Məhkəmə qərarları › İş №2-1(106)-436/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-436/2024

31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-436/2024 31.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Bəhmənov Habil Xanoğlan oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, cavabdehin nümayəndələri X8 və X13, üçüncü şəxs X3 və onun vəkili və nümayəndəsi X14 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı cavabdeh Neftçala bələdiyyəsinə qarşı “xx.xx.2019-cu il tarixli, 7 saylı iclasında 4 məsələ üzrə qəbul olunmuş 4 qərarın ləğv olunması” barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2-1(086)-2005/2019 saylı qərarından üçüncü şəxs X10 və X3 vəkili və nümayəndəsi X17 tərəfindən verilən apellyasiya şikayətinə məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı cavabdeh Neftçala bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, 7 saylı iclasında 4 məsələ üzrə qəbul olunmuş 4 ədəd aktın ləğv olunması barədə qərar qəbul edilməsi xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəməsinin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2-1(120)-2005/2019 saylı qərarı ilə (hakim Orxan İsmayılov) iddia tələbi təmin edilmişdir. Həmin qərardaddan üçüncü şəxs X10 və X3 vəkili və nümayəndəsi X17 apellyasiya şikayəti verərək, iş üzrə qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2-1(086)-2005/2019 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və nəticədə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə olan halda apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2-1(086)-2005/2019 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X11 və onun vəkili və nümayəndəsi X17 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2-1(086)-2005/2019 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri X8 və X18 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsi və Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2-1(086)-2005/2019 saylı qərarının dəyişdirilmədən saxlanılması barədə qərar xahiş etmişdirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə iddiaçıya məlumat verilsədə iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etmir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.5. bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Apellyasiya şikayətinin mümkünlüyünə dair məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işdə iştirak edən şəxsin izahatını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqların pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. Bununla belə ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda məhkəmə müdafiəsi hüququnun, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Həmçinin qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən inzibati məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2- 1(086)-2005/2019 saylı məktubundan görünür ki, Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2-1(086)-2005/2019 saylı qərarı üçüncü şəxslərə rəsmi qaydada göndərilmişdir. (iş vərəqi 143). İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2-1(086)-2005/2019 saylı qərarı xx.xx.2020-ci il tarixdə iş üzrə üçüncü şəxslər X5 və X6 imza etdirməklə təqdim olunmuşdur. (iş vərəqi 146, 147). İş materiallarında olan Şirvan MXŞ-dən Şirvan İnzibati Məhkəməsinə daxil olmuş zərfdən görünür ki, mübahisələndirilən qərardan verilmiş apellyasiya şikayəti xx.xx.2024cü il tarixdə Şirvan MXŞ-yə daxil olmuşdur. (iş vərəqi 177). Yuxarıda qeyd edilən sübutlardan müəyyən olunur ki, Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2-1(086)-2005/2019 saylı qərarı 16 dekabr 2019-cu il tarixli məktubla üçüncü şəxslərə rəsmi qaydada göndərilmiş və həmin qərar imza etməklə xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. Üçüncü şəxslər X10 və X7 nümayəndəsi və vəkili Vəkil tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmiş və həmin şikayət xx.xx.2024-cü il tarixdə Şirvan MXŞ-yə verilmişdir. Yəni, iş materiallarından müəyyən olunur ki, üçüncü şəxslərin nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti həmin qərarın rəsmi qaydada alındığı gündən 4 ildən artıq müddət keçdikdən sonra poçt xidmətinə verilmişdir. Bununla da, cavabdeh Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Məhkəmə kollegiyasının mövqeyinə görə təqdimetmə qanunla nəzərdə tutulmuş formada tərtib edilən və həyata keçirilən bir hərəkətdir ki, bunun vasitəsilə ünvanlanan şəxsə hər hansı bir sənədlə bağlı münasibət bildirmək imkanı yaradılır. Təqdimetmə müvafiq sənədin onun ünvanlandığı şəxs tərəfindən alınmasının təsdiq olunmasına və müddətlərin hesablanmasına xidmət edir. Tərəflərə aid olan müddətləri isə qanunla nəzərdə tutulmuş müddətlərə və hakim tərəfindən təyin olunan müddətlərə bölmək olar. Qanunla nəzərdə tutulmuş müddətlər müddətin başlanması və davamının qanunla müəyyən edilməsi ilə səciyyələnir. Buraya, xüsusilə, iddia qaldırma müddətləri və şikayət vermə müddətləri aiddir. Qanunla müəyyən edilmiş müddətin axımı müvafiq qanundakı göstərişlər əsas götürülməklə başlayır. Əlbəttə ki, proses iştirakçılarına məhkəmə qərarları müxtəlif günlərdə təqdim edilərsə, onlar üçün müddət axımının başlanma anı müxtəlif ola bilər. Nəzərə almaq lazımdır ki, İnzibati Prosessual Məcəllənin 20.3-cü və 22.1-ci maddələrinə əsasən məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir və müddətin axımı təqdim edilmə anından başlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə kollegiyası yuxarıda şərh olunan hüquq normalarının tələblərini hazırki işin müəyyən edilmiş faktiki halarına tətbiq edərək belə qənaətə gəlir ki, məhkəmənin yekun aktının üçüncü şəxslər tərəfindən xx.xx.2020-ci il tarixdə poçt vasitəsilə əldə edildiyindən (təqdim edildiyindən) və üçüncü şəxslər X4 və X3 nümayəndəsi və vəkili tərəfindən həmin qərardan verilmiş apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə Şirvan MXŞ-yə verildiyindən, apellyasiya şikayətinin verilməsi üçün 30 günlük prosessual müddəti ötürülmüşdür. Üçüncü şəxlərin nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi ilə bağlı vəsatətində və məhkəmə iclasında verdiyi izahatında qeyd edir ki, hazırda mübahisələndirilən məhkəmə qərarının alınması ilə bağlı iş materiallarında olan xəbərnamələr üçüncü şəxslər tərəfindən imzalanmamışdır, məhkəmə qərarı onlara rəsmi qaydada təqdim edilməmişdir, həmin dövrlərdə üçüncü şəxs X10 barəsəində cinayət işi tətqiq olunduğundan və cəzaçəkmə müəssisəsində olduğundan həmin qərar onun tərəfindən rəsmi qaydada alınmamışdır. Məhkəmə kollegiyası üçüncü şəxlərin nümayəndəsi və vəkili Vəkil vəsatətində və məhkəmə iclasında verdiyi izahata münasibətdə zəruri araşdırma aparmış və araşdırma zamanı müəyyən edilmişdir ki, hazırda mübahisələndirilən Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2-1(086)-2005/2019 saylı qərarı qəbul olunduğu zaman üçüncü şəxs X10 azadlıqda olmuş, başqa sözlə, daimi yaşadığı ünvanda (ərazidə) sərbəst hərəkət etmək imkanı olmuş və onun, o cümlədən digər üçüncü şəxs X3 hazırda mübahisələndirdikləri məhkəmə qərarından məlumatlı olmuşdur. Belə ki, Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Neftçala bələdiyyəsinə sorğu verilərək Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2-1(086)-2005/2019 nömrəli qərarının icrası ilə bağlı X5 və X6 məlumat verilib-verilməməsi, əgər verilmişsə hansı qaydada məlumat verilməsi barədə, o cümlədən həmin qərarın icrası ilə bağlı qəbul edilmiş Neftçala bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 03 saylı qərarının məlumat üçün X5 və X6 təqdim olunub-olunmaması, olunmuşsa hansı qaydada təqdim olunması barədə məlumatı və həmin məlumatı özündə əks etdirən sənədlərin əsllərini və ya təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Həmin sorğuya cavab olaraq Neftçala bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış 09 sentyabr 2024-cü il tarixli, 215 nömrəli məktubdan görünür ki, Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2-1(086)-2005/2019 nömrəli qərarının qanuni qüvvəyə minməsi ilə əlaqədar icra olunması üçün Neftçala bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 07 saylı 4 məsələ üzrə qəbul olunmuş 4 qərarı, xx.xx.2020-ci il tarixli, 03 saylı qararı ilə ləğv edilmiş, həmin qərarların ləğv olunması barədə vətəndaş X5 və X6 xx.xx.2020-ci il tarixində “Azərpoçt” vasitəsi ilə məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X18 izahatında bildirmişdir ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019 tarixli, 2-1(086)-2005/2019 nömrəli qərarı onlara göndərildikdən sonra bu qərarın icra edilməməsi halında 50.000 manat məbləğində cərimə olunacağları ilə bağlı xəbərdarlıq edilmişlər, buna uyğun şəkildə bələdiyyə tərəfindən xx.xx.2020-ci il tarixli, 03 saylı qərar qəbul olunaraq Neftçala bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 7 saylı 4 məsələ üzrə qəbul olunmuş qərarı ləğv edilmiş, daha sonra Neftçala bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 03 saylı qərarı poçt vasitəsi ilə X10 və X6 göndərilmişdir. Həmçinin, Neftçala bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 7 nömrəli iclasında qəbul edilmiş qərar ilə X10 və X6 ayrılmış torpaq sahəsində onlar tərəfindən işa edilmiş tikilinin sökülməsi zamanı orda iştriak edən X1 İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019 tarixli, 2-1(086)-2005/2019 nömrəli qərarından və həmin qərar əsasında qəbul edilmiş Neftçala bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 03 saylı qərarından məlumatlı olmuşdur. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X11 izahatında və ona verilən suallara cavabında bildirmişdir ki, onlara torpaq sahəsinin ayrılmasına dair Neftçala bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 7 saylı qərarının ləğv edilməsinə dair Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019 tarixli, 2-1(086)-2005/2019 nömrəli qərarından və həmin qərar əsasında qəbul edilmiş Neftçala bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 03 saylı qərarından Neftçala bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 7 saylı qərarı ilə onlara ayrılmış torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi zamanı məlumatlı olmuş, sadəcə olaraq həyat yoldaşı X4 cinayət işi ilə bağlı başları qarışıq olduğundan məhkəmə qərarını vaxtında mübahisələndirməmişlər. Məhkəmə kollegiyasının şifahi sorğusu əsasında təqdim edilən Şirvan Apellyasiya Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli 1(106)-808/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 1(099)- 284/2021 nömrəli hökmü ilə X10 Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3, 32.5 311.3.2-ci maddələri ilə təqsirli bilinərək 6 (altı) il, 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzaçəkmənin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019 tarixli, 2-1(086)- 2005/2019 nömrəli qərarından 4 (dörd) il ərzində məlumatlı olmamaları ilə bağlı üçüncü şəxslərin gətirdiyi dəlillər inandırıcı və ağlabat deyildir. Ən azından torpaq istifadəçisi kimi üçüncü şəxslərin həmin torpaq sahəsində inşa etdikləri tikilinin dövlət qurumu tərəfindən sökülməsi və həmin torpaq sahəsindən faktiki olaraq istifadə edilməməsi onu deməyə əsas verir ki, onlar Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019 tarixli, 2-1(086)- 2005/2019 nömrəli qərarından və həmin qərar ilə onlara torpaq sahəsinin ayrılması ilə bağlı Neftçala bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 7 saylı qərarının ləğv edilməsindən məlumatlı olmuşlar. Məlum olduğu gün dedikdə, üçünçü şəxslərin məhkəmə qərarının mövcudluğu barədə həm bildiyi, həm də bilməli olduğu an əsas götürülməlidir. Hazırkı halda, məhkəmə qərarının üçünçü şəxslərə rəsmi qaydada təqdim olunduğuna dair işdə sübutlar mövcud olmadığını nəzərə alsaq belə, işin xüsusi halları baxımından üçünçü şəxslər məhkəmə qərarının mövcudluğunu bilməli idi. Məhkəmə kollegiyası qeyd edir ki, bilməli olduğu anın müəyyənləşdirilməsi baxımından üçünçü şəxslərin onlardan tələb olunan minimal ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməsi, eləcə də aradan keçən kifayət qədər zaman əsas götürülməlidir. Torpaq sahəsində inşa edilmiş tikililəri sökülsədə, həmin torpaq sahəsindən faktiki istifadələrinə maneələr yaradılsa da üçünçü şəxslər bu illər ərzində qeyd edilən torpaq sahəsi ilə bağlı heç bir mübahisə yaratmamış, müvafiq orqanlara, o cümlədən məhkəməyə şikayətlər etməmişdirlər. Eyni zamanda müəyyən edilmişdir ki, üçüncü şəxs X10 barəsində həbsqətimkan tədbiri xx.xx.2021-ci il tarixdə seçilmiş və həmin gündən azadlıq hüququ məhdudlaşdırılmışdır. Yəni, həmin tarixə kimi onun daimi yaşadığı ünvanda (ərazidə) sərbəst hərəkət etmək imkanı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 30 (otuz) günlük prosessual müddətin ötürülməsi işin mübahisəsiz halıdır. Bu baxımdan məhkəmə kollegiyası işdə olan xəbərnamələrdə imzanın üçüncü şəxslərə aid olubomaması ilə bağlı xüsusi araşdırma aparılması (ekspertizanın keçirilməsi) zərurətini görmür. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı qaydada üçüncü şəxslər X5 və X6 hüquqi yardım məktubu ünvanlanmış, apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim edilməsi təklif edilmiş və bununla bağlı müddət təyin edilmişdir. Lakin təyin edilmiş müddət ərzində (məhkəmə iclasına kimi) apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edəcək hər hansı bir mötəbər sübut (sənəd) təqdim edilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi ilə bağlı üçüncü şəxlərin nümayəndəsi və vəkili Vəkil vəsatəti ilə bağlı onu qeyd edir ki, nümayəndə müddətin üzrlü səbəblərlə bağlı ötürülməsinə dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə müddətin ötürülmədiyi bildirmişdir. Nəzərə almaq lazımdır ki, müddətin ötürülməsi şəxsin təqsirli davranışına bağlı olmadığı, müddətin buraxılması səbəbinin aradan qaldırılması şəxsin iradəsi xaricində olduğu hallarda üzrlü sayıla bilər. Hazırkı iş üzrə üçüncü şəxslərin qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermək imkanını mümkünsüz edən və onun iradəsindən aşkar surətdə kənara çıxan hər hansı hal müəyyən olunmamışdır. Bu baxımdan həmin səbəblər ötürülmüş prosessual müddətin bərpası üçün də üzürlü hesab edilə bilməz. Bununla belə məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərdən əlavə onu da qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. İşdə olan xx.xx.2024-cü il tarixli etibarnamələrdən və xx.xx.2024-cü tarixli ******* nömrəli vəkil orderindən görünür ki, Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil ilə üçüncü şəxslər arasında apellyasiya şikayəti verilməsi ilə bağlı hüquqi yardımın göstərilməsinə dair müqavilə 30 aprel 2024-cü ildə bağlanmışdır. Məhkəmə iclasında iştirak edən Vəkil izahatında Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019 tarixli, 2-1(086)-2005/2019 nömrəli qərarından şikayət verilməsi üçün üçüncü şəxslər ilə arasında 30 aprel 2024-cü ildə müqavilə bağlandığını və ona həmin tarixdə etibarnamə verildiyini bildirmişdir. İş materiallarında olan Şirvan MXŞ-dən Şirvan İnzibati Məhkəməsinə daxil olmuş zərfdən görünür ki, mübahisələndirilən qərardan verilmiş apellyasiya şikayəti xx.xx.2024cü il tarixdə Şirvan MXŞ-yə daxil olmuşdur. Qeyd edilən sənədlərdən və məlumatlardan görünür ki, üçüncü şəxslər Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019 tarixli, 2-1(086)-2005/2019 nömrəli qərarından şikayət verilməsi üçün 30 aprel 2024-cü il tarixinə kimi məlumatlı olsalarda və həmin tarixdə müqavilə bağlamış olsalarda həmin qərardan apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə uyğun yəni, 15 gün ərzində məhkəməyə verilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. X12rşı iş üzrə Qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də şikayətin qəbuledilənlik şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir (Luordo İtaliyaya qarşı iş üzrə 2003-cü il 17 oktyabr tarixli Qərar). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, üçünc şəxslər tərəfindən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüş və hüquqi yardım olunmasına baxmayaraq iddiaçı müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair çüncü şəxlərin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizə təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2-1(086)-2005/2019 saylı qərarından verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kasasiya şikayəti vermək olar. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar