Məhkəmə qərarları › İş №2-1(106)-402/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-402/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-402/2025 25.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Pərviz Vaqif oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2-1(120)-856/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı «Azərbaycan Respublikasının Xüsusi X1 xidməti qulluqda olduğu 1993-cü ilin noyabr ayından 1994-cü ilin may ayınadək aldığı maaş barədə arayış verilməsi» barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Xüsusi X1 xidməti qulluqda olduğu 1993-cü ilin noyabr ayından 1994-cü ilin may ayınadək aldığı maaş barədə arayış verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 04 mart 2025-ci il tarixli, 2- 1(120)-856/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının həqiqətən də, Azərbaycan Respublikasının Xüsusi X1 polis nəfəri vəzifəsində 1993-cü ilin noyabr ayından 1994-cü ilin may ayınadək xidmət etməsi barədə məlumat əldə edilmişdir. Lakin cavabdeh orqan İddiaçı Azərbaycan Respublikasının Xüsusi X1 polis nəfəri vəzifəsində işlədiyi halda, məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə DİN-in X2 Alayının polis nəfərinin vəzifə maaşının əsas götürülərək “Məlumat Vərəqi” tərtib edilərək DSMF-yə göndərilməsini əsaslandıran hər hansı sübut və ya dəlil təqdim edə bilməmişdir. İnzibati orqan kimi cavabdeh qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə, digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa, iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1991-ci ilin noyabr ayından Daxili İşlər Nazirliyinin Xüsusi X1 polis nəfəri vəzifəsində xidməti qulluğa başlamışdır, xx.xx.1994-cü il tarixdən döyüş şəraitində yaralanmağı ilə əlaqədar DİN-nin XTPD-də xidməti qulluqdan azad edilmişdir. Xidmətdən azad edilərkən xidmət müddəti təqvim hesablama ilə 02 il 06 ay 14 gün , imtiyazlı hesablama ilə 03 il 25 gün təşkil edilmişdir. O, Daxili İşlər Nazirliyinə rəsmi qaydada müraciət ünvanlayaraq Daxili İşlər Nazirliyinin Xüsusi X1 Xidmət etdiyi (1991-xx.xx.1994) dövr ərzində ona verilən aylıq maaş barədə arayış verilməsini xahiş etmişdir. Lakin DİN-nin Maliyyə-Plan idarəsi tələbinə aid olmayan cavabla onun qarşısına süni maniə qoyur, işlədiyi illərdə aldığı maaş barədə ona arayış vermir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. İddiaçının məhkəməyə müraciət etməkdə əsas məqsədi DİO-da xidmətdə olduğu 1991-1994-cü illərdə aldığı maaşla bağlı arayışın alınmasıdır. O, düşünür ki, pensiya hesablanarkən müvafiq arayış olduğu təqdirdə əmək pensiyası yenidən hesablanacaq və onun pensiyasının məbləğində artım olacaq. Məhkəmə nəzərə almalıdır ki, iddiaçıya əmək pensiyası təyin olunması, “Məlumat vərəqinə” əsasən son tutduğu vəzifə maaşına uygun olaraq hesablanıb müvafiq quruma göndərilir. Belə olan halda, iddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə İddiaçı DİN-in X2 Alayının polis nəfərinin vəzifə maaşı əsas götürülərək “Məlumat Vərəqi” tərtib edilərək DSMF-yə göndərilmişdir, vəzifə maaşına uyğun olaraq 642 manat, rütbə maaşı 92 manat, ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64 manat olmaqla cəmi 798 manat aylıq pul təminatından 3-cü dərəcə əlilliyə görə 55 faiz hesabı ilə və xx.xx.2022-ci il tarixədək əmək pensiyası təyin olunmuş əmək pensiyaçılarına pensiya məbləğinin 10 faizi məbləğində əlavə maddi yardım nəzərə alınmaqla 482.79 manat təşkil edir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının əsas hüquqi marağı ona arayışın Xüsusi Təyinatlı Polis Dəstəsinin polis nəfərinin vəzifə maaşına uyğun tərtib edilərək təqdim edilməsidir. (Bununla da, iddiaçının marağı ona təyin olunan pensiyanın məbləğində artıma nail olmaqdır.) Lakin, iddiaçının iddiası məhkəmə tərəfindən araşdırılarkən DİN-nin XTPD-nin 1993-cü ildə ləğv edilərək DİN-nin ƏÇPA-nın yaradılması və hər iki qurumun eyni statusa malik olduğu üçün müvafiq vəzifələr üzrə maaşlarının eyni olması nəzərə alınmamışdır. Bu nəticə ilə, məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(120)-856/2025 nömrəli qərarı icra olunsa da, iddiaçının pensiya məbləğində hər hansı dəyişiklik yaranmır. Məhkəmə araşdırması zamanı iddiaçının əsas hüquqi marağının təmin edilməsi istiqamətində prosessual hərəkətlər edərək onun pensiya məbləğindəki fərqin yaranmasının əsas səbəbi müəyyən edilməli və ona hüquqi yardım göstərilməli idi. Prosessual məsələlər Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili apellyasiya şikayətini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçının tələb etdiyi arayış ona təqdim edilmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini bildirmiş və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 3-13-27/2-H-37929/1/2023 nömrəli məktubunda göstərilmişdir ki, DİN-in keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin polis nəfəri vəzifəsindən sıravi rütbəsi ilə “öz arzusu ilə” xx.xx.1994-cü il tarixindən DİO-da xidmətdən xaric olunmuşdur. Xidmətdən tərxis olunarkən xidmət müddətinin təqvimi hesablama ilə 2 il, 6 ay, 14 gün, imtiyazlı hesablama ilə 3 il, 25 gün təşkil etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının arayışına əsasən, DİN-in Maliyyə-Plan İdarəsi tərəfindən “Məlumat Vərəqi” tərtib edilərək həmin Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının müayinə barədə məlumatına əsasən, xx.xx.2016-cı ildə 2-ci dərəcə əlillik verilmiş və xx.xx.2021-ci ildə əlillik müddəti bitmişdir. Filialdan aldığı şifahi məlumata əsasən 2019-cu il noyabr ayından 2021-ci may ayının sonuna qədər pensiya təminatı 1167.20 manat olmuşdur. xx.xx.2021-ci ildən 3-cü dərəcə müddətsiz əlillik verilmişdir. Filialdan aldığı şifahi məlumata əsasən pensiya təminatı hazırda (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar) 3-cü dərəcə əlilliyə görə 55 faiz hesabı ilə vəzifə maaşı - 642.0 manat, rütbə maaşı - 92.0 manat, ərzaq payı əvəzinə verilən pul kompensasiyası-64.0 manat olmaqla cəmi 798 manat aylıq pul təminatından (xx.xx.2022-ci il tarixinədək əmək pensiyası təyin olunmuş əmək pensiyaçılarına pensiya məbləğinin 10 faizi məbləğində əlavə maddi yardım və xx.xx.2023-cü il tarixindən tətbiq edilmiş əmək pensiyasının sosial hissəsinin 14,7 faizi artım nəzərə alınmaqla) 553.76 manat təşkil edir. DİN-in keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin polis nəfərlərinin vəzifə maaşları DİN-in X2 Alayının sıravi və kiçik rəis heyətinin vəzifə maaşlarına bərabər tutulur. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin xx.xx.2023cü il tarixli məktubuna DİN-in keçmiş XTPD-nin sabiq əməkdaşı İddiaçı 1994-cü ilədək almış olduğu əmək haqqı barədə arayış əlavə edilmişdir. -Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-154024/2024 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası keçmiş Biləsuvar rayon müavinət və təqaüd təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2014-ci il tarixli 312 nömrəli qərarına əsasən İddiaçı xx.xx.2014-cü il tarixindən İİ qrup “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin edilmişdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsistemində olan məlumata əsasən xx.xx.2021-ci il tarixindən adıçəkilən şəxsin əlillik dərəcəsi dəyişdiyi üçün sözügedən təqaüd İİİ dərəcə əlilliyə görə “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” ilə əvəz edilmişdir və ödənişi hazırki tarixədək davam etdirilir. Həmçinin İddiaçı əmək pensiyası ilə bağlı məlumatın verilməsi Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aid olduğundan sorğu həmin hissədə aidiyyəti üzrə göndərilmişdir. -Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-159537/2024 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş 6 sentyabr 2013-cü il tarixli 009 nömrəli məlumat vərəqinə əsasən Mərkəzi Filial tərəfindən 1 oktyabr 2013-cü il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinin 1 iyul 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilib. Əlavə olaraq, adıçəkilən şəxsin pensiya işinə dair sənədlərinin təsdiq edilmiş surətlərini təqdim etmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı əvvəllər Xüsusi X1 xidmət etmiş, sonradan həmin qurum ləğv edilərək onun bazasında X4 yaradılmışdır. İddiaçının həmin dövrdə X3 işləməsi və əmək haqqı aldığı barədə məlumat vərəqi aidiyyəti üzrə müvafiq orqana təqdim edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək onun Xüsusi X1 işləyərkən aldığı əmək haqqı barədə arayışın verilməsini tələb edir. Lakin qeyd olunan arayışın verilməsi heç bir hüquqi nəticə doğurmur. İddiaçı hesab edir ki, həmin arayışın verilməsi ilə əmək pensiyasının məbləğində artıma nail olacaqdır. Halbuki nəzərə alınmalıdır ki, hər iki qurum eyni statusa malikdir və bu səbəbdən müvafiq vəzifələr üzrə maaşları uyğunlaşdırılmışdır. Bu baxımdan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının həmin arayışın verilməsində hüquqi marağı yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə işin faktiki halları və təqdim edilmiş sübutlarla uzlaşmır. Belə ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmadan, bununla da iddiaçının hazırki iddianı qaldırmaqla bağlı hüquqi marağının olmamasına qiymət vermədən düzgün olmayan nəticəyə gəlmişdir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İşin faktiki hallarına və yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hazırki mübahisə üzrə iddiaçının konkret hüquqi marağınının olmaması və tələbin hərhansı hüquqi nəticələrə səbəb olmayacağı əsası ilə iddianı mümkünsüz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3 maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Qeyd olunanlara əsasən, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkünsüz sayılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2-1(120)-856/2025 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikasının Xüsusi X1 xidməti qulluqda olduğu 1993-cü ilin noyabr ayından 1994-cü ilin may ayınadək aldığı maaş barədə arayış verilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar