Məhkəmə qərarları › İş №2-1(106)-408/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-408/2023

07.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-408/2023 07.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi vəkil X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “səbəbli əlaqənin dəyişdirilməsi” tələbinə dair qəbul edilmiş inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2-1(120)-642/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “səbəbli əlaqənin dəyişdirilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “səbəbli əlaqənin dəyişdirilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1974-cü il təvəllüdlü, İİ qrup Qarabağ Müharibəsinin əlili SHXÇDX-nin Lerik şəhəri şöbəsi tərəfindən 1991-ci il tarixdə Azərbaycan Respublikasımı ərazi bütövlüyü uğranda gedən döyüş əməliyyatlarında iştirak etmək üçün təkrar hərbi xidmətə çağırılmışdır. Döyüş zonasında döyüşlərdə iştirak edərkən 1991-1992-ci illərdə yaralanmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 761 saylı, 20.042017-ci il tarixli diaqnoz” Ağrı sindromu ilə müşayiət olunan sol diz oynağının postravmatik və sol dirsək sümüyünün köhnə oynaqdaxili bitmiş sınığı nəticəsində dirsək oynağının İİ mərhələdə olan deformasiyaedici osteoartrozu Sağ əlin İİİ daraq sümüyünün diafızinin köhnə bitmiş sınığı (Azərbaycan Respublikası SHXÇDX- nin Lerik şəhər İdarəsinin xx.xx.2017-ci il tarixli 21 nömrəli göndərişi, O xx.xx.2017-ci il tarixli 22 nömrəli arayışı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli k/452 nömrəli canlı şəxsin Məhkəmə-Tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadələri, MN MHHK-nin həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilmişdir) “Hərbi Travmadır Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” öz təsdiqini tapmışdır. Lakin Cavabdeh xx.xx.2018-ci il tarixli Qərarının ikinci hissəsində hərbi xidmət dövründə xəstələndiyi, xx.xx.2000-ci ildə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalın terapiya profili hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin edilmiş xəstəlik “Sola ağciyərin ocaqlı vərəmi sorulma və bərkimə"' mərhələsində KB(-) mənfi şəkərli diabet İİ, orta ağır gedişli kompensə mərhələsində (xx.xx.2000-ci il tarixli 1584 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə təsdiq edilərək” Xəstəlikdir, Hərbi Xidmət Dövründə Alınmışdır" qərarı verilmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixli Qərarının əsasında “hərbi xidmət dövrü ilə əlaqədar” İİ qrup əlillik təyin edilmişdir. Halbuki ona “Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar” İİ qrup əlillik təyin edilməli idi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Reabiltasiya Xidmətinin Tibb Sosial Ekspert Komissiyasına ona təyin edilmiş İİ qrup əlilliyin “hərbi xidmət dövrü ilə əlaqədar” deyil, “Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar” əlillik təyin edilməsi üçün ərizə ilə müraciət etmişdir. Lakin, Tibb-Sosial Ekspert Komissiyası tərəfindən imtina edilib, səbəb isə göstərilmişdir əlavə müalicəyə ehtiyacın olması ətraflı xəstənin əlavə ixtisaslaşmış stasionar müayinə və müalicəyə ehtiyacı olduğu qeyd edilmişdir. Cavabdeh 4.08.2018-ci il tarixli 1323 №-li Qərarında İİ qrup əlillik “Hərbi Travmadır Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” öz təsdiqini tapmışdır. O, Azərbaycan Respublikasınən ərazi bütövlüyü uğranda gedən döyüş əməliyyatlarında iştirak edən zaman yaralanaraq əlil olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Reabiltasiya Xidmətinin Tibb-Sosial Ekspert Komissiyasının bu imtina cavabı Azərbaycan Respublikasımı ərazi bütövlüyü uğranda gəncliyini sağlamlığını itirən bir hərbi qulluqçuya böyük haqsızlıqdır. Şirvan İnzibati Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2-1(120)-642/2023 saylı qərardadı ilə (hakim Hilal Nəcəfov) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək iş üzrə qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2-1(120)-642/2023 saylı qərardadının ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılaraq təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlliləri: İddiaçı apellyasiya şikayətini iddia tələbi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin müddətlə bağlı bildirdiklərinin heç bir hüquqi əsası yoxdur. Məhkəmə iddiaçının hazırda yeni əsaslarla və əldə olunmuş yeni faktlarla məhkəməyə müraciət etməsini, tələbin iddiaçının sağlamlığı ilə əlaqədar olmasını nəzərə almamışdır. İddiaçının əlilliyi hazırda mübahisə predmeti deyildir. Mübahisə əlilliyin səbəbli əlaqəsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və əsassız, qanunsuz qərardad qəbul etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 sentyabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçı nümayəndəsi vəkil X7 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun eyni məzmunlu izahat verərək, Şirvan İnzibati Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2-1(120)-642/2023 saylı qərardadının ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılaraq iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun Maddə 1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 62.1. inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.1. inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 73.1. qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Maddə 73.3. inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 24.1. bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim(elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 78. Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını, proses iştirakçısının verdiyi izahatı araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir: Belə ki, işin faktiki hallarına görə İddiaçı hazırki iddianı qaldırmaqda hüquqi marağı özünün konstitusiyanın quruluşunun bərpasında iştirak edərkən yaralanması faktının müəyyən edilməsi və bu əsasla Cavabdeh xx.xx.2017-ci il tarixli, 761 saylı qərarında dəyişiklik edilərək travmanın səbəb əlaqəsini “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd edilməsi olmuşdur. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-cı ıl tarixli, 2-1(81)-1660/2017 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı xəstəlik haqqında şəhadətnamədə dəyişikliyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia təmin edilərək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən İddiaçı barəsində tərtib edilmiş 09 aprel 2008-ci il tarixli, 755 saylı xəstəlik haqqında şəhadətnamənin “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” hissəsində dəyişiklik edilərək, "HƏRBİ TRAVMADİR. HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR" kimi qeyd edilməsi vəzifəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulması qərara alınmışdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(81)- 1660/2017 nömrəli məktubundan görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-cı ıl tarixli, 2-1(81)-1660/2017 nömrəli qərarından apellyasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəsini aldığından xx.xx.2017-ci il tarixli məktubla icra edilməsi üçün cavabdehə göndərilmişdir. Həmçinin, həmin qərar cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən icra olunmuş və bu barədə xx.xx.2017-ci il tarixli, 2060 saylı məktubla məhkəməyə məlumat verilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2017-ci il tarixli, 761 saylı qərarından görünür ki, İddiaçı hərbi xidmət keçərkən hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı və xx.xx.2008-ci ildə N saylı hərbi hissənin hospital hərbi həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilməsi zamanı təyin edilmiş travmanın nəticələri-diaqnoz” Ağrı sindromu ilə müşayiət olunan sol diz oynağının postravmatik və sol dirsək sümüyünün köhnə oynaqdaxili bitmiş sınığı nəticəsində dirsək oynağının İİ mərhələdə olan deformasiyaedici osteoartrozu. Sağ əlin İİİ daraq sümüyünün diafızinin köhnə bitmiş sınığı (Azərbaycan Respublikası SHXÇDX-nin Lerik rayon şöbəsinin xx.xx.2017-ci il tarixli 21 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 22 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.2008-ci il tarixli, 755 nömrəli xəstəlik haqqında şəhadətnamə, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2017-cı il tarixli, 2-1(81)-1660/2017 nömrəli qərarı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilmişdir) “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR". İş materiallarında olan İddiaçı Cavabdehna ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsində qeyd olunur: “Sonradan 2017-ci ildə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə sənədləri təqdim etmişdir. Məhkəmə təsdiq etdi ki, o xidməti vəzifələrini yerinə yetirərkən xəsarət almışdır. Lakin, məhkəmə verdiyi qərarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş, Hərbi Həkim Ekspertizası haqqında əsasnamənin 7.2-ci maddəsinə əsasən hərbi həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəbli əlaqəsi haqqında çıxartdığı qərarın “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” bəndin qərarın əvvəlki səhifələrində göstərsə də qərarda göstərməyib. Baxmayaraq ki, travmaya aid sənədləri təqdim etmişdir”. (iş vərəqi 40) İddiaçı müraciəti ərizəsində travmaya aid sənədlərin məhkəməyə təqdim etməsinə və Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-1660 saylı qərarının əvvəlki səhvələrində göstərilməsinə baxmayaraq həmin qərarın nəticə hissəsində göstərilməyən onun xeyrinə olan məqamların nəzərə alınmaqla yenidən şəhadətnamənin tərib edilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2021-ci il tarixli, 740 saylı məktubun məzmunundan görünür ki, İddiaçı Cavabdehna ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsi araşdırılmış və ona bildirilmişdir ki, hərbi xidmət dövründə aldığı xəstəlik və travma ilə əlaqədar 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-1660 saylı qərarı əssasında Cavabdeh tərəfindən 20.04.201-ci il tarixli, 761 nömrəli qərar verilmişdir. Verilmiş həmin qərar düzgündür, dəyişdirilməsi üçün əsas yoxdur. (iş vərəqi 39) İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7260/2021 nömrəli 02 noyabr 2021-ci il tarixli qərardadından görünür ki, hazırki tələblə bağlı iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və onun iddiası hazırda dəyişdirilməsini istədiyi Cavabdeh xx.xx.2017-ci il tarixli, 761 nömrəli qərarı qanuni qüvvədə olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-1660 saylı qərarının icrası ilə bağlı qəbul edildiyindən qeyri mümkün hesab edilmişdir. Məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilən sənədlərdən müəyyən edilir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-cı il tarixli, 2-1(81)-1660/2017 nömrəli qərarı ilə iddiaçının iddiası təmin olunmuş və həmin qərar qanuni qüvvəsini alması səbəbindən cavabdeh MN MHHK-sı tərəfindən xx.xx.2017-ci il tarixdə icra olunmuş və İddiaçı xx.xx.2017-cı il tarixli 761 nömrəli qərar verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarının yekun hissəsində MN MHHK-nın üzərinə xx.xx.2008-ci il tarixli 755 saylı xəstəlik haqqında şəhadətnamədə TRAVMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” səbəb əlaqəsinin dəyişdirilərək HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR" kımı yazılması öhdəliyi qoyulmuşdur. Daha sonra iddiaçı qeyd edilən qərarla razılaşmayaraq yenidən cavabdehə müraciət etmişdir. Yəni, iş materiallarında olan iddiaçının cavabdeh inzibati orqana təqdim etdiyi xx.xx.2021-ci il tarixli ərizəsinin məzmunundan müəyyən edilir ki, iddiaçı onun iddiası üzrə qəbul edilmiş Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2017-cı il tarixli, 2-1(81)-1660/2017 nömrəli qərarının nəticə hissəsi ilə razı olmadığını və həmin işə baxılan zaman təqdim etdiyi sənədlər əsasında qərarda göstərilməyən məqamlar üzrə yeni şəhadətnamənin tərtib edilməsini xahiş etmişdir (iş vərəqi 40). Lakin, cavabdeh inzibati orqan tərəfindən idiaçının müraciəti təmin olunmamışdır. Buna görə iddiaçı yenidən Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2-1(112)-7260/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiası mümkün sayılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbinin əsasında qanuni qüvvəyə minmiş məhkəmə qərarı çıxış edir. Yəni, hazırda irəli sürülən iddia tələbi ilə bağlı iddiaçı məhkəməyə müraciət etmiş və həmin iddianın təmin edilməsi barədə yekun məhkəmə aktı qəbul etmişdir ki, həmin məhkəmə aktı qanuni qüvvəsini alaraq icra olunmuşdur. Həmin qərarın (1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-cı il tarixli, 2-1(81)- 1660/2017 nömrəli qərarın) əsaslandırma hissəsində göstərilmişdir ki: “...iş üzrə toplanmış sübutlarla iddiaçı X6 Bakı şəhərində konstitusiyanın quruluşunun bərpasında iştirak edərkən yaralanması, yəni onun xəsarəti hərbi xidmət vəzifələrini yerinə yetirərkən alması kifayət qədər öz təsdiqini tapmışdır. Başqa sözlə, iddiaçının hazırki iddia tələbi üzrə təqdim etdiyi əsaslarla (özünün deməsinə görə yeni əsaslarla) müəyyən etmək istədiyi işin faktiki halları əvvəlki iddia tələbi üzrə baxılan inzibati iş zamanı müəyyən edilmiş və həmin əsaslar üzrə müvafiq qərar qəbul olunmuşdur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarda qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3cü maddəsinə əsasən qərardad qəbul edir. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. (Qəarın 1.1, 1.3, 1.4, 2.1, 8.1, 8.2, 8.3-cü bəndləri). Həmin Qərarın 8.4-cü bəndində qeyd edilir ki, “Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir”. Həmin Qərarın 15.5-ci bəndində qeyd edilir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Qərarın 15.6-cı bəndində qeyd edilir ki, qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-cı il tarixli, 2-1(81)-1660/2017 nömrəli qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Belə olan halda, məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsini və adıçəkilən Plenum Qərarının 15.6-cı bəndinin tələbini rəhbər tutaraq hesab edir ki, hazırki iddia tələbinə yenidən inzibati icraat qaydasında baxılması mümkünsüzdür. Hətta şərti olaraq qəbul etsək ki, hazırki iddianın predmeti və ya əsası əvvəlki iddia ilə eynilik təşkil etmir, bununla belə iddiaçı hazırkı iddia tələbi üzrə iddia müddətini ötürdüyündən iddia mümkün hesab edilməməlidir. Belə ki, mübahisənin predmeti Cavabdeh xx.xx.2017-ci il tarixli, 761 saylı qərarıdır. Həmin qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsi baxımından inzibati aktdır və iddiaçının hüquqi marağı həmin inzibati aktın dəyişdirilməsinə yönəlmişdir. Eyni zamanda işdən görünür ki, iddiaçı həmin inzibati aktın dəyişdirilməsi ilə bağlı ərizə ilə inzibati orqana xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət etmiş və onun ərizəsi xx.xx.2021-ci il tarixində inzibati orqana daxil olmuşdur. Lakin, onun müraciəti inzibati orqan tərəfindən təmin edilmədiyindən iddia ərizəsi ilə məhkəməyə 2022-ci ilin aprel ayında (müraciət etdiyi tarixdən 11 aydan artıq müddətə) müraciət etmişdir. İlk öncə qeyd olunmalıdır ki, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. Bununla belə ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda məhkəmə müdafiəsi hüququnun, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Həmçinin qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldıra bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Belə ki, iddia tələbindən göründüyü kimi İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “hərbi xidmət dövrü ilə əlaqədar" sözünün əvəzinə Cavabdeh 761 saylı qərarının xx.xx.2017-ci il tarixli MN MHHK-nın 816 saylı xx.xx.2017-ci il tarixli protokolunda “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” əsassız hesab edilməli, 05 aprel 1995-ci il tarixli 2111 №-li Bakı Ali Komandirlər Məktəbinin arayışını əsas götürərək “Konstitusiyanın qurluşu zamanı xidməti vəzifəsini yerinə yetirərkən döyüş tapşırığı ilə əlaqədar sözünün dəyişdirilməsi barəsində yeni qərarın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçı razılaşmadığı Cavabdeh xx.xx.2017-ci il tarixli, 761 saylı qərarını 2022-ci ilin aprel ayında, yəni qərarın qəbul olunduğu vaxtdan müvafiq olaraq 05 ildən sonra mübahisələndirmişdir. Eyni zamanda iddiaçı qərarın dəyişdirilməsi ilə bağlı müraciətindən cavabdeh inzibati orqanın imtina etdiyi vaxtdan 11 (on bir) aydan sonra məhkəməyə (Bakı İnzibati Məhkəməsinə) müraciət etmişdir. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. İddia müddətinin bərpasına dair vəsatətin verilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 24.4-cü maddəsində sadalanan “istisna” hallarının mövcudluğu barədə iddiaçının dəlili olmadığından mübahisənin halları üzrə buraxılmış iddia müddətinin bərpası barədə ərizənin verilməsi də mümkün deyildir. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının mənasına əsasən, təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış və iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar edərək iddianın mümkün hesab edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin yeni əsaslarla bağlı sübutların qəbuluna dair iddiaçının dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Belə ki, iddiaçının yeni sübutların təqdim etməkdə məqsədi (hüquqi marağı) özünün konstitusiyanın quruluşunun bərpasında iştirak edərkən yaralanması faktının müəyyən edilməsi və bu əsasla Cavabdeh xx.xx.2017-ci il tarixli, 761 saylı qərarında dəyişiklik edilərək travmanın səbəb əlaqəsini “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd edilməsi olmuşdur. Hansı ki, həmin fakt (əsas) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılan 2- 1(81)-1660/2017 nömrəli inzibati iş zamanı öz təsdiqi tapmış və həmin əsas üzrə məhkəmə tərəfindən qərar qəbul edilmişdir. Həmin iş üzrə qəbul edilmiş xx.xx.2017-cı il tarixli, 2-1(81)-1660/2017 nömrəli qərarın əsaslandırma hissəsində göstərilmişdir ki: “...iş üzrə toplanmış sübutlarla İddiaçı Bakı şəhərində konstitusiyanın quruluşunun bərpasında iştirak edərkən yaralanması, yəni onun xəsarəti hərbi xidmət vəzifələrini yerinə yetirərkən alması kifayət qədər öz təsdiqini tapmışdır. Yəni, məhkəmə qərarında Bakı Ali Birləşmiş Komandanlıq məktəbi tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli 152 saylı arayışına əsaslanaraq İddiaçı 16-17 mart 1995-ci il tarixlərdə Bakı şəhərində konstitusiyanın quruluşunun bərpasında iştirak etməsini göstərmişdir (bax həmin qərarın 2-ci vərəqinin 4cü abzasına və 3-cü vərəqinin 11-ci abzasına). Göründüyü kimi iddiaçının yeni əsaslarla müəyyən etmək istədiyi məqamlar onun iddiası əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılan 2-1(81)-1660/2017 nömrəli inzibati iş zamanı müəyyən edilmiş və həmin faktlar əsasında qərar qəbul edilərək cavabdeh tərəfindən həmin qərar icra olunmuşdur. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsində baxılan 2-1(81)-1660 saylı iş zamanı müəyyən edilmiş işin faktiki halları (konstitusiyanın quruluşunun bərpasında iştirak edərkən yaralanması) üzrə məhkəmə düzgün nəticəyə gəlməmişdirsə və məhkəmənin gəldiyi həmin nəticə ilə iddiaçı razılaşmırdısa bu zaman iddiaçı məhkəmənin qərarından qanunla müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəməsinə şikayət vermək hüququndan istifadə edə bilərdi. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Bundan başqa iş materiallarında olan iddiaçının cavabdeh inzibati orqana təqdim etdiyi xx.xx.2021-ci il tarixli ərizəsinin məzmunundan müəyyən edilir ki, iddiaçı müraciətində cavabdeh inzibati orqandan Cavabdeh xx.xx.2017-ci il tarixli, 761 saylı qərarını yeni əsaslar üzrə dəyişdirilməsini deyil, əksinə həmin əsasların onun əvvəlki iddiası üzrə Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılan 2-1(81)-1660/2017 nömrəli inzibati iş zamanı təqdim etdiyini, lakin qəbul edilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-cı il tarixli, 2-1(81)-1660/2017 nömrəli qərarının nəticə hissəsində həmin əsasların göstərilmədiyi səbəbindən bununla bağlı köməklik göstərilməsi olmuşdur. (iş vərəqi 40). Həmçinin, iş materiallarında olan Cavabdeh xx.xx.2021-ci il tarixli, 740 saylı məktubun məzmunundan görünür ki, İddiaçı Cavabdehna ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsi araşdırılmış və ona bildirilmişdir ki, hərbi xidmət dövründə aldığı xəstəlik və travma ilə əlaqədar 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2- 1(81)-1660 saylı qərarı əssasında Cavabdeh tərəfindən 20.04.201-ci il tarixli, 761 nömrəli qərar verilmişdir. Verilmiş həmin qərar düzgündür, dəyişdirilməsi üçün əsas yoxdur. Yəni həmin məktubdan görünür ki, qərarın dəyişdirilməsi üçün iddiaçı tərəfindən yeni əsas təqdim edilməmişdir. Göründüyü kimi iddiaçı apellyasiya şikayətində göstərdiyi kimi yeni əsasları (əgər var idisə) inzibati orqana təqdim etməmiş və yalnız 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-1660 saylı qərarının nəticə hissəsində əks olunmayan lakin həmin işə baxılan zaman təqdim etdiyi sənədlərdən çıxış edərək Cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli, 761 nömrəli qərarına dəyişiklik edilməsini xahiş etmişdir. Hansı ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur. Həmin Qanunun 35.3-cü maddəsinə əsasən ərizə yalnız o halda qəbul edilir ki, maraqlı şəxs icraatı təzələmək üçün bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş bu və ya digər əsasın əvvəlki icraat zamanı təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarını rəhbər tutaraq iddiaçıya izah edir ki, qərarın hüquqi marağına uyğun dəyişdirilməsi üçün yeni əsasların olmasına guman etməyə kifayət qədər sübutları (əsasları) var idisə həmin sübutları ilk öncə inzibati orqana təqdim etməli və inzibati orqanın həmin sənədlərə münasibətini müəyyən etməli idi. Yəni, qanunvericilik imkan verir ki, əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda və iddiaçı həmin sübutları əvvəlki icraat zamanı təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdıqda, cavabdeh inzibati orqan özünün qəbul etdiyi şikayət verilə bilməyən inzibati aktını dəyişdirsin. Lakin, işdən görünür ki, iddiaçı yeni əsaslarının olmasına dair inzibati orqana təqdim etdiyi müraciət ərizəsində heçnə bildirməmiş və həmin sənədləri müraciət ərizəsinə əlavə edərək inzibati orqana təqdim etməmişdir. Bu arada onu da qeyd etmək lazımdır ki apellyasiya şikayətinin (iş vərəqi 124) məzmunundan göründüyü kimi, iddiaçının yeni əsaslar üzrə müəyyən etmək istədiyi məsələlər (hüquqi marağı) onun konstitusiyanın quruluşunun bərpasında iştirak edərkən yaralanması faktının müəyyən edilməsi ilə bağlı olmuşdur ki, həmin faktlar onun iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılan 2-1(81)-1660 saylı iş zamanı tam şəkildə müəyyən edilmiş və həmin faktlar əsasında xx.xx.2017-ci il tarixli, 2-1(81)-1660 saylı qərar qəbul edilmişdir (bax həmin qərarın 2-ci vərəqinin 4-cü abzasına və 3-cü vərəqinin 11-ci abzasına). İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2-1(120)-642/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kasasiya şikayəti vermək olar. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar