Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-411/2025 18.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Əliyev Qasım Vəli oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı Abdulqadir qızının iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 2-1(120)-671/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Abdulqadir qızının cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı subsidiyanın verilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Abdulqadir qızı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, 2021-ci (2020-2021), 2022-ci (2021-2022), 2023-cü (2022- 2023) illər üçün 30 ha torpaq sahəsində əkdiyi taxıl məhsuluna görə yerdə qalan ödənilməmiş subsidiyanın ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 06 mart 2025-ci il tarixli, 2-1(120)- 671/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə Biləsuvar Rayon İcra Hakimiyyəti arasında torpaq icarə müqaviləsi əsasında 15 il müddətinə Biləsuvar rayonu, 30 ha DEF torpaq sahəsi üzərində icarə münasibətləri davam etməkdədir. İddiaçının mübahisəli torpaq sahəsi üzrə xx.xx.2017-ci il tarixdə icarə hüququ müvafiq çıxarışla qeydiyyata alınmışdır və torpaq sahəsi üzrə plan və ölçü sənədi tərtib edilmişdir. Bundan sonra cavabdeh orqan xx.xx.2021-ci il tarixli yerində müşahidə hesabatı tərtib etmiş və 24 ha torpaq sahəsi üzrə uyğunsuzluğun müəyyən edilməsi, 1.90 arpa, 4.10 torpaq sahəsində mövcud olmamasını göstərmişdir. İddiaçı onun iştirakı olmadan monitorinqin keçirilməsini bildirmişdir. Məhkəmə tərəfindən cavabdeh orqanın keçirtdiyi monitorinqlər barədə (neçə hektar arpa və ya buğda əkilməsi barədə və s.) ətraflı sənəd və məlumatların məhkəməyə təqdim edilməsi tələb edilmiş, cavabdeh orqan tərəfindən müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir. Həmçinin iddiaçının bəyannamədə göstərdiyi məlumatlar üzrə aşkar edilmiş uyğunsuzluqlar barədə sübutlar müəyyən edilməmişdir. İddiaçının yenidən müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən edilmiş texniki səhv aradan qaldırılmış və xx.xx.2023-cü il tarixli, B 007382 saylı yeni torpaq sahəsinin planı və ölçüsü təqdim edilmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə 2013-cü ildə ona icarəyə verilmiş 30 hektar torpaq sahəsi üzərində əkin işləri aparırmışdır. Lakin bir neçə ildir ki, DAİM Biləsuvar şöbəsi tərəfindən torpaq sahəsi üzərində əkin əsasında verilməli olan subsidiya məbləğinin hesablanmasında problem yaranır. DAİM Biləsuvar şöbəsi onun əkin üzrə göstərdiyi bəyanın doğru olmadını qeyd edir. Əvvəlcə ona bildirildi ki, onun icarəsinə verilmiş torpaq sahəsi ilə qonşu torpaq sahəsinin 5 hektara yaxın hissəsi üst-üstə düşür. Yəni onlara aid çıxarışda göstərilən 30 hektar torpaq sahəsinin 5 hektarı digər qonşu 25 hektar ərazinin 5 hektari ilə eyni koordinatları göstərir. Əgər dedikləri kimidirsə, yəni koordinatlar üst-üstə düşürsə o zaman həmin torpaq mübahisəli sayılaraq araşdırılması üçün DƏDRX-nə müraciət edilməli deyildimi? DƏDRX tərəfindən ona verilmiş çıxarış əvvəlcə, qonşu torpaq sahəsinin sahibi Möhübbət İmanova verilmiş çıxarış isə sonra verilib. Qanunvericiliyə əsaslanaraq ilk verilən sənəd əsas, ikinci verilən sənəd isə düzəlişə ehtiyacı olan sənəd sayılır. Yəni birinci verilən sənəddə deyil, ikinci verlən sənəddə koordinatlar sürüşdürülərək üst-üstə salınıb ki, bu da onların sənədi etibarsız saymağa əsas vermir. Əvvəlcə subsidiya hesablanması məqsədi ilə torpaq sahəsində aparılan monitoring zamanı bir neçə dəfə onların iştirakı təmin edilməmiş, mübahisəli olduğu qonşu torpaq sahəsinin sahibkarı isə monitoringdə iştirak etmişdir və hər dəfə nəticə olaraq onlara bildirildi ki, onlara aid əkin sahəsi göstərdiyindən azdır. İstər onlara aid 30 hektar ərazinin, istərsə də qonşu 25 hektar torpaq sahəsininin sahibkarının göstərilən torpaq sahəsi üzrə DƏDRX- dən verilmiş çıxarışı vardır. Hər il ayrı-ayrı məbləğlərdə tətbiq edilən və ödənilməli subsidiya məbləğindən cərimə olaraq tutulmuş məbləğlər, cari il üzrə təkrar cərimə sanksiyası şəklində toplanaraq - Fermer Kartına ödənilmiş subsidiya məbləğindən təkrar çıxılmışdır. Kənd Təsərrüfatı Nazirliyindən verilmiş 26 avqust 2023-cü il tarixli cavabda göstərilir ki, Qaydanın 5.2.3-cü bəndinə əsasən 2021-ci il üzrə ödənilmiş 3248 AZN və 2022-ci il üzrə ödənilmiş 630 AZN, Qaydanın 5.2.2-ci maddəsinə əsasən 2022-ci il üzrə 1921,50 AZN subsidiya vəsaiti Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin hesabına qaytarılmışdır. Kənd Təsərrüfatı Nazirliyindən verilmiş 07 iyul 2023-cü il tarixli cavabda göstərilir ki, monitoringin nəticələri nəzərə alınmaqla hesablanmış 5940 AZN əkin subsidiyası hesabına köçürülmüşdür. Göründüyü kimi subsidiya məbləği hesaba köçürülsə də AKİA tərəfindən həmin məbləğ cərimə şəklində həm də iki dəfə hesablanaraq çıxılmışdır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, “Elektron kənd təsərrüfatı” informasiya sisteminə (bundan sonra - EKTİS) daxil edilmiş məlumatlar əsasında 2020-2021-ci əkin ili üzrə 3828 AZN, 2021-2022-ci əkin ili üzrə 6300 AZN və 2022- 2023-cü əkin ili üzrə 5940 AZN məbləğlərində əkin subsidiyası hesablanaraq iddiaçının kart hesabına köçürülmüşdür. 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 3.8-ci bəndinə əsasən, fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaqdan istifadə hüququnu təsdiq edən sənədi, proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti) EKTİS-ə daxil etməlidirlər. Qaydanın 5.1-ci bəndinə əsasən, subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə, Agentlik tərəfindən müəyyən ardıcıllıqla monitorinqlər aparılır. Qaydanın 5.5-ci bəndinə uyğun olaraq, fermerin cari ildə istifadə etdiyi subsidiyanın məbləği monitorinq əsasında bu Qaydanın 5.2-ci bəndinə uyğun olaraq müəyyən edilmiş məbləğdən artıq olarsa, həmin vəsaiti fermer Agentliyə geri qaytarır. Bu vəsait geri qaytarılmadıqda, növbəti illərdə ödəniləcək subsidiyaların məbləği həmin vəsaitin məbləği qədər azaldılır. Qeyd olunan uyğunsuzluqla əlaqədar, 2020-2021 və 2021-2022-ci əkin illəri üzrə vəsaitin ödənilməsindən sonra əkin sahəsində həyata keçirilmiş monitorinq zamanı bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasında fərq aşkar edilmişdir. Bu səbəbdən Qaydanın 5.5-ci uyğun olaraq, 2021-2023-cü illərdə ödənilmiş 16068 AZN vəsaitdən 2021-2022-ci illər ərzində artıq ödənilmiş 5799,50 AZN, yəni 2021-ci ildə artıq hesablanaraq ödənilmiş 3248 AZN və 2022-ci ildə artıq hesablanaraq ödənilmiş 2551,50 AZN, əkin subsidiyası Agentliyin nağd və nağdsız hesablarına geri qaytarılmışdır. Nəticə etibari ilə 2020-2021 və 2021-2022-ci əkin illəri üzrə vəsaitin ödənilməsindən sonra əkin sahəsində həyata keçirilmiş monitorinq zamanı bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasında fərq aşkar edildiyindən artıq hesablanmış məbləğ haqlı olaraq geri qaytarılmışdır və həmin torpaq sahələri üzrə əkin subsidiyası ödənilməməlidir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar çıxarılması xahiş edilmişdir. Şikayətin dəlilləri iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, icarə hüququ ilə onun istifadəsində olan 30 ha torpaq sahəsinin 5 ha hissəsi başqa şəxsə verilmiş çıxarışın koordinatları ilə üst-üstə düşməsi əsası ilə cavabdeh hesab etmişdir ki, həmin hissədə aparılmış əkin ona məxsus deyil. Əksinə tam olaraq 30 ha sahədə əkin onun tərəfindən aparılmışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********19-********** reyestr nömrəli çıxarışdan görünür ki, 30 ha torpaq sahəsinə dair (xx.xx.2013-xx.xx.2028-ci ilədək-15 il müddətinə) İddiaçı Abdulqadir qızının icarə hüququ xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İşin hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya ödənilən subsidiyanın miqdarının azaldılmasının və artıq ödənilmiş hesab olunan məbləğin geri tutulmasının əsası kimi icarə hüququ ilə iddiaçıya məxsus olan 30 ha torpaq sahəsinin bir hissəsinin başqa şəxsə verilmiş çıxarışla müəyyən edilmiş torpaq sahəsi ilə üst-üstə düşməsi və həmin hissədə əkin işlərinin iddiaçı tərəfindən deyil, həmin şəxs tərəfindən aparılması ehtimalı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası’nın: -3.8.2-ci bəndinə əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi (2027-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı) fermerler SİS-ə daxil etməlidirlər. - 5.4-cü bəndinə əsasən monitorinq nəticəsində fermerin bəyannaməsində göstəriləndən fərqli hallar müəyyən edildikdə, fermerə bununla əlaqədar SMS və elektron poçt vasitəsilə bildiriş göndərilir. Bildiriş təqdim edildikdən sonra fermer 15 (on beş) gün müddətində bildirişə etiraz etmədikdə, ona münasibətdə, müvafiq olaraq, bu Qaydanın 5.2-ci və 5.3-cü bəndlərinin tələbləri tətbiq edilir. Bildirişə etiraz fermerin iştirakı ilə Agentliyin və ya DAİM-in digər mütəxəssisləri tərəfindən yerində müşahidə aparmaqla qiymətləndirilir, nəticə aktlaşdırılaraq SİS-ə daxil edilir. Agentlik nəticəyə uyğun olaraq yekun qərar qəbul edir və fermerə bu barədə məlumat verir. Cavabdehin “yerində müşahidə hesabatları”ndan və “Təkrar monitorinq hesabatı”ndan görünür ki, həmin sahədə aparılmış müşahidə və monitorinq iddiaçının iştirakı ilə deyil, birtərəfli qaydada yalnız cavabdehin əməkdaşı tərəfindən aparılmışdır ki, bu hal monitorinqin nəticələrini mötəbər hesab etmək üçün məhkəmə kollegiyasında əminlik yaratrmır. Həmçinin iddiaçının bəyannaməsində göstəriləndən fərqli halın müəyyən edilməsi ilə bağlı iddiaçıya hər-hansı qaydada bildirişin göndərilməsi və məlumatlandırılması ilə bağlı cavabdeh sübut təqdim etməmişdir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81- 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 2-1(120)-671/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-411/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-411/2025
18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver