Məhkəmə qərarları › İş №2-1(106)-40/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-40/2025

14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-40/2025 14.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı4 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2-1(120)-62/2024 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, X6 mülkiyyətində olan RX seriyalı, ******* nömrəli çıxarışla verilmiş 0.06 ha torpaq sahəsinin A263617 nömrəli planı və ölçüsü sənədinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə X11 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 06 mart 2024-cü il tarixli, 2- 1(120)-62/2024 nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X2 və onun ailə üzvlərinin adına eyni torpaq sahəsi üzrə tərtib edilmiş JN-626F, kod 90801004 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin hüquqi əsası mövcud deyildir. Digər tərəfdən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X8 Saatlı şəhər XDS İcraiyyə Komitəsinin 16 avqust 1985-ci il tarixli, 08 saylı qərarı ilə ayrılmış torpaq sahəsinə xüsusi mülkiyyət hüququnu təsdiq edən xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın verilməsi həmin torpaq sahəsinin X8 qədər yüklülüyünü istisna edən mötəbər sübutdur. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərlə sübut olunur ki, X1 şəhər XDS İcraiyyə Komitəsinin 16 avqust 1985-ci il tarixli, 08 saylı qərarı ilə şəhərin baş planına uyğun olaraq 32 saylı yaşayış kvartalından ona ayrılmış və xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmiş, ölçüləri 20x30 m olmaqla 600 kv həyətyanı torpaq sahəsinə xüsusi mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmiş və bununla əlaqədar cavabdeh inzibati orqan tərəfindən onun adına hazırki iş üzrə mübahisələndirilən xx.xx.2018-ci il tarixli A263617 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib olunması və həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnu təsdiq edən xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın verilməsi zamanı iddiaçıların hüquqlarının pozulması halına yol verilməmişdir. Qərardan iddiaçılar tərəfindən apellyasiya şikayətləri verilmişdir. İşin halları İddiaçılar tələbi onunla əsaslandırmışlar ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə Gülməmmədov Fəzail oğluna, İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 0,12 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamə iki nüsxədən ibarət tərtib edilmiş və 4303 nömrə ilə kitabda qeydə alınmışdır. Şəhadətnamənin bir nüsxəsinin X3, ikinci nüsxəsinin Saatlı rayon şöbəsində saxlanılması JN-626F, KOD 90801004 nömrəli şəhadətnamədə göstərilmişdir. Bundan başqa Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə X8 və onun ailə üzvlərinə 0,09 hektar həyətyanı torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Həmin şəhadətnamə də iki nüsxədən ibarət tərtib edilmiş və XXX nömrə ilə kitabda qeydə alınmışdır. Şəhadətnamənin bir nüsxəsi X7, ikinci nüsxəsi Saatlı rayon şəbəsində saxlanılması JN-638A, KOD 90801004 nömrəli şəhadətnamədə göstərilmişdir. Daha sonra onlara məlum olmayan bir vaxtda Saatlı şəhər XDS İcrayyə Komitəsinin 16 avqust 1985-ci il tarixli, 08 saylı iclas protokoluna əsasən ünvan 1 ünvanda yaşayan X8 şəhərin baş planına uyğun olaraq 32 saylı yaşayış kvartalından, ölçüləri 20x30 m olmaqla 600 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. X11 həmin qərar əsasında Seriya RX ******* nömrəli çıxarış almış və həmin torpaq sahəsinin plan və ölçüsü onların mülkiyyətlərində olan torpaq sahəsinin üstünə vurdurmuşdur. Daha sonra onların cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə qarşı Saatlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 nömrəli qərarı ilə JN-626F (kod ********) nömrəli şəhadətnaməyə əsasən X2, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 birgə mülkiyyətinə verilmiş 0,12 hektar torpaq sahəsində müvafiq mərzçəkmə işlərinin aparılması (naturada yerlərinin, sərhədlərinin müəyyənləşdirilməsi və s.) öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbləri Şirvan İnzibati Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2-1(120)-789/2020 nömrəli qərarı ilə təmin edilmişdir. Daha sonra Şirvan İnzibati Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2-1(120)-789/2020 nömrəli icra sənədi üzrə Saatlı rayon İcra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli, 48396/2021- 69-6-006 nömrəli məktubu ilə onlara bildirilmişdir ki, mərzçəkmə işləri aparılarkən həmin sahə X6 mülkiyyətində 0,06 ha olan torpaq sahəsinin ölçüsü (planı, koordinatları, ölçüləri və sair) ilə üst-üstə düşdüyü bildirilmişdir. Həmin torpaq sahəsi (planı, koordinatları, ölçüləri və sair) onların qanuni mənafelərinə toxunduğu üçün X6 mülkiyyətində olan RX seryalı, ******* nömrəli çıxarışla verilmiş 0.06 ha torpaq sahəsini (planı, koordinatları, ölçüləri və sair) qanunsuz və əsassız hesab edirlər. Cavabdeh imtina aktında konkret hüquqi dəlil göstərməmiş, iddiaya qarşı etiraz təqdim etməmişdir. Apellyasiya şikayətlərinin dəlilləri İddiaçılar apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi işin faktiki halına və təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Prosessual məsələlər İddiaçılar məhkəmə kollegiyasının iclasında ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişlər. Əlavə olaraq bildirmişlər ki, mübahisəli sahədən yaşları az olduğuna görə əvvəllər istifadə etməmişlər, 2013-cü ildən istifadə etmək istəsələr də, üçüncü şəxslə aralarında mübahisə yaranmışdır. Cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclasında apellyasiya şəkayətinin dəlillərini qəbul etməmiş və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Üçüncü şəxs əvvəlki məhkəmə iclasında şikayətin dəlillərini qəbul etməmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -07 fevral 2006-cı il tarixli, JN-626A, kod 90801004 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən, 30 oktyabr 2008-ci il tarixli, qeydiyyat nömrəsi **********55-10301, inventar nömrəsi 475 olan Daşınmaz əmlakın texniki pasportundan, xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan müəyyən olunur ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün X2 və onun ailə üzvlərinin mülkiyyətinə ayrılmış, xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışla rəsmiləşdirilən 0,12 hektar həyətyanı torpaq sahəsi ünvan 2 ünvanında yerləşir. -Saatlı şəhər XDS İcrayyə Komitəsinin 16 avqust 1985-ci il tarixli, 08 saylı qərarı ilə ayrılmış 0,06 ha torpaq sahəsinin planından, xx.xx.2018-ci il tarixdə tərtib edilmiş A 263617 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Saatlı şəhər XDS İcrayyə Komitəsinin 16 avqust 1985-ci il tarixli, 08 saylı qərarı ilə ünvan 1 ünvanında yaşayan X8 şəhərin baş planına uyğun olaraq 32 saylı yaşayış kvartalından, Saatlı şəhəri, X16 küçəsi ünvanında yerləşən, ölçüləri 20x30 m olmaqla 600 kv.m həyətyanı torpaq sahəsı ayrılmış, Azərbaycan Respublikası Əmlak X10 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X6 həmin torpaq sahəsinə xüsusi mülkiyyət hüququ xx.xx.2018-ci il tarixli RX serıyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. -İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-2235/2023 nömrəli məktubunda bildirilir ki, X11 və X2 adları DBF siyahısında mövcudur. X6 adına işlənmiş JN-638A (kod ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” DWG məlumatlarında öz əksini tapmışdır. X2 adına işlənmiş torpaq sahəsi 626F kimi deyil, 626A kimi DWG məlumatlarında qeyd olunmuşdur. -Məhkəmə kollegiyasının müvafiq qərardadı əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 10/4237 nömrəli ekspert rəyində bildirilir ki: -JN-626F saylı KOD 90801004 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X4, İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 ümumi birgə mülkiyyətində olan 0.12 ha torpaq sahəsinə dair tərtib edilmiş Şəhadətnamənin koordinatları və digər texniki göstəriciləri elektron kadastr məlumat bazasında aşkar edilmədiyindən sözügedən torpaq sahəsinin sənəd üzrə koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçıların iddia etdiyi naturada mütəxəssisə göstərdiyi və mütəxəssis tərəfindən onların iştirakı ilə GPS aləti vasitəsi ilə yerdə təsbit edilən (plana alınan) mübahisəli torpaq sahəsinin döngə nöqtə koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. -xx.xx.2018- ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışa və onun əlavəsi olan plan və ölçü sənədinə əsasən X6 mülkiyyətində olan Saatlı şəhəri, M.F. Axundov küçəsində yerləşən 0.06 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və döngə nöqtə koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. -İddiaçıların iddia etdiyi 0.12 ha mübahisəli torpaq sahəsinin koordinat göstəriciləri ilə xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli Çıxarışa və onun əlavəsi olan plan və ölçü sənədinə əsasən X6 mülkiyyətində olan Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 0.06 ha torpaq sahəsinin koordinat göstəriciləri üst-üstə düşür və həmin üstüstə düşən hissə mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. -JN-626F saylı, KOD 90801004 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X4 və digərlərinin ümumi birgə mülkiyyətində olan 0.12 ha torpaq sahəsinə dair ilkin torpaqayırma sənədlərinə əlavə edilmiş ərazinin yerquruluşu sxemi, koordinatları və digər texniki göstəriciləri həmçinin Saatlı şəhər XDS İcraiyyə Komitəsinin 16 avqust 1985-ci il tarixli, 08 saylı qərarı ilə X8 ayrılmış 0.06 ha torpaq sahəsinə dair ilkin torpaqayırma sənədlərinə əlavə edilmiş ərazinin yerquruluşu sxemi koordinatları və digər texniki göstəriciləri elektron kadastr məlumat bazasında aşkar edilmədiyindən sözügedən torpaq sahələrinin üst-üstə düşüb-düşmədiyini müəyyənləşdirmək mümkün olmamışdır. -Saatlı şəhər XDS İcraiyyə Komitəsinin 16 avqust 1985-ci il tarixli, 08 saylı qərarı ilə X8 ayrılmış 0.06 ha torpaq sahəsinə dair ilkin torpaqayırma sənədlərinə əlavə edilmiş ərazinin yerquruluşu sxemi koordinatları və digər texniki göstəriciləri elektron kadastr məlumat bazasında aşkar edilmədiyindən xx.xx.2018-cı il tarixli RX seriyalı ******* nömrəli Çıxarışa və onun əlavəsi olan plan və ölçü sənədinə əsasən X6 mülkiyyətində olan Saatlı şəhəri M.F.Axundov küçəsində yerləşən 0.06 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə üst-üstə düşüb düşmədiyini müəyyən etmək mümkün olmamışdır. -Mütəxəssis rəyinin hazırlanması ləğv edilmiş DTXK-nın arxivində mövcud olan, islahat zamanı Saatlı şəhərinin həyətyanı torpaq sahələrinə dair tərtib edilmiş kompleks yerquruluşu layihəsinə elektron xəritəsinə "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 saylı Fərmanına əsasən Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri bağlı işlənilmiş (tərtib edilmiş) Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUlS-ə). AZCAD-a və digər elektron kadastr məlumat bazalarına istinad edilmişdir. İşin faktiki hallarından və şərh olunan sübutlardan göründüyü kimi, iddiaçılara Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 05 nömrəli qərarı əsasında verilməsi qeyd edilmiş JN-626A və JN-626F nömrəli şəhadətnamələrlə ayrı-ayrılıqda 0.12 ha (cəmi 0.24) həyətyanı torpaq sahəsi verilmişdir. Üçüncü şəxs X8 isə Saatlı şəhər XDS İcraiyyə Komitəsinin 16 avqust 1985-ci il tarixli, 08 saylı qərarı ilə 0.06 ha həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və müvafiq çıxarış və plan ölçü verilmişdir. İddiaçılar həmin plan və ölçü üzrə koordinatların onlara AİK-nın qərarı ilə verilmiş və JN-626F nömrəli şəhadətnamə ilə müəyyən edilmiş torpaq sahəsinə işlənməsini əsas gətirərək, ləğv olunmasını tələb edirlər. Ekspert tərəfindən iddiaçılara AİK-nın qərarı ilə verilmiş torpaq sahəsinin ilkin koordinatlarının müəyyən edilməsi mümkün olmamış, ona görə də onların məhz iddia etdikləri sahə üzrə tədqiqat aparılmaqla, iddia olunan sahənin üçüncü şəxs X6 adına işlənmiş plan və ölçü üzrə koordinatlarla üst-üstə düşməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia olunan torpaq sahəsinin koordinatlarının faktiki olaraq üçüncü şəxsin mülkiyyətində olan sahə ilə üst-üstə düşməsi üçüncü şəxsin adına işlənmiş plan və ölçü sənədinin ləğv edilməsi qənaətinə gəlmək üçün kifayət etmir. Odur ki, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə qiymət verməkdə haqlı olmamışdır. Belə ki, iddiaçıların hazırki iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri üçüncü şəxsin qanuni istifadəsində olan torpaq sahəsinin iddiaçılara verilmiş torpaq sahəsi ilə koordinatlar baxımından üst-üstə düşməsi halının mövcud olmasıdır. Başqa sözlə, hazırki iddianı qaldırmaqda iddiaçıların hüquqi marağı o vaxt olacaqdır ki, üçüncü şəxsin adına verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi üzrə koordinatlar (sərhədləri) iddiaçıların qanuni istifadəsində olan torpaq sahəsinin üzərinə işlənmiş olsun. Yuxarıda qeyd edilən ekspert rəyindən də görünür ki, iddiaçılara verilmiş 0.12 ha torpaq sahəsinə dair tərtib edilmiş JN-626F nömrəli Şəhadətnamənin koordinatları və digər texniki göstəriciləri elektron kadastr məlumat bazasında aşkar edilmədiyindən sözügedən torpaq sahəsinin sənəd üzrə koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası JN-626F nömrəli şəhadətnamənin mötəbərliyinə ayrıca qiymət vermək niyyəti olmadan qeyd edir ki, işdə olan Yerli islahat komissiyası tərəfindən müəyyən edilmiş həyətyanı torpaq payı almaq hüququ olan subyektlərin siyahısında X5 və ailə üzvlərinə 0.12 ha torpaq payı verilməsi müəyyən olunur. Buna baxmayaraq, onlara JN-626A və JN-626F nömrəli şəhadətnamələrlə ayrı-ayrılıqda fərqli ərazilərdə 0.12 ha olmaqla cəmi 0.24 ha torpaq sahəsinin verilməsi, eyni zamanda JN-626F nömrəli şəhadətnamənin DWG məlumatlarında öz əksini tapmaması və texniki göstəricilərinin elektron kadastr məlumat bazasında aşkar edilməməsi, həmçinin iddiaçıların 2013-cü ilədək (15 il ərzində) həmin sahədən istifadə etməmələri bu şəhadətnamə əsasında faktiki olaraq torpaq sahəsinin ayrılıb-ayrılmaması sualını yaradır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iddia mümkünsüz sayılmalıdır. Həmçinin qeyd edilməlidir ki, işin apellyasiya icraatı zamanı ekspertiza təyin edilmiş və ekspert rəyinin verilməsi üçün 50 (əlli) manat məhkəmə xərci yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1 maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məcəllənin qeyd olunan tələbinə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə xərcləri iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2-1(120)-62/2024 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X9, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar