Məhkəmə qərarları › İş №2-1(106)-410/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-410/2025

02.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-410/2025 02.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası: Həsənov Samir Firdusi oğlunun sədrliyi, Hakimlər Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət məhkəmə tərkibində, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “29 mart 2023-cü il tarixli qərarın ləğv edilməsi və həmin tarixdən orqanizmin funksiyalarının pozulmasının 31-60 % dərəcəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2-1(120)- 315/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş imtina cavabının qanunsuz hesab edilməsi, 01 may 2021-ci il tarixdən etibarən ikinci dərəcə əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş imtina cavabının qanunsuz hesab edilməsi, 01 may 2021-ci il tarixdən etibarən ikinci dərəcə əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-315/2025 nömrəli,xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddia tələbinə “29 mart 2023-cü il tarixli qərarın ləğv edilməsi və həmin tarixdən orqanizmin funksiyalarının pozulmasının 31-60 % dərəcəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona vərəm xəstəsi kimi 2013-cü il tarixdən 2021-ci ilin may ayınadək ikinci dərəcəli əlillik təyin olunmuşdur. 2013-cü il tarixdən 2021-ci il tarixədək İİ qrup əlilliyə görə pensiya almışdır. Lakin sonra pensiyanın verilməsi dayandırıldı və bildirdilər ki, ona yenidən əlillik təyin olunmaldır. 2021-ci ildən əlilliyinin bərpa olunması dayandırılmışdır və bu vaxta kimi əlilliyim bərpa olunmur. Baxmayaraq ki o, həqiqətən də vərəm xəstəsidir və həqiqətən də 2-ci qrup əlilidir, əlilliyinin bərpa olunmasında süni maneçiliklər yaradılır. Hər dəfə göndəriş natamam yazılır. Cavabdeh tərəfindən verilmiş imtina səbəbində qeyd olunmuşdur ki, Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Mən bu imtina cavabını qanunsuz sayır. Həmin məktub hər hansı bir maddi hüquq normasına istinad edilməmişdir. Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurması onun səhvindən deyildir, onların öz səhvləridir, dövlət tibb müəssisəsinin səhvinə görə o məsuliyyət daşımır. Ona qanuni olaraq ikinci dərəcəli əlillik düşür. 1 nömrəli X6 tərəfindən verilmiş 16 sentyabr 2020-ci il tarixli, 176 nömrəli məktubdan görünür ki, onda vərəmin aşağıdakı kliniki forması və ağırlaşma qeyd olunmuşdur: “Sağ ağ ciyərin kavemoz vərəmi, tuberkuloma , sağ ağciyərin həcminin yaranmış fıbroz hesabına keçilməsi, vərəm bronxoektaziyaları, sol ağciyərin aşağı payında keçirilmiş vərəmdən sonrakı bərkimiş ocaqlar.” Digər sənədlərdən də açıq-aydın görünür ki, onun 2-ci qrup əlilliyi bərpa olunmalıdır. “İnzibati icraat haqqında” Qanunun 21,24,25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. İddiaçı cavabdeh təşkilatın imtinasını qanunsuz və əsassız hesab edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddia ərizəsinə etiraz təqdim edilmiş və bildirilmişdir ki, iddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki işin faktiki hallarından görünür ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-489/2022 nömrəli qərarının 16-cı bəndinə əsasən Həmçinin göndərişin natamam doldurulması ilə əlaqədar imtina edilmə qərarında nə Tibbi-Sosial Ekspertiza Agentliyinin, nə də ki iddiaçı tərəfin təqsiri mövcud deyil. Həmin halda məsuliyyəti tibb müəssisəsi daşıyır. Bu halda iddiaçının əlilliyin səbəbinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasım tələb etmək hüququ yaranmır. Lakin adı çəkilən şəxsin tibb müəssisəni məhkəməyə verərək tərəfindən hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə keçən müddət ərzində kompensasiyanın ödənilməsini tələb etmək hüququ mövcuddur. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Tibbi-sosial ekspertiza zamanı anadangəlmə xəstəlik və ya çatışmazlıq, yaxud sonradan qazanılmış xəstəlik və ya zədə, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıq (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) səbəbindən orqanizmin tənəffüs funksiyasının pozulmasının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən xəstəliklər, zədə və ya çatışmazlıqlar səbəbindən əmələ gəlmiş tənəffüs çatışmazlığının ağırlıq dərəcəsinin müəyyən edilməsinə əsaslanır. Eyni zamanda, patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin mövcudluğu və tezliyi, onların fonunda paroksizmlərin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti və fəsadlaşmaların mövcudluğu. Bronxoektaziya xəstəliyi, emfizema və aşağı tənəffüs yollarının irinli və nekrotik halları zamanı cərrahi müalicə üsullarından istifadə edilmişdirsə onun nəticələri nəzərə alınır. Qeyd edilən xəstəliklərin iddiaçıda olub-olmamasını müəyyən etmək üçün iş üzrə əyani müayinə qərardadı və ya məhkəmə tibbi ekspertizasının keçirilməsini xahiş edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)- 1403/2022 nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, cavabdeh iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-315/2025 nömrəli qərarı (hakim Amilya Hüseynova) ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2-1(120)-315/2025 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq iddiaçıda hazırda əvvəlki xəstəliyin mövcud olması qənaətinə gələrək qanunsuz və əsassız qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxarmışdır. Cavabdeh, həmçinin bildirmişdir ki, bu formada analoji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, ona əlillik təyinatı aparılsın. Diaqnoz şəxsin hazırki vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından əlillik dərəcəsinin təyini zamanı xx.xx.2022-ci il tarixli 187 saylı Qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqinin tapmadığı halda məhkəmə xüsusi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(102)-1403/2022 nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Digər tərəfdən, xx.xx.2024-cü il tarixdə DTSERA-da xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri təngnəfəslik, öskürək, boğulma, ümumi zəiflik və halsızlıqdan olmuş, 2008-ci il tarixdən “Vərəm” xəstəliyindən əziyyət çəkdiyini, mütəmadi olaraq həkim nəzarətində olduğunu, dəfələrlə stasionar müayinə və müalicə aldığını bildirmişdir. Təqdim edilmiş sənədlər arasında X1 İnstitutunun xx.xx.2022-ci il tarixli 1807 nömrəli epikrizinə əsasən diaqnoz “Sağ ağ ciyərin yuxarı payının fibrozkavernoz vərəmi. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. Xroniki bronxit kəskinləşmə mərhələsində” şəklində göstərilmiş, orada aparılmış spirometriya müayinəsinin nəticəsi “Qarışıq tipli kəskin ventilyasiya pozğunluğu qeyd olunur” kimi qiymətləndirilmişdir. İddiaçının obyektiv vəziyyətinin müayinəsi zamanı dəri və selikli qişaları avazımış, astentik tip bədən quruluşuna malik olmuş, dərialtı piy qatı zəif inkişaf etmiş, dili nəm, ərpli izlənilmiş, ağciyər üzərində kök ətrafı nahiyədə bir qədər sərtləşmiş tənəffüs, ürək tonları aydın eşidilmiş, AT 130/85 mm civ.süt., nəbz ritmik (1 dəqiqədə 82 vurğu), qarnı yumşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız izlənilmişdir. xx.xx.2024cü il tarixində DTSERA-da vətəndaşa aparılmış spirometriya və müayinəsinin nəticəsi “FVC = 70 % (yetmiş faiz), FEV1= 81 % (səksən bir faiz), FEV1/FVC = 118 % (yüz on səkiz faiz): Xarici ventilyasiya pozğunluğu qeyd olunur” kimi qiymətləndirilmiş, əlillik təyinatına əsas verən tənəffüs çatışmazlığı və heç bir patofunksional pozuntu aşkar edilməmişdir. Beləliklə, iddiaçıya əlilliyin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə , o cümlədən “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2-1(120)-315/2025 saylı qərarının ləğv edilərək iddianın təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 1(106)-410/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. “İnzibati icraat haqqında” Qanun: Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və həmin tarixdən orqanizmin funksiyalarının pozulmasının 31-60 % dərəcəsi ilə əlilliyin təyin edilməsi” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçıda mövcud xəstəliyin olması cavabdeh orqan tərəfindən, həmçinin ekspert rəyi ilə inkar edilməmişdir. Belə ki, icraat zamanı iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. İş üzrə araşdırılmış hallardan, həmçinin xüsusi bilik tələb edilən məqamlar olduğu üçün ekspert rəyindən aydın olur ki, İddiaçı adına əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı tərtib olunmuş müayinə aktlarında qeyd olunan xəstəliklər “Əlilliyin müəyyən olunması” Meyarlarına Əlavənin 1.1.6-cı bəndində göstərilən xəstəliklərin (tənəffüs orqanlarının bakterioloji və ya histoloji təsdiq edilməmiş vərəmi) əhatə dairəsinə düşür. Diaqnozda göstərilən xəstəliklər aparılmış funksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün “Lənkəran Rayon Mərkəzi Xəstəxanası tərəfindən göndərilmiş K0008253RMN (Forma 088) saylı, xx.xx.2023-cü il tarixli göndərişlə göndərilmiş №-li 088 saylı arayışda qeyd olunan xəstəliklər üzrə müalicələr qəbul etsə də, vəziyyətində yaxşılaşma olmamışdır, xəstə halhazırda da həmin xəsətliklərdən əziyyət çəkir. İddiaçı əlilliyin müəyyən edilməsi ilə bağlı “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 1.1.1-ci və 1.1.6.1-ci bəndinə əsasən “Tənəffüs sistemi orqanlarının digər xəstəlikləri, tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilməmiş vərəmi” (J95-J99, A16) tətbiq edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin faktiki hallarından məlum olur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının xx.xx.2013-cü il tarixli qərarı ilə İddiaçı barəsində “Sağ ağ infiltrativ vərəmi dağılma mərhələsi, VMB (-) Tç İİ dərəcə” diaqnozu ilə “ümumi xəstəlik” səbəbi ilə 1 il müddətinə ilkin ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçıya eyni əsaslarla xx.xx.2014cü il tarixdə təkrar ikinci dərəcə əlillik təyin edilmiş, xx.xx.2015-ci ildə isə ona “Sağ ağ ciyərin infiltrativ vərəmi dağılma mərhələsi. Ağ ciyərin xroniki obstruktiv xəstəliyi TÇ- İİ dərəcə” diaqnozu ilə təkrar 1 illik müddətə ikinci dərəcəli əlillik təyin edilmişdir. Tibbi- Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə İddiaçı ikinci dərəcəli əlilliyi eyni səbəb əlaqəsi və eyni diaqnoz ilə daha 5 il müddətinə uzadılmışdır. Növbəti qiymətləndirmə üçün “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən xx.xx.2023cü il tarixli, N00058053VMD saylı göndəriş təqdim edilmiş, lakin həmin göndəriş əsasında əlilliyin təyin edilməsindən “əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina olunması ilə bağlı xx.xx.2023-cü il tarixli, xxxxxxx0005 saylı qərar qəbul edilmişdir. Sonuncu qiymətləndirmə isə xx.xx.2023-cü il tarixli K00082532RMN (Forma 088) saylı göndəriş əsasında aparılmış və “göndərişin natamam doldurulması” səbəbilə iddiaçıya əlilliyin təyin olunmasından imtina edilmişdir. İşin faktiki hallarından məlum olur ki, xx.xx.2023-cü il tarixli göndərişdə İddiaçı əsas diaqnoz “Ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, fibrozlu-kavernozlu sağ ağ ciyər vərəmi” (XBT kodu: A16.0), ağırlaşma “Xroniki respirator çatmamazlıq, İİ dərəcəli tənəffüs çatmamazlığı” (XBT kodu: J96.1), yanaşı xəstəlik “Ağciyərin xroniki obstruktiv xəstəliyinin aşağı tənəffüs yollarının kəskin respirator infeksiyası ilə birgə müşahidə olunması, Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi” (XBT kodu: J44.0) diaqnozları qoyulmuş, TSEK tərəfindən əlilliyin təyin edilməsindən imtinanın səbəbi isə “göndərişin natamam doldurulması” olmuşdur. Hazırda İddiaçı onun barəsində əlillik verilməsindən imtina edilməsi ilə bağlı Tibbi- Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və ona 31- 60 % dərəcəsi ilə əlillik təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Məhkəmə kollegiyasının qənaətinə görə bu zaman mübahisənin yarandığı yəni, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Sosial Ekspert Komissiyasının iddiaçı barəsində xx.xx.2023-cü il tarixli, xxxxxxx0007 saylı imtina qərarının qəbul edildiyi vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” tətbiq edilməlidir. Həmin Meyarların 1.1-ci maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. X8 orqanizmin funksiyalarının pozulması faizləri müəyyən edilmiş və həmin faizlərə əsasən əlilliyinin təyin edilməsi üçün əhatə dairəsinə düşən xəstəliklər göstərilmişdir. Həmin Meyarların 3.1.3-cü bəndinə əsasən, xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması orqanizmin funksiyalarının 31-60 faiz pozulmasında ifadə olunur. X7 1.1.6-cı bəndində nəzərdə tutulan “Tənəffüs orqanlarının bakterioloji və ya histoloji təsdiq edilməmiş vərəmi” nin qiymətləndirilməsi Əlavənin 1.1.6.1-ci bəndinə əsasən “İ-İİA dərəcə xroniki tənəffüs çatışmazlığı ilə spesifik prosesin sorulması və bərkiməsi mərhələsində tənəffüs orqanlarının vərəmi (sorulma, qalınlaşma, boşluğun çapıqlaşması) ilə qiymətləndirildikdə şəxsə orqanizmin funksiyalarının 35-60 % pozulmasına görə əlillik təyin edilir. Məhkəmə kollegiyası məhkəmə araşdırmasını həmçinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Azərbaycan Respublikasının Ali Məhkəməsinin icmal məktubunda əks olunan hüquqi dəyərləndirmə əsasında aparılmasını zəruri hesab edir. Həmin icmal məktubunda qeyd edilir: “Məlumdur ki, əlilliyin qiymətləndirilməsinə dair mübahisələrin həlli üçün əhəmiyyət kəsb edən bir sıra halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, ekspertiza təyin edilməklə araşdırılır (32-ci bənd). Ekspertiza fəaliyyətinin əsaslarını müəyyən edən qanunvericiliyin, o cümlədən prosessual qanunvericiliyin normaları vəhdətdə nəzərdən keçirilməklə qeyd edilir ki, ekspert yalnız iddiaçının sağlamlıq vəziyyətinin (xəstəlik və ağırlaşmalarının) müəyyən edilməsi ilə bağlı tibbi xarakterli sualları cavablandırmaq vəzifəsini daşımaqla, şəxsin sağlamlıq vəziyyəti, xəstəliklərin diaqnostikası və əlaqəli məsələlərdə məhz hüquqi bilikləri istisna edən, bununla belə, tibbi bilikləri əhatə edən suallar əsasında aparılmış tədqiqatın nəticəsində müəyyənləşdirilir (36-cı bənd)”. Məhkəmə kollegiyası qeyd edir ki, icraat zamanı iddiaçının sağlamlıq vəziyyətinin (xəstəlik və ağırlaşmalarının) müəyyən edilməsindən ötrü iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Qeyd edilməlidir ki, iddiaçıda mövcud xəstəliklərin olması cavabdeh orqan tərəfindən, həmçinin ekspert rəyi ilə inkar edilməmişdir. Belə ki, Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi tərəfindən məhkəməyə ünvanlanmış 05 dekabr 2023-cü il tarixli, T 829/2023 saylı ekspert rəyində göstərilmişdir ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Lənkəran MRX-da tərtib edilmiş K00082532RMN (Forma 088) saylı göndərişdə qeyd edilmiş “Ağciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, fibrozlu-kavernozlu sağ ağciyər vərəmi, ağciyərin xroniki obstruktiv xəstəliyi, xroniki respirator çatmamazlıq, İİ dərəcəli tənəffüs çatmamazlığı” diaqnozu xəstənin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrin müayinələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuş və TSEK-də müayinələri zamanı əmək qabiliyyətini itirməmiş hesab edilmişdir. Xəstəliklər tam reabilitsiya olunmurlar, onlar stasionardan çıxarkən dispanser qeydiyyata götürülürlər və nəzarət altında yazılmış dərman preparatlarını mütəmadi qəbul edirlər. Eyni zamanda Şirvan Apellyasiya Məhkəməsinin sorğusu əsasında ixtisaslaşmış tibb müəssisəsi “X3” X9 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-28- 9/2-222/2025 nömrəli məktubda qeyd olunmuşdur ki, İddiaçı üzərində aparılmış əyani müayinələrin nəticələrinə dair tibbi sənədlərdə, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə İddiaçı təyin olunmuş diaqnoz aparılmış müayinələrin nəticələrinə uyğundur və müvafiq diaqnozun qoyulması üçün tam kifayət edir. Məktuba əlavə edilmiş ambulator kitabçadan çıxarışa əsasən iddiaçıya “Sağ ağciyərin fibroz-kavernoz vərəmi” (XBT kodu: A16.0), “Restriksiyanın üstünlüyü ilə ağır ventilyasiya pozğunluğu (qarışıq tipli)” (XBT kodu: J96.1), “Xroniki bronxit, kəskinləşmə mərhələsi” diaqnozu (XBT kodu: J42) təyin edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən qeyd etməyi zəruri hesab edir ki, iddiaçı barəsində əlilliyin qiymətləndirilməsi zamanı müəyyən edilmiş diaqnoz (Sağ ağ ciyərin fibroz-kavernoz vərəmi, XBT kodu: A16.0) xx.xx.2023-cü il tarixli göndəriş və “X2” PHŞ-in xx.xx.2025-ci il tarixli məktubuna qoşma kimi əlavə edilmiş ambulator kitabçadan çıxarışda qeyd edilmiş diaqnozla eynidir. Sözügedən diaqnoz “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 1.1.6-cı bəndinə (tənəffüs orqanlarının bakterioloji və ya histoloji təsdiq edilməmiş vərəmi; XBT kodu: A16) uyğundur. Məhkəmə kollegiyası qeyd edir ki, “Restriksiyanın üstünlüyü ilə ağır ventilyasiya pozğunluğu (qarışıq tipli)” (XBT kodu: J96.1) diaqnozu əlilliyin təyin edilməsi üçün əsasdır. Sözügedən diaqnozun müəyyən edilməsinin əsası qismində Spirometriyanın nəticələri çıxış edir. Belə ki, spirometriyanın nəticələrinə görə ağır ventilyasiya pozğunluğu FEV1 50 %-dən aşağı olduqda, eləcə də 2-ci və 3-cü dərəcəli tənəffüs çatışmazlığı mövcud olduqda şəxsə əlilliyin təyin edilməsi mümkündür. Eyni zamanda ağır ventilyasiya pozğunluğu sağ ağciyərin fibrozuna və keçirilmiş vərəm xəstəliyinə bağlıdırsa, bu hal əlilliyin təyin edilməsinə üçün ciddi əsas hesab olunur. Hazırki işin materiallarında olan xx.xx.2023-cü il tarixli K00082532RMN (Forma 088) saylı göndərişdən, Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi tərəfindən məhkəməyə ünvanlanmış 05 dekabr 2023-cü il tarixli, T 829/2023 saylı ekspert rəyindən, X3 X9 tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli Spirometriyanın nəticələrindən və həmin müəssisə tərəfindən təqdim edilmiş 5674 nömrəli ambulator kitabçadan çıxarışın məzmunundan görünür ki, iddiaçıda “Ağciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, fibrozlu-kavernozlu sağ ağciyər vərəmi, ağciyərin xroniki obstruktiv xəstəliyi, xroniki respirator çatmamazlıq, İİ dərəcəli tənəffüs çatmamazlığı” və Spirometriyanın nəticələrinə görə FEV1 (tənəffüs azlığı) 43 %-dir. Bu isə yuxarıda qeyd edilənlərə əsasən iddiaçıya əlilliyin təyin edilməsinə əsas verir və həmin xəstəliklər “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 1.1.1 və 1.1.6-cı bəndlərinə “Tənəffüs sistemi orqanlarının digər xəstəlikləri. Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilməmiş vərəmi” (XBT kodu: J95-J99, A16) uyğundur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçıya “Əlilliyin müəyyən olunması eyarları”na Əlavənin 1.1.6.1-ci bəndinə uyğun olaraq “İ- İİA dərəcə xroniki tənəffüs çatışmazlığı ilə spesifik prosesin sorulması və bərkiməsi mərhələsində tənəffüs orqanlarının vərəmi (sorulma, qalınlaşma, boşluğun çapıqlaşması)” əsasında orqanizmin funksiyalarının 35-60 % pozulmasına görə 2 il müddətinə əlillik təyin edilməlidir. Beləliklə, göründüyü kimi iddiaçıda hazırda mövcud olan xəstəliklərlə, 2013-cü il tarixdən əlilliyin təyinatına mövcud olan xəstəliklər eyniyyət təşkil etmişdir ki, bu xx.xx.2023-cü il tarixli K00082532RMN (Forma 088) saylı arayışda, xx.xx.2025-ci il tarixli 3-28-9/2-222/2025 nömrəli məktubda, o cümlədən müvafiq ekspert rəyində öz təsdiqini tapmışdır. İş materiallarından əvvəlki tarixdən təyin edilmiş əlilliklərin səhv olması, ləğv edilməsi barədə hər hansı hal müəyyən edilmir. Beləliklə də iddiaçı ona təyin edilmiş əlilliklə bağlı qərarlar etimad hüququ mövcud olmuşdur. Nəzərə alınmalıdır ki, əlilliyin müddətli təyin edilməsinin mahiyyəti həmin xəstəliklərin reabilitasiyası ilə bağlıdır ki, iddiaçının 2013-cü il tarixdən mövcud olmuş xəstəliklərinin sağalmadığı, iş materialları ilə müəyyən edilir. Cavabdeh orqan həmin xəstəliklərin sağalması istiqamətində mövqe nümayiş etdirməmiş, xəstəliyin əlilliyin təyinatına əsas olmamasına istinad etmişdir. Halbuki, əlilliyin müəyyən müddət üçün təyinatı əsası həmin müddət çatdıqda onun sağalıb-sağalmamasının yoxlanılmasıdır ki, yuxarıda qeyd olunduğu kimi, iddiaçıya qoyulan diaqnoz əsasında müəyyən olunmuş xəstəliklər tam reasbilitasiya olunmurlar, yəni iddiaçının adıçəkilən xəstəliklərdən əziyyət çəkməsi müşahidə edilir. İşin araşdırılmış hallarından aydın olur ki, əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilən diaqnoz xx.xx.2013-cü il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2016-cı il tarixli göndərişlər əsasında əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnozla eynilik təşkil etdiyindən, həmin diaqnoz digər səhiyyə müəsissəsi tərəfindən də qoyulduğundan, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnozlar (J95-J99, A16) müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslıdır. Beləliklə də İddiaçı əlilliyin müəyyən edilməsi ilə bağlı “Əlilliyin müəyyən edilməsi meyarları”na Əlavənin 1.1.1-ci və 1.1.6-cı bəndinə əsasən “Tənəffüs sistemi orqanlarının digər xəstəlikləri, tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilməmiş vərəmi” (J95-J99, A16) tətbiq edilməlidir. Məhkəmə kollegiyası, həmçinin işin qeyd olunan faktiki halları ilə əlaqədar qeyd edir ki, iddiaçıya əlillik təyin edilməsindən “göndərişin natamam doldurulması” səbəbi ilə imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri qanunsuz və əsassızdır. Məhkəmə kollegiyası işin qeyd olunan faktiki halını aşağıdakı hüquqi normalar çərçivəsində qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Qeyd olunan normanın təhlili onu deməyə əsas verir ki, tibbi göndərişin natamam doldurulması əlillik təyinatından imtina üçün əsas vermir və bu məsələ səlahiyyətli qurumlar tərəfindən aradan qaldırılmalıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, səhiyyə müəssisəsi tərəfindən göndərişin natamam və yanlış doldurulması iddiaçının təqsiri ucbatından olmamışdır və onun ziyanına təfsir oluna bilməz. İnzibati icraat hüququnun tələbləri baxımından cavabdeh normalda göndərişlə bağlı natamam məlumatların tamamlanmasını təmin etmək məqsədi ilə aidiyyəti quruma müraciət etməli və müvafiq məlumatların təqdim olunmasını tələb etməli idi. Yalnız bundan sonra əlillik dərəcəsinin müəyyən olunması ilə bağlı yekun qərar qəbul edilə bilərdi. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri və qəbul etdyi imtina qərarı qanunsuz olmuş, əlilliyin təyin edilməsi ilə bağlı iddiaçının hazırki tələbi əsaslı olmuşdur. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2-1(120)-315/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar