Məhkəmə qərarları › İş №2-1(106)-391/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-391/2025

27.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-391/2025 27.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, Üçüncü şəxs X3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 saylı qərarının X4 və ailə üzvlərinə münasibətdə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2-1(120)-403/2025 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 saylı qərarının X4 və ailə üzvlərinə münasibətdə ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X6 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı1 iddia tələbinin dəqiqləşdirilməsi və cavabdehin əvəz edilməsi barədə ərizəsinə əsasən məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 saylı qərarının X4 və ailə üzvlərinə münasibətdə ləğv edilməsi” və iş üzrə cavabdehin əsl Cavabdeh ilə əvəz edilməsi qərara alınmışdır. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, X6 qanunsuz zəbt edilən torpaq sahəsinin buraxılması və qanunsuz inşa edilmiş tikililərin sökülməsi tələbi ilə Astara rayon məhkəməsinə müraciət etmişdir. Həmin iddia ilə bağlı qarşılıqlı iddia ərizəsi ilə Astara rayon məhkəməsinə müraciət edilmişdir. Qarşılıqlı iddia ərizələri və əlavə edilmiş sənədlər 20 dekabr 2021-ci il tarixli, 2(018)-1596 saylı qərardadı ilə geri qaytarılmışdır. Həmin qərardadda əsasən Şirvan inzibati məhkəməsinə müraciət etmişlər. X6 iddia ərizəsində 4 nəfər ailə üzvünə 0.05 hektar torpaq sahəsi verildiyini qeyd etsə də, iddia ərizəsi ancaq iddiaçı X6 tərəfindən verilmiş və digər şəxslər mübahisəli torpaq sahəsi ilə bağlı iddia verməmişlər. Qeyd edir ki, mübahisəli 0.06 hektar torpaq sahəsi Azərbaycan SSR Nazirlər Sovetinin 09 fevral 1990-cu il tarixli, 55 nömrəli qərar ilə təsdiq edilmiş siyahıya uyğun Astara rayon Kommunist sovxozunun 16 aprel 1990-cı il tarixli, 243 nömrəli əmrə əsasən verilmişdir. X3 və ailə üzvlərinin adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilərək səhvə yol verilmiş, onların istifadə və sahibliklərində olmuş torpaq sahəsi torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X3 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Mübahisəli torpaq sahəsi onlara 1997-cı il tarixdə yeri göstərilməklə təhkim edilmiş və həmin tarixdən etibarən torpaq sahəsini çəpərə salmış və torpaq sahəsindən istifadə edir. İddiaçı2 tərəfindən 2005-ci il tarixdə mübahisəli torpaq sahəsində fərdi yaşayış evi tikilmiş və hər il torpağa dair vergiləri icra nümayəndəliyinin və bələdiyyə formalaşandan sonra bələdiyyənin hesabına köçürülmüşdür. Bunları vergilərin ödənilməsinə dair qəbzlərlə təsdiq olunur. Qeyd edir ki. X3 və ailə üzvlərinin adına JN1178A, KOD 80100018, JN-1178B kod 80100018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. X3 və ailə üzvlərinin adına Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 saylı qərarı ilə verilmiş JN-1178A, KOD ********. JN-1178B kod 80100018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0.13 hektar torpaq sahəsi, Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 saylı qərarı ilə verilmiş JN-1178 B kod 80100018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0.05 hektar torpaq sahəsi verildiyi məlum olur. Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli,18 saylı, yəni eyni saylı və eyni tarixli qərarı ilə eyni mülkiyyətçilərə JN-1178A, KOD 80100018, JN-1178B kod 80100018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilməsinin hüquqi əsasları məlum deyil. Qeyd edir ki, JN-1178B kod 80100018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X4 və ailə üzvlərinə 0.05 hektar torpaq sahəsinin verilməsinə dair ilkin sənədlər mövcud deyil.. İddia ərizəsinə əlavə edilmiş Astara rayon arxivinin, Astara rayon İHB-nin Ərçivan qəsəbə nümayəndəliyinin və Astara rayon Ərçivan qəsəbə bələdiyyəsinin arayışına görə X4 və ailə üzvlərinə 0.05 hektar torpaq sahəsi verilməsi təsdiq olunmur. Onlara təhkim edilmiş torpaq sahəsinin yerləşmə yeri 25 iyul 1997-ci il tarixli akt ilə təsdiq edilir. Həmin akt ilə torpağın yerləşmə yerini müəyyən etmək olar. Həmçinin 28 mart 2022-ci il tarixli, 29 nömrəli mütəxəssis rəyinə görə X4 və onun ailə üzrvlərinə verilmiş 0.05 ha torpaq sahəsi cavabdehlər İddiaçı1 və İddiaçı2 faktiki istifadəsində olan torpaq sahəsi daxilində yerləşməsi müəyyən olunmuşdur. Mütəxəssis rəyinə və 25 iyul 1997-ci il tarixli akta əsasən torpaq islahatı haqqında Qanun qüvvəyə minməmişdən əvvəl 0.06 hektar torpaq sahəsinin onların istifadə və sahibliklərində olduğu təsdiq edilir və bunlara əsasən X3 və ailə üzvlərinin adına verilmiş 0.05 hektar torpaq sahəsinə dair şəhadətnaməni və həmin şəhadətnamə əsasında verilmiş çıxarışı əsaslı və qanuni hesab edilə bilməz. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qarar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2-1(120)-403/2025 saylı qərardadı ilə (hakim Pərvanə Qurbanova) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçılar apellyasiya şikayəti verərək iş üzrə qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2-1(120)-403/2025 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, iddia müddətinin ötürülməsi JN-1178 A Dövlət Aktı ilə bağlı deyil, JN-1178B torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə bağlıdır. Qərardaddan görünür ki, məhkəmə JN-1178B saylı Dövlət aktına münasibət bildirməklə araşdırma aparmış, mübahisə predmeti olan JN-1178B şəhadətnamə ilə araşdırma aparmamışdır. Bunlar da qərardadının ləğv edilməsini tələb edir. Qeyd edirik ki, həyətyanı torpaq sahəsinə dair Dövlət Aktı deyil, şəhadətnamə verilmişdir. Dövlət Aktı pay torpaq sahələrinə dair verilir. Tələbimiz JN-1178A saylı, kod: 80100018 nömrəli Dövlət Aktı ilə bağlı deyil, JN-1178B torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə bağlıdır. 1178B saylı şəhadətnamə ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılmamışdır. Yəni JN 1178B saylı şəhadətnamədən məlumatlı olmağımız təsdiqlənmir. Bunlar da qərardadın əsaslı və qanuni olduğunu təsdiq etmir, ləğv edilməsini şərtləndirir. Məhkəmənin həmin dəlilləri qeyri-müəyyən olmaqla əsaslı hesab edilə bilməz. Qeyd edirik ki, Kərim Axundovun adına torpağın mülkiyyətə verilməsinə dair 0.13 hektar torpaq sahəsinə dair 1178 A saylı şəhadətnamə və 0.05 hektar torpaq sahəsinə dair JN - 1178B saylı şəhadətnaməsi mövcuddur. Aqrar İslahat Komissiyasının eyni tarixli və nömrəli qərarı ilə iki şəhadətnamənin verilməsi təsdiq edir ki, JN -1178B saylı şəhadətnaməsi qanunsuz verilmişdir. Həmin şəhadətnamənin qanunsuz yolla əldə edilməsi ilə bağlı məhkəmə prokurorluq orqanına müraciət edilməsini xahiş edirik. Şəhadətnamənin qanunsuz verilməsinin araşdırılması məhkəmənin səlahiyyətinə aid olsada, məhkəmə bu qanunsuzluq barədə araşdırma aparmamışdır. Yəni eyni tarixli və nömrəli qərarı ilə eyni şəxslərə iki şəhadətnamənin verilməsini araşdırmamışdır. Bunların araşdırılması tələb olunur. Yəni ilkin sənədlər tələb olunsa bunlar təsdiqini tapacaqdır. Qərardadda (səh: 5/6) bizim JN-1 178A saylı, kod 80100018 saylı dövlət aktından məlumatlı olmağına əsaslandığına görə iddiamızın mümkün sayılmaması əsaslı və qanuni hesab edilə bilməz. Yuxarıda göstərilənlər nəzərə alınaraq Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-403/2025-306 saylı qərardadının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 aprel 2025-ci il tarixli tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Üçüncü şəxs Kərim Axundov apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirərək Şirvan İnzibati Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2-1(120)-403/2025 saylı qərardadının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Cavabdeh tərəfindən məhkəməyə ərizə göndərilərək məhkəmə iclasına onların iştirakı olmadan və qanunamüvafiq qaydada baxılması xahiş olunmuşdur. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağıdıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır». Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 32.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının tələbi “Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 saylı qərarının X4 və ailə üzvlərinə münasibətdə ləğv edilməsi” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 saylı qərarı və həmin qərar əsasında tərtib edilən JN-1178A saylı, kod:80100018 nömrəli dövlət aktından məlumatlı olmuşdur. İddia ərizəsi isə xx.xx.2023-cü il tarixdə Şirvan İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı bir şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. Başqa sözlə, iddiaçı yalnız öz subyektiv hüquqlarının pozulduğunu bildirməlidir. Onu da qeyd etmək lazımdır ki, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. Bu baxımdan hazırkı iddia tələbi üzrə ilkin olaraq iddiaçının subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmadığı aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)”. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə, işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Məhkəmə araşdırması zamanı iş materialında olan sənədlərdən, iddia ərizəsinin məzmunundan müəyyən edilmişdir ki, Astara rayonu Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli 18 saylı qərarı ilə 0.13 ha və 0.05 ha torpaq sahəsi X3 və ailə üzvlərinin mülkiyyətinə verilmiş və müvafiq olaraq JN-1178A KOD 80100018 və JN-1178B KOD 80100018 nömrəli şəhadətnamələr ilə rəsmiləşdirilmişdir. JN-1178B KOD 80100018 nömrəli şəhadətnamə əsasında 0.05 ha torpaq sahəsi üzərində X3 adına xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********86 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 09 fevral 1990-cı il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıya uyğun Astara rayon Kommunist sovxozunun 16 aprel 1990-cı il tarixli, 243 nömrəli əmri əsasında hazırkı iş üzrə İddiaçı1 0.06 ha torpaq sahəsi ayrılmışdır. İddiaçılar iddia edir ki, onlara məxsus 0.06 ha torpaq sahəsi Astara rayonu Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli 18 saylı qərarı ilə X5 və onu ailə üzvlərinə verildiyindən, həmin qərar və onun əsasında tərtib edilmiş JN- 1178B KOD 80100018 nömrəli şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş çıxarış əsaslı və qanuni hesab edilə bilməz. Buna görə də, iddiaçılar Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 saylı qərarının X4 və ailə üzvlərinə münasibətdə ləğv edilməsini istəyir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə yerquruluşu ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 19 dekabr 2025-ci il tarixli mütəxəssis rəyində aşağıdakılar bildirilmişdir:

1. Azərbaycan SSR Nazirlər Sovetinin 09 fevral 1990-cı il tarixli, 55 nömrəli qərar ilə təsdiq edilmiş siyahıya uyğun Astara rayon Ərçivan Kommunist sovxozunun 16 aprel 1990cı tarixli, 243 nömrəli əmri əsasında İddiaçı1 ayrılmış 0,06 ha torpaq sahəsinə dair torpaqayırma sxeminin (torpağın ayrılması barədə qərarın qəbul olunduğu vaxta dair) inzibati iş sənədlərinə əlavə olumçaçası və ya mövcud olmaması, xüsusilə də torpaq sahəsinin sənəd üzrə koordinatlarının mövcud olmaması səbəblərindən həmin sahənin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 faktiki istifadələrində olan torpaq sahəsinin naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı qərarı əsasında JN-1178B (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə X3 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0,05 ha torpaq torpaq sahəsinin sənəd üzrə koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı həmin “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədindəki torpaq sahəsinin məkan göstəriciləri ilə faktiki istifadədə olan torpaq sahəsinin məkan göstəriciləri arasında müəyyən qədər uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya) fərqlərin mövcud olması müəyyən olunmuşdur. Həmçinin araşdırma zamanı qeyd olunan 0,05 ha torpaq sahəsinə dair əvvəl yaranmış (JN-1178B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında) hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı X6 tərəfindən 10 saylı Lənkəran Ərazi İdarəsinə təqdim edilən ərizə icraata qəbul edilərək sözügedən 0,05 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müvafiq çıxarış və **********86 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib olunması müəyyən olunmuşdur.

2. Azərbaycan SSR Nazirlər Sovetinin 09 fevral 1990-cı il tarixli, 55 nömrəli qərar ilə təsdiq edilmiş siyahıya uyğun Astara rayon Ərçivan Kommunist sovxozunun 16 aprel 1990-cı il tarixli, 243 nömrəli əmri əsasında İddiaçı1 ayrılmış torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmadığından həmin torpaq sahəsinin sənəd üzrə koordinatları ilə iddiaçıların faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşmədiyini, yəni eyni ərazi olubolmadığını müəyyən etmək mümkün olmamışdır.

3. Azərbaycan SSR Nazirlər Sovetinin 09 fevral 1990-cı il tarixli, 55 nömrəli qərar ilə təsdiq edilmiş siyahıya uyğun Astara rayon Ərçivan Kommunist sovxozunun 16 aprel 1990-cı il tarixli, 243 nömrəli əmri əsasında İddiaçı1 ayrılmış torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmadığından həmin torpaq sahəsinin sənəd üzrə koordinatları ilə Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı qərarı əsasında JN-1178B (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə X3 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0,05 ha torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşmədiyini, yəni eyni ərazi olubolmadığını müəyyən etmək mümkün olmamışdır.

4. Azərbaycan SSR Nazirlər Sovetinin 09 fevral 1990-cı il tarixli, 55 nömrəli qərar ilə təsdiq edilmiş siyahıya uyğun Astara rayon Ərçivan Kommunist sovxozunun 16 aprel 1990-cı il tarixli, 243 nömrəli əmri əsasında İddiaçı1 ayrılmış torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmadığından həmin torpaq sahəsinin sənəd üzrə koordinatları ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********86 reyestr nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-1178B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında) əsasən X3 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan 0,05 ha torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********86 reyestr nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-1178B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında) əsasən X3 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan 0,05 ha torpaq sahəsinin sənəd üzrə koordinatlarının iddiaçılar İddiaçı1 və İddiaçı2 faktiki istifadələrində olan 0,14 ha torpaq sahəsinin koordinatları ilə üstüstə düşməsi və həmin üst-üstə düşən hissədə iddiaçılara məxsus fərdi yaşayış evinin bir hissəsinin və çoxillik əkmələrin (ağacların) mövcud olması müəyyən olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarından çıxış edərək qeyd etməyi zəruri hesab edir ki, inzibati icraat qaydasında iddianın mümkün hesab edilməsi üçün subyektiv hüquqlarının olması vacib şərtdir ki, həmin hüquq Qanundan və ya hər hansı inzibati aktdan yarana bilər. Şərh olunan hüquq normasının tələbindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki tələb üzrə iddiaçının subyektiv hüququnun olması üçün mübahisələndirilən torpaq sahəsi ilə iddiaçılara ayrılmış torpaq sahəsi eyni ərazi olmalıdır (yəni tam və ya qismən üst-üstə düşməlidir). Hazırki iş üzrə iddiaçı apellyasiya şikayətinin dəlili kimi mübahisəli torpaq sahəsinin ona məxsus olmasını irəli sürsədə bu halı təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçıya məxsus torpaq sahəsinin kordinatları və həmin sahələrin üst-üstə düşməsi halı müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, torpaq qanunvericiliyinə görə müvafiq qərarla torpaq sahəsi ayrılmamışdan öncə onun naturada yeri müəyyən edilməli və həmin torpaq sahəsinin cəhətlərini özündə əks etdirən yerquruluşu xəritəsi və sxemi çəkilməlidir. Belə bir sənədlərin olmadığı halda torpaqayırma sənədləri tam hesab oluna bilməz. Çünki, yerquruluşu sxemi mövcud olmadığı halda Azərbaycan SSR Nazirlər Sovetinin 09 fevral 1990-cı il tarixli, 55 nömrəli qərar ilə təsdiq edilmiş siyahıya uyğun Astara rayon Ərçivan Kommunist sovxozunun 16 aprel 1990-cı il tarixli, 243 nömrəli əmri əsasında iddiaçıya ayrılması nəzərdə tutulan torpaq sahəsinin məhz iddiaçının iddia etdiyi torpaq sahəsi olduğunu müəyyən etmək mümkün deyildir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Onu da qeyd etmək yerinə düşərdi ki, qüvvədən düşmüş Torpaq Məcəlləsində müəyyən edilmiş yuxarıda qeyd eilən şərtlər hazırda qüvvədə olan Torpaq Məcəlləsində də öz əksini tapmışdır. Belə ki, hazırda qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Göründüyü kimi qanunvericilik hər bir halda torpaq sahəsi ayrılarkən həmin torpaq sahəsinin yerdə (naturada) hüdudlarının müəyyən edilməsini vacib şərt kimi müəyyən etmişdir. Məhz həmin sənəd olduqdan sonra torpaq sahəsi üzərində hüquqlar qüvvəyə minir və ayrılmış torpaq sahəsinin dəqiq yeri və hüdudları müəyyən edilib, həmin sahəyə dair müraciət edənin hüquqlarını təmin etmək mümkün olur. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Astara rayon Ərçivan Kommunist sovxozunun 16 aprel 1990-cı il tarixli, 243 nömrəli əmri ilə İddiaçı1 ayrılması nəzərdə tutulan torpaq sahəsinin sənəd üzrə yeri naturada müəyyən edilməmiş və yerquruluşu planı mövcud deyildir. Belə ki, məhkəməyə təqdim edilmiş 19 dekabr 2025-ci il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, İddiaçı1 ayrılmış torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Yuxarıda qeyd edilən hüquq normalarının tələbindən göründüyü kimi iddiaçının hazırkı iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri iddiaçıya məxsus torpaq sahəsinin üçüncü şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsi halı mövcud olmalıdır. Başqa sözlə hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı o vaxt olacaqdır ki, ona məxsus torpaq sahəsi inzibati orqan tərəfindən başqa şəxsə ayrılmış olsun. İş materiallarında olan sənədlərdən (mütəxəssis rəyindən), tərəflərin verdiyi izahatlardan müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi hazırda mübahisələndirilən üçüncü şəxsə məxsus torpaq sahəsi ilə heç bir bağlılığı yoxdur. Yəni iddiaçıya məxsus torpaq sahəsinin sərhədləri müəyyən edilmədiyindən, həmin torpaq sahəsi ilə üçüncü şəxsə məxsus torpaq sahəsinin üst-üstə düşməsi halı müəyyən olunmur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı qərarının ləğv edilməsini tələb etməkdə haqlı olmamışdır və hazırki iddianı qaldırmaqda subyektiv hüququ olmamışdır. İddiaçıların subyektiv hüququnun olmaması isə, qeyd edilən torpaq sahəsinə dair qərarın ləğv edilməsini tələb etmək imkanını istisna edir. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddia ərizəsində və apellyasiya şikayətində cavabdehin faktiki xarakterli hərəkətlərinin və yaxud qərarının qanunsuz olduğuna dair dəlillər o halda iddianın mahiyyəti üzrə həllinə səbəb ola bilərdi ki, həmin hərəkətlər iddiaçının hüququna müdaxilə etmiş olsun. Hazırkı halda, iddiaçılara və üçüncü şəxsə məxsus torpaq sahələrinin istər sənəd üzrə, istərsə də naturada üst-üstə düşdükləri təsdiq olunmadığından, iddiaçılar hazırkı məzmunda hüquqlarının pozulduğunu iddia edə bilməzlər. Məhkəmə kollegiyasının gəldiyi nəticə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-2088/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarında da öz əksini tapmışdır. Bu baxımdan məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Bundan başqa məhkəmə kollegiyası iddiaçının mübahisələndirdiyi Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı qərarına münasibətdə onu qeyd etməyi zəruri hesab edir ki, formalaşmış məhkəmə təcrübəsinə görə, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisələndirilən sərəncamın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin XXVİİ fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də sözügedən aktları mübahisələndirə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Odur ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Belə ki, Qanunvericiliyin tələbləri baxımından iddiaçılar Mülki Prosessual Məcəlləsinin 01 yanvar 2011-ci il tarixədək qüvvədə olmuş 298-ci maddəsinin tələblərinə görə özlərinin hüquq və azadlıqlarının pozulduğu barədə onlara məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idilər. Buna görə, iddiaçıların hüquqlarını pozduğunu iddia etdiyi Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı qərarı onlara məlum olduğu gündən 1 ay müddətində məhkəmədə mübahisələndirə bilərdi. Məlum olduğu gün dedikdə, iddiaçıların həmin qərarın mövcudluğu barədə həm bildiyi, həm də bilməli olduğu an əsas götürülməlidir. Hazırkı halda, qərarın iddiaçılara rəsmi qaydada təqdim olunduğuna dair işdə sübutlar mövcud olmasa da (əslində heç təqdim edilməli də deyildi. Çünki həmin qərarlar ona yönəli qərarlar deyildir), işin xüsusi halları baxımından iddiaçılar həmin qərarın mövcudluğunu bilməli idi. Məhkəmə kollegiyası qeyd edir ki, bilməli olduqları anın müəyyənləşdirilməsi baxımından iddiaçıların ondan tələb olunan minimal ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməsi, eləcə də aradan keçən kifayət qədər zaman əsas götürülməlidir. Məhkəmə kollegiyasının mövqeyinə görə iddiaçılar hüquqi marağına uyğun razılaşmadıqları Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı qərarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə aşkar edib, onların ləğvi ilə bağlı tədbirlər görə (iddia verə) bilərdi. Lakin işdən görünür ki, iddiaçılar üzərindən uzun müddət keçməsinə baxmayaraq həmin qərarları mübahisələndirməmiş və şikayət (iddia) vermə müddətini ötürmüşdür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisəyə tətbiq edilməli olan xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin müddəaları baxımından iddiaçı hazırki iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11-ci səhvənin sonuncu abzasında) öz əksini tapmış hüquqi mövqedə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla haqlı mövqe sərgiləmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2-1(120)-403/2025 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar