Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-41/2024 07.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2-1(120)-353/2023 nömrəli qərarından Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2-1(120)-128/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2-1(106)-336/2021 nömrəli qərardadı ilə iddiaçı Şirvan İnzibati Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2- 1(120)-128/2021 nömrəli qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 11 aprel 2023-cü il tarixli, 2- 1(120)-353/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı hüququnun yarandığı 14 aprel 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus xx.xx.1973-cü il tarixli əmək kitabçası ilə xx.xx.1973-cü il tarixdən xx.xx.2001-ci il tarixədək əmək fəaliyyətində olması, xx.xx.1992-ci il tarixdə “Bərəkət” dövlət müəssisəsinə mağaza müdiri vəzifəsinə təyin edilməsi, xx.xx.2001-ci il tarixdə müəssisənin ləğv olunması ilə əlaqədar vəzifəsindən azad edilməsi üəyyən olunur. “Bərəkət Əli” firması xx.xx.1998-ci il tarixli, 188 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçmiş, X7 müəssisəsinin bazasında yaradılmışdır. Bu səbəbdən məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almır, əksinə həmin qeydlər əsasında iddiaçının “Bərəkət” dövlət müəssisəsində işlədiyi illəri onun sığorta stajına daxil edir. Qərardan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, 1973-cü ildən 2001-ci ilə kimi müxtəlif idarələrdə işləmiş və adına əmək kitabçası yazılmışdır. 1973-1977-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda əyani təhsil almış və bunu təsdiq edən diplomu vardır. Onun təhsil almağına və işləməyinə dair hüquq müəyyənedici sənədlər olduğu halda həmin illərin iş stajı kimi hesablanmaması onun sosial təminat hüququnu məhdudlaşdırmışdır. Cavabdehin imtina və etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı xx.xx.1973xx.xx.1977-ci illərdə təhsil almış, xx.xx.1977-xx.xx.1979-cu illərdə hərbi xidmətdə olmuş, xx.xx.1973-13.06.xx.xx.1973, xx.xx.1973-xx.xx.1973, xx.xx.1977-xx.xx.1977, xx.xx.1979xx.xx.1985, xx.xx.1985-xx.xx.1986, xx.xx.1987-xx.xx.1988, xx.xx.1988-xx.xx.1990, xx.xx.1990-xx.xx.1992-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmuş, cəmi iş stajı 17 il 9 ay 7 gündür. xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixə Cəlilabad rayon Bərəkət kiçik müəssisəsində işlədiyini iddia etdiyi illər həmin müəssisənin DSMF-Cəlilabad rayon filialında sosial sığorta ödəyicisi kimi qeydiyyatda olmadığından iş stajı hesablanarkən həmin illər nəzərə alınmamışdır. İddiaçıya məxsus əmək kitabçasının 20-ci səhifəsində “X7 müəssisəsi”ndə mağaza müdiri vəzifəsinə təyin edildiyi, 22-ci səhifədə isə həmin müəssisənin ləğv olunması ilə əlaqədar olaraq vəzifədən azad edildiyi qeyd edilmişdir. Lakin bu qeyd müvafiq əmrlə öz təsdiqini tapmır. İddiaçının işdən azadolma əmri yoxdur. Bundan başqa, “X7 müəssisəsi”nin sənədləri Dövlət Arxivinə təhvil verilmədiyi, arxivdə mühafizə olunmadığından şəxsin həmin dövrlərdə “X7 müəssisəsi”ndə işlədiyini təsdiq edən arxiv sənədləri və məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə heç bir sənəd olmadığı üçün iddiası təmin edilməməlidir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh imtina və etiraz dəlilləri ilə eyni məzmunlu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 1989cu ildən 2003-cü ilədək “X7 müəssisəsi”ndə işləmişdir. Onun baasında “Bərəkət Əli” firması yaradılmışdır. İşlədiyi dövrdə iddiaçı da həmin müəssisədə mağaza müdiri işləmiş, lakin iddiaçı ondan təqribən 2 ilə əvvəl işdən çıxmışdır. Şahid X5 ifadəsində bildirmişdir ki, 1993-1997-ci illərdə “X7 müəssisəsi”ndə işləmişdir. Həmin dövrdə iddiaçı da həmin müəssisədə işləmişdir. Şahid X4 ifadəsində bildirmişdir ki, 1992-1995-ci illərdə “X7 müəssisəsi”ndə işləmişdir. Həmin dövrdə iddiaçı da həmin müəssisədə mağaza müdiri işləmişdir. Özü işdən azad edilən zaman iddiaçı işləməkdə davam etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surətləri iş materiallarına əlavə edilmiş: -şəxsiyyət vəsiqəsindən, diplomdan, hərbi biletdən və əmək kitabçasında görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuş, xx.xx.1973-xx.xx.1977-ci illərdə təhsil almış, xx.xx.1977-xx.xx.1979-cu illərdə hərbi xidmətdə olmuş, xx.xx.1973- 13.06.xx.xx.1973, xx.xx.1973-xx.xx.1973, xx.xx.1977-xx.xx.1977, xx.xx.1979-xx.xx.1985, xx.xx.1985-xx.xx.1986, xx.xx.1987-xx.xx.1988, xx.xx.1988-xx.xx.1990, xx.xx.1990xx.xx.1992-ci, xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Qeyd olunan əmək kitabçasında xx.xx.1992-ci il tarixdə “Bərəkət” dövlət müəssisəsinə mağaza müdiri vəzifəsinə təyin edilməsi, xx.xx.2001-ci il tarixdə müəssisənin ləğv olunması ilə əlaqədar olaraq vəzifəsindən azad edilməsi barədə qeydlər aparılmış, lakin işdən azad edilməsi tarixi qeyd edilsə də müvafiq əmrin tarixi və nömrəsi qeyd edilməmişdir. Şahidlər Sərvər Atayevə və Yusif Hüseynova məxsus əmək kitabçalarının surətlərindən görünür ki, müvafiq olaraq 1993-1997-ci illərdə və 1992-1995-ci illərdə “X7 müəssisəsi”ndə işləmələri barədə qeydlər mövcuddur. -Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli məktubunda bildirilir ki, “Bərəkət Əli” firmasının xx.xx.1998-ci il tarixli, 188 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçməsi, xx.xx.1998-ci il tarixdə ********* VÖEN-lə vergi uçotuna dayanması, X7 müəssisəsinin bazasında yaradılması barədə məlumat mövcuddur. -Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilir ki, dövlət reyestrində “Bərəkət” kiçik dövlət müəssisəsinin bazasında yaradılan “Bərəkət Əli” firmasının xx.xx.1998-ci il tarixdə 188 nömrə ilə dövlət qeydiyyatından keçməsi və ********* saylı VÖEN-lə vergi uçotuna alınması barədə məlumat mövcuddur. 2004-cü ildən halhazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Eyni zamanda, mövcud məlumat bazasına əsasən “Bərəkət Əli” firması tərəfindən xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövr ərzində 10946,80 manat məbləğində vəsait dövlət büdcəsinə ödənilmişdir. -“Bərəkət Əli” firmasının nizamnaməsinin surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən “Bərəkət Əli” firması xx.xx.1994-cü il tarixdə 8062 nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası iddiaçının “Bərəkət” kiçik dövlət müəssisəsində və onun bazasında yaradılmış “Bərəkət Əli” firmasında iş fəaliyyəti ilə bağlı qeyd edir ki, həmin müəssisənin əmrlər kitabı və əmək haqqı cədvəlləri arxivə təhvil verilmədiyindən, habelə əmək kitabçasında qeydlərdə qüsur olduğundan məhkəmə kollegiyası onunla eyni müəssisədə işləmiş sahidin ifadəsinə istinadən bu qənaətə gəlir ki, iddiaçının həmin müəssisədə işləməsi və əmək haqqı alması faktı öz təsdiqini tapır və cavabdehin imtina və etiraz dəlillərində qeyd olunan hal iddiaçının ziyanına şərh oluna bilməz. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Dövlət Sosial Müdafiə Fondu Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2-1(120)-353/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-41/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-41/2024
07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver