Məhkəmə qərarları › İş №2-1(106)-413/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-413/2025

18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-413/2025 18.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Əliyev Qasım Vəli oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi XXX Günəş Yusif qızının iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 2-1(120)-940/2025 nömrəli qərarından Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, hüququnun yarandığı vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 13 fevral 2025-ci il tarixli, 2- 1(120)-940/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus əmək kitaçasında xx.xx.1979-cu il tarixindən xx.xx.2002-ci il tarixinədək olan dövrün doldurulma qaydasının pozulması, yəni işə daxilolma qeydlərinin latın qrafikalı əlifba ilə yazılmasına dair cavabdeh inzibati orqanın irəli sürdüyü mülahizələrə münasibətdə bildirir ki, göstərilən hal iddiaçının təqsiri nəticəsində baş verməmişdir və bu səbəbdən də onun məsuliyyət sferasına aid edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Məhkəmə əmək kitabçasında göstərilmiş qeydlərin arxiv arayışları ilə də öz təsdiqini tapdığından mötəbərliyini şübhə altına almır və hesab edir ki, həmin mübahisəli dövrlər iddiaçıya münasibətdə də əmək fəaliyyəti dövrü kimi onun sığorta stajına daxil edilməlidir. Qərardan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən ona əmək pensiyası təyin edilməsinə dair inzibati aktda əmək stajı tamlıqla və dəqiqliklə nəzərə alınmayıb. Belə ki, o, xx.xx.1976-cı il tarixdən xx.xx.2002-ci il tarixə kimi işləmişdir. (Lerik rayon Komsomol Kolxozunda və X2) Lakin cavabdeh onun 26 il işlədiyi müddəti ümumi iş stajına daxil etməyib. O, cavabdehə müraciət edərək 26 il müddətin ümumi iş stajıma daxil edilməsini xahiş etmiş, lakin 02 mart 2024-cü il tarixdə cavabdeh onun ərizəsi ilə əlaqədar imtinaedici inzibati akt qəbul edib. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçının təqdim etdiyi sənədlərə və əmək kitabçasına əsasən onun mübahisələndirilməyən əmək fəaliyyəti dövrü qanunvericiliklə tələb olunan müddətdən - 25 ildən azdır. İddiaçının mübahisələndirilən əmək fəaliyyəti dövrü xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək “Komsomol” kolxozunda və xx.xx.1980-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “Komsomol” adına heyvandarlıq sovxozunda olan əmək fəaliyyəti dövrüdür. Belə ki, həmin dövrün doldurulma qaydası pozulduğundan (işə daxil olma qeydləri latın qrafikalı əlifba ilə yazıldığından), yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarına uyğun tərtib edilmədiyindən həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Fondun 1 saylı Lənkəran-Astara regional filialının Lerik rayon Pirəsora kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən “Komsomol” kolxozunun sənədlərində iddiaçının kolxoz üzvlüyünə daxil olma tarixi aşkarlanmamış, eyni zamanda ata adı qeyd olunmamışdır. Həmçinin “Komsomol” adına heyvandarlıq sovxozunun əmrlər kitabında İddiaçı işə daxilolma əmri möhürlə (imzalar) təsdiqlənməmiş və kitab qaytanlanmamış, eyni zamanda ata adı qeyd olunmamışdır. Bu səbəbdən sözügedən dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi mümkün olmamışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri imtina aktı və iddiaya qarşı etirazla eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surətləri iş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus 24 dekabr 2002-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasının surətində xx.xx.1979-cu il tarixdən xx.xx.2002-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olması barədə qeydlər mövcuddur. -Pirasora DDKTİM MMC-nin xx.xx.2002-ci il tarixli arayışının surətindən görünür ki, Həsənov X1 1976-cı il tarixdən 1979-cu il tarixədək işləməsi və əmək haqqı alması qeyd edilmişdir. -X3 sovxozunun xx.xx.2002-ci il tarixli, 269 nömrəli arayışında İddiaçı X2 1979-cu il tarixdən 2001-ci il tarixədək işləməsi və əmək haqqı alması qeyd edilmişdir. -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. -Lerik Rayon İcra Hakimiyyəti Lerik Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Komsomol” kolxozunun 1976-1979-cu illər üçün və “Komsomol” sovxozunun 1980-2001 -ci illər üçün əmr kitabları və əmək haqqı sənədləri Lerik rayon Dövlət Arxivinə təhvil verilməmişdir. -Lerik Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubu ilə Lerik Rayon XDS Rəyasət Heyətinin “Pirəsora” müstəqil paylı qoyunçuluq müəssisəsinin qeydə alınması barədə” 25 aprel 1995-ci il tarixli 44 nömrəli və “Pirəsora kəndindəki müstəqil paylı qoyunçuluq müəssisəsinin dövlət damazlıq qoyunçuluq müəssisəsinə çevirilməsi və “Azərdamazlıq” Birliyinin tabeliyinə verilməsi barədə” 19 sentyabr 1995-ci il tarixli 96 nömrəli qərarlarının rayon dövlət arxivi tərəfindən təsdiq olunmuş surətləri birinci instansiya məhkəməsinə təqdim edilmiş, məktubda əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2015-ci il tarixli 111 nömrəli Qərarı ilə “Pirəsora” qoyunçuluq üzrə damazlıq dövlət kənd təsərrüfatı müəssisəsi” MMC-nin adı dəyişdirilərək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “X7 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılmış və Nazirlər Kabinetinin 25 sentyabr 2018-ci il tarixli 414 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “X5 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə birləşdirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçıya münasibətdə ödənilmişdir. Belə ki, iddiaçı xx.xx.1958-ci il doğumludur və pensiya yaşına çatmışdır. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Formalaşmış mövcud məhkəmə təcrübəsinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. İddiaçının yaşa görə əmək pensiyası hüququnun yaranması ona məxsus əmək kitabçası ilə sübuta yetir. İddiaçı müvafiq sığorta stajına malik olmasını təsdiqləyən sübut kimi əmək kitabçasına istinad edərək yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasında qeydlərin doldurulma qaydasının pozulmasını, yəni latın qrafikalı möhürlə təsdiq edilməsini, həmçinin kolxozun sənədlərində iddiaçının kolxoz üzvlüyünə daxil olma tarixinin aşkarlanmaması, eyni zamanda ata adının qeyd olunmaması, sovxozun əmrlər kitabında işə daxilolma əmrinin möhürlə (imzalar) təsdiqlənməməsi və kitabın qaytanlanmaması, eyni zamanda ata adının qeyd olunmamasını əsas gətirərək, yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd olunan hallar iddiaçıya məxsus əmək kitabçasında olan qeydlərin mötəbər olmadığını güman etmək üçün kifayət etmir. Belə ki, "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının xx.xx.1991-ci il tarixli Qərarına əsasən 1992-ci il tarixdən latın qrafikasına keçilmiş, möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının latın qrafikasına dəyişdirilməsinə başlanılmışdır. Göründüyü kimi latın qrafikasına keçid 1992-ci ildən başlanılmışdır. Odur ki, iddiaçının 2002-cı ildə işdən azad edilərkən həm işə qəbul, həm də işdən azad edilməsi barədə qeydlərin latın qrafikalı möhürlə təsdiq edilməsi həmin sənədin mötəbərliyini şübhə altına almağa əsas vermir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bundan əlavə birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, kolxozun sənədlərində iddiaçının kolxoz üzvlüyünə daxil olma tarixinin aşkarlanmaması, ata adının qeyd olunmaması, sovxozun əmrlər kitabında işə daxilolma əmrinin möhürlə (imzalar) təsdiqlənməməsi və kitabın qaytanlanmaması iddiaçının məsuliyyət sferasına aid deyil və bu dəlillər onun əmək fəaliyyətinin olmamasını gümayn etmək üçün yetərli deyil. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 2-1(120)-940/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar