Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-419/2025 25.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Pərviz Vaqif oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 2-1(120)-2539/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiya məbləğinin düzgün hesablanması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, 16 oktyabr 1992-ci ilə kimi polis şöbə rəisinin köməkçisi, qərargah rəisi vəzifəsində işlədiyinə görə onun pensiyasının polis şöbə rəisinin köməkçisi, qərargah rəisi vəzifəsinin aylıq əmək haqqı akladı (maaşı) ilə 16 oktyabr 1992-ci ildən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 01 may 2024-cü il tarixli, 2-1(120)- 1511/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(106)-427/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2-1(120)-1511/2024 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 05 mart 2025-ci il tarixli, 2-1(120)- 2539/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının tələbi pensiyanın hesablanması qaydasından deyil, ona məxsus məlumat vərəqəsində yazılan iş stajı və məbləğlərə dair məlumatlardan narazıdır. Müvafiq məlumat vərəqəsinin doldurulması və tərtibatı hazırki iş üzrə olan cavabdeh orqana aid səlahiyyət deyildir. İddiaçı hüquqi marağı ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məlumatları əks etdirən məlumat vərəqəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına təqdim olunması ilə bağlıdır. Beləliklə, öhdəliyin icrası haqqında iddialarda tələb olunan mümkünlük şərti kimi inzibati orqanın düzgün müəyyən edilməsi və inzibati orqana əvvəlcədən müraciət edilməsi zəruridir. Lakin işin faktiki hallarından görünür ki, hazırki iş üzrə qeyd olunan tələblə bağlı cavabdehə müraciət edilməmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən müraciət səlahiyyəti olmayan inzibati orqana ünvanlanmışdır. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 16 oktyabr 1992-ci ildə Lənkəran rayon polis şöbəsində polis şöbəsinin rəis köməkçisi, qərargah rəisi işləyən vaxtı pensiyaya çıxmışdır. Onun pensiyasını polis şöbəsinin rəis köməkçisi, qərargah rəisi vəzifəsinin aylıq əmək haqqı akladı (maaşı) ilə hesablamayıblar. Ona şöbə rəisi köməkçisi-ərazi bölməsinin rəisi vəzifəsinin aylıq əmək haqqı akladı ilə pensiya verirlər. O, şöbə rəisinin köməkçisi ərazi bölməsinin rəisi işləməmişdir. 16 oktyabr 1992-ci ilə kimi şöbə rəisin köməkçisi qərargah rəisi vəzifəsində işlədiyinə görə onun pensiyası göstərdiyi vəzifənin aylıq əmək haqqı akladı (maaşı) ilə hesablanıb ona verilməlidir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddianın təmin edilməsi xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi sübutlara düzgün qiymət verməmişdir. Prosessual məsələlər İddiaçı apellyasiya şikayətini müdafiə etmiş və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini qəbul etməmiş və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İstənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İşdə olan Şirvan İnzibati Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, iddiaçıya hüquqi yardım edilmiş, müvafiq məlumat vərəqəsinin doldurulmasının və tərtibatının hazırki iş üzrə cavabdeh orqanın səlahiyyətinə aid olmadığı qeyd edilmiş, iddiaçının tələbi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müvafiq məlumatları əks etdirən məlumat vərəqəsinin təqdim olunması məqsədi ilə müraciət etməli olduğu izah edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia tələbinə cavab verməli inzibati orqan düzgün müəyyən edilməmiş, iddia ona cavab verməli olan inzibati orqana qarşı yönəlməmişdir. Bu hal birinci instansiya məhkəməsi tərəfindən ona ünvanlanmış hüquqi yardım məktubunda onun diqqətinə çatdırılsa da, iddiaçı bu tələbə riayət etməmişdir. Həmçinin, daha əvvəl işə baxan Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2024-cü il tarixli, 2-1(106)-427/2024 nömrəli qərardadında qeyd etmişdir ki, iddiaçıya tələbinə uyğun əmək pensiyasının təyin edilməsindən ötrü iddiaçının marağına uyğun məzmunda məlumat vərəqi təqdim olunmalıdır. Pensiya məbləğinin artırılmasına səbəb ola biləcək məlumat vərəqi səlahiyyətli qurum tərəfindən hazırki iş üzrə cavabdeh quruma təqdim olunmadan onun imtinasının qanuniliyinə baxılması düzgün deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar olmadığından birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 2-1(120)-2539/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-419/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-419/2025
25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver