Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-400/2023 27.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Dəmirova Nəcimə Arif qızının, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2-1(120)-635/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 09 avqust 2023-cü il tarixli, 2-1(120)-635/2023 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı Əlibaba oğlunun müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəliyin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, 12 yanvar 1993-cü ildən 24 aprel 1995-ci ilə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək N saylı hərbi hissədə, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək N saylı hərbi hissədə, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək N nömrəli hərbi hissədə gizir qismində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Ordusu sıralarında ermənilərə qarşı döyüşlərdə iştirak etmişdir. Bunu ona məxsus seriya H3 ******* nömrəli hərbi bilet təsdiq edir. O, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi xahişi ilə cavabdehə müraciət etmiş, lakin cavabdehin xx.xx.2022-ci il tarixli, 4/3-6546 nömrəli məktubu ilə onun müraciətindən imtina edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək inzibati iş materiallarının İddiaçı Əlibaba oğlunun “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair iddia tələbinin araşdırılması və mahiyyəti üzrə qərar qəbul edilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasından ibarətdir. Məhkəmənin iddia tələbindən kənara çıxmaqla maddi və prosessual normaların pozulması düzgün olmayan qərarın qəbul olunmasına səbəb olmuşdur. Prosessual məsələlər İddiaçı Əlibaba oğlu məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 4/3-6546 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya daxil olmuş ərizəsinə baxılmışdır. Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli, 4/2-1613 nömrəli arayışına əsasən xidmət keçdiyi N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına və N nömrəli hərbi hissəyə ezamiyyətinin səbəbi məlum olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuş, məhkəməyə müraciət etməsinin məqsədəuyğun olduğu bildirilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4/2-5221 nömrəli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 18 nömrəli əmrilə (əsas: səh 16, əmrdə soyadı Zərbəliyev, atasının adı Əlibala yazılmışdır) ehtiyatda olan sıravi Zərbəliyev Dönməz Əlibala oğluna “gizir” hərbi rütbəsi verilərək şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək xilasedici-paraşutçu vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin xx.xx.1993-cü il tarixli müvafiq sərəncamına əsasən kiçik gizir Zərbəliyev Dönməz Əlibaba oğlu N nömrəli hərbi hissəyə ezamiyyətə göndərildiyinə görə N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 303 nömrəli əmrilə (əsas: §-3, səh-37) xx.xx.1993-cü il tarixdən qazan təminatından çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 36 nömrəli əmrində (əsas: §-4, səh-7, əmrdə adı və atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır) kiçik gizir «RA.3apбалиев»in döyüş əməliyyatları bölgəsindən, N nömrəli hərbi hissədən qayıtmış hesab edilərək qazan təminatına qoyulması barədə məlumat vardır. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1995-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissənin motoatıcı batalyonunun minaatan batareyasının starşinası vəzifəsinə təyin edildiyi üçün kiçik gizir Zərbəliyev Dönməz Əlibaba oğlu N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, 100 nömrəli əmrilə (əsas: səh 20, §7, əmrdə soyadı “Zərbəliyev” yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1995-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissədən gəlmiş kiçik gizir Zərbəliyev Dönməz Əlibaba oğlu N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, 73 nömrəli əmrilə (əsas: səh 175, §7, əmrdə soyadı Zərbəliyev yazılmışdır) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək 2 MAT-ın minaatan batareyasının baş çavuşu vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1995-ci il tarixli müvafiq əmrinə əsasən 5-ci minaatan batareyasının baş çavuşu kiçik gizir Zərbəliyev Dönməz Əlibala oğlu N nömrəli hərbi hissənin kəşfiyyat bölüyünün baş çavuşu vəzifəsinə təyin edildiyi üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli, 2 nömrəli əmrilə (əsas: səh 11, §9, əmrdə soyadı Zərbəliyev, atasının adı Əlibala yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli, 21 nömrəli əmrilə (əsas: səh 65, §12, əmrdə soyadı Zərbəliyev, atasının adı Əlibala, hərbi rütbəsi “baş gizir” yazılmışdır) baş gizir Zərbəliyev Dönməz Əlibaba oğlu şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissənin Artilleriya Divizionunun Artilleriya batareyasının baş çavuşu təyin edilmiş kiçik gizir Zərbəliyev Dönməz Əlibala oğlu N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli, 168 nömrəli əmrilə (əsas: səh 65, §7, əmrdə soyadı Zərbəliyev, atasının adı Əlibala yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissədən gəlmiş kiçik gizir Zərbəliyev Dönməz Əlibaba oğlu N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli, 207 nömrəli əmrilə (əsas: səh 106, § 1, əmrdə soyadı Zərbəliyev yazılmışdır) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək Artileriya Divizionunun Artilleriya batareyasının baş çavuşu vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1998-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissənin Qaubitsalı Artilleriya batareyasının baş çavuşu vəzifəsinə təyin edilmiş Qaubitsalı Artilleriya Divizionun Artilleriya batareyasının baş çavuşu gizir Zərbəliyev Dönməz Əlibaba oğlu N nömrəli hərbi hissə komandirinin xx.xx.1998-ci il tarixli, 371 nömrəli əmrilə (əsas: səh 45, §2, əmrdə soyadı Zərbəliyev yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissədən gəlmiş gizir Zərbəliyev Dönməz Əlibaba oğlu N nömrəli hərbi hissə komandirinin xx.xx.1999-cu il tarixli, 35 nömrəli əmrilə (əsas: səh 26, § 1, əmrdə soyadı Zərbəliyev yazılmışdır) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Müdafiə nazirinin xx.xx.2000-ci il tarixli müvafiq əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “A” bəndinə (törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğu üçün) əsasən həqiqi hərbi xidmətdən ehtiyata tərxis edildiyi üçün İİİ QAB-nın baş çavuşu kiçik gizir Zərbəliyev Dönməz Əlibaba oğlu N nömrəli hərbi hissə komandirinin xx.xx.2000-ci il tarixli, 147 nömrəli əmrilə (əsas: səh 70, §2, əmrdə soyadı Zərbəliyev yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq sənədləri qeydiyyat üçün Kürdəmir rayon hərbi komissarlığına göndərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli, 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır (maddə 61.1). Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir (61.2). İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır (maddə 61.3). İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur (maddə 61.4). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddələrinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə (maddə 73.3.1); inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə (maddə 73.3.2); inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda (maddə 73.3.3). İşin faktiki hallarından görünür ki, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin xidmət keçdiyi N nömrəli hərbi hissənin Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına və N nömrəli hərbi hissəyə ezamiyyətin səbəbi məlum olmadığına görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin xx.xx.2022-ci il tarixli, 4/3-6546 nömrəli məktubu ilə Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli, 4/2-1613 nömrəli arayışına əsasən iddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissənin Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına və N nömrəli hərbi hissəyə ezamiyyətinin səbəbi məlum olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-5221 nömrəli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1993-cü il tarixli müvafiq sərəncamına əsasən kiçik gizir Zərbəliyev Dönməz Əlibaba oğlu N nömrəli hərbi hissəyə ezamiyyətə göndərildiyinə görə N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 303 nömrəli əmrilə xx.xx.1993-cü il tarixdən qazan təminatından çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 36 nömrəli əmrində kiçik gizir «RA.3apбалиев»in döyüş əməliyyatları bölgəsindən, N nömrəli hərbi hissədən qayıtmış hesab edilərək qazan təminatına qoyulması barədə məlumat vardır. Bundan başqa məhkəmə iclasında iddiaçının N nömrəli hərbi hissəyə ezamiyyətinin səbəbi ilə bağlı məhkəmənin suallarına cavab olaraq iddiaçı 1993-cü ilin noyabr ayında döyüş əməliyyatlarında iştirak etmək üçün N nömrəli hərbi hissəyə ezam olunduğunu, 1994-cü ilin fevral ayının ortalarınadək Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etdiyini, sonradan yenidən xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə qaytarıldığını bildirmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqanın təqdim etdiyi məlumatlarla iddiaçının təqdim etdiyi məlumatlar arasında ziddiyyətlər vardır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmadan iddiaçının müraciətinə formal əsaslarla cavab vermişdir. Belə ki, cavabdeh inzibati orqan zəruri araşdırma aparmadan, işin faktiki hallarını müəyyən etmədən, sübutları aydınlaşdırmadan, əlaqəli sübutları və məlumatları əldə etmədən imtina cavabı vermişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ümumi şəkildə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarından narazı olduğunu bildirmiş, lakin apellyasiya şikayətinin dəlilləri ilə bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2-1(120)-635/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-400/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-400/2023
27.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver