Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-403/2025 13.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2-1(120)-398/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2016-cı il tarixdə təkrar təyin olunan 2-ci dərəcə əlilliyin “Əlillik altsistemi”ndə müddətli təyin olunmasını qanunsuz hesab edərək, həmin tarixdən əlilliyin müddətsiz hesab edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməyə müraciət edərək, ona xx.xx.2016-cı il tarixdə təkrar təyin olunan 2-ci dərəcə əlilliyin “Əlillik altsistemi”ndə müddətli təyin olunmasını qanunsuz hesab edərək, həmin tarixdən əlilliyin müddətsiz hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 12 mart 2025-ci il tarixli, 2-1(120)- 398/2025 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əsasən iddiaçının hal-hazırda qüvvədə olan əlilliyinin olmadığı müəyyən edilir. Belə ki, iddiaçı xx.xx.2016-cı il tarixdə təkrar təyin olunan 2-ci dərəcə əlilliyin “Əlillik altsistemi”ndə müddətli təyin olunmasını müddətsiz təyin edilməsi kimi qeyd edilməsini xahiş edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdə təyin edilən ikinci dərəcə əlillik 5 il müddətə təyin edilmiş və xx.xx.2021-ci il tarixdə müddəti başa çatmışdır. Qeyd edilən dövr ərzində, yəni xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixə kimi iddiaçı tərəfindən inzibati orqan tərəfindən qəbul edilən aktın və ya nəticə hissəsinin mübahisələndirilmədiyi müəyyən edilir. Belə olan halda, cavabdeh inzibati orqan tərəfindən iddiaçının əlilliyinin qiymətləndirilməsi və ya qərara dəyişiklik edilməsi mümkün sayıla bilməz. Həmçinin iddiaçı hüquqi marağı üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2006-cı il tarixdən etibarən 2-ci dərəcə əlil kimi əmək pensiyası almağa başlamış, amma xx.xx.2021-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra “Agentlik”) tərəfindən onun əllilik dərəcəsi əsassız olaraq ləğv edilmiş və pensiyasının ödənilməsi dayandırılmışdır. Əlil kimi dövlətdən aldığı dəstək və onun yeganə gəlir mənbəyi həmin 259 manat olan əmək pensiyasıdır. Pensiyanın olmaması onun maliyyə vəziyyətini pislədirib, müalicələrini davam etdirməyini mümkünsüz edir, nəticədə səhhətinin ağırlaşmasına gətirib çıxarır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçının inzibati orqana müraciətindən xx.xx.2022-ci ildə imtina edilmiş və iddiaçı xx.xx.2023-cü ildə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçının 1 il 5 aylıq iddia müddətini ötürməsi səbəbilə iddia mümkünsüz hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılaraq mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, cavabdeh inzibati icraat haqqında qanunvericiliyin tələbini pozaraq iddiaçıya xx.xx.2016-cı il tarixdə müəyyən edilmiş əlilliyin təyini barədə qərarı təqdim etmədiyindən iddiaçı bu barədə məlumatlı olmamış və elə buna görə də müvafiq qərarı mübahisələndirmə imkanı olmamışdır. xx.xx.2016-cı ildə verilmiş qərar ona təqdim edilmədiyindən o, əlilliyin 5 illik müddətə təyin edilməsindən xəbərsiz qalmış və qərar təqdim edilmədiyindən iddia müddətinin axımı da başlamamışdır. Prosessual məsələlər Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırki iddianının mahiyyətindən görünür ki, iddiaçı ona əlillik təyin edilməsi barədə xx.xx.2016-cı il tarixli qərardan qismən, yəni əlilliyin müddəti baxımından narazıdır və sözügedən qərarın həmin hissədə dəyişdirilməsi niyyətindədir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya sonuncu dəfə əlillik 5 il müddətinə olmaqla xx.xx.2016-cı il tarixdə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə həmin müddət başa çatmış, iddiaçı isə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı həmin qərardan şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddəti ötürdüyündən onun həmin inzibati akta qarşı hüquqi müdafiə imkanı aradan qalxmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2-1(120)-398/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-403/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-403/2025
13.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver