Məhkəmə qərarları › İş №2-1(106)-432/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-432/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-432/2025 30.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: ərazi aidiyyəti ilə bağlı fikir ayrılığı) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Hakimlər Quliyev Ceyhun Əmir oğlu, Hüseynov Fikrət Cilingir oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı (üçüncü şəxs: Cəbrayıl Rayon Polis şöbəsi) “pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair inzibati iş üzrə ərazi aidiyyəti ilə bağlı fikir ayrılığına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi ilə əvəz edilməsini, Cəbrayıl Rayon Polis şöbəsinin iş üzrə 3-cü şəxs qismində cəlb edilməsini xahiş etmişdir və ərizə icraata qəbul edilmişdir. Birinci instasiya məhkəmələrində icraat: Bakı İnzibati Məhkəməsinin xx.xx.20224-cü il tarixli 2-1(112)-10099/2024-cü il tarixli qərardadı ilə işin aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə bu zaman İPM-in 8.1.1-ci maddəsinə əsaslanaraq hesab etmişdir ki, tələbin əsasında duran hal bilavasitə şəxsin daşınmaz əmlaka dair qeydiyyat məsələsindən meydana gəlir ki, bu zaman mübahisəyə baxılarkən əmlakın yerləşdiyi ərazi müəyyən edilməlidir. Daşınmaz əmlak Cəbrayıl rayonu ərazisində yerləşir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış mübahisə İPM-in 8.1.1-ci maddəsində göstərilən (daşınmaz əmlakın yerləşdiyi yer üzrə) aidiyyətin təsir dairəsinə düşür. Şirvan İnzibati Məhkəməsinin xx.xx.20225-ci il tarixli 2-1(120)-2869/2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı Cəbrayıl Rayon Polis şöbəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş materiallarının baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə İPM-in 2.2.3-cü və 8.1.2-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddiadır, cavabdehin səlahiyyətləri birdən çox məhkəmənin yurisdiksiyasını əhatə edən ərazilələrə aid edilmişdir, öhdəliyin icrası haqqında iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. Apellyasiya instansiyası məhkəməsində icraat və tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən inzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati və kommerasiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Cəbrayıl rayonu Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- Məcəllənin) 9.1-ci və 9.1.3-cü maddələrinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Məcəllənin 8.6-cı maddəsinə əsasən inzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Məcəllənin 16.3-cü maddəsinə əsasən bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı (üçüncü şəxs: Cəbrayıl Rayon Polis şöbəsi) “pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. İnzibati mübahisələrin məhkəmə aidiyyəti İPM-in 8-ci maddəsi ilə müəyyənləşdirilmişdir. Qanunvericilik aidiyyətin müəyyən edilməsini müxtəlif əsaslar ilə fərqləndirmişdir ki, bunlardan biri də müstəsna aidiyyətin tətbiq edilməli olduğu hallar ilə bağlıdır. İPM-in 8.1.1-ci maddəsi müstəsna aidiyyətin tətbiq edilməli olduğu halları tənzimləyir. İPM-in 8.1.1-ci maddəsi daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılmalı olmasını müəyyən edir. İddiaçının hazırki iddia tələbi ilə mübahisələndirdiyi məsələ onun ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlıdır. Tələbin əsasında duran hal şəxsin daşınmaz əmlaka dair qeydiyyat məsələsindən meydana gəlir ki, bu zaman mübahisəyə baxılarkən əmlakın olduğu yer müəyyən edilməlidir. İddia tələbindən görünür ki, iddiaçı Cəbrayıl rayonu ərazisində olan daşınmaz əmlaka dair ünvana qeydiyyata alınmasını tələb edir. Kollegiya hesab edir ki, göstərilənlərə əsasən tərəflər arasında yaranmış mübahisə İPM-in 8.1.1-ci maddəsində göstərilən (daşınmaz əmlakın olduğu yerin) aidiyyətin təsir dairəsinə düşür. Cəbrayıl rayonu isə Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı (üçüncü şəxs: Cəbrayıl Rayon Polis şöbəsi) “pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci və 9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı (üçüncü şəxs: Cəbrayıl Rayon Polis şöbəsi) “pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar