Məhkəmə qərarları › İş №2-1(106)-433/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-433/2025

02.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-433/2025 02.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi) Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 10 mart 2025ci il tarixli, 2-1(120)-1526/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin Şirvan binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə yaşa görə əmək pensiyasını 2021-ci ilin iyun ayından nəzərə alınmaqla hesablanıb pensiya təyin edilməsi öhdəliyinin həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyasını 2021-ci ilin iyun ayından nəzərə alınmaqla hesablanıb pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-4419/2024 nömrəli, 27 noyabr 2024-cü il tarixli qərardadı ilə, iddia tələbinə “ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1956-cı ildə doğulmuşdur. 1972-ci ildən 2003-cü ilə kimi sığorta stajı var. Bu illər arasında hərbi xidməti və təhsil müddəti çıxılmaqla bütün əmək fəaliyyəti dövrləri ticarət müəssisəsində keçmişdir. Bütün Biləsuvar rayonu da onun işlədiyi yerləri bilməklə tanıyırlar. O, bu müddət ərzində işləməklə əmək haqqı almışdır. Hazırda yaşa görə əmək pensiyası üçün müraciət etsə də bundan imtina edilmişdir. Səbəb kimi göstərilmişdir ki, 1976-cı ildən 2003-cü ilə kimi dövrün sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Çox maraqlıdır. Onun stajı əmək kitabçasında göstərilmişdir. Arxiv sənədlərini isə saxlamaq ona aidiyyəti olan məsələ deyildir. Həmin sənədləri saxlamaq dövlətin müvafiq qurumlarının üzərinə düşür. Onun əmək fəaliyyətini təsdiq edən sənəd əmək kitabçasıdır, onu da təqdim etmişdir. Cavabdeh təşkilatın imtina məktubunda göstərilir ki, 2006-cı il tarixdən 2018-ci il tarixədək fərdi şəxsi hesabınızın sğorta hissəsinə pensiya kapitalı qeydə alınmamışdır. Halbuki, o, bu illəri üçün tələb irəli sürməmişdir. Bunu nəyə görə yazıblar o da başa düşə bilmir. Görünür onun tələbini başdan etmək üçün aid oldu, olmadı lazımsız cümlələr əlavə edilir. Əlavə olaraq bildirir ki, cavabdeh təşkilatın imtinasına dair məktub ona 20 iyul 2024-cü il tarixdə poçt vasitəsi ilə verilmişdir. İddiaçı cavabdeh təşkilatın imtinasını əsassız və qanunsuz hesab edir. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı ərizə ilə Mərkəzi Filiala müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-1/2-F- 160360/2024 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının ümumi iş stajının qanunvericiliklə tələb olunandan (25 il) az olduğu qeyd edilmişdir (07 il 8 ay 15 gün). Bundan narazı qalan iddiaçı Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddiacı İddiaçı iddia tələbi aşagıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçının xx.xx.2021-ci il tarixdə 65 yaşı tamam olmuşdur. Təqdim edilmiş sənədlərin surətinə əsasən iddiaçının ümumi sığorta stajı (xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu müddət, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək təhsil aldığı illər, xx.xx.1972-ci il tarixdən xx.xx.1972-ci il tarixədək əmək fəaliyyəti dövrü və 1982-2003-cü illər ərzində adına əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla) 7 il 8 ay 15 gün təşkil edir. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Məhkəmənin nəzərinə çatdırırıq ki; iddiaçı xx.xx.2021-ci və xx.xx.2024-cü il tarixlərdə Mərkəzi Filiala müraciət edərək, xx.xx.2014- cü il tarixli 121079 nömrəli əmək kitabçasını təqdim etmişdir. Sözügedən əmək kitabçasının doldurulma qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na uyğun deyil. Bələ ki, Qaydaların 1.2-ci bəndinə əsasən əmək kitabçası işəgötürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. İddiaçının əmək kitabçası xx.xx.2014-cü il tarixdə açılmış, işə başlama barədə qeyd isə xx.xx.1976-cı il tarixə edilmişdir. Eyni Qaydaların 7-ci bəndinə əsasən, əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. Əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur. Əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir. İddiçının əmək kitabçası dublikat olmasına baxmayaraq, bu barədə qeyd mövcüd deyil və göstərilən qaydada doldurulmamışdır. Həmçinin, sözügedən əmək kitabçasının surətində iddiaçının işə daxilolma və işdən çıxma qeydlərində səlahiyyətli şəxslərin imzası yoxdur, 1976-cı il tarixdən bütün qeydlər latın əlifbası ilə qeyd edilmişdir və bütün əmək fəaliyyəti dövrləri eyni möhürlə təsdiq edilmişdir. Daha sonra iddiaçı xx.xx.2024-ci il tarixdə Mərkəzi Filiala müraciət edərək xx.xx.1976-cı il tairxli əmək kitabçasını təqdim etrnişdir. Sözügedən əmək kitabçasının doldurulma qaydası da “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən pozulmuşdur. Belə ki, əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1976-cı il tarixdən etibarən qeydlərdə səlahiyyətli şəxsin imzası yoxdur, həmçinin qeydlər möhürlə təsdiqlənməmiş və qaralamalar mövcuddur (əmək kitabçasının 21-ci səhifəsi). Yuxarıda qeyd olunan səbəblərdən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun keçmiş 9 saylı Regional ərazi filialının keçirdiyi monitorinq əsasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli akta əsasən 1982-2003-cü il tarixləri ərzində iddiaçının əmək fəaliyyəti zamanı 1995-ci il üzrə 7 ay, 1996-cı il üzrə 11 ay, 1997-ci il üzrə 12 ay, 2001-ci il üzrə 12 ay onun adına əməkhaqqı hesablanmışdır. Bu səbəblərdən xx.xx.1976-cı il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrün (iddiçının adına əməkhaqqı hesablanan aylar nəzərə alınmaqla) sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Qeyd olunanları nəzərə alaraq bildirirlər ki, iddiaçının ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən proaktiv qaydada yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2021-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş, hazırda 220 manat olmaqla davam etdirilir. Beləliklə, yuxarıda geyd edilən əsaslara görə və qanunvericiliyin tələbləri baxımından İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə goyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 10 mart 2025-ci il tarixli, 2-1(120)-1526/2025 saylı qərarı (hakim Fehruz Abbasov) ilə iddianın qismən təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın qismən təmin edilmiş hissədə ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 10 mart 2025-ci il tarixli 2-1 (120)-1526/2025 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçıya xx.xx.2021ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. İddiaçının xx.xx.2021-ci il tarixdə 65 yaşı tamam olmuşdur. Təqdim edilmiş sənədlərin surətinə əsasən iddiaçının ümumi sığorta stajı (xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu müddət, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tairxədək təhsil aldığı illər, xx.xx.1972-ci il tarixdən xx.xx.1972-ci il tarixədək əmək fəaliyyəti dövrü və 1982-2003-cü illər ərzində adına əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla) 07 il 08 ay 15 gün təşkil edir. Belə ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iki dəfə xx.xx.2021-ci və xx.xx.2024-cü il tarixlərdə Mərkəzi Filiala müraciət etmişdir. İddiaçı ilk müraciəti zamanı xx.xx.2014-cü il tarixli 121079 nömrəli əmək kitabçasını təqdim etmişdir. Sözügedən əmək kitabçasının doldurulma qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na uyğun deyil. Belə ki, Qaydaların 1.2-ci bəndinə əsasən əmək kitabçası işəgötürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. İddiaçının əmək kitabçası xx.xx.2014-cü il tarixdə açılmış, işə başlama barədə qeyd isə xx.xx.1976-cı il tarixə edilmişdir. Eyni Qaydaların 7-ci bəndinə əsasən, əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. Əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur. Əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir. İddiaçının əmək kitabçası dublikat olmağına baxmayaraq, bu barədə qeyd mövcud deyil və göstərilən qaydada doldurulmamışdır. Digər tərəfdən, həmin Qaydaların 4.1-ci bəndinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Sözügedən əmək kitabçasının surətində iddiaçının işə daxilolma və işdən çıxma qeydlərində səlahiyyətli şəxslərin imzası yoxdur, həmçinin 1976-cı il tarixdən bütün qeydlər latın əlifbası ilə yazılmışdır. Eləcə də bütün əmək fəaliyyəti dövrləri (iddiaçı müxtəlif müəssisələrdə fəaliyyət göstərdiyi halda) eyni möhürlə təsdiq edilmişdir. Daha sonra iddiaçı xx.xx.2024-cü il tarixdə Mərkəzi Filiala müraciət edərək xx.xx.1976-cı il tarixli əmək kitabçasını təqdim etmişdir. Sözügedən əmək kitabçasının doldurulma qaydası da “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na əsasən pozulmuşdur. Belə ki, əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1976-cı il tarixdən etibarən qeydlərdə səlahiyyətli şəxsin imzası yoxdur, həmçinin qeydlər möhürlə təsdiqlənməmiş və qaralamalar mövcuddur. Yuxarıda qeyd edilən səbəblərdən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun keçmiş 9 saylı Regional ərazi filialının keçirdiyi monitorinq əsasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli akta əsasən 1982-2003-cü il tarixləri ərzində iddiaçının əmək fəaliyyəti zamanı 1995-ci il üzrə 7 ay, 1996-cı il üzrə 11 ay, 1997-ci il üzrə 12 ay, 2001-ci il üzrə 12 ay onun adına əmək haqqı hesablanmışdır. 2002-2003-cü illərə dair əmək haqqı kitablarında İddiaçı adına əmək haqqı müəyyən edilməmişdir. Məhkəmənin istinad etdiyi xx.xx.2024-cü il tarixli Aktda da eyni faktlar qeyd olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Qərarında qeyd olunmuşdur ki, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Bu səbəblərdən xx.xx.1976-cı il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrün (iddiaçının adına əmək haqqı hesablanan aylar nəzərə alınmaqla) sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Belə olan halda İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Məhkəmə müvafiq qərarı qəbul edərkən sözügedən halları araşdırmamışdır. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı qismən mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının iddia tələbinin təmin edilməsi hissəsində qismən ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-); 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; (-); Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığorta olunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: Maddə 21.2.3.Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; Maddə 23.2.1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. ... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin q) bəndi: Arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi “ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Həmçinin “Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması” Qaydalarının 3.1.1-ci maddəsinə görə, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçı 1976-cı il tarixli əmək kitabçasını ona yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana müraciət edərkən təqdim etmişdir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi, iddiaçı ona pensiya təyin olunması üçün əmək fəaliyyəti dövrlərini təsdiq edən hər hansı bir sənədi, o cümlədən əmək kitabçasını inzibati orqana təqdim etdiyi təqdirdə, həmin sənədin həqiqətə uyğun olmadığını sübuta yetirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Lakin əmək kitabçasının doldurulma qaydasının pozulması, iddiaçıya müəyyən dövrlər üzrə əməkhaqqı hesablanmaması və əməkhaqqından sosial sığorta haqlarının tutulmaması onun təqsiri ilə bağlı hal kimi qiymətləndirilə bilməz və bunun məsuliyyətinin onun üzərinə qoyulması qanunvericiliyin tələblərinə ziddir. Eyni zamanda iddiaçının mübahisələndirilən dövrlər üzrə, yəni xx.xx.1976-cı il tarixdən xx.xx.2003-cü il tarixədək (24 il 3 ay 11 gün) iş stajı toplaması, xx.xx.2024-cü il tarixli, 3- 17-1/3-1-102063/2024 nömrəli cavabdehin cavab məktubuna əlavə edilmiş Biləsuvar rayonu Kooperativ Cəmiyyəti üzrə tərtib olunmuş 18 dekabr 2024-cü il tarixli Aktla da tam təsdiq olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. Belə ki, iş materiallarında olan AZE seriyalı, 09878759 nömrəli, xx.xx.2012-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən və müvafiq arayışlardan görünür ki, hazırki iş üzrə İddiaçı xx.xx.1956-cı il tarixdə Biləsuvar şəhərində doğulmuş və Biləsuvar rayonunun Yuxarı Ağalı kəndində yaşayır. İş materiallarında olan 18 may 1974-cü il tarixli, HZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək 2 il 23 gün Sovet Ordusu Silahlı Qüvvələri sıralarında hərbi xidmətdə olmuşdur. İş materiallarında olan 10 fevral 1982-ci il tarixli, BT 047013 nömrəli diplomun surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək Bakı Kooperativ Texnikumunda 1 il 10 ay təhsil almışdır. İş materiallarında olan xx.xx.1972-ci il, 22 iyun 1976-cı il və xx.xx.2014-cü il tarixlərdə xx.xx.1956-cı ildə doğulmuş İddiaçı adına tərtib edilən əmək kitabçalarının surətlərindən və Biləsuvar rayonu Kooperativ Cəmiyyəti üzrə tərtib və təsdiq olunmuş 18 dekabr 2024-cü il tarixli aktdan müəyyən olunur ki, İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1972-ci il tarixədək X6 çilingər şagirdi, fəhlə işləmiş və 3 ay 4 gün iş stajı toplamış, Bakı Kooperativ Texnikumunda təhsil aldığı və əmək kitabçasındakı iş stajı ilə üst-üstə düşən 1 il 10 ay müddət çıxılmaqla xx.xx.1976-cı il tarixdən xx.xx.2003-cü il tarixədək Biləsuvar (Puşkin) rayon X5 tabeliyindəki müxtəlif mağazalarda satıcı, müdir-satıcı və briqadir vəzifələrində işləmiş, bu müddət ərzində 24 il 3 ay 11 gün iş stajı toplamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsi tərəfindən iddiaçının adına tərtib edilmiş 25 nömrəli “Pensiya işi”ndən və cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli, 34848 nömrəli qərarından görünür ki, DSMF Biləsuvar rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2014-cü il tarixli, 25 nömrəli qərarı ilə İddiaçı əlilliyə görə pensiya təyin edilmiş və o, xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası almış, xx.xx.2021-ci il tarixdən ona 151,14 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-17-1/2-F-160360/2024 nömrəli məktubla cavabdeh iddiaçının xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı müraciətindən imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş hədi kişilər üçün 65 yaş müəyyən edilib. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olduğunuz müddət, xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək təhsil aldığınız illər, xx.xx.1972-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək əmək fəaliyyəti dövrünüz və 1982-2003-cü illər ərzində adınıza əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla ümumi sığorta stajınız 7 il 8 ay 15 gün təşkil edir. Həmçinin bildiririk ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən təqdim etdiyiniz xx.xx.1976-cı il tarixli əmək kitabçanızın doldurulma qaydası pozulmuşdur (xx.xx.1976-cı il tarixindən etibarən qeydlərdə səlahiyyətli şəxsin imzası yoxdur, qeydlər möhürlə təsdiqlənməmişdir və qaralamalar mövcuddur). Fondun keçmiş 9 saylı Regional ərazi filialının keçirdiyi monitorinq əsasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli akta əsasən 1982-2003-cü il tarixləri ərzində əmək fəaliyyətiniz zamanı 1995-ci il üzrə 7 ay, 1996-cı il üzrə 11 ay, 1997ci il üzrə 12 ay, 2001-ci il üzrə 12 ay adınıza əməkhaqqı hesablanmışdır. Bu səbəblərdən xx.xx.1976-cı il tarixindən xx.xx.2003-cü il tarixinədək olan dövrün (adınıza əməkhaqqı hesablanan aylar nəzərə alınmaqla) sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Bir daha bildiririk ki, əmək kitabçanızın surətində qeyd olunmuş dövrlər üzrə əmək fəaliyyətinizi təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) Fondun 2 saylı Şirvan-Salyan regional filialına təqdim etməklə təkrar müraciətiniz əsasında həmin dövrlərin sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən sizə xx.xx.2021-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş, hazırda 220 manat olmaqla davam etdirilir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərə əsasən xx.xx.1956-cı il tarixdə doğulmuş İddiaçı xx.xx.2014-cü il tarixli, 25 nömrəli qərarla əlilliyə görə əmək pensiyası təyin edilmiş, o, xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası almış, xx.xx.2021-ci il tarixdə onun 65 yaşı tamam olmuş, iddiaçı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh iddiaçıya yaşa görə əmək pensiyası təyinatından imtina etmiş, buna səbəb kimi iddiaçıya məxsus xx.xx.1976cı il tarixli əmək kitabçasının doldurulma qaydasının pozulmasını (xx.xx.1976-cı il tarixindən etibarən qeydlərdə səlahiyyətli şəxsin imzası yoxdur, qeydlər möhürlə təsdiqlənməmişdir və qaralamalar mövcuddur), Fondun keçmiş 9 saylı Regional ərazi filialının keçirdiyi monitorinq əsasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli akta əsasən 1982-2003-cü il tarixləri ərzində əmək fəaliyyəti zamanı onun adına yalnız 1995-ci il üzrə 7 ay, 1996-cı il üzrə 11 ay, 1997-ci il üzrə 12 ay, 2001-ci il üzrə 12 ay əməkhaqqı hesablanmasını qeyd etmiş, həmin səbəblərdən əməkhaqqı hesablanan aylar istisna olmaqla xx.xx.1976-cı il tarixdən xx.xx.2003-cü il tarixədək olan əmək fəaliyyəti dövrünün sığorta stajınıza daxil edilməsini mümkün hesab etməmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixli, 25 nömrəli qərarla iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilən zaman iddiaçının təqdim etdiyi hazırki əmək kitabçası mötəbər sənəd kimi qəbul edilmiş və həmin kitabça üzrə onun 28 il 3 ay əmək fəaliyyəti dövrü sığorta stajı kimi nəzərə alınmışdır. Həmin pensiya təyinat qərarının ləğv və ya etibarsız hesab olunmasına dair isə işdə hər hansı sübut mövcud deyildir. Məhkəmə kollegiyası, yuxarıda şərh olunan qanunvericiliyin normalarını rəhbər tutaraq qeyd edir ki, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1956-cı il tarixdə doğulması və xx.xx.2021-ci il tarixdə tarixdə yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş yaş şərtini ödəmişdir. Cavabdehin ilkin imtinasından və yazılı etirazın surətindən görünür ki, iddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.2003-cü il tarixinədək olan əmək fəaliyyəti dövrü üzrə əmək kitabçasının doldurulma qaydaları (xx.xx.1976-cı il tarixindən etibarən qeydlərdə səlahiyyətli şəxsin imzası yoxdur, qeydlər möhürlə təsdiqlənməmişdir və qaralamalar mövcuddur), pozulmuş, 1982-2003-cü il tarixləri ərzində əmək fəaliyyəti zamanı onun adına yalnız 1995-ci il üzrə 7 ay, 1996-cı il üzrə 11 ay, 1997-ci il üzrə 12 ay, 2001-ci il üzrə 12 ay əməkhaqqı hesablanmasını qeyd etmiş və bu səbəbdən əməkhaqqı hesablanan aylar istisna olmaqla xx.xx.1976-cı il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrləri sığorta stajına daxil etmək mümkün olmamışdır. İşin faktiki hallarından və iş materiallarında olan sübutlardan görünür ki, cavabdeh tərəfindən hazırda mübahisələndirilməyən iş stajı 7 il 08 ay 15 gün (təhsil dövrü, hərbi xidmət dövrü və əmək fəaliyəti dövrü) mübahisəsiz sığorta stajı kimi nəzərə alınmışdır. Buna görə də məhkəmə kollegiyası həmin dövrlərlə bağlı deyil, birinci instansiya məhkəməsi tərəfindən təmin edilən və cavabdeh tərəfindən qəbul edilməyən (mübahisələndirilən) digər (xx.xx.1976-cı il tarixdən xx.xx.2003-cü il tarixədək) dövrlərlə bağlı dəlillərə qiymət verilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisələndirilən dövrləri və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1972-ci il tarixədək X6 çilingər şagirdi, fəhlə işləməsi və 3 ay 4 gün iş stajı toplaması, Bakı Kooperativ Texnikumunda 1 il 10 ay təhsil alması, təhsil müddətinin əmək kitabçasındakı iş stajı ilə üst-üstə düşən 1 il 10 ay müddət çıxılmaqla xx.xx.1976-cı il tarixdən xx.xx.2003-cü il tarixədək Biləsuvar rayonu inzibati ərazisinə daxil olan kəndlərdəki müxtəlif mağazalarda satıcı, müdir-satıcı və briqadir vəzifələrində işləməsi, bu müddət ərzində 24 il 3 ay 11 gün iş stajı toplaması, beləliklə, hərbi xidmət (2 il 23 gün), təhsil (1 il 10 ay) və əmək fəaliyyəti (24 il 6 ay 15 gün) illəri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumilikdə 28 il 5 ay 8 gün sosial sığorta stajına malik olması iş materialları ilə tam təsdiq olunur. İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.2003-cü il tarixədək Biləsuvar (Puşkin) rayon X5 tabeliyindəki müxtəlif mağazalarda satıcı, müdir-satıcı və briqadir vəzifələrində işləməsi, bu müddət ərzində 24 il 3 ay 11 gün iş stajı toplaması işdə olan Biləsuvar rayonu Kooperativ Cəmiyyəti üzrə tərtib olunmuş 18 dekabr 2024-cü il tarixli Aktla da tam təsdiq olunur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarını cavabdehin həmin dəlillərinə münasibətdə tətbiq edərək qeyd edir ki, qeyd edilən mübahisəli dövrlər iddiaçıya məxsus əmək kitabçasında göstərildiyindən və əmək kitabçasında aparılan qeydlər arxiv sənədləri ilə təsdiq edildiyindən mötəbər hesab olunmalıdır. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işləməsi yəni, iddiaçının işlədiyi dövrlərdə müəssisənin fəaliyyətinin olması və iddiaçının həmin müəssisədə işləməsi tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə müəssisə mövcud olmuş, iddiaçı müvafiq əmrlə işə daxil olmuş, həmin müəssisədə işləmiş və müvafiq əmrlə işdən xaric olmuş, sadəcə olaraq müəssisənin arxiv sənədləri, xüsusilə də əmək haqqı cədvəlləri dövlət arxivinə tam təhvil verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi, müvafiq əmrlə işə daxil olması və müvafiq əmrlə işdən xaric olması halı müəyyən edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi xx.xx.1976-cı il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və həmin mübahisəli illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdeh hazırda mübahisələndirilən xx.xx.1976-cı il tarixdən xx.xx.2003-cü ilə qədərki dövrü əlilliyə görə pensiya təyin edərkən sığorta stajı kimi nəzərə almışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə tam təhvil verilməməsi və ya qismən təhvil verilməsi və yaxud əmək haqqı barədə qeydlərin hər hansı səbəbdən aparılmaması, o cümlədən həmin sənədlərin sonradan yararsız hala düşməsi, saxlanılmaması həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə kollegiyası cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və onun məhsuliyyət sferasına daxil deyildir. Belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu hal, müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunan qanunvericiliyin müddəalarının hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının işlədiyi, lakin cavabdeh tərəfindən nəzərə alınmayan xx.xx.1976-cı il tarixdən xx.xx.2003-cü il tarixədək əmək fəaliyyəti dövrü nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə iddiaçı haqlı olmuşdur. Cavabdeh inzibati orqan apellyasiya şikayətində mübahisələndirilən dövr kimi iddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrü ilə bağlı qeyd edir ki, əmək kitabçasının doldurulma qaydalarına (qeydlərin imza və möhürlə təsdiqlənməsi və qaralamalar mövcuddur) əməl edilmədiyinə görə sığorta stajına daxil edilməmişdir. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə bağlı qeyd edir ki, cavabdehin bildirdiyi hal iddiaçının təqsiri ilə bağlı yarana biləcək hal olmadığı üçün onun pensiya hüququnun məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Araşdırma ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, burada əsas müəyyən edilən hal təşkilatın həqiqətən də fəaliyyətdə olmuş təşkilat olması və iddiaçının həmin müəssisədə işləməsidir ki, iş materiallarına əlavə edilmiş sənədlərlə bu hal təsdiq olunur. Beləliklə işin faktiki hallarının araşdırılması zamanı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək kitabçasındakı qeydlər əsasında iş stajı X6 işlədiyi 3 ay 4 gün, Biləsuvar rayonu inzibati ərazisinə daxil olan kəndlərdəki müxtəlif mağazalarda satıcı, müdir-satıcı və briqadir vəzifələrində isə 24 il 3 ay 11 gün təşkil edir ki, bu da iddiaçının ümumilikdə əmək kitabçasındakı qeydllər əsasında 24 il 6 ay 15 gün əmək stajına malik olduğunu sübut edir. İddiaçının hərbi xidmətdə olduğu müddət (2 il 23 gün) və Bakı Kooperativ Texnikumunda aldığı təhsil müddəti (1 il 10 ay) ilə birlikdə sığorta stajı 28 il 5 ay 8 gün təşkil edir. Cavabdeh tərəfindən apellyasiya şikayətində göstərilən digər hal ilə bağlı məhkəmə kollegiyası bildirir ki, xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, iddiaçının 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir. Bundan başqa, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, xx.xx.1956-cı il tarixdə anadan olmuş İddiaçı yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2021-ci ildə yaranmış olsa da, iddiaçıya xx.xx.2014-cü il tarixli qərarla əlilliyə görə əmək pensiyasının təyin edilməsini və onun xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası almasını nəzərə alaraq İddiaçı yaşa görə əmək pensiyası xx.xx.2021-ci il tarixindən təyin edilməlidir. Şərh olunan qanunvericiliyin müddəaları əsasında məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya yaşa görə əmək pensiyasını təyin etməklə haqlı mövqe sərgiləmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 10 mart 2025-ci il tarixli, 2-1(120)-1526/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar