Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-396/2023 25.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Dəmirova Nəcimə Arif qızının, İddiaçı, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi Rəcəbli Ayşən Malik qızının iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2-1(120)-1564/2023 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Şahəli Musayev) 19 iyun 2023-cü il tarixli, 2- 1(120)-1564/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək İri Panelli Evtikmə Zavodunda işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1954-cü il tarixdə Saatlı şəhərində doğulmuşdur. xx.xx.1972-ci il tatixdən xx.xx.1977-ci il tarixədək əyani təhsil almışdır. Əmək fəaliyyətinə xx.xx.1977-ci il tarixdən başlamışdır. xx.xx.1977-xx.xx.1979-cu illərdə hərbi xidmətdə olmuş, xx.xx.1979-xx.xx.1998-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşlədiyi bütün illər onun əmək kitabçasında qeyd edilmişdir. O, yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən ona əmək kitabçasında göstərilən müvafiq dövrlərin əmək stajı kimi təsdiqlənməməsi və ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 ildən) az olması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməməsi barədə imtina cavabı verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan İnzibati Məhkəməsi qərarı əsaslandırarkən qeyd etmişdir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 120180/2023 nömrəli məktubdan və ona əlavə olunmuş pensiya islərindən görünür ki, Cahangirov Namiq Malik oğluna və Əzizov Tofiq Əziz oğluna pensiya təyin edilərkən onların İri Panelli Evtikmə zavodunda işlədiyi illər nəzərə alınmışdır. Bununla bağlı qeyd edir ki, sözügedən müəssisənin fəaliyyətinin mövcud olması və ya başqa şəxslərin orada işləməyi, həmçinin onlara pensiya təyin edilərkən həmin dövrlərin sığorta stajı kimi nəzərə alınması iddiaçıya şamil oluna bilməz. Qeyd olunan dövrlər üzrə iddiaçıya məxsus əmək haqqının mövcud olmaması isə onun əmək fəaliyyətinin olmadığını özündə ehtiva edir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Buna əsasən bildiririk ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi Rəcəbli Ayşən Malik qızı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, əmək haqqı kitablarının dövlət arxivinə təhvil verilməməsi onun təqsiri deyil və onun əmək hüququnun məhdudlaşdırılmasına səbəb olmamalıdır. O, xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əlilliyə görə əmək pensiyası almışdır. O, xx.xx.2022-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsini və həmin tarixdən ödənilməsini istəyir. Qeyd etdiklərini nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə Masallı şəhərində doğulmuş, Masallı şəhəri, Qarabağ küçəsi, ev 14, mənzil 25-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan B-1 002352 nömrəli diplomun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1972-1977-ci illərdə Azərbaycan Politexnik institutunda təhsil almışdır. İşdə olan iddiaçıya məxsus xx.xx.1977-ci il tarixli, NZ № ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1977-cı il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus xx.xx.1977-ci il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək Bakı Elektromaşınqayırma zavodunda, xx.xx.1982-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “İri Panelli Evtikmə” zavodunda (Dəmir Beton Məmulatları zavodu) işləmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Lənkəran-Astara regional filialının əməkdaşları və Masallı rayon Dövlət Arxivinin müdirinin iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın surətində qeyd edilmişdir ki, 1992-ci ilə aid inzibati idarə işçilərinin əmək haqqı kitabının arxivə təhvil verilmədiyi, lakin İddiaçı xx.xx.1992-ci il tarixli 06 nömrəli əmrlə 1991-ci ilin 4-cü rübündə qənaət edilmiş pul hesabına idarə işçilərinin həvəsləndirilməsi üçün 115,36 rubl, xx.xx.1992-ci il tarixli 57 nömrəli əmrlə 1992-ci ilin 1-ci rübündə qənaət edilmiş pul hesabına idarə işçilərinin həvəsləndirilməsi məqsədi ilə 284,81 rubl, xx.xx.1992-ci il tarixli, 111 nömrəli əmrlə 1992-ci ilin 2-ci rübündə qənaət edilmiş pul hesabına idarə işçilərinin həvəsləndirilməsi məqsədi ilə 200,60 rubl həvəsləndirmə məbləğinin ödənildiyi, xx.xx.1993-cü il 148/1 saylı əmrlə 1991-1992-ci il dövrü üçün növbəti əmək məzuniyyətinə buraxılması müəyyən olunmuşdur. Zavodun keyfiyyəti və nəzarət şöbəsinin rəisi İddiaçı xx.xx.1992-ci il tarixli, 109 nömrəli əmrlə yeni ştat cədvəlinə əsasən 3470,00 rubl ştat vəzifə maaşı, xx.xx.1992-ci il tarixli, 172 nömrəli əmrlə xx.xx.1992-ci il tarixdə tərtib olunmuş ştat cədvəlinə əsasən 5200,00 rubl ştat vəzifə maaşı və xx.xx.1992-ci il tarixli 212 nömərli əmrlə xx.xx.1992-ci il tarixdən yeni ştat cədvəlinə əsasən 11000,00 rubl ştat vəzifə maaşının təsdiq edilməsi müəyyən olunmuşdur. Zavodun 1995-ci il üzrə əmək haqqı kitabı axıra kimi yazılmadığı üçün İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək əmək haqqı alması barədə məlumatları yoxlamaq mümkün olmanışdır. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********1 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş əmək kitabçası, diplom, hərbi biletin surətlərinə və arxiv arayışına əsasən sığorta stajı (xx.xx.1972-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək əyani təhsil illəri və xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğunuz dövr nəzərə alınmaqla) 23 il 5 ay 13 gün təşkil edir. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildirilmişdir ki, təqdim etdiyi Masallı rayon Dövlət Arxivinin arayışına əsasən “İri Panelli Evtikmə” zavodunda işlədiyi müddətdə xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək və xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək olan dövrlərin əməkhaqqı ödənişləri barədə məlumat olmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün olmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. İşdə olan Masallı Rayon Dövlət Arxivindən xx.xx.2022-ci il tarixdə verilmiş A-17 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1991-ci ildən 1998-ci ilə kimi “İri Panelli Evtikmə” zavodunda işlədiyi müddətdə 1991,1993,1994,1996 və 1997-ci illərdə bütün aylar üzrə əmək haqq almış, 1992-ci ilə aid inzibati idarə işçilərinin əmək haqqı kitabı arxivə verilməyib, lakin xx.xx.1993-cü il 148/1 saylı əmrlə, 1991-1992-ci il dövr üçün növbəti əmək məzuniyyətinə buraxılıb. 1995-ci ildə yanvar, fevral, mart aylarında, 1998-ci ildə isə yanvar və fevral aylarında əmək haqqı almışdır. Sabiq İPEZ-nun əmək haqqı hesablaşma və əmr kitabları arxivə tam şəkildə təhvil verilməyib. 1994-cü ildən sonrakı əmr kitabları arxivə təhvil verilməyib. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-14606/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İddiaçı xx.xx.2018-ci il tarixdə pensiya yaşına çatmışdır. İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək 1 il 5 ay 28 gün hərbi xidmət dövrü, təhsil haqqında sənədin (diplom) surətinə əsasən xx.xx.1972-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək 4 il 9 ay 26 gün təhsil aldığı dövr, əmək kitabçasının surətinə əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1991-ci il tarixinədək, Masallı rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli A-17 saylı arayışına əsasən xx.xx.1993-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.1998-ci il tarixinədək 17 il 1 ay 19 gün əmək fəaliyyəti dövrü olmaqla onun ümumi 23 il 5 ay 13 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. Əlavə olaraq bildiririk ki, İddiaçı təqdim etdiyi Masallı rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli A-17 saylı arayışına əsasən “İri panelli Evtikmə” zavodunda işlədiyi müddətdə xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək və xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək olan dövrdə əməkhaqqı ödənişləri olmadığından həmin illər üzrə 1 il 9 ay mübahisələndirilən dövrü onun sosial sığorta stajına daxil etmək mümkün olmamışdır. Məlumat üçün bildiririk ki, sözügedən şəxsin fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən sonra pensiya kapitalı qeydə alınmamışdır. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/3-1-108401/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2015-ci il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının təqdim etdiyi sənədlərin surətinə əsasən əlilliyə görə pensiya təyin edilərkən onun xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1998-ci il tarixdək ümumilikdə 20 il 04 ay 21 gün sığorta stajı nəzərə alınmışdır. Eyni zamanda bildiririk ki, E.Ağacanovun əlilliyə görə əmək pensiyası xx.xx.2022-ci il tarixindən dayandırılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). İşin faktiki hallarından görünür ki, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı xx.xx.2018-ci il tarixdə kişilərə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 63 yaş 6 ayı tamam olmuşdur. 25 ildən artıq sığorta stajı olduğundan o, qanunvericiliyə əsasən yaşa görə əmək pensiyası hüququna malikdir. İddiaçının yaşa görə əmək pensiyası hüququnun olması iş materiallarına əlavə edilmiş sənədlərlə sübuta yetir. İddiaçı 25 illik sığorta stajına malik olmasını təsdiqləyən sübut kimi diplomuna, hərbi biletinə və əmək kitabçasına istinad edərək yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək işlədiyi “İri Panelli Evtikmə” zavodunun əmək haqqı cədvəllərinin saxlanılmamasını əsas gətirərək, yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı əmək kitabçasına əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək (02 ay 08 gün) və xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək (03 il 03 ay 12 gün) Bakı Elektromaşınqayırma zavodunda, xx.xx.1982-ci il tarixdən xx.xx.1998-ci il tarixədək (15 il 05 ay 02 gün) “İri Panelli Evtikmə” zavodunda (Dəmir Beton Məmulatları zavodu) işləmiş, xx.xx.1972-ci il tarixdən xx.xx.1977-ci il tarixədək (04 il 09 ay 26 gün) təhsil almış, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək (01 il 05 ay 28 gün) hərbi xidmətdə olmuşdur. Beləliklə, hesablama nəticəsində iddiaçının təhsil və hərbi xidmət illəri ilə birlikdə ümumilikdə 25 il 02 ay 15 gün sosial sığorta stajının olduğu müəyyən edilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçının əmək fəaliyyətində olduğu xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək, təhsil aldığı və hərbi xidmətdə olduğu dövrlərə münasibətdə tərəflər arasında hər hansı mübahisə yoxdur. Tərəflər arasında mübahisə iddiaçının əmək kitabçasına əsasən “İri Panelli Evtikmə Zavodunda” işlədiyi xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək olan müddətə münasibətdə meydana çıxmışdır. Belə ki, cavabdehin imtinasının və apellyasiya şikayətinin əsası ondan ibarətdir ki, iddiaçının əmək kitabçasına əsasən qeyd edilən tarixlərdə işlədiyi idarənin əməkhaqqı kitabları dövlət arxivinə təhvil verilmədiyindən qarşılıqlı yoxlamanın aparılması mümkün olmadığı üçün həmin müddət sosial sığorta stajı kimi nəzərə alına bilməz. Belə olan halda da iddiaçının tələb olunan 25 il sosial sığorta stajı və ya pensiya kapitalı olmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, əməkhaqqı kitabları tam formada arxivə təhvil verilməsə də, iddiaçının işə girmə və işdən çıxma əmrləri barədə məlumatlar əmək kitabçasında mövcuddur, həmçinin iddiaçının həmin müəssisədə işlədiyi müəyyən edilmişdir. Bu, iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi müəssisənin müvafiq dövrlərə aid əmr və əməkhaqqı kitablarının qorunub saxlanılmamasına, həmçinin həmin kitabların tam işlənilməməsinə, eləcə də həmin kitabların dövlət arxiv idarəsinə təhvil verilməməsinə görə həmin müəssisənin işçisi olmuş iddiaçı məsuliyyət daşımır və həmin hallar iddiaçının ziyanına qiymətləndirilməməli, bu səbəbdən iddiaçı əmək pensiyası hüququndan məhrum edilməməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı qeyd edilən tarixlərdə (xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək) sözügedən müəssisədə işlədiyini və əməkhaqqı aldığını və işləməsinə dair faktların (işə girmə və işdən çıxma əmrlərinin) əmək kitabçasında qeyd edildiyini bildirir. Bunun əksinə dair, yəni iddiaçının qeyd edilən tarixlərdə sözügedən müəssisədə işləməməsinə, həmçinin iddiaçının qeyd edilən tarixlərdə sözügedən müəssisədə işlədiyini təsdiq edən əmək kitabçasındakı müvafiq qeydlərin, eləcə də müvafiq əmrlərin həqiqətə uyğun olmamasına, o cümlədən qeyd edilən tarixlərdə sözügedən müəssisənin fəaliyyətinin olmamasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı xx.xx.2022-ci il tarixədək əlilliyə görə əmək pensiyası almışdır. Hazırda isə o, yaşa görə əmək pensiyasının təyin edilməsini istəyir. Yəni, iddiaçı xx.xx.2022-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsini istəyir. Belə olan halda iddiaçıya yaşa görə əmək pensiyası xx.xx.2022-ci il tarixdən təyin edilməli və həmin tarixdən ödənilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, məhkəmə araşdırması nəticəsində iddiaçının ümumilikdə 25 il sosial sığorta stajının olduğu müəyyən edilir ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin imtinası əsassızdır. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2-1(120)-1564/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-396/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-396/2023
25.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver