Məhkəmə qərarları › İş №2-1(106)-418/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-418/2023

06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-418/2023 06.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2-1(120)-297/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh Başçısının xx.xx.2016-cı il tarixli 127 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Samir Həsənov) 18 yanvar 2022-ci il tarixli, 2- 1(120)-297/2022 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Başçısının 29 dekabr 2008-ci il tarixli, 252 saylı sərəncamı ilə uzun müddət istifadələrində olan, Kürdəmir rayonu ərazisində yerləşən 13 h nömrəli, “Bozbaşlı” adlanan qış otlaq sahəsindən istifadələrinə 15 il müddətinə (müqavilə şərtinə əsasən) 200 ha torpaq sahəsi verilmişdir. Cavabdeh Başçısının 13 iyul 2016-cı il tarixli, 127 saylı sərəncamı ilə 252 saylı sərəncam ləğv edilərək torpağın icarə müqaviləsinə xitam verilmişdir. Bundan sonra onun xəbəri olmadan 200 ha torpaq sahəsi şumlanmışdır. Hal-hazırda həmin torpaq sahəsindən istifadə edə bilmir. Ona xeyli miqdarda maddi ziyan vurulmuşdur. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi cavabdehin nümayəndəsinin mülahizələrinə əsaslanıb onun iddiasını təmin etməmişdir. Hesab edir ki, maddi və prosessual hüquq normaları pozulmaqla işə baxılmışdır. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək həmçinin bildirdi ki, 2017-ci ildə Şirvan İnzibati Məhkəməsinə Cavabdehnə qarşı “cavabdehin 13 iyul 2016-cı il tarixli 127 saylı sərəncamının ləğv edilməsi” barədə iddia ərizəsi ilə müraciət etmiş və iddiasi mümkün sayılmamışdır. Şirvan İnzibati Məhkəməsinin adı çəkilən məhkəmə aktından apellyasiya şikayəti verməmiş, daha sonra yenidən eyni əsas üzrə Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə mütaciət etmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək işin baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İşdə olan Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli, 252 saylı sərəncamının və xx.xx.2008-ci il tarixli, 97 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, Qəbələ rayonu Laza kənd sakini İddiaçı müraciəti nəzərə alınmış və 15 il müddətinə ona örüş-qoyunçuluq məqsədilə 13h nömrəli “Bozbaşlı” adlanan qış otlaq sahəsindən 200 ha torpaq sahəsi müvəqqəti istifadə hüququ ilə icarəyə verilmişdir. İşdə olan Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 127 saylı sərəncamının surətindən görünür ki, İddiaçı 15 il müddətinə 200 ha qış otlaq səhəsinin icarəyə verilməsi barədə Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli, 252 saylı sərəncamı ləğv edilmiş və onun həmin torpaq sahəsi üzərində icarə hüququna xitam verilmişdir. İşdə olan Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 2/1883-2 nömrəli məktubunda qeyd olunmuşdur: Kürdəmir rayonunun inzibati ərazisindəki qış otlaq sahəsindən icarəyə götürdüyünüz torpaq sahəsinin qanunsuz olaraq sizdən geri alındığını bildirərək, tədbir görülməsini və qışlaq sahəsinin sizin istifadənizə qaytarılmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) Elmira xanım Süleymanovaya ünvanladığınız ərizənizə tərəfimizdən baxılmışdır. Araşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh Başçısının 29 dekabr 2008-ci il tarixli 252 nömrəli sərəncamı ilə qoyunçuluğu inkişaf etdirmək məqsədi ilə sizə Kürdəmir rayonunun inzibati ərazisindəki 13h nömrəli “Bozbaşlı” yeri adlanan qış otlaq sahəsindən icarəyə 200 hektar yer verilmişdir. Siz həmin torpaq sahəsindən bir neçə il təyinatı üzrə istifadə etmisiniz, son iki ildə isə əraziyə davar gətirməmisiniz, torpaq sahəsində təyinatdankənar taxıl, bostan-tərəvəz əkmisiniz. Ayrılmış qış otlaq sahəsində davar saxlamadığınıza və torpaq sahəsindən təyinatdankənar istifadə etdiyinizə görə rayon İcra Hakimiyyəti Başçısının 13 iyul 2016-cı il tarixli 127 saylı sərəncamı ilə sizə torpaqdan istifadə (icarə) hüququnuza xitam verilmişdir. Həmin ərazidəki 6150 hektar qış otlaq sahələrinin (o cümlədən sizin icarənizdə olmuş, qış otlaq sahəsi də daxil olmaqla) təyinatının dəyişdirilərək əkin dövriyyəsinə qatılması üçün Respublikanın aidiyyatı icra orqanları qarşısında məsələ qaldırılmışdır. Torpaq sahəsinin qanunsuz olaraq sizdən alınması barədə şikayətiniz əsassızdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli, **********503300 nömrəli məktubundan görünür ki, İddiaçı (VÖEN: **********) tərəfindən 2016-cı ildən cari tarixədək torpaq icarə haqqı üzrə heç bir məbləğin ödənilmədiyi müəyyən edilmişdir. İşdə olan Cavabdeh məhkəməyə göndərdiyi 02 dekabr 2022-ci il tarixli, 1/465 nömrəli məktubunda qeyd edilmişdir ki, Qəbələ rayonunun Sırtyəngicə kənd sakini İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh Başçısının 29 dekabr 2008-ci il tarixli, 252 saylı sərəncamı ilə Kürdəmir rayonunun inzibati ərazisində 13h saylı "Bozbaşlı” adlanan ərazidə yerləşən qış otlaq sahəsindən onun icarəsinə 200 hektar torpaq sahəsi verildiyini, lakin Cavabdeh Başçısının 13 iyul 2016-cı il tarixli, 127 saylı sərəncamı ilə həmin torpaq üzərində icarə hüququna xitam verildiyini bildirərək həmin sərəncamın qanunsuz olduğu üçün ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bildiririk ki, İddiaçı iddia tələbi tam əsassızdır. Belə ki, rayonun inzibati ərazisində yerləşən qış otlaq sahələrindən istifadəni tənzimləmək məqsədilə yaradılmış komissiya tərəfindən İddiaçı icarəsində olmuş torpağa baxış keçirilərkən müəyyən edilmişdir ki, o, torpaqdan təyinatı üzrə istifadə etmir, torpağı qanunsuz olaraq ayrı-ayrı şəxslərə istifadə etmək üçün satmış, müqavilə şərtlərini pozaraq torpağın 30-40% hissəsində əkinlər apararaq torpaqdan təyinatdan kənar istifadə etmişdir. Bu səbəbdən də komissiyanın təklifinə əsasən Cavabdeh Başçısının 13 iyul 2016-cı il tarixli, 127 saylı sərəncamı ilə İddiaçı icarəyə verilmiş 200 hektar torpaq sahəsi üzərində icarə hüququna xitam verilmişdir. İddiaçı Cavabdeh Başçısının 13 iyul 2016-cı il tarixli, 127 saylı sərəncamının ləğv edilməsi tələbi ilə 2017-ci ildə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati- İqtisadi Məhkəməsində həmin iddia ərizəsinə baxılmış və məhkəmənin (hakim İxiyar Abuşov) 12 aprel 2017-ci il tarixli 2-1(86)-440/2017 nömrəli Qərardadi ilə “İddianın mümkün sayılmaması barədə” qərar qəbul edilmiş, qərardaddan şikayət verilməmiş və hüquqi qüvvəyə minmişdir. Odur ki, İddiaçı eyni məzmunlu iddia tələbi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğu üçün məhkəmədən xahiş edirik ki, "İnzibati İcraat haqqında” Qanunun 34.1.2-ci maddəsinə əsasən İddiaçı Cavabdeh Başçısının 13 iyul 2016-cı il tarixli, 127 saylı sərəncamının ləğv edilməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərar qəbul edəsiniz. İşdə olan Cavabdeh məhkəməyə göndərdiyi 10 yanvar 2022-ci il tarixli, 1/18 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Cavabdeh Başçısının 13 iyul 2016-cı il tarixli 127 saylı sərəncamının ləğv edilməsi tələbi ilə 2017-ci ildə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsində həmin iddia ərizəsinə baxılmış və məhkəmənin (hakim İxiyar Abuşov) 12 aprel 2017-ci il tarixli 2-1(86)- 440/2017 nömrəli Qərardadi ilə “İddianın mümkün sayılmaması barədə” qərar qəbul edilmiş, qərardaddan şikayət verilməmiş və hüquqi qüvvəyə minmişdir. Eyni zamanda məlumat üçün bildiririk ki, İddiaçı 200 ha qış otlaq sahəsinin ayrılması barədə xx.xx.2008ci il tarixli, 252 nömrəli sərəncamın ləğv edilməsi barədə rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 127 nömrəli sərəncamının iddiaçıya təqdim edilməsi vaxtı və qaydası (şəxsən təqdim olunması barədə) barədə sənədlərin təsdiq edilmiş surətləri 2017-ci ildə həmin işə baxılarkən məhkəməyə təqdim edilmişdir. “Azərbaycan Respubublikasının rayon, şəhər və şəhərlərdə rayon İcra Hakimiyyəti Başçıları X3 barədə Təlimat”ın 126 və 127-ci maddələrinə əsasən saxlama müddəti ötdüyü üçün və saxlanılmaq məqsədi ilə Dövlət Arxivinə təhvil verilməsi məqsədəmüvafiq hesab edilmədiyindən 01 yanvar 2016-cı il tarixdən 01 yanvar 2017-ci il tarixədək İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin cari arxivində saxlanılmış 2016-cı ildə rayon İcra Hakimiyyətindən Poçt vasitəsilə məktublar göndərilməsi barədə poçt reyestrləri, fiziki şəxslərin sahibkarlıq fəaliyyətinə dair məlumat xarakterli sənədlər və digər saxlanılması zəruri hesab edilməyən sənədlər məhv edilmişdir. Odur ki, həmin sənədlərin surətlərini təkrarən məhkəməyə təqdim etmək mümkün deyildir. İddiaçı 2016-ci ildən bu günə kimi torpaq icarəsinə görə vergi borcunun olub-olmaması barədə İcra Hakimiyyətində heç bir məlumat yoxdur. Çünki, 2016-ci ildən onun icarə hüququna xitam verilmiş və o, həmin torpaqdan istifadə etməmişdir. İddiaçı icarəsində olmuş 200 ha qış otlaq sahəsi üzərində icarə hüququna rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 127 nömrəli sərəncamı ilə xitam verildikdən sonra həmin torpaq sahəsinin kimə və ya kimlərə icarəyə verilməsi tərəfimizdən müəyyən edilə bilmədiyi üçün bu barədə də məhkəməyə dəqiq məlumat vermək mümkün deyildir. İşdə olan Şirvan İnzibati Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 11- 13/2022 nömrəli məktubuna əlavə edilmiş Cavabdeh 25 yanvar 2017-ci il tarixli, 2/104-5 nömrəli məktubundan və vətəndaşların qəbulunun qeydiyyatı kitabından çıxarışdan görünür ki, İddiaçı 200 (iki yüz) hektar qış otlaq sahəsinin icarəyə verilməsi barədə Kürdəmir İcra Hakimiyyəti Başçısının 29 dekabr 2008-ci il tarixli, 252 nömrəli sərəncamının ləğv edilməsi barədə 13 iyul 2016-cı il tarixli, 127 nömrəli sərəncamının surəti 2016-cı il 30 avqust tarixində İddiaçı verilmişdir. İşdə olan İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli 127 saylı sərəncamının ləğv edilməsi” barədə iddia tələbi üzrə 2-1(86)-440/2017 nömrəli inzibati işin içərisində olan iddia ərizəsindən görünür ki, iddiaçı, “Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli 127 saylı sərəncamının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir və həmin iddia ərizəsi xx.xx.2016-cı il tarixdə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə daxil olmuşdur. İşdə olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 12 aprel 2017-ci il tarixli, 2-1(86)- 440/2017 nömrəli qərardadının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Cavabdehnə qarşı “cavabdehin 13 iyul 2016-cı il tarixli, 127 saylı sərəncamının ləğv edilməsi” barədə iddiası iddia müddəti keçdikdən sonra verildiyindən mümkün sayılmamışdır. Həmin qərarın 2-ci vərəqinin 8-ci abzasından görünür ki, iddiaçının mübahisələndirilən sərəncamdan 30 avqust 2016-cı il tarixə qədər məlumatlı olduğu və həmin tarixdə sərəncamın surəti ona təqdim olunduğu müəyyən olunur. İşdə olan Şirvan İnzibati Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, xx-xx/2022 nömrəli məktubundan görünür ki, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli 127 saylı sərəncamının ləğv edilməsi” barədə iddia tələbinin mümkün sayılmaması qərara alınmış, qərardaddan apellyasiya şikayəti verilməmiş və həmin qərardad 01 may 2017-ci il tarixində qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt, inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 73.3-cü maddəsinə əsasən inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. İşin faktiki hallarından görünür ki, Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli, 252 saylı sərəncamı və xx.xx.2008-ci il tarixli, 97 nömrəli icarə müqaviləsi ilə Qəbələ rayonu Laza kənd sakini İddiaçı müraciəti nəzərə alınmış və 15 il müddətinə ona örüş-qoyunçuluq məqsədilə 13h nömrəli “Bozbaşlı” adlanan qış otlaq sahəsindən 200 ha torpaq sahəsi müvəqqəti istifadə hüququ ilə icarəyə verilmişdir. Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 127 saylı sərəncamı ilə İddiaçı 15 il müddətinə 200 ha qış otlaq səhəsinin icarəyə verilməsi barədə Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli, 252 saylı sərəncamı ləğv edilmiş və onun həmin torpaq sahəsi üzərində icarə hüququna xitam verilmişdir. İddiaçı Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 12 aprel 2017-ci il tarixli, 2-1(86)-440/2017 nömrəli qərardadından apellyasiya şikayəti verməmiş, yenidən iddia ərizəsi ilə müraciət edərək hazırki iddianı qaldırmışdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi qərardan, yəni Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 127 saylı sərəncamından 2016-cı il tarixindən məlumatlı olduğundan (Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 12 aprel 2017-ci il tarixli, 2-1(86)-440/2017 nömrəli qərardadının 2-ci vərəqinin 8-ci abzası) və prosessual müddətin axımını həmin sərəncamdan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Belə ki, iddiaçı hazırki tələb üzrə iddia ərziəsi ilə ilkin olaraq xx.xx.2016-cı il tarixdə, daha sonra xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Başqa sözlə İddiaçı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 127 saylı sərəncamından məlumatlı olduğu vaxtdan qanunla müəyyən edilmiş müddət (30 gün) keçdikdən sonra (hazırki iddia tələbi üzrə isə üç ildən sonra) müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı Cavabdehnə qarşı hazırkı iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. İddiaçı ümumi şəkildə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməli olduğunu bildirmiş, lakin apellyasiya şikayətinin dəlilləri ilə bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq həmçinin qeyd edir ki, İddiaçı sözügedən sərəncamı mübahisələndirmək üçün qanunvericiliklə müəyyən olunmuş iddia müddətinin üzrlü səbəbdən buraxıldığına dair əsaslı dəlillər gətirməmiş, iddia müddətinin üzrlü səbəbdən buraxıldığını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İddiaçı Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 12 aprel 2017-ci il tarixli, 2-1(86)-440/2017 nömrəli qərardadı elan olunarkən apellyasiya şikayəti vermək hüququ izah olunmuş, lakin iddiaçı həmin hüququndan istifadə etməmiş, yenidən eyni əsas üzrə iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2-1(120)-297/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar