Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-41/2023 04.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şərifov Sarvan Şərif oğlunun, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Şərifov Nakim Yediyar oğlunun iştirakı ilə, cavabdeh Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2-1(120)-1808/2022 nömrəli qərarından cavabdeh Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı "xxxx" MMC-nin cavabdeh Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə qarşı qərarın ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin xx.xx.2021-ci il tarixli, 23 saylı qərarının etibarsız hesab edilməsi, həmin qərarla ləğv edilmiş 011169 və 01030 saylı DMAA-nın etibarlı hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddia tələbinin dəyişdirilərək “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin xx.xx.2021-ci il tarixli, 21 nömrəli qərarının ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 15 sentyabr 2022-ci il tarixli, 2-1(120)-1808/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin 29 aprel 2021-ci il tarixli, 21 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan cavabdeh Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 303 saylı sərancamı ilə 8 ha torpaq sahəsi "xxxx" MMC-yə ayrılmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin xx.xx.2018-ci il tarixli, 01030 nömrəli Dağ-Mədən ayırması aktından görünür ki, 8 hektar torpaq sahəsində mədən ayırmasının müddəti 5 il müəyyən edilmiş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə İmişli rayonunun ərazisində yerləşən “Bəhrəmtəpə-İ” qum-çınqıl yatağı ünvanında qum-çınqıl hasılatının həyata keçirilməsinə icazə verilmişdir. Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin 23 dekabr 2020-ci il tarixli, 23/20 nömrəli qərarından (birinci inzibati akt) görünür ki, “Dağ-mədən ayırması” Aktı ilə ayrılmış sahədən istifadə etməyən istismarçılara, o cümlədən "xxxx" MMC-yə (VÖEN: **********) müvafiq bildirişlər göndərilərək icazə sənədinin (01030 nömrəli “Dağ-mədən ayırması” aktı (8 ha sahə)) əslinin Agentliyə qaytarılmasının təmin edilməsi bildirilmişdir. Bu inzibati akt “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinə, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci və 25.2-ci maddələrinə əsasən qəbul edilmişdir. Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin 29 aprel 2021-ci il tarixli, 21 nömrəli “yerin təkindən istifadə üçün verilmiş hüququn ləğv edilməsi haqqında” qərarından (ikinci inzibati akt) görünür ki, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin 23 dekabr 2020-ci il tarixli, 23/20 nömrəli qərarına əsasən, "xxxx" MMC-yə verilmiş 24 aprel 2018-ci il tarixli, 01030 nömrəli “Dağ-mədən ayırması” aktının, ayrılmış yer təki sahəsinin istifadə olunmaması səbəbindən Agentliyə qaytarılmasının təmin edilməsi öhdəliyi qoyulmuşdur. Lakin "xxxx" MMC tərəfindən qeyd olunan öhdəlik yerinə yetirilməmişdir. “Yerin təki haqqında” Qanunun 18-ci maddəsinin 4-cü bəndinə əsasən yer təkinin istifadəçisi icazədə göstərilən müddətdə yerin təkindən nəzərdə tutulan həcmdə istifadəyə başlamazsa yerin təkindən istifadə hüququ dayandırılır. Həmin Qanunun 19-cu maddəsinin 6-cı bəndinə əsasən, bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 2-ci, 4cü bəndlərində göstərilən hallarda xəbərdarlıqdan sonra üç ay müddətində onlar aradan qaldırılmazsa, yerin təkindən istifadə hüququnun ləğvi haqqında qərar qəbul edilir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi Publik Hüquqi şəxsinə qarşı iddia qaldıraraq Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin 29 aprel 2021-ci il tarixli, 21 nömrəli qərarının (ikinci inzibati aktının) ləğv edilməsini xahiş etmişdir. Prosessual məsələlər Cavabdeh Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Şərifov Nakim Yediyar oğlu məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinə əsasən: Maddə 18. Yerin təkindən istifadə hüququnun dayandırılmasının və ləğvinin əsasları Yerin təkindən istifadə hüququ aşağıdakı hallarda dayandırılır: 1) bu Qanunun 21-ci maddəsinin tələbləri pozulduqda; 2) yer təkinin istifadəçisi yerin təkindən istifadə qaydasını təqvim ili ərzində pozarsa; 3) fors-major vəziyyəti (təbii fəlakətlər, hərbi əməliyyatlar və sairə) yaranarsa; 4) yer təkinin istifadəçisi icazədə göstərilən müddətdə yerin təkindən nəzərdə tutulan həcmdə istifadəyə başlamazsa; 5) “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda. Yerin təkindən istifadə hüququ “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulmuş hallarda ləğv edilir. Maddə 19. Yerin təkindən istifadə hüququnun dayandırılması, ləğvi və yenidən rəsmiləşdirilməsi qaydası Yerin təkindən istifadə hüququnun dayandırılması “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Yerin təkindən istifadə bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci və 3-cü bəndlərində nəzərdə tutulmuş hallarda dayandırıldıqda, faydalı qazıntıların çıxarılması üzrə müəssisələrin və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların konservasiyasına və ya ləğvinə çəkilən xərclər hüquqi və fiziki şəxslərin təqsiri olmadığı hallarda dövlət tərəfindən ödənilir. Əgər yerin təkindən istifadə bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci (hüquqi və fiziki şəxsin təqsiri olduğu halda) və 2-ci bəndlərində, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsində göstərilmiş səbəblərə görə və ya yer təki istifadəçisinin təşəbbüsü ilə dayandırılarsa, faydalı qazıntıların çıxarılması üzrə müəssisələrin və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların konservasiyasına və ya ləğvinə çəkilən xərclər yer təkinin istifadəçisi tərəfindən ödənilir. İcazə sahibi yerin təkindən istifadədən imtina etdikdə icazəni vermiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurumu) azı 6 ay əvvəl rəsmən xəbərdar etməlidir. Yerin təkindən istifadə hüququnun dayandırılmasına səbəb olan hallar aradan qaldırıldığı təqdirdə bu hüquq “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.5-ci maddəsində nəzərdə tutulmuş qaydada bərpa olunur. Yerin təkindən istifadə hüququnun ləğvi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 2-ci, 4-cü bəndlərində və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsində göstərilən hallarda xəbərdarlıqdan sonra üç ay müddətində onlar aradan qaldırılmazsa, yerin təkindən istifadə hüququnun ləğvi haqqında qərar qəbul edilir. Yerin təkindən istifadə hüququnun yenidən rəsmiləşdirilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci və 26-cı maddələrinə əsasən: Maddə 25. Lisenziyanın və icazənin dayandırılması 25.1. Lisenziya və icazə aşağıdakı hallarda dayandırılır: 25.1.1. lisenziya (icazə) sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə; 25.1.2. lisenziyanın (icazənin) sahibi lisenziya və icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair lisenziya və icazə verən orqanın, həmçinin müvafiq nəzarət orqanının göstərişlərini yerinə yetirmədikdə; 25.1.3. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş digər hallarda. 25.2. Lisenziya və icazə lisenziya və icazə verən orqanın inzibati aktı ilə dayandırılır. Həmin inzibati aktda dayandırılmaya əsas verən hallar və lisenziyanın və icazənin dayandırıldığı müddət göstərilməlidir. Bu Qanunun 25.1.2-ci və 25.1.3-cü maddələrində göstərilən əsaslar üzrə lisenziyanın və icazənin dayandırılması haqqında inzibati aktda həmçinin dayandırılmaya əsas verən halların aradan qaldırılması üçün görülməli olan tədbirlər və lisenziyanın və icazənin dayandırıldığı müddətdə həmin halların aradan qaldırılmamasının nəticəsi göstərilməlidir. 25.3. Ümumi lisenziyada göstərilən fəaliyyət növünün bir və ya bir neçə alt növünü həyata keçirmək hüququnun dayandırılması həmin lisenziyada göstərilən fəaliyyət növünün digər alt növlərinin həyata keçirilməsinə mane olmur. 25.4. Lisenziyanın (icazənin) sahibi lisenziyanın və icazənin dayandırıldığı müddət bitənədək bu Qanunun 25.1.2-ci və 25.1.3-cü maddələrində göstərilən halları aradan qaldırmalı və nəticəsi barədə 3 iş günü müddətində lisenziya və icazə verən orqana yazılı məlumat verməlidir. 25.5. Bu Qanunun 25.1.1-ci maddəsində göstərilən əsas üzrə dayandırılmış lisenziya və icazə lisenziya (icazə) sahibinin müvafiq ərizəsinə, bu Qanunun 25.1.2-ci və 25.1.3-cü maddələrində göstərilən hallarda dayandırılmış lisenziya və icazə isə həmin halların aradan qaldırılması barədə lisenziya (icazə) sahibinin təqdim etdiyi yazılı məlumata əsasən lisenziya və icazə verən orqanın inzibati aktı ilə bərpa olunur. 25.6. Lisenziyanın və icazənin dayandırılması və bərpa olunması haqqında inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində lisenziyanın (icazənin) sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. 25.7. Lisenziyanın (icazənin) sahibi lisenziyanın və icazənin dayandırılması haqqında inzibati aktdan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. Maddə 26. Lisenziyanın və icazənin ləğvi 26.1. Lisenziya və icazə aşağıdakı hallarda ləğv edilir: 26.1.1. lisenziyanın (icazənin) sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə; 26.1.2. lisenziyanın (icazənin) müddəti bitdikdə; 26.1.3. lisenziyanın (icazənin) sahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə; 26.1.4. lisenziyanın (icazənin) sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə; 26.1.5. məhkəmənin müvafiq qərarı olduqda; 26.1.6. lisenziyanın və icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə; 26.1.7. bu Qanunun 25.4-cü maddəsində göstərilən məsələ ilə bağlı lisenziya və icazə verən orqana yazılı məlumat verilmədikdə; 26.1.8. lisenziyada göstərilmiş fəaliyyət növü və icazə lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin siyahısından çıxarıldıqda; 26.1.9. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş digər hallarda. 26.2. Lisenziya və icazə bu Qanunun 26.1-ci maddəsində göstərilən hallara (bu Qanunun 26.1.5-ci maddəsi istisna olmaqla) istinad edilməklə, lisenziya və icazə verən orqanın inzibati aktı ilə ləğv edilir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində lisenziyanın (icazənin) sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. 26.3. Ümumi lisenziyada göstərilən fəaliyyət növünün bir və ya bir neçə alt növünü həyata keçirmək hüququna bu Qanunun 26.1-ci maddəsində (26.1.3-cü və 26.1.4-cü maddələr istisna olmaqla) göstərilən əsaslar üzrə xitam verilməsi, həmin lisenziyada göstərilən fəaliyyət növünün digər alt növlərinin həyata keçirilməsinə mane olmur. 26.4. Lisenziyanın (icazənin) sahibi lisenziyanın və icazənin ləğvi haqqında inzibati aktdan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi hazırkı iş üzrə iki inzibati akt, yəni iki qərar qəbul etmişdir: 23 dekabr 2020-ci il tarixli, 23/20 nömrəli qərar (birinci inzibati akt) və 29 aprel 2021-ci il tarixli, 21 nömrəli qərar (ikinci inzibati akt). İddiaçı hər iki inzibati aktdan narazı olsa da, ikinci inzibati aktı, yəni 29 aprel 2021-ci il tarixli, 21 nömrəli qərarı məhkəmədə mübahisələndirir. Cavabdehin 29 aprel 2021-ci il tarixli, 21 nömrəli qərarı (ikinci inzibati aktı) 23 dekabr 2020-ci il tarixli, 23/20 nömrəli qərarı (birinci inzibati aktı) ilə əlaqədar qəbul edilmişdir. Belə ki, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşları tərəfindən "xxxx" MMC-yə ayrılmış əraziyə baxış keçirilmiş, baxış zamanı iddiaçının ayrılmış yer təki sahəsindən istifadə etmədiyi aşkar edilmiş, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 4-cü bəndinə və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci və 25.2ci maddələrinə əsasən birinci inzibati akt qəbul edilmişdir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.4-cü maddəsinə əsasən lisenziyanın (icazənin) sahibi lisenziyanın və icazənin dayandırıldığı müddət bitənədək bu Qanunun 25.1.2-ci və 25.1.3-cü maddələrində göstərilən halları aradan qaldırmalı və nəticəsi barədə 3 iş günü müddətində lisenziya və icazə verən orqana yazılı məlumat verməlidir. Həmin qanunun 26.1-ci maddəsinə əsasən bu Qanunun 25.4-cü maddəsində göstərilən məsələ ilə bağlı lisenziya və icazə verən orqana yazılı məlumat verilmədikdə (26.1.7.) lisenziya və icazə ləğv edilir. Cavabdeh Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci və 25.2ci maddələrinə əsasən birinci inzibati aktı qəbul edir. Həmin Qanunun 26.1.7-ci maddəsinə əsasən iddiaçı cavabdeh inzibati orqana yazılı məlumat vermədiyi üçün cavabdeh icazənin ləğv edilməsi barədə ikinci qərarı qəbul edir. İddiaçının iddia tələbinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı ona ayrılmış yer təki sahəsindən ondan asılı olmayan səbəblərdən istifadə edə bilməmiş, lakin cavabdeh qeyd edilənləri aydınlaşdırmadan qanunsuz qərarlar qəbul etmişdir. Belə olan halda hər iki qərar mübahisələndirilməli, ilkin olaraq da birinci inzibati akt mübahisələndirilməlidir. Yəni ikinci inzibati akt birinci inzibati akt əsasında qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci inzibati akt mübahisələndirilmədən iddiaçı yalnız ikinci inzibati aktı mübahisələndirərək hüquqi marağının təmin edilməsinə nail ola bilməz. Birinci instansiya məhkəməsi işin faktiki hallarını aydınlaşdırmamış və iddiaçıya hüquqi yardım göstərməmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını aydınlaşdıraraq iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə əlaqədar hüquqi yardım göstərməlidir. İddiaçı iddia tələbini dəqiqləşdirdikdən sonra birinci instansiya məhkəməsi iddianın mümkünlük məsələsinə də qiymət verməlidir. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işə baxarkən və qərar qəbul edərkən birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, bununla da, ciddi prosessual pozuntuya yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə icraatının davam etdirilməsinə zərurət vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2-1(120)-1808/2022 nömrəli qərarı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2-1(120)-1808/2022 nömrəli qərarı ləğv edilsin, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-41/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-41/2023
04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver