Məhkəmə qərarları › İş №2-1(106)-40/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-40/2024

30.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-40/2024 30.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “son 3 il üzrə fərqin müəyyən edilməsi, ödənilməli olan pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2-1(120)-870/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “son 3 il üzrə fərqin müəyyən edilməsi, ödənilməli olan pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddia onunla əsaslandırılmışdır ki, o, 19 avqust 1958-ci ildə Astara rayonunda anadan olmuş, 14 yanvar 1977-ci ildə mərhum həyat yoldaşı X9 ilə rəsmi nikaha daxil olmuş, mərhum həyat yoldaşı X9 30 mart 1977-ci ildən 18 mart 1993-cü il tarixə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Astara rayon şöbəsində polis əməkdaşı xidmət etmişdir. Həyat yoldaşı Sehran Hüseynov 02 noyabr 2008-ci il tarixdə vəfat etmişdir. Bundan sonra AR ƏƏSMN-nin tabeliyində olan DSMF-nin Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinə görə müraciət etmiş, cavabdeh tərəfindən 1 dekabr 2020-ci il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Təyin olunan pensiyaya əlavə olaraq keçmiş müddət üçün hesablanmış 2091,70 manat fərq hissə-hissə ödənməyə başlamışdır. Ailə başçısını itirməyə görə pensiya təyin edilməmişdən əvvəl yaşa görə əmək pensiyası almışdır. Qanunvericiliyə edilən son dəyişikliklərə əsasən şəxsin almadığı əvvəlki illərə görə pensiya məbləğləri ən çoxu 3 il müddətlə məhdudlaşdırılmışdır. Sadə riyazi hesablama apardıqda ona azından son 3 il üçün 12000-15000 manat ödənməli olduğu halda, cavabdeh son 3 il müddətə verməli olan pensiya məbləğinin fərqini düzgün hesablamayaraq 2091,70 manat müəyyən etmişdir. Bununla bağlı cavabdehə elektron qaydada müraciət edərək, son 3 il üçün illər üzrə fərqin müəyyən edilməsi və fərqin mənə ödənilməsi müraciət etmiş, çünki illər üzrə aldığı yaşa görə pensiya və mərhum həyat yoldaşının təminat məbləği dəyişib. Bundan əlavə 2018-ci ildə aldığı əmək pensiyası rəsmi arayışa əsasən 137 manat olmuşdur. Həyat yoldaşının təminat xərcliyini 500 manatdan götürəndə bu məbləğ illik olaraq təxminən 4500 manata yaxın məbləğ olacaqdır. Bu hal onu göstərir ki, cavabdeh son 1 il üçün azından 4500 manat ödəməli və bu fərq dəyişməz qaldıqda isə son 3 il üçün 12.000 manat ödəməli idi. Hətta 1 il üçün ödənilməli olan məbləğ cavabdeh tərəfindən kiçildilərək 2091,70 manat müəyyən edimişdir. Hazırkı iddianın hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların müddəalarına uyğun olaraq lazımi inzibati icraat aparmamışdır. Belə ki, cavabdeh müraciətə həmişəki kimi formal yanaşaraq şablon xarakterli cavab ünvanlamışdır. Pozulmuş hüquqlarının bərpasından ötrü məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş etirazda göstərilmişdir ki, İddiaçı 19 noyabr 2020ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən verilmiş sorğuya əsasən Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 24 noyabr 2020-ci il tarixli, **********1 nömrəli məktubunda iddiaçıya yaşa görə əmək pensiyasının 30 noyabr 2021-ci il tarixədək ödənildiyi qeyd edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərin təqdim edildiyi tarixdən hesablanmaqla aparılır. Qanunun 31,2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilən “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının 6.4-cü bəndinə əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə, Qanunun 34-cü maddəsinin şərtləri nəzərə alınmaqla yeni növ pensiya təyinatı ərizənin qeydiyyata alındığı tarixdən sonrakı ayın 1-dən aparılır. Bununla əlaqədar olaraq iddiaçının həyat yoldaşı X6 vəfat etməsi ilə əlaqədar iddiaçıya 1 dekabr 2020-ci il tarixdən Mərkəzi Filial tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinə əsasən 2021-ci ilin may ayında iddiaçıya mərhum Sehran Hüseynovun təminat xərcliyinin (929,65 manat) 80 faizi-743,72 manat məbləğində müəyyən edilmiş və 1 dekabr 2020-ci il tarixdən yenidən hesablanmışdır. Nəticədə ona ödənilməli olan 2091,70 manat fərq məbləği müəyyən edilib. Qeyd edilən 2091,70 manat fərq məbləği xx.xx.2021xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (hər ay 418,34 manat) ödənilmişdir. Qeyd olunanlara əsasən yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığından iddiaçıya ödənilməli olan hər hansı borc məbləği yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinə əsasən 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. İddiaçı “pensiya fərqin ödənilməsi” tələbinə dair iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2-1(120)-870/2023 saylı qərarı (hakim Hilal Nəcəfov) ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2-1(120)-870/2023 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, məhkəmənin gəldiyi qənaət ilə qətiyyən razı deyil, hətta məhkəmə qənaətində özünü təkzib edən nüansa toxunaraq həqiqətən əsassız qərar qəbul etməsini aydın şəkildə göstərir. Məhkəmənin altından xətt çəkilən yuxarıdakı qeydində 5 il azadılmaqla anlayışını pensiya təyini ilə bağlayır, məgər qanunda qeyd olunan pensiya yaşma çatması vətəndaşa pensiya təyini üçün lazım deyilmi? Sadəcə olaraq qanunverici 5 və daha çox uşaq tərbiyə etmiş anaya müstəsnalıq hüququ verir ki, bu hüquq nəticəsində qeyd olunan ana güzəşt əldə edərək 5 il azaldılmaqla pensiya təyinatı alır. Əks yanaşma bərabərlik hüququnun pozulması olar ki, yaş həddinə çatıb pensiya alan şəxslərin hüquqları pozulmuş olmalıdır ki, 5 uşaq anası hansı səbəbdən yaş həddinə çatmamış pensiya alır. Bu prizmadan baxsaq güzəştli şərtlərlə pensiya alan şəxslər gərək pensiya almağa və ancaq pensiya yaş həddinə çatdıqda bu hüququ əldə etməlidir. Bu aspektdən yanaşsaq hətta güzəştli şərtlərlə pensiya alan şəxslər sadəcə pensiya almalı və pensiya yaş həddinə çatıb pensiya alan şəxslərlə bərabər hüquqlara malik olmamalıdır, o vaxtadək ki, pensiya yaşma çatsınlar. Bu absurd və gülünc doğuran məsələ olardı. Əgər qanunverici göstərilən şəxslərin bir hissəsinə ailə başçısını itirməyə görə pensiya təyin edirsə, belə tənzimləmədən ilə yaranan fərqli rəftarın Konstitusiyanın 25-ci maddəsinə uyğun olmasını obyektiv olaraq əsaslandırmalıdır. Məhkəmə nəinki obyektiv əsaslandırmış, əksinə olaraq öz əsaslandırmasını təkzib etmişdir. Məhkəmə şərhindən ötrü birinci instansiya məhkəməsinə vəsatətlə müraciət edərək, məhkəmə qərarının obyektiv əsaslandırılması üçün normada olan qeyrimüəyyənliyin həllindən ötrü məhkəmənin sorğu ilə konstitusiya məhkəməsinə müraciət olunsun. Təəssüf ki, məhkəmə qərarında vəsatəti təmin etməmiş və öz şərhinə əsaslanmışdır. Bununla da, prosessual pozuntuya yol vermişdir. Birinci instansiya məhkəmələrinə normaların şərhi və qanunauyğunluğu ilə bağlı hər-hansı səlahiyyət verilməmişdir. Ancaq apellyasiya məhkəməsinin inzibati kollegiyalarına konstitusiya məhkəməsinin müstəsna səlahiyyətlərinə aid olan normativ xarakterli aktlar istisna olmaqla, digər normativ aktların qanunuyğunluğu barədə səlahiyyət verilmişdir. Hakimin işə baxışı və yuxarıdakı qərardakı əsaslandırması cavabdehin iddia ərizəsinə etirazının təkrarı hesab olunmalıdır. Qeyd olunan normanın müddəaları tətbiq edildiyi halda normanın mahiyyəti və qanunvericilik tənzimlənməsinin məqsədləri, həmçinin bu normada ehtiva olunan söz və ifadələrin hərfi mənası deyil, qanunvericinin normanı müəyyən edərkən güddüyü məqsəd də nəzərə alınmalıdır. Amma məhkəmə işini çətinə salmayaraq normada göstərilən şərti əsas götürərək pensiya yaşını vacib şərt kimi qeyd edərək əsaslandırmanı göstərməmişdir. Məntiqi yanaşma açıq şəkildə onu göstərir ki, norma əsas məqsədi yaşa görə pensiya alan şəxslərə (onlara bərabər tutulan şəxslərə, məsələn 5 uşaq doğan anaya, güzəştli şərtlərlə pensiya çıxmış şəxslərə) ailə başçısını itirməyə görə pensiya təyin olunsun. Göstərilənlərə əsasən Şirvan İnzibati Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2- 1(120)-870/2023 saylı qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2-1(120)-870/2023 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə iddiaçı məhkəmə iclasında iştirak etməmişdir Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında (6.1, 6.2 və 7-ci bəndlərində) qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər”. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci və 13-cü maddəsinin tələblərini pozmuş və bununla da iş üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2-1(120)-870/2023 saylı qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi iddianı təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbində 01 dekabr 2020-ci il tarixdə Mərkəzi Filial tərəfindən ona təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının son 3 il üzrə fərqini istəsə də, qeyd edilən tarixə kimi onun tərəfindən yaşa görə əmək pensiyanın aldığı müəyyən edilmişdir ki, qeyd edilən hal iddiaçı və cavabdeh tərəfindən təsdiq edildiyindən mübahisələndirilməyən hal kimi qəbul edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq nüəyyən edilmiş pensiya yaşına çatması şərt kimi müəyyən edilmişdir ki, iş materiallarına əsasən İddiaçı qeyd edilən pensiyanı almaq üçün tələb olunan yaş həddi (62 yaşı) 2020-ci ildə tamamlanmış və hüququ yarandığı tarixdən ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 8.1-ci maddəsində qeyd edilən “beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla” anlayışı yalnız yaşa görə əmək pensiyasının təyin edilməsi üçün nəzərdə tutulmuşdur. Odur ki, qeyd edilən hal bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, eyni zamanda yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, cavabdehin “imtina”sı qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə proses iştirakçılarının ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə işə aid halların və faktların hərtərəfli tədqiq olunmasına yönəlmiş, obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən, iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən və xüsusilə də şübhələri susmağa məcbur edən həcmdə araşdırma aparılmamışdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia ərizəsində göstərib-göstərməməsindən asılı olmayaraq düzgün iddia növünün və ya tələbinin seçilib-seçilmədiyini məhkəmə müəyyən edir. Həlledici olan, iddiaçının ərizəsində irəli sürdüyü tələb ilə nəyə nail olmaq istədiyini göstərməsidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının ləğvini və işin təkrar baxılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. İş materiallarında olan xx.xx.1977-ci il tarixli, İ-ЖГ 257286 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X4 xx.xx.1977-ci il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1977-ci il tarixdə 2 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2008-ci il tarixli, AZ-İ 317204 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2008-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********1 nömrəli imtina məktubundan görünür ki, iddiaçıya 19 noyabr 2020-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən verilmiş sorğuya əsasən Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 24 noyabr 2020-ci il tarixli, **********1 nömrəli məktubunda yaşa görə əmək pensiyasının 30 noyabr 2021-ci il tarixinədək ödənildiyi qeyd edilib. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları’nın 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Bununla əlaqədar olaraq həyat yoldaşı X6 vəfat etməsi ilə əlaqədar 1 dekabr 2020-ci il tarixindən Mərkəzi Filial tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2- ci maddəsinə əsasən 2021-ci ilin may ayında mərhum Sehran Hüseynovun təminat xərcliyinin (929,65 manat) 80 faizi-743,72 manat məbləğində müəyyən edilmiş və 1 dekabr 2020-ci il tarixindən yenidən hesablanmışdır. Nəticədə ödənilməli olan 2091,70 manat fərq məbləği müəyyən edilib. Qeyd edilən 2091,70 manat fərq məbləği xx.xx.2021-xx.xx.2021 -ci il tarixləri arasındakı dövr ərzində “Əmək pensiyaları haqqında" Qanunun 32.1-1 -ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (hər ay 418,34 manat) ödənilmişdir. Qeyd olunanlara əsasən yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığından Mərkəzi Filialın sizə ödənilməli olan hər hansı borc məbləği yoxdur. Əlavə olaraq bildiririk ki, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla sizə “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinizin 10 faizi-74,37 manat maddi yardım ödənilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, 038065 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, İddiaçı Əlövsət qızına 01 dekabr 2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2091,70 manat və xx.xx.2021-ci il tarixdən 743,72 manat ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-19005/2023 nömrəli ərizəsindən görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdə coxuşaqlı ana kimi yasa görə pensiya təyin edilmişdir. Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial tərəfindən verilmiş sorğuya əsasən Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 24 noyabr 2020-ci il, tarixli **********1 nömrəli məktubunda iddiaçıya çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının 30 noyabr 2020-ci il tarixədək ödənildiyi qeyd edilmişdir. İddiaçı 19 noyabr 2020-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. İddiaçının həyat yoldaşı X6 vəfat etməsi ilə əlaqədar ona 1 dekabr 2020-ci il tarixdən Mərkəzi Filial tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə Plan İdarəsinin 17 aprel 2014-cü il tarixli məktubunda qeyd olunur ki, Daxili İşlər Nazirliyinin xətti ilə xx.xx.2005-ci il tarixindən pensiya almış Astara RPŞ-nin İTB-nin sabiq baş inspektoru, polis mayoru X5 02.11,2008-ci il tarixində vəfat etməsi ilə əlaqədar ailəsinə Daxili işlər Nazirliyinin xətti ilə ailə başçısını itirməyə görə pensiya təyin edilməsi ilə bağlı bildiririk ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının 07 fevral 2006-cı il tarixli 54 lll-Q nömrəli Qanununun 14-cü - «ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri» maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. Vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları; (18 yaşına çatmamış; 18 yaşına çatanadək əlil olmuş 18 yaşdan yuxarı; təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşadək), 14.1.2. Ata, ana, ər(arvad) pensiya yaşına kişilər 63 yaşa, qadınlar 59 yaş yarıma çatmışdırsa (Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən qadınların yaş həddi 2014-cü il ərzində 59 yaş yarım müəyyənləşdirilib, sonrakı ildə yaş həddinin yarım il artırılaraq 60 yaşa çatdırılması nəzərdə tutulmuşdur), yaxud 1-ci və ya 2-ci qrup əlildirsə. Yuxarıda göstərilən şərtlər daxilində mərhumun ailə üzvləri barədə sənədləri Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə təqdim etməlisiniz. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxlərlə İş Departamentinin xx.xx.2014-cu il tarixli, 03/89/02-323 nömrəli məktubundan görünür ki, iddiaçı ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı 04 avqust 2014-cü il tarixli ərizə ilə müraciət etmiş və ona hüququnun yarandığı, yəni 60 yaşı tamam olduqda ailə başçısını itirməyə görə əmək pensiyasının təyin ediləcəyi izah olunmuşdur. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən, iddia ərizəsinin məzmunundan müəyyən edilir ki, iddiaçının həyat yoldaşı X8 xx.xx.2005-ci il tarixdən Daxili İşlər Nazirliyinin xətti ilə pensiya təyin edilmiş və xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. İddiaçıya isə xx.xx.2008-ci il tarixdən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı 04 avqust 2014-cü il tarixli ərizə ilə cavabdehə (əvvəlki Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxlərlə İş Departamentinə) müraciət etmiş və ona hüququnun yarandığı, yəni 60 yaşı tamam olduqda ailə başçısını itirməyə görə əmək pensiyasının təyin ediləcəyi izah olunmuşdur. Bundan sonra iddiaçı 19 noyabr 2020-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. Onun sonuncu müraciəti əsasında həyat yoldaşı X6 vəfat etməsi ilə əlaqədar ona 1 dekabr 2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ona təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği və təyinat tarixi ilə razılaşmadığı üçün hazırki iddianı qaıldırmışdır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı iddia ərizəsində yuxarıda qeyd edilən faktiki halları qeyd etsə də, tələbində yalnız son 3 il fərqinin ödənilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi iddiaçının cavabdeh inzibati orqana ilkin müraciət etməkdə və hazırki iddianı qaldırmaqda məqsədi hüququnun yarandığı tarixdən ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olmuşdur. Lakin, iddia tələbində ona təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının son 3 il fərqinin ödənilməsini xahiş etmişdir. Hazırki iddiaya münasibət də nəzərə alınmalıdır ki, ailə başçısını itirməyə görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş həmin Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış arvada təyin olunur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.1.2-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir: Qadınlar üzrə pensiya yaşı 1 iyul 2017 – 30 iyun 2018-ci il dövrü üçün 60 il 6 ay, 1 iyul 2018 – 30 iyun 2019-cu il dövrü üçün 61 il, 1 iyul 2019 – 30 iyun 2020-ci il dövrü üçün 61 il 6 ay, 1 iyul 2020 – 30 iyun 2021-ci il dövrü üçün 62 yaş müəyyən edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxlərlə İş Departamentinin xx.xx.2014-cu il tarixli, 03/89/02-323 nömrəli məktubunda iddiaçının ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı 04 avqust 2014-cü il tarixli ərizəsinə cavab olaraq izah olunmuşdur ki, onun ailə başçısını itirməyə görə əmək pensiyası hüququ 60 yaşı tamam olduqda yaranır və həmin tarixdən ona həmin pensiya təyin edilə bilər. Məhkəmə kollegiyası qənaətinə görə işə baxan birinci instansiya məhkəməsi həm Qanunun, həm də cavabdeh inzibati orqanın (Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxlərlə İş Departamentinin) xx.xx.2014-cu il tarixli, 03/89/02-323 nömrəli məktubunu, o cümlədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə Plan İdarəsinin 17 aprel 2014-cü il tarixli məktubunda göstərilənləri nəzərə alaraq, iddiaçının ailə başçısını itirməyə görə əmək pensiya hüququnun yaranma tarixini hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan qanunvericiliyə uyğun dəqiq və düzgün müəyyən etməli, həmin tarixdən pensiya təyin edilməsi və fərqin ödənilməsi ilə bağlı iddia irəli sürə biləcəyi ilə bağlı iddiaçıya hüquqi təklif etməli idi. Hüququn yaranma tarixinin müəyyən edilməsi həm də ona görə vacibdir ki, ödənişin tələb etdiyi dövrlərdə iddiaçının subyektiv hüququnun olubolmadığını müəyyən etmək mümkün olsun. Çünki, subyektiv hüquq Qanundan və ya hər hansı inzibati aktdan yarana bilər. Yəni, əvvəlki dövrlər üçün pensiya fərqinin ödənilməsini tələb edərkən həmin dövrlərdə iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 14.1.2-ci maddəsində göstərilən pensiya yaşına çatmış olmalı və həmin tarixdən ona pensiya təyin edilməlidir. Başqa sözlə, iddiaçının müraciət etdiyi tarixdən əvvəlki dövrlərə görə (son 3 il üçün) ailə başçısını itirməyə görə əmək pensiyasının fərqinin ödənilməsini o halda tələb edə bilər ki, həmin dövrlər də onun həmin növ pensiyasının təyin edilməsi hüququ olmuş olsun. İşə təkrar baxan birinci instansiya məhkəməsi tərəfindən iddiaçının pensiya hüququnun yaranma tarixi dəqiq müəyən edildikdən sonra həmin tarixdən pensiyanın təyin edilməsinin və fərq məbləğinin ödənilməsin mümkünlüyü araşdırılmalı və bu zamanı iddiaçının 04 avqust 2014-cü il tarixdə hazırki tələblə bağlı cavabdehə (Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxlərlə İş Departamentinə) müraciəti nəzərə alınmaqla, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8oktyabr tarixli Qərardadında və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyi rəhbər tutulmalıdır. Bundan başqa birinci instansiya məhkəməsi qərarında göstərir ki, İddiaçı qeyd edilən pensiyanı almaq üçün tələb olunan yaş həddi (62 yaşı) 2020-ci ildə tamamlanmış və hüququ yarandığı tarixdən ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir (bax iş vərəqi 83). Birinci instanisya məhkəməsinin həmin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 62 yaşı 19 avqust 2020-ci il tarixində tamam olmuş, lakin ona ailə başçısını itirməyə görə əmək pensiyası 19 avqust 2020-ci il tarixində deyil, 01 dekabr 2020-ci il tarixdən təyin edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyindən çıxış edərk şərti olaraq qəbul etsək ki, iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ 62 yaşdan yaranır, bununla belə həmin tarixdən ona pensiyası təyin edilmədiyi aşkar görünür. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi iddiaçının ailə başçısını itirməyə görə əmək pensiya hüququnun yaranma tarixini yuxarıda qeyd edilənlərə əsasən dəqiq müəyyən etməli, həmin tarixdən pensiya təyin edilməsi və fərqin ödənilməsi ilə bağlı iddiaçıya hüquqi təklif etməlidir. Belə olan halda birinci instansiya məhkəməsi məhkəmənin “yardım etmək” vəzifəsini yerinə yetirərək, iddiaçıya arzuladığı məqsədə çatmaq üçün düzgün iddia tələbinin irəli sürə biləcəyi barədə hüquqi təklif etməli və yeni iddia tələbi üzrə mümkünlük şərtlərinin araşdırmalı, iddia mümkün sayılacağı halda, işə mahiyyəti üzrə baxmalı idi. Bundan başqa iddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı həyat yoldaşı X6 vəfat etməsi ilə əlaqədar 1 dekabr 2020-ci il tarixdə ailə başçısını itirməyə görə ona təyin edilmiş əmək pensiyası məbləği ilə razı deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi iddiaçının ona ailə başçısını itirməyə görə ödənilmiş əmək pensiyasının məbləği ilə razı olmamasına dair dəlili üzrə araşdırma aparmalı və iddiaçıya ödənilən ailə başçısını itirməyə görə əmək pensiyasının düzgün hesablanıb-hesablanmamasını da müəyyən etməli idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən “məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur”. Hazırki mərhələdə işə baxan birinci instansiya məhkəməsi iddiaçının ailə başçısını itirməyə görə əmək pensiya hüququnun yaranma tarixini müəyyən etməli, həmin tarixdən pensiya təyin edilməsi və fərqin ödənilməsi ilə bağlı iddiaçıya hüquqi təklif etməli və onun ailə başçısını itirməyə görə ödənilmiş əmək pensiyasının məbləği ilə razı olmamasına dair dəlili üzrə araşdırma aparmalı və iddiaçıya ödənilən ailə başçısını itirməyə görə əmək pensiyasının düzgün hesablanıb-hesablanmamasını müəyyən etməlidir. Məhkəmə kolegiyasının mövqeyinə görə işə təkrar baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən dəlillər üzrə müvafiq araşdırma aparmalı, bununla bağlı təqdim olunmuş sənədləri tədqiq etməli, zərurət yaranarsa sorğular verməli və sübutlar tələb etməli və bundan sonra gəldiyi nəticəni əsaslandırmalıdır. Yuxarıda qeyd edilənlərdən çıxış edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna xidmət edən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı birinci instansiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan halları, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2-1(120)-870/2023 saylı qərarı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2-1(120)-870/2023 saylı qərarı ləğv edilsin, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar