Məhkəmə qərarları › İş №2-1(106)-430/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-430/2025

13.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-430/2025 13.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının göndərilməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün adının razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 04 mart 2025-ci il tarixli 2- 1(120)-1200/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: Seriya EZ ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək hərbi xidmətdə olmuşdur. Azərbaycan Tibbi Universiteti Hərbi Tibb fakültəsi rəisinin xx.xx.2019-cu il tarixli 38 nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, “...2019/2020-ci tədris ilində Azərbaycan Tibbi Universiteti Hərbi Tibb fakültəsinin Hərbi həkim ixtisası hazırlığı kurslarının İV kursunu müvəffəqiyyətlə bitirmiş və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 36 nömrəli 28 mart 2019-cu il tarixli əmrinə müvafiq olaraq yekun tibbi şəhadətləndirilərkən sağlamlığında promlemi olmayan tələbələr (sıra 17. İddiaçı) Hərbi həkim ixtisası hazırlığı kurslarının V kurs kursantları hesab edilsinlər və bütün növ təminatlara qoyularaq xx.xx.2019-cu il tarixdən ilkin təlim toplanışına cəlb edilsinlər. Təlim toplanışı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Hərbi Tibb fakültəsində keçirilsin və Hərbi andın qəbulu ilə başa çatdırılsın.” Azərbaycan Tibbi Universiteti Hərbi Tibb fakültəsi rəisinin xx.xx.2020-ci il tarixli 212 nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, “...Baş Qərargah rəisinin müavini - Döyüş hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin xx.xx.2020-ci il tarixli 26/1071 nömrəli telefonoqrammasına əsasən aşağıda adları qeyd edilən hərbi qulluqçular müvafiq hərbi hissələrə xx.xx.2020-ci il tarixdən 2 (iki) ay müddətinə döyüş tapşırığını yerinə yetirmək məqsədilə ezamiyyətə getmiş hesab edilsinlər.

87. Kursant İddiaçı, Hərbi həkim ixtisası hazırlığı kurslarının Vİ kursantı, N nömrəli hərbi hissəyə.” Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Tibbi Universiteti Hərbi Tibb fakültəsinin xx.xx.2020-ci il tarixli 2507 nömrəli ezamiyyət vəsiqəsindən görünür ki, kursant İddiaçı DH və HTBİ rəisinin 26/1071 nömrəli telefonoqrammasına əsasən 130 saylı Hərbi hissəyə 60 gün müddətinə, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ezam olunmuşdur. Ezamiyyət vəsiqəsində xx.xx.2020-ci ildə getməsi, xx.xx.2020-ci ildə 130 saylı Hərbi hissəyə gəlməsi, xx.xx.2020-ci ildə getməsi və həmin tarixdə gəlməsi ilə bağlı qeydlər var.” 130 saylı Hərbi hissə komandirinin “Müdafiə zolağında düşmənlə təmas xəttində gərginliyin artması və yaranmış vəziyətə görə işğal altında saxlanılan torpaqların azadlığı uğrunda N nömrəli Hərbi hissənin döyüş əməliyyatlarında iştirakı haqqında” xx.xx.2020-ci il tarixli 040 nömrəli əmrində qeyd edilmişdir ki, “...Müdafiə zolağında düşmənlə təmas xəttində gərginliyin artması və yaranmış vəziyətə görə işğal altında saxlanılan torpaqların azadlığı uğrunda N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirakı məqsədi ilə əmr edirəm : 1. Hərbi hissənin qərargah rəisi - hərbi hissə komandirinin müavini: Müdafiə zolağında düşmənlə təmas xəttində gərginliyin artması və yaranmış vəziyyətə görə işğal altında saxlanılan torpaqların azadlığı uğrunda N nömrəli Hərbi hissənin bölmələri 27 sentyabr 2020-ci il tarixdən döyüş əməliyyatlarında iştirak etməklə döyüş tapşırıqlarını icra etsin. 1.1 Hərbi hissənin əsas və arxa komanda məntəqəsi aktiv fəaliyyətlərin başlaması ilə verilmiş tapşırıqların qısa zamanda və daimi dəyişən vəziyyət şərtlərində icra edilməsi məqsədi ilə aşağıdakı tərkibdə şəxsi heyət ayrılsın. Əsas komanda məntəqəsi üzrə rəhbər: hərbi hissənin qərargahı tam tərkibdə; 1,2,3,4,5-ci taborlar, ADN və əlahiddə bölmələr: bölmələr tam tərkibdə; kursant İddiaçı tibb məntəqəsi həkim köməkçisi.” Azərbaycan Tibbi Universiteti Hərbi Tibb fakültəsi rəisinin xx.xx.2020-ci il tarixli 285 nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, “...Hərbi Tibb fakültəsinin aşağıda adları qeyd edilən Hərbi həkim ixtisası hazırlığı kursunun Vİ kurs və feldşer hazırlığı kursunun İİ kurs kursantları müvafiq hərbi hissələrdən N dekabr 2020-ci il tarixdə ezamiyyətdən gəlmiş hesab edilsinlər.

17. Kursant İddiaçı, Hərbi həkim ixtisası hazırlığı kurslarının Vİ kursantı, N nömrəli hərbi hissədən.” Azərbaycan Tibbi Universiteti Hərbi Tibb fakültəsi rəisinin xx.xx.2021-ci il tarixli 144 nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, “...2021-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsini Hərbi həkim ixtisası hazırlığı kurslarını bitirmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin 25 iyun 2021-ci il tarixli 0813 nömrəli əmri ilə ilkin “Tibb xidməti leytenantı” hərbi rütbəsi verilməklə aşağıda adları çəkilən kursantlar 30 iyun 2021-ci il tarixdən Hərbi Tibb fakültəsinin bütün növ təminatlardan çıxarılsınlar və xidmətlərini davam etdirmək üçün Azərbaycan Respublikası Ədliyyə nazirinin sərəncamına göndərilsinlər 13. Kursant İddiaçı.” 130 saylı Hərbi hissə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3676 saylı arayışda qeyd olunmuşdur ki, “...kursant İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli Hərbi hissəyə ezam olunmuş və həkim köməkçisi vəzifəsində xidmət etmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən “Vətən müharibəsi”ndə N nömrəli Hərbi hissənin tərkibində xidməti vəzifə borclarını yerinə yetirərək döyüş əməliyyatlarında iştirak etmişdir.” 130 saylı Hərbi hissə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 356 saylı arayışda qeyd olunmuşdur ki, “...kursant İddiaçı ondan ötürü ki, o həqiqətən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə ezam olunmuş və həkim köməkçisi vəzifəsində xidmət etmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən “Vətən müharibəsi”ndə N nömrəli Hərbi hissənin tərkibində Murovdağ yüksəklikləri və Goranboy rayonu Gülüstan qəsəbəsi, Tərtər rayonu Talışkənd istiqamətində xidməti vəzifə borclarını yerinə yetirərək döyüş əməliyyatlarında yaralıların ilkin tibbi yardımı, ilkin həkim yardımı göstərilməsində və təxliyyəsində iştirak etmişdir.” Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3170 nömrəli məktubda qeyd olunmuşdur ki, “...N nömrəli Hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 2037 nömrəli arayışına əsasən Tərtər rayonu Talış kəndi və Suqovuşan istiqamətlərində fəaliyyətiniz təsdiqlənmədiyinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin birinci hissəsinin onuncu və on birinci abzaslarında qeyd edilən ərazilərdə “Vətən Müharibəsi” dövründə (27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək) tibbi təminat üzrə tapşırıqların yerinə yetirilməsinə dair təsdiqedici sənədlər olmadığına görə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.”

Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə:

İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün adının razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının silahlı qüvvələrində hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini başa vurduqdan sonra ordu sıralarında olmaq üçün təhsilini davam etdirmiş və nəticədə 2021-ci ildə hərbi həkim ixtisası üzrə bitirmişdir. Tibb xidməti leytenant rütbəsi almışdır. 28 sentyabr 2020-ci il tarixdə, yəni “Vətən Müharibəsi” başlayan zaman N nömrəli Hərbi hissəyə ezam olunmuş və həkim köməkçisi vəzifəsində xidmət etmişdir. 28 sentyabr 2020-ci il tarixdən 29 dekabr 2020-ci il tarixə kimi Azərbaycan Respublikasının suverənliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə N nömrəli Hərbi hissənin tərkibində Murovdağ yüksəklikləri və Goranboy rayonu Gülüstan qəsəbəsi, Tərtər rayonu Talışkənd istiqamətində xidməti vəzifə borunu yerinə yetirərək döyüş əməliyyatlarında yaralılara ilkin tibbi yardım, ilkin hərbi yardım göstərilməsində fəal iştirak etmişdir. Bundan başqa, ezam olunduğu həmin ərazilərdə 28 sentyabr 2020-ci il tarixdən 29 dekabr 2020-ci il tarixə kimi döyüş əməliyyatlarında iştirak etmişdir. Murovdağ yüksəklikləri, Goranboy və Tərtər rayonlarında isə fəaliyyəti zamanı xəstəxananın hər tərəfi mütəmadi olaraq ağır artireliyalardan atəşə tutulurdu. Bu atəşlər zamanı xəstəxananın təcili tibbi yardım avtomobili atəşə məruz qalmış və möcüzə şəklində tibbi personal heyəti yaralanaraq sağ qalmışdır. “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən ötrü cavabdehə müraciət etmiş, lakin əsasız olaraq imtina edilmişdir.

Cavabdehin etirazları:

Cavabdeh tərəfindən iddiaya qarşı etiraz təqdim olunmamışdır.

Şirvan İnzibati Məhkəməsinin 04 mart 2025-ci il tarixli 2-1(120)-1200/2025 saylı qərarı (hakim Amilya Hüseynova) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin 04 mart 2025-ci il tarixli 2-1(120)-1200/2025 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri:

Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı N nömrəli Hərbi hissənin dislokasiya məntəqəsində (Goranboy rayonu, Yuxarı Ağcakənd yaşayış məntəqəsi) həkim köməkçisi vəzifəsində xidməti vəzifələrini icra etmiş və o, döyüş əməliyyatlarına cəlb edilməmişdir. N nömrəli Hərbi hissə komandiri tərəfindən verilmiş arayışda iddiaçının döyüş əməliyyatları zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Murovdağ yüksəklikləri və Goranboy rayonu Gülüstan qəsəbəsi, Tərtər rayonu Talıskənd istiqamətində xidməti vəzifə borclarını verinə yetirərək döyüş əməliyyatlarında yaralıların ilkin tibbi yardımı, ilkin həkim yardımı göstərilməsində və təxliyyəsində fəal iştirak etməsi qeyd olunasada, sözügedən fəaliyyətlər hərbi hissənin müvafiq əmrləri ilə təsdiq olunmur. N nömrəli Hərbi hissədən təqdim olunmuş iddiaçının adına tərtib olunmuş arayış məlumatda onun Talışkənd istiqamətində yaralılara yerində ilk tibbi yardım göstərməsi üçün ezam olunmasına dair heç bir sənəd (nizami hissə üzrə əmrlər, ezamiyyət vərəqəsi və s.) aşkar edilməmişdir. Hərbi qulluqçunun qeyd olunan ərazidə döyüş əməliyyatlarında iştirak etmək üçün həmin ərazidə yerləşən hərbi hissə və ya bölmələrə ezam olunmalı və bu məlumatlar hərbi hissənin nizami hissə üzrə əmrlərində öz əksini tapmalıdır. İddiaçı döyüş əməliyyatları zamanı Goranboy rayonu, Yuxarı Ağcakənd yaşayış məntəqəsində yerləşən N nömrəli Hərbi hissənin tibb məntəqəsinin həkim köməkçisi vəzifəsində xidmət edərək həmin ərazidə xəstə və yaralılara ilkin tibbi yardım göstərilməsində iştirak etmişdir. Yuxarıda qeyd edilənlərdə göründüyü kimi iddiaçı döyüş əməliyyatları zamanı N nömrəli Hərbi hissədə xidmətdə olarkən xəstə və yaralıların qəbul olunub ilkin tibbi yardım göstərilməsində fəal iştirak edərək xidməti vəzifələrini yerinə yetirmişdir. Göründüyü kimi iddiaçının həmin ərazilərdə döyüş əməliyyatlarında iştirak etməsini sübut edən hər hansı bir nizami hissə üzrə əmrlə təsdiq olunmamışdır. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin 10 və 11-ci bəndlərinin qarşılıqlı təhlilindən müəyyən edilir ki, Murovdağ yüksəklikləri, Goranboy rayonu Gülüstan qəsəbəsi və Goranboy rayonu, Yuxarı Ağcakənd kəndi istiqaməti üzrə yerləşmiş hərbi hissələrin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş iki kateqoriyadan olan şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi verilir: 1) 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək həmin bölmələrin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş; 2) Əsasnamənin 1 -ci hissəsinin onuncu abzasında qeyd edilən ərazilərdə döyüş əməliyyatlarının bütün növ təminatları üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə. Yəni, döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə “Müharibə veteram” adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə yerinə yetirmiş olsunlar. İşin faktiki hallarından görünür ki, iddiaçı işğaldan azad olunmuş ərazi olmayan vəzifəsini icra etdiyi ərazi Goranboy rayonu, Yuxarı Ağcakənd kəndi olmuşdur. Göründüyü kimi Goranboy rayonu, Yuxarı Ağcakənd kəndi Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil deyildir və iddiaçı hazırkı tələbində haqlı olmamışdır. Beləliklə, iddiaçı döyüş əməliyyatlarına cəlb edilməmiş, döyüş əməliyyatlarının bütün növ təminatları üzrə tapşırıqları verinə yetirməmiş və Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə olmamış, yalnız xidməti vəzifələrini icra etmişdir.

Apellyasiya şikayətinə etiraz:

İddiaçı tərəfindən təqdim olunmuş apellyasiya şikayətinə etirazda göstərilmişdir ki, hərbi hissə tərəfində verilmiş döyüş əmrindən çıxarış döyüş əməliyyatlarında iştirakını sübut edir.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Tətbiq edilən hüquq:

“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”: Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ...

2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra - Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı döyüş əməliyyatlarında iştriak edən hərbi hissələrin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş və xidmətini başa vurduqdan sonra qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İşin müəyyən olunan hallarından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək hərbi xidmətdə olmuşdur. Azərbaycan Tibbi Universiteti Hərbi Tibb fakültəsi rəisinin xx.xx.2019-cu il tarixli 38 nömrəli əmri ilə 2019/2020-ci tədris ilində Azərbaycan Tibbi Universiteti Hərbi Tibb fakültəsinin Hərbi həkim ixtisası hazırlığı kurslarının İV kursunu müvəffəqiyyətlə bitirmiş və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 36 nömrəli 28 mart 2019-cu il tarixli əmrinə müvafiq olaraq yekun tibbi şəhadətləndirilərkən sağlamlığında promlemi olmayan tələbələr (sıra

17. İddiaçı) Hərbi həkim ixtisası hazırlığı kurslarının V kurs kursantları hesab edilmişlər və bütün növ təminatlara qoyularaq xx.xx.2019-cu il tarixdən ilkin təlim toplanışına cəlb edilmişdirlər. Təlim toplanışının xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Hərbi Tibb fakültəsində keçirilməsi və Hərbi andın qəbulu ilə başa çatdırılması əmr edilmişdir. Azərbaycan Tibbi Universiteti Hərbi Tibb fakültəsi rəisinin xx.xx.2020-ci il tarixli 212 nömrəli əmri ilə Baş Qərargah rəisinin müavini - Döyüş hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin xx.xx.2020-ci il tarixli 26/1071 nömrəli telefonoqrammasına əsasən Hərbi həkim ixtisası hazırlığı Vİ kursantı İddiaçı xx.xx.2020-ci il tarixdən 2 (iki) ay müddətinə döyüş tapşırığını yerinə yetirmək məqsədilə N nömrəli hərbi hissəyə ezamiyyətə getmiş hesab edilmişdir. xx.xx.2020-ci il tarixli 2507 nömrəli ezamiyyət vəsiqəsindən görünür ki, kursant İddiaçı DH və HTBİ rəisinin 26/1071 nömrəli telefonoqrammasına əsasən 130 saylı Hərbi hissəyə 60 gün müddətinə, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ezam olunmuşdur. Ezamiyyət vəsiqəsində xx.xx.2020-ci ildə getməsi, xx.xx.2020-ci ildə 130 saylı Hərbi hissəyə gəlməsi, xx.xx.2020-ci ildə getməsi və həmin tarixdə gəlməsi ilə bağlı qeydlər var. 130 saylı Hərbi hissə komandirinin “Müdafiə zolağında düşmənlə təmas xəttində gərginliyin artması və yaranmış vəziyətə görə işğal altında saxlanılan torpaqların azadlığı uğrunda N nömrəli Hərbi hissənin döyüş əməliyyatlarında iştirakı haqqında” xx.xx.2020-ci il tarixli 040 nömrəli əmrindən görünür ki, müdafiə zolağında düşmənlə təmas xəttində gərginliyin artması və yaranmış vəziyətə görə işğal altında saxlanılan torpaqların azadlığı uğrunda N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirakı məqsədi ilə Hərbi hissənin qərargah rəisi - hərbi hissə komandirinin müavini: Müdafiə zolağında düşmənlə təmas xəttində gərginliyin artması və yaranmış vəziyyətə görə işğal altında saxlanılan torpaqların azadlığı uğrunda N nömrəli Hərbi hissənin bölmələri 27 sentyabr 2020-ci il tarixdən döyüş əməliyyatlarında iştirak etməklə döyüş tapşırıqlarını icra etməsi, Hərbi hissənin əsas və arxa komanda məntəqəsi aktiv fəaliyyətlərin başlaması ilə verilmiş tapşırıqların qısa zamanda və daimi dəyişən vəziyyət şərtlərində icra edilməsi məqsədi ilə əsas komanda məntəqəsi üzrə rəhbər: hərbi hissənin qərargahı tam tərkibdə; 1,2,3,4,5-ci taborlar, ADN və əlahiddə bölmələr: bölmələr tam tərkibdə; kursant İddiaçı - tibb məntəqəsi həkim köməkçisi tərkibdə şəxsi heyət ayrılmışdır. Azərbaycan Tibbi Universiteti Hərbi Tibb fakültəsi rəisinin xx.xx.2020-ci il tarixli 285 nömrəli əmri ilə iddiaçı N nömrəli Hərbi hissədən N dekabr 2020-ci il tarixdə ezamiyyətdən gəlmiş hesab edilmişdir. 130 saylı Hərbi hissə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3676 saylı arayışda qeyd olunmuşdur ki, kursant İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən “Vətən müharibəsi”ndə N nömrəli Hərbi hissənin tərkibində xidməti vəzifə borclarını yerinə yetirərək döyüş əməliyyatlarında iştirak etmişdir. 130 saylı Hərbi hissə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 356 saylı arayışda qeyd olunmuşdur ki, kursant İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən “Vətən müharibəsi”ndə N nömrəli Hərbi hissənin tərkibində Murovdağ yüksəklikləri və Goranboy rayonu Gülüstan qəsəbəsi, Tərtər rayonu Talışkənd istiqamətində xidməti vəzifə borclarını yerinə yetirərək döyüş əməliyyatlarında yaralıların ilkin tibbi yardımı, ilkin həkim yardımı göstərilməsində və təxliyyəsində iştirak etmişdir. Kollegiya qeyd edir ki, iş materialları ilə təsdiq olunur ki, iddiaçı döyüş əməliyyatları aparan hərbi hissəyə döyüş tapşırığını yerinə yetirmək məqsədi ilə ezam olunmuş və döyüş əməliyyatlarının tibbi təminat üzrə tapşırıqlarını yerinə yetirmişdir. Nəzərə almaq lazımdır ki, hərbi doktrina nöqteyi nəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı - silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi-texniki vasitələrlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Hazırkı mübahisəyə münasibətdə, iddiaçının döyüş əməliyyatları zonasına tibbi yardım məqsədi ilə ezam olunmasını və bununla bağlı onun yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Başqa sözlə, iddiaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissəyə tibbi yardım üzrə hərbi tapşırıqları yerinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin onuncu və ondördüncü abzaslarının dispozisiya şərtlərinə əsasən tələbində haqlıdır. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə haqlı mövqe sərgiləmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci intansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 04 mart 2025-ci il tarixli 2-1(120)-1200/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar