Məhkəmə qərarları › İş №2-1(106)-426/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-426/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-426/2025 15.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi) Hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 03 mart 2025-ci il tarixli 2-1(120)-2304/2025 saylı qərarından Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx/xx/2024 tarixə qeyd olunan borc məbləğindən İşsizlikdən sığorta Fonduna ödənilməmiş 3035.43 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 4500 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin borcu yaranmış, bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləğini ödəmədiyinə görə öhdəliklərinin yerinə yetirilməsinin təminetmə üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə qərar çıxarılmış, həmin qərar əsasında yaranan borcuna görə əmlakı siyahıya alınmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borcun ödənilməyəcəyi təqdirdə siyahıya alınmış əmlakın vergi orqanı tərəfindən müəyyən edilən ticarət şəbəkələrində satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh tərəfindən borc ödənilməmişdir. Cavabdehin hal-hazırda 3035.43 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh iddiaya münasibət bildirməmişdir. Şirvan İnzibati Məhkəməsinin 03 mart 2025-ci il tarixli 2-1(120)-2304/2025 saylı qərarı (hakim Şahəli Musayev) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin 03 mart 2025-ci il tarixli 2-1(120)-2304/2025 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işsizlikdən Sığorta Fonduna ayrılmalar işəgötürənin və işçilərin əmək haqlarından tutulmalar hesabına formalaşır. Həmin ayrılmaların məbləğini düzgün hesablamaq üçün işçilərin əmək haqları və sayı barədə dəqiq məlumat olmalıdır. İddiaçı cavabdehin xx.xx.2024-cü il tarixinə İşsizlikdən Sığorta Fonduna 3035,43 manat məbləğində ödənilməmiş borcu olduğunu göstərsə də, həmin məbləğin təfsilatını və bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən iddiaçı yaranmış borcun xx.xx.2024-cü il tarixə olduğunu qeyd etsə də, həmin borcun hansı dövrü əhatə etməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən cavabdeh tərəfindən hal-hazırki vaxtadək vergilər ödənilir. Belə ki, cavabdehin vergilərin ödənilməsi ilə bağlı şəxsi vərəq hesabına əsasən vergi borcları daimi və mütəmadi olaraq vergi ödəyicisi tərəfindən ödənilir. Bundan başqa, bilavasitə istehsalat prosesində iştirak edən nəqilyyat vasitəsinin üzərinə həbs qoyulması və satılması kommersiya hüquqi şəxsin fəaliyyətinin məhdudlaşdırılmasıdır. Hüquqi şəxsin əmlakına yönəldilən icbari ödənişlər sonuncu və müstəsna tədbir olmalıdır və yalnız qanuni xəbərdarlıqlar, mübahisə müddətləri və inzibati prosedurlar başa çatdıqdan sonra tətbiq edilə bilər. Bununla belə, vergi orqanı birbaşa olaraq məhkəməyə müraciət etmiş, Şirkətə isə mübahisələndirmə hüququ tanınmadan əmlak yönəldilməsi tələb olunmuşdur. Bu isə həm inzibati icraat qanunvericiliyinə, həm də mülki hüququn iqtisadi fəaliyyət azadlığı prinsipinə ziddir. Bundan əlavə tutma tədbiri bilavasitə istehsalat prosesində iştirak edən əmlaka konkret halda nəqliyyat vasitəsinə yönəldilmişdir. Qeyd olunan “ZİL 133 QYA” markalı nəqliyyat vasitəsi kommersiya hüquqi şəxsin məhsul istehsalı və daşınması üçün zəruri olan əsas vasitələrindən biridir. Belə bir əmlakın satılması hüquqi şəxsin fəaliyyətinin tam və ya qismən iflic olmasına, fəaliyyətinin məhdudlaşmasına, vergi və digər öhdəliklərin gələcəkdə yerinə yetirilməsində çətinliklərə səbəb olacaqdır. Bu baxımdan, ölçülülük və zərurət prinsipi pozulmuşdur. Vergi orqanı digər alternativ əmlak növləri və ya borcun könüllü şəkildə ödənilməsi imkanlarını araşdırmadan, birbaşa istehsalat vasitəsinə yönəlməklə haqsız və qeyri-mütənasib addım atmışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdilər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra - Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmənin sorğusuna əsasən cavablandırılmış İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, vergi ödəyicisi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN:**********) xx.xx.2024-cü il tarixli **********0 nömrəli qərar üzrə dövlət büdcəsinə olan 13288.87 manat borc tam ödənilmişdir. Məhkəmənin sorğusuna əsasən cavablandırılmış İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, vergi ödəyicisi borclu Cavabdeh ASC-nin (VÖEN: **********) xx.xx.2025-ci il tarixə icraat vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixli **********3 nömrəli qərar üzrə işsizlikdən sığorta borcu tam olaraq təmin edilmişdir. Xahiş edirik nəzərə alasınız. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə elektron qaydada daxil olmuş 02 may 2025-ci il tarixli ərizədə qeyd olunmuşdur ki, Cavabdeh ASC (VÖEN **********) ilə bağlı məhkəmənin icraatında olan iş üzrə əmlakın siyahıya alınması haqqında xx/xx/2024 tarixli **********3 nömrəli qərar üzrə vergi ödəyicisinin dövlət büdcəsinə borcu yoxdur. Qeyd olunanlarla əlaqədar olaraq, icraatınızda olan xx/xx/2024 tarixli **********358100 nömrəli iddia ərizəsinin geri qaytarılması xahiş olunur. Məhkəmə kollegiyası iddiaçının tələbinin təmin olunması barədə iddiaçının məhkəməyə ünvanladığı ərizəsini iş materialları ilə birgə tədqiq edərək yuxarıda sadalanan prosessual hüquq normalarını əsas tutaraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından hazırkı iş üzrə icraata xitam verilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın satılması” barədə iddia tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar