Məhkəmə qərarları › İş №2-1(106)-425/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-425/2023

20.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-425/2023 20.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Əhmədov Pərviz Tərlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2-1(120)-2869/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh İmişli rayon Bəhrəmtəpə bələdiyyəsinə qarşı torpaq icarə müqaviləsinin ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh İmişli rayon Bəhrəmtəpə bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək İmişli rayon Bəhrəmtəpə bələdiyyəsi ilə Heydərov Əlif Heydər oğlu arasında bağlanmış 25 noyabr 2007-ci il tarixli torpaq icarə müqaviləsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Şahəli Musayev) 17 avqust 2023-cü il tarixli, 2-1(120)-2869/2023 nömrəli qərardadı ilə İddiaçı iddiasının mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, iddiaçı bələdiyyə ilə Heydərov Əlif Heydər oğlu arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan və iş materiallarında olan sənədlərdən (xx.xx.2007-ci il tarixli icarə müqaviləsi və s.) görünür ki, İmişli rayon Bəhrəmtəpə bələdiyyəsi ilə Heydərov Əlif Heydər oğlu arasında 18 hektar torpaq sahəsinin icarəyə verilməsi barədə icarə müqaviləsi bağlanmışdır. Hazırkı mübahisə də həmin müqavilə üzrə öhdəliklərin icrasından yaranmışdır. İddianın predmeti tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi və müqavilə əsasında verilmiş torpaq sahəsində aparılmış tikilinin sökülməsi ilə bağlı olduğundan həmin tələbə inzibati icraat qaydasında deyil, mülki (kommersiya) mübahisəsi kimi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələbinə uyğun aidiyyəti üzrə ümumi məhkəmədə (rayon və ya şəhər məhkəməsi) və yaxud mübahisənin xarakterindən asılı olaraq kommersiya məhkəməsində baxıla bilər. Mübahisənin predmeti publik hüquq münasibətlərindən deyil, xüsusi hüquqdan yarandığından və tərəflərin hazırki mübahisəsi üzrə bərabər hüquqlu tərəflər olduğundan hazırki iddiaya inzibati icraat qaydasında baxılması mümkün hesab edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddiaçının tələbinin əsaslarını və işin faktiki hallarını tam aydınlaşdırmadan, iddiaçının subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmadığını tam dolğun aydınlaşdırmadan, iddiaçıya tam dolğun hüquqi yardım göstərmədən iddianı mümkün saymamışdır. İddia ərizəsinə əlavə edilmiş İmişli rayon Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 14 nömrəli qərarının surətindən görünür ki, 18 hektar torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı üçün 99 il müddətinə Heydərov Əlif Heydər oğluna icarəyə verilməsi barədə bələdiyyə qərar qəbul etmişdir. Həmin qərar əsasında 18 hektar torpaq sahəsinin icarəyə verilməsi barədə bələdiyyə ilə Heydərov Əlif Heydər oğlu arasında icarə müqaviləsi bağlanmışdır. İddiaçı hazırda bələdiyyə qərarını deyil, icarə müqaviləsini mübahisələndirir. İddiaçı qeyd edir ki, mübahisəli torpaq sahəsini uzun müddət istifadə etməsinə və həmin torpaq sahəsində onun evinin olmasına baxmayaraq mübahisəli torpaq sahəsinin ona verilməsi üçün təklif edilməyib və bələdiyyə tərəfindən başqa şəxsə ayrılıb. Birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinin başqa şəxsə ayrılması barədə məlumat və sənədlərin təqdim edilməsi ilə əlaqədar bələdiyyəyə sorğu verməmiş, icarə müqaviləsinin bələdiyyənin qərarı əsasında bağlandığını, həmin qərarın iddiaçının marağına toxunub-toxunmadığını, həmin qərarın mübahisələndirilməsi üçün iddiaçının subyektiv hüququnun olub-olmamasını aydınlaşdırmamış və bu istiqamətdə iddiaçıya hüquqi yardım göstərməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işə baxarkən və qərardad qəbul edərkən birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, bununla da, ciddi prosessual pozuntuya yol vermişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2-1(120)- 2869/2023 nömrəli qərardadı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2-1(120)-2869/2023 nömrəli qərardadı ləğv edilsin, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar