Məhkəmə qərarları › İş №2-1(106)-429/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-429/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-429/2025 15.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin bərpa edilməsi, inzibati icraatın aparılmaması, əyani müayinəyə cəlb olunmama) Hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İddiaçı xx.xx.2018-ci il tarixdə ümumi xəstəlik səbəbindən təyin olunmuş ikinci dərəcə müddətsiz əlilliyin etibarsız hesab olunduğu, yəni xx.xx.2019-cu il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 2-1(120)-1889/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İddiaçı xx.xx.2018-ci il tarixdə ümumi xəstəlik səbəbindən təyin olunmuş ikinci dərəcə müddətsiz əlilliyin etibarsız hesab olunduğu, yəni xx.xx.2019-cu il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, qan azlığı (talassemiya) xəstəliyi səbəbindən uşaqlıqdan müalicələr almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2018-ci il tarixli, xxxxxxx0001 nömrəli qərarı ilə Tibbi-Sosial Ekspert Komissiyasında onun xəstəliyi qiymətləndirilmiş və ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin müəyyən olunması meyarı: 2.2 ikinci dərəcə əlillik => 2.4.10. heteroziqot B talassemiya və davamlı anemiya ilə müşayiət olunan homoziqot talassemiya (D56.1), TSEK-in diaqnozu isə Beta-talassemiya, Böyük Beta-talassemiya. Davamlı anemiya ilə müşayiət olunan, krizlərlə. Digər anemiyalar, Xroniki anemiya. Başqa rubrikalarda təsnif olunmayan hepatomeqaliya və Qaraciyərin böyüməsi, Dalaq xəstəlikləri, Dalağın götürülməsi. Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar, Xroniki QDÇ İİİ dərəcə olmuşdur. Əlilliyin müddəti isə “müddətsiz” müəyyən edilmişdir. Lakin cavabdeh inzibati orqan heç bir inzibati akt qəbul etmədən, ona hər hansı bir məlumat təqdim etmədən xx.xx.2019-cu il tarixindən etibarən əlilliyin qiymətləndirilməsi etibarsız hesab edilmiş və Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsi tərəfindən əlilliyə görə aldığı əmək pensiyası dayandırılmışdır. Onun tərəfindən cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəfələrlə şifahi müraciətlərindən sonra xx.xx.2024-cü il tarixində yazılı ərizə ilə müraciət edərək (xx.xx.2024-də çatıb) cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qanunsuz olaraq etibarsız hesab edilmiş əlilliyin bərpa olunması xahiş edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən ərizəyə baxılmış, lakin qaldırılan məsələ müsbət həll edilməmişdir. İnzibati orqanın e-sosial.az portalı vasitəsilə göndərilən imtina məktubunu onun nümayəndəsi Nümayəndə e-sosial.az portalından almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Hazırkı halda görünür ki, cavabdeh inzibati orqan ona münasibətdə hər hansı qərar qəbul olunmadan əlilliyi etibarsız hesab etmişdir. Cavabdehin qanunla onun hüquqi vəziyyətini dəyişdirəcəyi qənaətinə gəldiyi təqdirdə bu barədə inzibati akt qəbul etməli olduğu halda belə bir aktı qəbul etməməsi “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Məhkəmənin 18 dekabr 2024-cü il tarixli qərardadı ilə “İmişli Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi inzibati məhkəmə icraatına adi cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdeh iddiaya qarşı məhkəməyə etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyətinə Bakı Daxili İşlər Nazirliyi Tibb idarəsinin xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İİİ Sinif - Qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlar => D55-D59 - Hemolitik anemiyalar => D56-Talassemiya =>D56.1- Beta... Diaqnozun mətni: Beta talassemiya, Böyük Betta-talassemiya. Davamlı anemiya ilə müşayət olunan, krizlərlə. Digər anemiyalar, Xroniki anemiya. Başqa rubrikalarda təsnif olunmayan hepatomeqaliya və Qaraciyərin böyüməsi. Dalaq xəstəlikləri, Dalağın götürülməsi. Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar, Xroniki QDÇ İll dərəcə. Meyar: 2.2 ikinci dərəcə əlillik => 2.4.10. heteroziqot B talassemiya və davamlı anemiya ilə müşayiət olunan homoziqot talassemiya (D56.1).);” səbəbi ilə müddətsiz əlillik verilmişdir. “Əlillik altsistemi”ndə İddiaçı aid qiymətləndirmə xx.xx.2021-ci ildən etibarsız hesab edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 2-1(120)-1889/2025 saylı qərarı (hakim Fehruz Abbasov) ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı əlillik vəziyyəti Bakı Daxili İşlər Nazirliyi Tibb idarəsinin xx.xx.2018-ci il tarixli göndərişi əsasında xx.xx.2018-ci il tarixində qiymətləndirilmiş və ona müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən daxil olmuş xx.xx.2019-cu il tarixli 029-1354-1219 nömrəli məktuba Əlillik siyasəti şöbəsində baxılmışdır. Daxili İşlər Nazirliyinin Tibb idarəsi tərəfindən risk qrupuna daxil olan 378 nəfər barəsində rəsmiləşdirilmiş göndərişlərin əsaslılığı araşdırılmış və müəyyən edilmişdir ki, adları qeyd olunan şəxslərin Daxili İşlər Nazirliyinə aidiyyəti yoxdur, onlara Nazirliyin Tibb müəssisələri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdirilmişdir. Bununla əlaqədar olaraq, 378 nəfərin (adlı siyahı əlavə olunur) əlillik müayinələrinin Əlillik alt sistemində etibarsız edilməsinə dair Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə, vətəndaşların sosial müdafiə və təminat hüququnun yenidən nəzərdən keçirilməsi və artıq ödənilmiş vəsaitin bərpası ilə əlaqədar isə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna tapşırıq verilmişdir. Bununla əlaqədar, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində vətəndaşa dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı xx.xx.2019-cu il tarixində etibarsız hesab edilmişdir. Hazırkı iddia mübahisələndirmə haqqında iddiadır. İPM-in-70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Belə ki, bu maddə, inzibati aktların qanuna zidd olduğu və bu ziddiyyət nəticəsində iddiaçının hüquqlarının pozulması hallarında məhkəmənin və ya şikayət instansiyasının hansı hərəkətləri etməli olduğunu tənzimləyir. Əgər bir inzibati akt qanunazidd olarsa və bu ziddiyyət nəticəsində iddiaçının (yəni, hüquqları pozulmuş şəxsin) hüquqları zədələnirsə, məhkəmə həmin inzibati aktı ləğv etməli olacaqdır. Bu, iddiaçının hüquqlarını bərpa etmək və hüququn əliliyini təmin etmək məqsədini güdür. Bundan əlavə, əgər inzibati şikayət verildiyi halda, şikayət instansiyası tərəfindən verilən qərar da qanunaziddirsə və bu qərar iddiaçının hüquqlarını pozursa, məhkəmə həmin qərarı da ləğv etməlidir. Bir başqa aspekt isə, inzibati icraatın həyata keçirilməsi zamanı inzibati orqanın qərarına təsir edən hüquqi pozuntular varsa (yəni, prosedural səhvlər və ya qanun pozuntuları), həmin inzibati aktın ləğvi üçün bu qayda tətbiq edilir. Bu, inzibati qərarın hüquqi etibarsızlığını nəzərə alaraq, iddiaçının hüquqlarının qorunmasını təmin edir. İddiaçıya əlillik təyinatı barədə qərar xx.xx.2019-cu il tarixində etibarsız hesab edilmiş və vətəndaşın pensiyası dayandırılmışdır. Yəni, vətəndaş hüquqlarının pozulduğunu uzun müddətdir ki, bilmişdir. İddiaçı mahiyyəti etibarı ilə onun barəsində qəbul edilmiş inzibati aktı mübahisələndirir. İddiaçının hüquqlarının pozulduğunu bildiyi müddətdən sözügedən qərarı mübahisələndirmək hüququ olmuşdur. İddiaçı özüdə ərizəsində qeyd etmişdir ki, xx.xx.2019-ci ildə pensiya və təqaüdü dayandırılmışdır. Lakin iddiaçı müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. “İnzibati icraat haqqında” Qanuna və formalaşmış məhkəmə təcrübəsinə əsasən iddiaçıya şikayət vermək hüququ izah edilmədikdə isə iddia müddəti 6 ay olaraq qəbul edilir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və səbəbləri barədə məhkəməyə məlumat verməmişdilər. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmənin baxış iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə.1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”:

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-cı il tarixli 11 nömrəli qərarı ilə ləğv edilmişdir) Bənd 4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Bənd 4.3. Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. Bənd 4.9. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X4 (bundan sonra - TSERAS) ötürülür. Bənd 4.9-1. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. Bənd 4.16. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Bənd 4.17. Qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir. Bənd 5.3 Əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi aşağıdakı hallarda həyata keçirilir: 5.3.1. həkim-məsləhət və ya hərbi-həkim ekspertizası komissiyasının rəyinə görə əlilin səhhətində və əmək qabiliyyətində dəyişiklik əmələ gəldikdə; 5.3.2. vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə; 5.3.3. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunlarına uyğun olaraq, yaşa görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlillərin müraciəti olduqda; 5.3.4. fərdi reabilitasiya proqramına əsasən reabilitasiya məqsədi ilə dəvət olunmuş şəxs reabilitasiya prosesindən üzrlü səbəb olmadan imtina etdikdə.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 2.1. şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə xidməti vəzifəsinə görə, eyni zamanda apellyasiya şikayətinin dəlili olan iddianın mümkünlüyü məsələsinə münasibətdə bildirir ki, “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İddiaçıya təyin edilmiş əlilliyin ləğv və ya etibarsız hesab edilməsi barədə qərar yoxdur, qiymətləndirmənin etibarsızlığı faktiki xarakterli hərəkətlə həyata keçirilmişdir. Hazırki iddia öhdəliyin icrasına dair iddiadır. Oxşar iş üzrə mümkünlük məsələsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2021-ci il tarixli 2-1(102)-2159/2021 saylı qərarı ilə apellyasiya instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə qəradadını ləğv edərəkən göstərmişdir ki, “...Apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, cavabdeh iddiaçıya təyin edilmiş əlilliyi ləğv etməklə və ya əlilliyi etibarsız hesab etməklə, artıq iddiaçının hüquqlarına müdaxilə etmişdir. İddiaçı da həmin müdaxilənin (cavabdehin davranışının) qanuniliyini mübahisələndirir. Bu müdaxilənin qanuni və ya qanunsuz olduğunu isə məhkəmə iddiaya mahiyyəti üzrə baxmaqla müəyyən edə bilərdi.” Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən hər hansı icraat aparmadan iddiaçıya müddətsiz təyin edilmiş ikinci dərəcə əlillik ləğv edilə bilməz. Cavabdeh iddiaçının iştirakı ilə aparılmış inzibati araşdırmanın nəticəsi olaraq ona İİ dərəcə əlillik təyin edildiyi halda, əvvəlki praktikasına zidd olaraq onun həmin əlilliyini, ona heç bir məlumat verilmədən, göndərişi verən orqanın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış məktubuna əsasən etibarsız hesab etməkdə qanunsuzluğa yol vermişdir. Əlilliyin təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə iddiaçının əyani müayinəyə cəlb edilmədən əlilliyinin ləğv edilməsi “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı. Cavabdeh xx.xx.2018-ci il tarixli əlverişli inzibati aktın qanunsuz sayılması barədə “İnzibati icraat haqqında” Qanuna uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən xx.xx.2018-ci il tarixli akt ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana (baxmayaraq ki, müddətsiz müəyyən edilmişdir) və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə iddianın təmin edərkən həmçinin etimad hüququna da əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki, iddiaçıya xx.xx.2018-ci il tarixli xxxxxxx0001 nömrəli qərar ilə həmin tarixdən müddətsiz ikinci dərəcəli əlillik təyin edilmiş, cavabdeh təyin edilmiş əlilliyi xx.xx.2019-cu il tarixdən ləğv etmişdir. Əlilliyin ləğv edilməsi ilə bağlı qərar qəbul edilməmişdir. İddiaçının əlilliyinin ləğv edilməsinə səbəb Daxili İşlər Nazirliyinin Tibb idarəsi tərəfindən risk qrupuna daxil olan 378 nəfər barəsində rəsmiləşdirilmiş göndərişlərin əsaslılığının araşdırılması nəticəsində adları qeyd olunan şəxslərin Daxili İşlər Nazirliyinə aidiyyətinin olmamasının, onlara Nazirliyin Tibb müəssisələri tərəfindən göndərişlərin əsassız olaraq rəsmiləşdirilməsi olmuşdur. İddiaçı əyani müayinəyə cəlb edilməmiş, inzibati icraat aparılmamışdır. 17 yanvar 2020-ci ilədək qüvvədə olmuş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında” Əsasnamənin 4.26-cı bəndinə əsasən əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. 5.1-ci bəndinə görə əlillik müddətlə müəyyən edildiyi hallarda, şəxs növbəti əlilliyin qiymətləndirilməsi təyin edilən aydan sonrakı ayın 1dək əlil hesab olunur. İddiaçının əlilliyinin xx.xx.2018-ci il tarixli göndəriş əsasında xx.xx.2018-ci ildə müddətsiz müəyyən edilməsi barədə cavabdehin qəbul etdiyi inzibati akt xx.xx.2019-cu il tarixə qədər (əlilliyin altsistemdə ləğv edildiyi vaxt) qüvvədə olmuşdur. Cavabdeh xx.xx.2018-ci il tarixli göndəriş əsasında qəbul edilmiş xx.xx.2018-ci il tarixli inzibati aktın hüquqi qüvvəsinin olmaması və ya etibarsız sayılması ilə bağlı məhkəməyə dəlil təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixli inzibati akt xx.xx.2019-cu il tarixədək qüvvədə olmuşdur. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələb etdiyi qaydada xx.xx.2018-ci il tarixli inzibati aktın qanunsuz sayılması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarında inzibati icraatın başlanılması üçün əsaslar, inzibati icraatın aparılması qaydası, maraqlı şəxslərin icraata cəlb olunması və qəbul edilən inzibati aktın məzmunu təsvir edilmişdir. Belə ki, cavabdeh iddiaçının iştirakı ilə aparılmış inzibati araşdırmanın nəticəsi olaraq ona ikinci dərəcəli əlillik təyin edildiyi halda, əvvəlki inzibati təcrübəsinə zidd olaraq onun həmin əlilliyini heç bir məlumat verilmədən, göndərişi verən orqanın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış müraciəti əsasında altsistem vasitəsilə etibarsız hesab edilməklə qanunsuzluğa yol vermişdir. Həmçinin, yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda iddiaçının əlil olmaması ilə bağlı cavabdeh inzibati akt qəbul edə bilərdi. İddiaçı əyani müayinəyə cəlb edilmədən cavabdeh iddiaçının əlilliyini Əlilliyin Qiymətləndirilməsi altsistemində etibarsız hesab etmişdir. Bununla da, cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan Əlillik altsistemində iddiaçıya aid qiymətləndirməni etibarsız hesab etmişdir. Cavabdeh əlilliyin ləğv edilməsi məsələsini həll edərkən, eyni zamanda o zaman qüvvədə olan həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Qeyd etmək lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni, inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. İddiaçının əlilliyinin ləğv edildiyi vaxt (xx.xx.2019) qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 5.3-cü bəndinə əsasən həkim-məsləhət və ya hərbi-həkim ekspertizası komissiyasının rəyinə görə əlilin səhhətində və əmək qabiliyyətində dəyişiklik əmələ gəldikdə; vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə; Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunlarına uyğun olaraq, yaşa görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlillərin müraciəti olduqda; fərdi reabilitasiya proqramına əsasən reabilitasiya məqsədi ilə dəvət olunmuş şəxs reabilitasiya prosesindən üzrlü səbəb olmadan imtina etdikdə əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi həyata keçirilir. Hazırda qüvvədə olan Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə görə də əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Bu baxımdan inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq Daxili İşlər Nazirliyinin Tibb idarəsinin 20 may 2019-cu il tarixli **********0 nömrəli məktubuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsin əlillik dərəcəsinin altsistemdə etibarsız hesab etməkdə cavabdeh haqlı sayıla bilməz. Qeyd olunmalıdır ki, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində əlilliyin ləğvinə və ya etibarsızlığına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, əlilliyin təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə iddiaçının əyani müayinəyə cəlb edilmədən əlilliyinin ləğv edilməsi “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya əlilliyin təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır. Cavabdeh xx.xx.2018-ci il tarixli inzibati aktın qanunsuz sayılması barədə “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarına uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən xx.xx.2018-ci il tarixli akt ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə kollegiyasının hazırkı iş üzrə mövqeyi analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1807/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli və 2-1(102)-1204/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarlarına uyğundur. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə haqlı mövqe sərgiləmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci intansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 2-1(120)-1889/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar