Məhkəmə qərarları › İş №2-1(106)-390/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-390/2025

24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-390/2025 24.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi XXX Nümayəndə iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 2-1(120)-1774/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət ödənilməmiş pensiya məbləği fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 20 dekabr 2019cu il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləği fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 10 fevral 2025-ci il tarixli, 2- 1(120)-1774/2025 nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat İddiaçı ümumi iş stajını hesablayarkən onun adına tərtib olunmuş ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan təhsil aylarını (xx.xx.1987-xx.xx.1987) nəzərə almamışdır. Əmək kitabçasından göründüyü kimi, həmin təhsil müddətinin bir hissəsi (xx.xx.1987-xx.xx.1987), yəni 20 günü iddiaçının X2 fəhlə işlədiyi dövrlə (xx.xx.1985xx.xx.1987) üst-üstə düşür. İddiaçı izahat-arayışında üst-üstə düşən hissəni çıxmaqla təhsil müddətini xx.xx.1987-xx.xx.1987-ci illər arasındakı dövrə istinad edərək 4 ay 25 gün hesablamışdır. Lakin iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının 7-ci səhifəsinin sol tərəfindəki “Tarix” qrafasında onun təhsil müddətinin xx.xx.1987-ci il tarixdə bitməsi əks olunsa da, əmrlərin qeyd olunduğu sağ qrafadakı 609 nömrəli əmrə əsasən İddiaçı Əliabala oğlu refrijerator seksiyasının mexanikləri kursunu xx.xx.1987-ci il tarixdə bitirmişdir. Beləliklə, iddiaçının adı çəkilən kursda təhsil müddətinin 4 ay 18 gün təşkil etdiyi müəyyən olunur. Göründüyü kimi, iddiaçı ümumi iş stajı barədə izahat-arayışında təhsil müddətini 7 gün artıq hesablamışdır. Həmçinin, iddiaçı ümumi iş stajı barədə izahatarayışında hərbi xidmətdə olduğu dövrü xx.xx.1981-xx.xx.1983-cü il götürməklə 2 il 10 gün hesablamışdır. Lakin iddiaçıya məxsus HЗ ******* nömrəli hərbi biletdən görünür ki, hərbi xidmət dövrünü hesablayarkən iddiaçı hərbi biletin 3-cü səhifəsində qeyd olunmuş hərbi uçota durma, yəni xx.xx.1983-cü il tarixə istinad etmişdir. Halbuki, hərbi biletin 3-cü səhifəsində əksini tapmış əmrə əsasən İddiaçı xx.xx.1983-cü il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. Beləliklə, iddiaçının hərbi xidmət dövrünün 2 il 3 gün təşkil etdiyi müəyyən olunur. Ümumilikdə isə iddiaçı təhsil və hərbi xidmət dövrlərini 14 gün artıq hesablamaqla ümumi iş stajının 25 il 12 gün olması qənaətinə gəlmişdir. Lakin məhkəmə araşdırması nəticəsində iddiaçının ümumi iş stajının 24 il 11 ay 28 gün (25 il 12 gün – 14 gün) təşkil etdiyi müəyyən olunur və bu müddət də qanunvericiliklə tələb olunan həddən (25 il) az olduğu üçün ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini mümkünsüz edir. Birinci instansiya məhkəməsi həmçinin iddiaçının güzəştli iş stajının cavabdehin qeyd etdiyi kimi xx.xx.2006-cı il tarixə 12 il 6 aydan az (10 il 1 ay 20 gün) olması hissəsi ilə razılaşmamış və qeyd etmişdir ki, 18 avqust 1981-ci il tarixdə iddiaçının adına tərtib və ИТ-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1988-ci il tarixdə Azərbaycan Dəmir Yollarının Yeni Ələt soyuducu (refrijerator) vaqon deposunda soyuducu (refrijerator) seksiyasının mexaniki vəzifəsinə qəbul olunmuş, həmin vəzifədə xx.xx.1998ci il tarixə kimi (10 il 1 ay 20 gün) işləmiş, xx.xx.1998-ci il tarixdə soyuducu (refrijerator) seksiyaların mexaniki (rəhbər) vəzifəsinə keçirilmiş, bu vəzifədə xx.xx.2006-cı il tarixədək 7 il 9 ay iş stajı toplamış, lakin cavabdeh təşkilat iddiaçının Yeni Ələt soyuducu (refrijerator) vaqon deposunda soyuducu (refrijerator) seksiyasının mexaniki vəzifəsində işlədiyi 10 il 1 ay 20 gün müddəti güzəştli iş stajı kimi hesablamış, xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək soyuducu (refrijerator) seksiyaların mexaniki (rəhbər) vəzifəsində işlədiyi 7 il 9 ay müddəti isə güzəştli iş stajı olaraq qəbul etməmişdir. Halbuki, İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində Yeni-Ələt refrijerator vaqon deposunda tutduğu refrijerator seksiyaların mexaniki (rəhbər) vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qəran ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çahşanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın XXVİİİ-Nəqliyyat bölməsinin 23001000-23598 kodlaşdırılmış bəndində (“refrijerator qatarlarının (seksiyaların) mexanikləri”) güzəştli şərtlərlə pensiya hüquq verən vəzifə kimi nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il, 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi güzəştli şərtlərlə pensiya hüquq verən vəzifə kimi nəzərdə tutulmuşdur. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 08 iyul 1980-ci ildə X4 döyücü vəzifəsində işə başlamış və 17 aprel 1981-ci ildə işdən çıxmışdır. 20 aprel 1981-30 aprel 1983-cü ildə həqiqi hərbi xidmətdə olmuşdur. 25 avqust 1983-cü ildə Soyuzvneştrans Bazasında bazanın kompleks briqadasında fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 25 fevral 1985-ci il tarixində öz xahişilə işdən çıxmışdır. 26 fevral 1985-ci ildə X2 fəhlə kimi işə qəbul edilmiş, 05 avqust 1987-ci ildə işdən çıxmışdır. 16 iyul 1987-31 dekabr 1987-ci il tarixdə Azərbaycan Dəmir Yollarının Bakı texniki Məktəbində refrijerator seksiya maşinisti kursunda əyani təhsil almışdır. 11 fevral 1988-ci ildə Azərbaycan Dəmir Yollarının X1 Deposunda refrijerator qatarının mexaniki vəzifəsinə qəbul edilmiş, 01 aprel 1998-ci ildə orada refrijerator seksiyasının rəhbər mexaniki keçirilmiş, 07 aprel 2016-cı ildə refrijerator seksiyası mexaniki keçirilmiş, 06 fevral 2018-ci ildə işdən çıxmışdır. 06 fevral 2018-ci il tarixdə X5 refrijerator seksiyası mexaniki vəzifəsinə qəbul edilmiş, 17 sentyabr 2018-ci ildə işdən çıxmışdır. 01 noyabr 2018-ci ildə Azərbaycan Dəmir Yolları Ekspress MMC-nin X5 Xidməti Baxış və Cari Təmir Sexində mexanik işinə qəbul edilmiş və hazırda da orada işləyir. İddia ərizəsinin əsasında əmək fəaliyyəti dövründə 01 yanvar 2006-cı il tarixinə kimi 25 ildən çox ümumi və həmin stajın 12 il 6 aydan çox güzəştli iş stajının olması dayanır. 01 yanvar 2006-cı ilə qədər o, ümumilikdə 25 il ümumi və 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı toplamışdır ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Syahısı”nın 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və avrıayrı kateqoriyalı işçilər yarımbölməsində qeyd edilmiş refrijerator qatarlann (seksiyaların) mexanikləri peşəsi ilə eynilik təşkil edir. Cavabdehin qəbul etdiyi inzibati aktdan görünür ki, cavabdeh guya onu refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verməməsini əsas tutaraq, pensiya təyin edilməsi xahişini rədd etmişdir. Üstəlik, 16 iyul 1987-31 dekabr 1987-ci il tarixində Azərbaycan Dəmir Yollarının Bakı Texniki Məktəbində refrijerator seksiya maşinisti kursunda əyani təhsil dövrünü ümumi iş stajına daxil etməmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının təqdim etdiyi məlumatlara əsasən onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (24 il 7 ay 11 gün (xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985- xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı 12 il 6 aydan az (10 il 1 ay 20 gün (xx.xx.1988xx.xx.1998-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iş stajı 25 il 12 gün olmasına baxmayaraq, birinci instansiya məhkəməsi onun stajını az hesablamışdır. Odur ki, qərarın ləğv edilməsi və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş edir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. “Əmək pensiyaiarı haqqında” Azərbaycan Respubiikasının Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar- 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə kollegiyası iddiaçının güzəştli iş stajı ilə bağlı qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasının surətinə əsasən xx.xx.1988-ci il tarixdə Azərbaycan Dəmir Yollarının Yeni Ələt soyuducu (refrijerator) vaqon deposunda soyuducu (refrijerator) seksiyasının mexaniki vəzifəsinə qəbul olunmuş, həmin vəzifədə xx.xx.1998-ci il tarixə kimi (10 il 1 ay 20 gün) işləmiş, xx.xx.1998-ci il tarixdə soyuducu (refrijerator) seksiyaların mexaniki (rəhbər) vəzifəsinə keçirilmiş, bu vəzifədə xx.xx.2006-cı il tarixədək 7 il 9 ay iş stajı toplamış, lakin cavabdeh təşkilat iddiaçının Yeni Ələt soyuducu (refrijerator) vaqon deposunda soyuducu (refrijerator) seksiyasının mexaniki vəzifəsində işlədiyi 10 il 1 ay 20 gün müddəti güzəştli iş stajı kimi nəzər alsa da, xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək soyuducu (refrijerator) seksiyaların mexaniki (rəhbər) vəzifəsində işlədiyi 7 il 9 ay müddəti isə güzəştli iş stajı olaraq qəbul etməmişdir. Halbuki, refrijerator vaqon deposunda refrijerator seksiyaların mexaniki (rəhbər) vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çahşanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın XXVİİİ-Nəqliyyat bölməsinin 23001000-23598 kodlaşdırılmış bəndində (“refrijerator qatarlarının (seksiyaların) mexanikləri”) güzəştli şərtlərlə pensiya hüquq verən vəzifə kimi nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il, 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi güzəştli şərtlərlə pensiya hüquq verən vəzifə kimi nəzərdə tutulmuşdur. Həmcinin Nazirlər Kabinetinin 2007-ci il, 23 yanvar tarixli, 12 nömrəli Qərarının 1-1ci bəndinə əsasən bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilər güzəştli pensiya hüququna malikdirlər. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 13-1/2-H-2422/1-42/2024 nömrəli arayışında da İddiaçı həmin müəssisədə işlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajı 35 il 3 ay 24 gün təşkil etdiyi, işlədiyi soyuducu (refrijerator) seksiyaların rəhbər mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətlərinin soyuducu (refrijerator) hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il, 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 27-ci abzasına uyğun olduğu bildirilmişdir. -surəti təqdim edilmiş Azərbaycan Dəmir Yolları İdarəsinin xx.xx.1987-ci il tarixli, 609 nömrəli əmrinin məzmunundan görünür ki, iddiaçının təhsil müddətinin xx.xx.1987-ci il tarixdə bitməsi qeyd edilmişdir. Birinci instansiya məhkəməsi qərarında iddiaçının hərbi xidmət dövrünün haqlı olaraq 2 il 3 gün olması qənaətinə gəlsə də, təhsil müddətinə münasibətdə işin faktiki halına və təqdim edilmiş sübutlara rəğmən düzgün qiymət verməmiş və hesab etmişdir ki, iddiaçının təhsil müddəti ona məxsus əmək kitabçasında olan qeydə (əmrə) əsasən 4 ay 18 gün təşkil edir. İşdə olan 588 nömrəli şəhadətnamədən görünür ki, iddiaçının refrijerator seksiyasının mexanikləri kursu üzrə təhsil müddəti 16.07-xx.xx.1987-ci il aralığındakı dövrü əhatə etmişdir. Bu hal "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin birinci instansiya məhkəməsinə təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 13-1/2-H-3522/1-42/2024 nömrəli məktubla da öz təsdiqini tapmış və həmin qurum iddiaçının Azərbaycan Dəmir Yollarının Bakı texniki məktəbində əyani təhsil kursunun xx.xx.1987-xx.xx.1987-ci il aralığında olmasını bildirmişdir. Göründüyü kimi həm iddiaçıya verilmiş təhsil haqqında sənəd üzrə, həm təhsil müəssisəsinin arxiv sənədlərinə, habelə təhsil müddətin bitməsi barədə təhsil müəssisəsinin yuxarıda qeyd olunan əmrinə əsasən iddiaçının təhsill müddətinin 4 ay 25 gün təşkil etməsi öz təsdiqini tapır və mövcud qanunvericilik təhsil müddətinin məhz həmin sənədlər əsasında sosial sığorta stajına hesablanmalı olmasının müəyyən etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4-cü bəndinə əsasən sosial sığorta stajı əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən hesablanır. Beləliklə məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, iddiaçının ümumi sosial sığorta stajı 25 il 5 gün, güzəştli iş stajı isə 12 il 6 aydan artıqdır. Odur ki, güzəştli şərtlərlə pensiya təminatı hüququna malikdir. Odur ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 2-1(120)-1774/2025 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı 20 dekabr 2019-cu il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdehə müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləği fərqinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar