Məhkəmə qərarları › İş №2-1(106)-422/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-422/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-422/2025 15.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X5 Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: apellyasiya şikayətinin mümkün sayılmaması barədə) hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X6 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X5 Baş İdarəsinə qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli 2-1(120)-1532/2025 nömrəli qərarından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X5 Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar qəbul etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin müraciəti əsasında Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4328/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında o, "xxxx" MMC-də direktor vəzifəsində işlədiyinə görə "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə olan 14.809,65 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 31.703,71 manat məbləğində borclarının ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-286/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onunla cavabdeh "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunmuşdur. Qeyd olunanlara əsasən məlum olur ki, onunla "xxxx" MMC arasında hal-hazırda hər hansı hüquqi bağlılıq mövcud deyildir. Ona görə də sözügedən müəsissə ilə əlaqədar onun ölkədən getmək hüququnun məhdudlaşdırılması qanunvericikdə təsbit olunmuş normaların tələblərinə zidd olmaqla bərabər onun hüquqlarını da pozur. Belə ki, onun və ailə üzvlərinin səhhəti ilə əlaqədar onlar ölkə xaricində müayinədən keçməli və müəyyən müalicələr almalıdırlar ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4328/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin qüvvədə olması səbəbindən onlar bu hüquqlarını həyata keçirə bilmirlər. Ona görə də onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi xahişi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X5 Baş İdarəsi tərəfindən ona ünvanlanmış 12 iyun 2024-cü il tarixli məktub ilə müraciəti öz həllini tapmamışdır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məlumat üçün qeyd edir ki, onun yuxarıda qeyd olunan müəssisədə faktiki hər hansı bir fəaliyyəti olmamışdır. Yaranmış borc onun həmin müəssisəyə direktor təyin olunduqdan əvvəlki dövrə təsadüf etmişdir. Şirvan İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli 2-1(120)-1532/2025 saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi apellyasiya şikayəti verərək, iddia tələbinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini həmin Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Qanunvericiliyin qeyd olunan normalarına əsasən vergi ödəyicisi kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə olan 46513,36 manat borcunun ödənilməsini təmin etmək üçün rəhbəri olan İddiaçı ölkədən getmək hüququ Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4328/2022 saylı qətnaməsi ilə məhdudlaşdırılmışdır. Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludurlar. İddiaçının icra orqanının rəhbəri olduğu hüquqi şəxs "xxxx" MMC-nin dövlət büdcəsinə olan 46513,36 manat borcuna görə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının ölkədən getmək hüququ məhdudlaşdırılmışdır, həmin hüquqi şəxs tərəfindən borc tam şəkildə ödənilməmişdir. Yəni, iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb olmuş əsas hazırda aradan qalxmamışdır. Həmçinin, Mirzəyev X2 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041 )-286/2024 saylı qətnaməsinə əsasən onun "xxxx" MMC ilə əmək münasibətlərinin başa çatdığını, hazırda mövcud olmadığını qeyd etsə də, həmin MMC ilə bağlı hüquqi şəxslərin dövlət reyestrindəki cari məlumatlarda icra orqanının rəhbəri hələ də İddiaçıdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmənin iclasında iştirak edən 9 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 cavabdehə tabe qrum olduğundan şikayətin mümkün sayılmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Müilki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 27.1. İnzibati məhkəmə icraatının iştirakçıları, şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər, nümayəndələr və vəkillər proses iştirakçıları hesab olunurlar. Maddə 27.2. Tərəflər və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar. Maddə 27.3. İddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi) və cavabdeh tərəflər hesab olunurlar. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şşikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şşikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şşikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra - Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyünə dair məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hüquq və azadlıqların inzibati və məhkəmə thəminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. Bununla belə ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda məhkəmə müdafiəsi hüququnun, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Həmçinin, qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. İş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi hazırkı iş üzrə nə tərəfdir, nədə ki, məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsdir. Şirvan İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli 2-1(120)-1532/2025 saylı qərarı ona təqdim edilməmişdir. Bu arada qeyd olunmalıdır ki, məhkəmə sənədləri istənilən şəxsə deyil, yalnız məhkəmə icraatının iştirakçılarına (proses iştirakçılarına) təqdim olunur. Yuxarıda qeyd olunan hüquq normalarına görə tələblərinin təmin olunmadığı hallarda məhkəmənin yekun qərarından yalnız tərəflər, o cümlədən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər (inzibati məhkəmə icraatının iştirakçıları) şikayət vermək hüququna malikdirlər. Bu baxımdan məhkəmə kollegiyası yuxarıda şərh olunan hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki halarına tətbiq edərək belə qənaətə gəlir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti ona hüququ olmayan şəxs tərəfindən yəni, inzibati məhkəmə icraatının iştirakçısı tərəfindən verilmədiyindən və bu hal apellyasiya şikayətinin mümkün sayılmaması və onun qəbulundan imtina üçün əsas olduğundan, hazırki apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı qaydada Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə hüquqi yardım məktubu ünvanlanmış və yuxarıda qeyd edilən məsələlər onun nəzərinə çatdırılmışdır. Qeyd olunmalıdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. X4rşı iş üzrə Qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də şikayətin qəbul edilənlik şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir (Luordo İtaliyaya qarşı iş üzrə 2003-cü il 17 oktyabr tarixli Qərar). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin Qərardaddan tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar