Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-415/2025 25.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Pərviz Vaqif oğlu və Quliyev Ceyhun Əmir oğlu oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddaçı İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2-1(120)-1171/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın hissəvi ləğv edilməsi və pensiyanın dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ona aid hissədə ləğv edilməsi və pensiyanın dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 24 fevral 2025-ci il tarixli, 2- 1(120)-1171/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində inzibati icraat başlanılsa da, bununla bağlı inzibati icraat haqqında qanunvericiliyin normalarına uyğun olaraq vətəndaşa bildiriş göndərilməmiş, onun iştirakı və dinlənilmə hüququ təmin edilməmiş, qəbul olunmuş inzibati akt ona göndərillməmişdir. Yalnız xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə-28048/2024 nömrəli məktubla əmək pensiyasının dayandırılması və artıqödəmə barədə ona məlumat verilmişdir. İddiaçının əmək kitabçasında xx.xx.1977-ci il tarixdən xx.xx.2005-ci il tarixədək X1 müəssisəsində əmək fəaliyyəti ilə məşğul olduğu qeyd edilmişdir. İstər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər-hansı şübhə doğurmamışdır. Arxiv arayışında müəyyən dövrlər qeyd edilməmişdir ki, araşdırma nəticəsində həmin dövrlərlə bağlı əmək haqqı cədvəllərinin arxivdə tam olmadığı müəyyən edilmişdir. Eləcə də, cavabdeh inzibati orqanın imtina məktubunda əmək kitabçasının mötəbərliyi ilə bağlı qeyd etdiyi hallara münasibət bildirərək məhkəmə qeyd etmişdir ki, həmin hallar iddiaçının təqsiri səbəbilə olmamışdır. Belə ki, iddiaçının müəssisədə işləməsi arxivdə olan sənədlərə əsasən öz təsdiqini tapır. Bu səbəbdən, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almır, əksinə həmin qeydlər əsasında iddiaçının işlədiyi illəri onun sığorta stajına daxil edir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh orqan tərəfindən ona xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyası təyin olunmuşdur. xx.xx.2023-cü il tarixdən təyin olunmuş yaşa görə əmək pensiyası dayandırılmışdır. İşlədiyi illəri nəzərə alınsa 25 ildən artıq stajı vardır. Yaşa görə əmək pensiyası təyin olunmasından ötrü yenidən Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli imtina məktubu verilərək bildirilmişdir ki, təqdim etdiyi əmək kitabçasının surətinə və digər sənədlərə əsasən sığorta stajı 3 il 11 ay 3 gün təşkil edir. Əlavə olaraq bildirir ki, təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş X1 müəssisəsindəki əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçalarında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı bildirmişdir ki, onun 25 ildən artıq iş stajının olması əmək kitabçası, arayışlar və hərbi bileti ilə öz təsdiqini tapır. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının ümumi iş stajı qanunla tələb olunan müddətdən az olduğundan, eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum nəbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, müraciəti müsbət həll emək mümkün olmamışdır. İddiaçı xx.xx.2021-ci il tarixdən (əlilliyə görə əmək pensiyasının ödənişi dayandığı tarixdən) yaşa görə əmək pensiyası təyin edilmişdir. Xidməti araşdırma zamanı İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1977-ci il tarixdən xx.xx.2005-ci il tarixədək X1 müəssisəsində əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. X5 regional Filialının xx.xx.2023-cü il tarixli aktına əsasən X1 müəssisəsinin əmək haqqı cədvəlləri saxlanılmadığından sözügedən dövrlərin araşdırılaraq sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanlara əsasən onun faktiki sığorta stajı 3 il 11 ay 3 gün olduğu halda 32 il 5 ay staj hesablanmaqla xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əlilliyə görə, xx.xx.2021-ci il tarixdən isə yaşa görə əmək pensiyası təyin edildiyi məlum olmuşdur. Bu səbəbdən pensiya işləri etibarsız (ləğv) edilmiş və yaşa görə əmək pensiyası ödənişi xx.xx.2023-cü il tarixdən dayandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin yeganə dəlili birinci instansiya məhkəməsinin iş üzrə tam araşdırma aparmaması ilə bağlıdır. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. -64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. -Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. -67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. -67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.4-cü maddəsinə əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3135/2024 nömrəli, xx.xx.2024-cü il tarixli üç ulduzla nişanlanmış qərarında təsbit edilmiş hüquqi mövqeyə görə: -İnzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. -İnzibati orqan əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. -Qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür. -İnzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir. -Beləliklə, qeyd olunan hüquqi yanaşma inzibati orqanlardan onu tələb edir ki, inzibati orqan özünün əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlı olsa da, malik olduğu bu səlahiyyətin həyata keçirilməsi zamanı məhdudiyyətlərə və qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətə və prosedurlara riayət etməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Daxili Nəzarət və Audit Şöbəsinin yoxlama aktında qeyd olumuş dövrlərdə əmək fəaliyyəti dövrlərinin düzgünlüyü, habelə həmin dövrlər üzrə əmək haqqlarına görə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi vəziyyəti araşdırılmışdır. xx.xx.2023-cü il tarixli yoxlama aktına əsasən 1977-2005-ci illər X2 müəssisəsində olan dövrlərində qanunvericiliklə müəyyən olunmuş qaydada vətəndaşın əmək haqqı alıb almamasını yoxlamaq mümkün deyil, bu səbəbdən pensiya ödənişi dayandırılır. xx.xx.2011-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həm əlilliyə görə, həm yaşa görə ödənilmiş 29130.73 manat artıqvermə nəzərə alınsın. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının mübahisələndirilən dövr üzrə iş stajı əmək kitabçasındakı qeydlər əsasında öz təsdiqini tapır. Bundan başqa, iddiaçının əmək fəaliyyəti ilə bağlı məlumatların arxivdə saxlanılmaması iddiaçının təqsiri səbəbilə olmamışdır və onun ziyanına şərh edilə bilməz. Bundan başqa, qanunverici qanunsuz inzibati aktın ləğv edilməsini həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il müddətində məhdudlaşdırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya təyinatı ilə bağlı sənədlər toplusu iddiaçının özündə (müvafiq filialda) saxlanıldığından onun istənilən vaxt həmin sənədləri təftiş etmək, özünün əvvəlki təyinatla bağlı qərarını ləğv etmək və yaxud dəyişdirmək imkanı olmuşdur ki, bu iddiaçının bilməli olduğu hallara aiddir. Buna baxmayaraq cavabdeh “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələblərinə zidd olaraq, xx.xx.2021-ci il tarixdə aparılmış pensiya təyinatı barədə qərarını uzun müddət (1 il 9 ay) keçdikdən sonra (xx.xx.2023-cü il tarixdə) yenidən təftiş edərək, ləğv etmək qərarına gəlmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2-1(120)-1171/2025 nömrəli nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-415/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-415/2025
25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver