Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-4/2025 26.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Əliyev Qasım Vəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2-1(120)-424/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 2021-ci ilin aprel ayından etibarən ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 01 fevral 2023-cü il tarixli, 2- 1(120)-424/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 2009-cu ildən etibarən hər il “baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları” diaqnozu ilə əlaqədar 2009-cu ildən 2021-ci ilədək fasiləsiz olaraq ikinci dərəcə əlilliyi mövcud olmuş, müddətsiz ikinci dərəcə əlilliyin təyin olunması üçün qanunvericiliklə tələb olunan fasiləsiz 10 (on) il əlillik müddəti 2019-cu ildə tamam olmuş və iddiaçının müddətsiz ikinci dərəcə əlillik əldə etməsi hüququ yaranmışdır. Buna baxmayaraq, 2016-cı ildə təsdiq olunmuş 5 illik əlillik müddətinin üçüncü ilində, yəni 2019-cu ildə fasiləsiz ikinci dərəcə əlillik müddəti 10 il təşkil etmiş, növbəti müayinəyə zərurət olmadan xx.xx.2019-cu il tarixdə (xx.xx.2009xx.xx.2019) müddətsiz ikinci dərəcə əlillik hüququ yaranmış, lakin nəinki 2019-cu ildə, 5 illik əlillik müddətinin başa çatdığı vaxt artıq fasiləsiz əlillik müddətinin 12 il təşkil etdiyi xx.xx.2021-ci ildə belə iddiaçıya müddətsiz ikinci dərəcə əlillik təyin olunması təmin edilməmiş, bununla da, onun qanuni hüquqlarına kobud şəkildə müdaxilə edilmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, ona 2009-cu tarixdən ikinci dərəcə əlillik verilmişdir. 2021-ci ilin aprel ayından etibarən əlilliyi ləğv edilmişdir. Hesab edir ki, ikinci dərəcə əlilliyin ləğv edilməsi (dayandırılması) tamamilə qanunsuzdur. Belə ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci maddəsinin tələblərinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Normanın tələbindən göründüyü kimi 10 il keçdikdən sonra ikinci dərəcə əlillik müddətsiz hesab olunur. Qanunvericilikdə 10 il keçdikdən sonra ikinci dərəcə əlillik müddətsiz hesab olunduğundan yenidən forma 88 göndərilməsi və ya müayinəyə cəlb edilməsi qanunsuzdur. Əlilliyinin qanunsuz olaraq dayandırılması ədalətsiz və Əsasnamənin tələblərinə ziddir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya qarşı etirazda qeyd edilmişdir ki, iddiaçının əlilliyinə xx.xx.2009-cu il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F60-F69 - Yetkin yaşlarda təsadüf olunan şəxsiyyət və davranış pozğunluqları => F60 - Spesifik şəxsiyyət pozğunluqları => F60.4 - Şəxsiyyətin...; Diaqnozun mətni: baş beyinin üzvi xəstəliyi nəticəsində dəyişməsi depressiv sindrom psixopatobənzər davraniş, Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: baş beyinin üzvi xəstəliyi nəticəsində dəyişməsi depressiv sindrom psixopatobənzər davraniş” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Saylan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında iddiaçının əlilliyinə baxılmış və eyni diaqnozla bir il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Saylan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və eyni diaqnozla bir il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixində beş il müddətinə ikinci dərəcə əlillik dərəcəsi təyin edilmişdir. Saylan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0313003AAL4U nömrəli göndərişi əsasında baxılmış və “X1: V Sinif-Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozğunluğu, - Baş beyinin üzvü xəstəliyi nəticəsində şəxsiyyət dəyişməsi, psixotabənzər davranışlarla Yanaşı xəstəliklər Q80 Anadangəlmə ixtioz, Anadangəlmə ixtioz Yanaşı xəstəliklər D50.0 Qan itirmə nəticəsində yaranan ikincili dəmir defisitli anemiya, Anemiya.” diaqnozu ilə “Əlavə müalicəyə ehtiyacın olması -son 5 ildə müalicəsi yoxdur, ixtisaslaşmış müalicəyə ehtiyacı var” səbəbi ilə imtina verilmişdir. Saylan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0313003AANF6 nömrəli göndərişi əsasında baxılmış və həmin səbəblə imtina verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin məzmunu iddiaya qarşı etirazın dəlilləri ilə eynulik təşkil edir. Prosessual məsələlər İddiaçı məhkəmə kollegiyasına iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh orqanın xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və ona ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, həmçinin göstərmişdir ki, mübahisələndirilən qərardan məlumatlı olmamış, ona görə də qanunla müəyyən edilmiş müddəti ötürməmişdir. İddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı gəlməmiş, cavabdeh və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası həmçinin mübahisələndirilən qərarlardan şikayət verilməsi müddətinə münasibətdə iddianın mümkünlük şərtləri ilə bağlı qeyd edir ki, iddiaçı hazırda xx.xx.2021-ci il tarixli qərarı mübahisələndirir ki, həmin qərarın iddiaçıya təqdim edilməsi ilə bağlı cavabdeh tərəfindən hər-hansı sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən sözügedən qərarlardan şikayət verilməsi ilə bağlı müddət ötürülməmiş hesab edilməlidir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş tibbi sənədlərdən və digər sübutlardan görünür ki, iddiaçı 2009-cu ildən 2021-ci ilin iyul ayınadək “X1: V Sinif-Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozğunluğu, - Baş beyinin üzvü xəstəliyi nəticəsində şəxsiyyət dəyişməsi, psixotabənzər davranışlarla Yanaşı xəstəliklər Q80 Anadangəlmə ixtioz, Anadangəlmə ixtioz Yanaşı xəstəliklər D50.0 Qan itirmə nəticəsində yaranan ikincili dəmir defisitli anemiya, Anemiya.” diaqnozu ilə əlillik vəziyyətində olmuş, növbəti müayinə zamanı xx.xx.2011-ci il tarixdə əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə, həmçinin xx.xx.2021-ci il tarixdə eyni səbəblə əlillik təyinatından imtina edilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh orqana iddiaçının əlilliyi ilə bağlı yenidən inzbati icraat aparılması tapşırılmış, qərardadın icrası istiqamətində iddiaçı yaşadığı ünvanda (tibbi və fiziki baxımdan müayinəyə getməkdən imtina etdiyinə görə) müayinə edilmiş və cavabdeh orqan tərəfindən əlilliyin təyininə əsas verən ağırlaşmaların və patofunksional pozuntuların aşkar edilməməsi əsası ilə “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iddiaçının 10 ildən artıq müddətdə əlillik vəziyyətində olması baxımından növbəti müayinə müddəti tamam olmadan (2019-cu ildə) artıq müddətsiz əlilliyin təyin edilməli olmasına əsaslanmış, lakin iddiaçının orqanizmində olan patofunksional pozuntuların əlillik təyini üçün əsas verən müvafiq meyarların təsiri altına düşüb-düşməməsinə, müsbət halda xəstəliklərin ağırlıq dərəcəsinə görə əlilliyin hansı dərəcə ilə təyin edilməli olmasına, habelə cavabdeh orqanın əlillik təyinatından imtinası üçün qanuni əsasların olub-olmamasına qiymət verməmişdir. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: -1.5.1.şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki)ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; -1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlıvərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); -1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; -1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; -1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Qaydaların tələblərindən göründüyü kimi, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması əlilliyin təyini üçün əsasdır. “Əlavə müalicəyə ehtiyacın olması” tələbi ilkin əlillik statusunda olmayan, əlillik müddəti bitdikdən sonra müraciət edən şəxslərə münasibətdə tətbiq oluna bilməz. Təkrar müraciət edən şəxslər üçün yeganə şərt orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması ilə bağlıdır ki, iddiaçıda əlilliyin təyininə səbəb olan xəstəliyin mövcudluğu tam təsdiq edilir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, Əlilliyin qiymətləndirməsi zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: -2.5.25-ci bəndinə əsasən “etiologiyasından asılı olmayaraq, şəxsiyyətin dəyişilməsi və ya dərketmə qabiliyyətinin azalması (F06).” üçüncü dərəcə əlillik təyinatına əsas verir. -4.1. Birinci dərəcə əlillik və tibbi göstərişolan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. -4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. İddiaçının orqanizmində olan patofunksional pozuntuların ağırlıq dərəcəsi müvafiq əsasnamədə qeyd edilmiş göstəricilərlə müqayisəli təhlil edildikdə müəyyən olunur ki, həmin xəstəliklər üçüncü dərəcə əlilliyin təyini üçün əsas verir. Üçüncü dərəcə əlillik isə fasiləsiz olaraq 15 il davam etdiyi halda əlilliyin müddətsiz təyin edilməsi mümkün hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olur ki, apellyasiya şikayəti əlilliyin dərəcəsi hissəsində, həmçinin iddiaçının tələbi qismən əsaslıdır. Odur ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2-1(120)-424/2023 nömrəli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin, həmin tarixdən İddiaçı üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi həmin orqanın üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-4/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-4/2025
26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver