Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-398/2025 18.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Pərviz Vaqif oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 03 fevral 2025-ci tarixli, 2-1(120)-2014/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “SSS Nurlan MMC”-nin sənədlərinin araşdırılması və “SSS Nurlan MMC”-yə verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, “SSS Nurlan MMC”-nin sənədlərinin araşdırılması və qanunsuzluqlara görə “SSS Nurlan MMC”-yə verilmiş çıxarışın ləğv edilməsi barədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 03 fevral 2025-ci tarixli, 2-1(120)- 2014/2025 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı “SSS Nurlan MMC”-yə verilmiş torpaq sahəsinin ona məxsus olmasına, həmçinin subyektiv hüququnun pozulmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı da belə bir sübutun olması müəyyən edilməmişdir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, verilmiş sərəncama əsasən Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 141 nömrəli qərarı ilə “SSS Nurlan MMC” qeydiyyata alınmışdır. Verilmiş bu sənəd qanunsuzdur. Belə ki, ilkin sənəd olmadan, RİH-in qərar və sərəncamı olmadan sənədləşdirilib. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, cavabdeh orqanın qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyətçi kimi hüquqları pozulmuşdur. Prosessual məsələlər İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, "xxxx" MMC-ni rəhbəri vaxtilə ona maddi ziyan vurduğuna görə onun sənədlərinin saxta olması barədə iddia qaldırmışdır, ləğv edilməsi tələb olunan çıxarış onun hər-hansı hüquqi marağına toxunmur. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -Şirvan İnzibati Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, iddiaçıya hazırki iddianı qaldırmaqda subyektiv hüququnun olmasına və yaxud subyektiv hüququnun pozulmasına dair sübutlarını təqdim etməsi təklif edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hüquqi yardım göstərilsə də, o, subyektiv hüququnun pozulmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin apellyasiya şikayətində subyektiv hüququnun mövcudluğunu və mülkiyyət hüququnun pozulduğunu bildirsə də, cavabdeh orqanın konkret hansı hərəkətləri ilə onun mülkiyyət hüququnu pozduğunu və həmin pozuntunun nədən ibarət olduğunu şərh etməmişdir. Bundan əlavə, iddiaçı məhkəmə kollegiyasının iclasında "xxxx" MMC-ni rəhbərinin ona maddi ziyan vurduğuna görə onun sənədlərinin saxta olması barədə iddia qaldırdığını, ləğv edilməsi tələb olunan çıxarışın onun hər-hansı hüquqi marağına toxunmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 03 fevral 2025-ci tarixli, 2-1(120)-2014/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-398/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-398/2025
18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver