Məhkəmə qərarları › İş №2-1(106)-405/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-405/2023

01.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-405/2023 01.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Dəmirova Nəcimə Arif qızının, iddiaçının nümayəndəsi Kərimov Timur Yusif oğlunun, Cavabdeh iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2-1(120)-771/2023 nömrəli qərarından iddiaçı Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının Cavabdeh qarşı artıq ödənilmiş pensiya məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək artıq ödənilmiş 7216,4 manat pensiya məbləğinin cavabdehdən tutularaq iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) xx.xx.2023-cü il tarixli, 2- 1(120)-771/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Qərardan iddiaçı Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 31 yanvar 2018-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərinizə çatdırırıq ki, cavabdehə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Araşdırma zamanı Cavabdeh 9 noyabr 1979-cu il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlara əsasən xx.xx.1982xx.xx.1985-ci il tarixləri arasındakı dövr ərzində Saatlı dəmir yolunda operator köməkçisi, xx.xx.1985-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin “Rels-5” cihazında defektskop və xx.xx.1987-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində isə Saatlı İctimai İaşə Müəssisəsində xörəkpaylayan vəzifələrində işlədiyi müəyyən olunmuşdur. Yuxarıda qeyd olunan dövrlərdə onun əmək fəaliyyəti ilə məşğul olduğu vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən Cavabdeh güzəştli iş stajı 12 il 6 aydan az (10 il 7 ay 2 gün) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq cavabdehə xx.xx.2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Qeyd olunanlara əsasən cavabdehə xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 7216,40 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarılması vətəndaş Cavabdeh təklif edilmişdir. Bununla əlaqədar olaraq xx.xx.2021-ci il tarixli **********3 nömrəli məktub göndərilmişdir. Həmçinin cavabdehə pul vəsaitin ödənilmədiyi halda artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı iddia ərizəsindəki dəlillərə istinad edərək birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində iddiaçı birinci instansiya məhkəməsinin qərarı ilə razı olmadığını bildirmiş və həmin qərarın ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Prosessual məsələlər İddiaçı Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının nümayəndəsi Kərimov Timur Yusif oğlu məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2018-ci il tarixli, 231 nömrəli qərarından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdən 176,57 manat yaşa görə pensiya təyin edilmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının direktorunun xx.xx.2021-ci il tarixli **********7 nömrəli, pensiya ödənişinin dayandırılması haqqında məktubunda qeyd edilmişdir ki, vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən araşdırılmışdır. Araşdırma zamanı 9 noyabr 1979-cu il tarixli ИT-İ ******* nömrəli əmək kitabçanızda qeyd olunan məlumatlara əsasən xx.xx.1982-xx.xx.1985-ci il tarixləri arasındakı dövr ərzində Saatlı dəmir yolunda operator köməkçisi, xx.xx.1985-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin “Rels-5” cihazında defektskop və xx.xx.1987-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində isə Saatlı İctimai İaşə Müəssisəsində xörəkpaylayan vəzifələrində işlədiyiniz müəyyən olunmuşdur. Yuxarıda qeyd olunan dövrlərdə əmək fəaliyyəti ilə məşğul olduğunuz vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (10 il 7 ay 2 gün) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq sizə xx.xx.2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən sizə xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 7216,40 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq sizə artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekivizitləri əlavə olunur) qaytarmağınızı xahiş edirik. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəkdir. Əlavə olaraq bildiririk ki, yuxarıda qeyd edilənlərlə bağlı tərəfimizdən 1 aprel 2021-ci il tarixli **********3 nömrəli məktubla sizə məlumat verilmişdir. İşdə olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2074/2022 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı pensiya təminatının bərpa olunması öhdəliyi barədə iddiasının təmin edilməsi qərara alınmışdır. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-1847/2022 nömrəli qərarından görünür ki, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2-1(112)-2074/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1899/2022 nömrəli qərarından görünür ki, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2022-ci il tarixli, 2-1(103)-1847/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17- 1/3-3-10135/2023 nömrəli qərarından görünür ki, Cavabdeh əmək pensiyası yenidən hesablanmış və xx.xx.2023-cü il tarixdən 327,21 manat pensiya məbləği ömürlük təyin edilmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ş-188838/2023 nömrəli inzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi haqqında məktubunda qeyd edilmişdir ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar, sizə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun araşdırılması ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1.2-ci maddəsinə əsasən barənizdə inzibati icraat başlanmışdır. Həmin inzibati icraatın gedişində pensiya hüququnuza yenidən baxılması zamanı sizin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnuzun olmadığı müəyyən edilib. Belə ki, vaxtilə sizə pensiya təyin edilərkən təqdim olunmuş sənədlərə əsasən işlədiyiniz peşələr qanunvericiliklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasıı hüququ verən istehsalatlara, peşələrə, vəzifələrə və göstəricilərə aid olmayıb. Göstərilən uyğunsuzluğa baxmayaraq, sizə xx.xx.2018-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Eyni zamanda bildiririk ki, mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Fondun idarə Heyətinin qərarlarını, Fondun idarə Heyətinin sədrinin sərəncam və əmrlərini rəhbər tutur. "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin elməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Qeyd olunanları nəzərə alaraq, “inzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, pensiya hüququnuza yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinizin dinlənilməsi üçün 28 avqust 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməyiniz xahiş olunur. Göstərilən müddət ərzində mülahizələrinizin təqdim edilməməsi barənizdə müvafiq inzibati aktın qəbul edilməsini istisna etmir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının “Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının Cavabdeh əmək pensiyası təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-18297/2023 nömrəli qərarından görünür ki, Cavabdeh əmək pensiyası təyin edilməsi haqqında qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2, 67.1 və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilməsi, adıçəkilən şəxsə əmək pensiyası ödənişinin dayandırılması və ona artıq ödənilmiş pensiya məbləğinin müəyyən edilməsi qərara alınmışdır. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının əmək pensiyasının dayandırılması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3- 18298/2023 nömrəli qərarından görünür ki, Cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: əmək pensiyaçısı vəfat etdikdə; əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Həmin Qanunun 38-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. İşəgötürən əmək pensiyaçısını işə qəbul edərkən bu barədə 5 gün ərzində əmək pensiyasını təyin edən orqana məlumat verməlidir. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddiaçıya hüquqi yardım göstərmədən qərar qəbul etmişdir. Lakin iddiaçı inzibati orqan cavabdehə əmək pensiyasının təyin edilməsi barədə qərarının ləğv edilməsi barədə qərar qəbul etmişdir. İddiaçının bu qərarı hazırkı iş üzrə vəziyyəti dəyişdirir və iddia tələbinin dəqiqləşdirilməsinin zəruriliyi meydana çıxır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Lakin birinci instansiya məhkəməsi iddiaçıya bu istiqamətdə hüquqi yardım göstərmədən qərar qəbul etmişdir. Həmçinin sonradan iddiaçı inzibati orqan cavabdehə əmək pensiyasının təyin edilməsi barədə qərarının ləğv edilməsi barədə qərar qəbul etmişdir. Bu qərara və bu qərarla əlaqədar inzibati orqanın apardığı icraata qiymət vermədən hazırkı iş üzrə məhkəmənin qərar qəbul etməsi gələcəkdə məhkəmədə yeni iddiaların verilməsinə və baxılmasına səbəb olacaqdır. Həmçinin cavabdehin iddiaçı inzibati orqanın qəbul etdiyi əmək pensiyasının təyin edilməsinə dair qərarın ləğv edilməsi barədə qərarını mübahisələndirmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxarkən birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddiaçının tələbini və tələbinin əsaslarını aydınlaşdırmalı, iddia tələbinin dəqiqləşdirilməsi ilə əlaqədar iddiaçıya hüquqi yardım göstərməlidir. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işə baxarkən və qərar qəbul edərkən birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, bununla da, ciddi prosessual pozuntuya yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə icraatının davam etdirilməsinə zərurət vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2-1(120)-771/2023 nömrəli qərarı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2-1(120)-771/2023 nömrəli qərarı ləğv edilsin, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar