
21.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver