Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-415/2024 24.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış malların müsadirə edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2- 1(120)-1821/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus, aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış, alış dəyəri 8,55 manat olan 19 ədəd tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəməsinin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Vergilər Nazirliyi yanında 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********8478 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərarı”na əsasən Salyan şəhəri, Ələt-Astara yolunun 130-cu km-də yerləşən, vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) məxsus mağazada operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı obyektdə aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 8,55 manat olan 19 ədəd (“Pramida” adlı) tütün məmulatları aşkar edilmişdir. Bu fakt üzrə vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) barəsində “Markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair” xx.xx.2022-ci il tarixli, VN-№ 000524 nömrəli Akt tərtib edilmişdir. Aşkar edilmiş məhsullar “Markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə” xx.xx.2022-ci il tarixli, VN-№ 000304 nömrəli Protokol tərtib edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.15-ci maddəsinə əsasən məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 24.0.2-2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanlarının hüquqlarına aid edilmişdir. Vergi orqanı tərəfindən aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış malların müsadirə edilməsi barədə iddia ümumi hüquq münasibətlərindən irəli gələn məsələdir. Belə ki, Ali Məhkəmənin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(102)-478/2022 nömrəli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, vergi hüquq münasibətləri bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanır. Bu münasibətlər dövlətin adından fəaliyyət göstərən bir tərəfin - vergi orqanının hakimiyyət səlahiyyətlərinə malik olmasına, digər tərəfin - vergi ödəyicisinin isə tabeçiliyinə əsaslanan tərəflərin subordinasiyasını nəzərdə tutur. Xüsusilə qeyd olunmalıdır ki, vergi orqanının tələbləri və vergi ödəyicisinin öhdəlikləri müqavilədən deyil, qanundan irəli gəlir. VM vergi nəzarəti və vergi qanunvericiliyinin pozulması ilə əlaqədar məsuliyyətə cəlb etmə məsələlərini tənzimləyir. İddiaçı da iddia ərizəsində özünün inzibati orqan (vergi orqanı) səlahiyyətlərinə və VM-in müvafiq müddəalarına istinad etmişdir. Vergi orqanının Vergi Məcəlləsinin 50.1.2-ci maddəsinə uyğun olaraq açdığı xx.xx.2022-ci il tarixli, **********8478 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati aktdır. Çünki: 1) inzibati orqan (iddiaçı) tərəfindən qəbul edilmişdir; 2) ümumi (publik) hüquq sahəsinə (vergi qanunvericiliyinə) aid olan müəyyən məsələni (aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış malların aşkar edilərək edilərək götürülməsi, məsul saxlamaya qoyulması) həll etmək məqsədilə qəbul edilmişdir; 3) ünvanlandığı fiziki şəxs (cavabdeh) üçün müəyyən hüquqi nəticələr (əmlak üzərində sərəncam, istifadə və sahiblik etmək hüququndan məhrum etmə, üzərinə qoyulmuş vəzifələri yerinə yetirmədiyi hallarda cinayət məsuliyyətinə cəlb edilmə və sair) yaratmışdır; 4) qərar formasında qəbul edilmiş hakimiyyət tədbiridir. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2-1(120)-1821/2024 saylı qərardadı ilə (hakim Fehruz Abbasov) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, iş üzrə qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2-1(120)-1821/2024 saylı qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Azərbaycan Trespublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 3.0.16-cı yarımbəndinə əsasən siyahıya aldığı aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlanma ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq Xidmətin vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 4.0.20-ci yarımbəndinə əsasən aksiz markaları ila markalanmalı və məcburi nişanlanma ilə nişanlanmalı olan malların Azərbaycan Respublikası Ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müəyyənləşdirilmiş qaydaların tələblərinə riayət olunmasına nəzarət etmək Xidmətin hüquqlarına aid edilmişdir. Həmçinin Vergi Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Həmin Məcəllənin 23.1.15-4-cü maddəsinə əsasən aksiz markaları ilə markalanmalı və məcburi nişanlanma ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydaların tələblərinə əməl edilməsinə nəzarət etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinin 24.0.2-2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlanma ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 23.1.15-ci maddəsinə əsasən məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlanma ilə nişanlanmayan və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Qeyd edilən maddələrdə aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmış malların satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi ilə bağlı vergi orqanına hər hansı bir halla şərtlənməyən və məhdudlaşdırmayan məhkəmədə iddia qaldırmaq barədə hüquqlar verilir. Bu hüquqlar vergi münasibətləri ilə bağlı spesifik, sahəvi və xüsusi normaları özündə nəzərdə tutan Vergi Məcəlləsində birbaşa olaraq əks olunmuşdur. Məhz iddiaçı Vergi Məcəlləsi ilə ona verilmiş hüquqlardan istifadə edərək aksiz markası olmayan malların müsadirə edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə vergi münasibətləri ilə spesifik, sahəvi və xüsusi normaları özündə nəzərdə tutan Vergi Məcəlləsində qeyd olunan normaları nəzərə almadan əsassız olaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 25 və 85-ci maddələrini əsas tutaraq iddianı mümkün hesab etməmişdir. Məhkəmə Vergi Məcəlləsinin yuxarıda sadalanan normalarına əsaslanmalı və məhz onları üstün tutmalı olduğu halda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23,25 və 85-ci maddəsinə istinad etməklə tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmişdir. Göstərilənlərə əsasən Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(120)-1821/2024 nömrəli qərardadının ləğv edilərək iddianın mümkün hesab edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Republikası İPM-nin 63.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.5. bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Apellyasiya şikayətinin mümkünlüyünə dair məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqların pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. Bununla belə ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda məhkəmə müdafiəsi hüququnun, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Həmçinin qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən inzibati məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin 10 aprel 2024-cü il tarixli, 2- 1(120)-1821/2024 saylı məktubundan görünür ki, Şirvan İnzibati Məhkəməsinin 10 aprel 2024-cü il tarixli, 2-1(120)-1821/2024 saylı qərardadı iddiaçıya rəsmi qaydada göndərilmişdir. (iş vərəqi 34). İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Şirvan İnzibati Məhkəməsinin 10 aprel 2024-cü il tarixli, 2-1(120)-1821/2024 saylı qərardadı xx.xx.2024-cü il tarixdə iddiaçıya təqdim olunmuşdur. (iş vərəqi 35). İş materiallarından görünür ki, apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə tərtib edilərək imzalanmış və xx.xx.2024-cü il tarixdə Şirvan İnzibati Məhkəməsinə daxil olmuşdur. Yuxarıda qeyd edilən sübutlardan müəyyən olunur ki, Şirvan İnzibati Məhkəməsinin 10 aprel 2024-cü il tarixli, 2-1(120)-1821/2024 saylı qərardadı 10 aprel 2024-cü il tarixli məktubla iddiaçıya rəsmi qaydada göndərilmiş və həmin qərardada ştamp vurulmaqla iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. İddiaçı tərəfindən həmin qərardaddan apellyasiya şikayəti verilmiş, xx.xx.2024-cü il tarixdə tərtib edilərək imzalanmış və həmin şikayət Şirvan İnzibati Məhkəməsinin dəftərxanasına xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Yəni, iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti həmin qərardadın rəsmi qaydada alındığı gündən 39 gün sonra tərtib edilərək imzalanmış və Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Başqa sözlə, verilmiş apellyasiya şikayəti, qanunla şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətdən 29 gün gec verilmişdir. Bununla da, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş 10 günlük müddəti ötürmüşdür. Məhkəmə kollegiyasının mövqeyinə görə təqdimetmə qanunla nəzərdə tutulmuş formada tərtib edilən və həyata keçirilən bir hərəkətdir ki, bunun vasitəsilə ünvanlanan şəxsə hər hansı bir sənədlə bağlı münasibət bildirmək imkanı yaradılır. Təqdimetmə müvafiq sənədin onun ünvanlandığı şəxs tərəfindən alınmasının təsdiq olunmasına və müddətlərin hesablanmasına xidmət edir. Tərəflərə aid olan müddətləri isə qanunla nəzərdə tutulmuş müddətlərə və hakim tərəfindən təyin olunan müddətlərə bölmək olar. Qanunla nəzərdə tutulmuş müddətlər müddətin başlanması və davamının qanunla müəyyən edilməsi ilə səciyyələnir. Buraya, xüsusilə, iddia qaldırma müddətləri və şikayət vermə müddətləri aiddir. Qanunla müəyyən edilmiş müddətin axımı müvafiq qanundakı göstərişlər əsas götürülməklə başlayır. Əlbəttə ki, proses iştirakçılarına məhkəmə qərarları müxtəlif günlərdə təqdim edilərsə, onlar üçün müddət axımının başlanma anı müxtəlif ola bilər. Nəzərə almaq lazımdır ki, İnzibati Prosessual Məcəllənin 20.3-cü və 22.1-ci maddələrinə əsasən məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir və müddətin axımı təqdim edilmə anından başlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə kollegiyası yuxarıda şərh olunan hüquq normalarının tələblərini hazırki işin müəyyən edilmiş faktiki halarına tətbiq edərək belə qənaətə gəlir ki, məhkəmənin yekun aktının iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə əldə edildiyindən (təqdim edildiyindən) və iddiaçı tərəfindən həmin qərardan verilmiş apellyasiya şikayəti xx.xx.2024-cü il tarixində tərtib edilərək Şirvan İnzibati Məhkəməsinə göndərildiyindən iddiaçı apellyasiya şikayətinin verilməsi üçün 10 günlük prosessual müddəti ötürmüşdür. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı qaydada iddiaçıya hüquqi yardım məktubu ünvanlanmış, apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim edilməsi təklif edilmiş və bununla bağlı müddət təyin edilmişdir. Lakin iddiaçı tərəfindən təyin edilmiş müddət ərzində (məhkəmə iclasına kimi) apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edəcək hər hansı bir mötəbər sübut (sənəd) təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı birinci instansiyası məhkəməsinin qərardadından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 10 (on) günlük prosessual müddəti ötürmüşdür. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə də verilməmişdir. Hansı ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24.1-ci madəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, müddətin bərpasına dair ərizə verilmədiyinə görə məhkəmə tərəfindən ötürülmüş müddətin bərpa edilməsi məsələsinə də baxıla bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. X3rşı iş üzrə Qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də şikayətin qəbuledilənlik şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir (Luordo İtaliyaya qarşı iş üzrə 2003-cü il 17 oktyabr tarixli Qərar). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadından apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüş və hüquqi yardım olunmasına baxmayaraq iddiaçı müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şirvan İnzibati Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2-1(120)-1821/2024 saylı qərardadından iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kasasiya şikayəti vermək olar. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-415/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-415/2024
24.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver