Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-44/2024 28.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, iddiaçının nümayəndəsi Nümayəndə1 Aqaxan oğlunun, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2-1(120)-165/2023 nömrəli qərarından Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Fililalına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Fililalına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 27 aprel 2023-cü il tarixli, 2- 1(120)-165/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı hüququnun yarandığı 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2021-ci il tarixədək ümumi stajının 25 ildən artıq, güzəşli iş stajının isə 12 il 06 aydan çox təşkil etdiyi müəyyən edilmişdir. Qərardan Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci ildən "xxxx" QSC-nin 11 nömrəli X9 Bazasında zərərli doldurucu, xx.xx.2016-cı il tarixdən isə terminal operatoru, xx.xx.2019-cu ildən 4-cü zərərli dərəcəli terminal operatoru, xx.xx.2020-ci il tarixdən isə 3cü zərərli dərəcəli terminal operatoru peşəsində çalışmışdır. Bu peşələr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 10.05.2. bəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Bu məzmunda arayışı "xxxx" QSC tərəfindən ona xx.xx.2021-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 31 avqust 2021-ci il tarixli, **********7 saylı məktubunda ona bildirilmişdir ki, "xxxx" QSCnin 11 nömrəli X9 Bazasında zərərli doldurucu və terminal operatoru vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsində nəzərdə tutulmamışdır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.1980-ci il tarixli ******* nömrəli əmək kitabçası və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, iddiaçının 01 yanvar 2006-ci il tarixədək ümumi iş stajı 25 ildən azdır. İddiaçının əmək şəraiti zərərli və ağır işlərdə işləməsi faktı AR Nazirlər Kabinetinin 12 №-li qərarına istinadən müəssisə tərəfindən təpdim edilmiş arayışda qeyd olunub. İddiaçı tərəfindən yalnız xx.xx.2021-ci il tarixli QXxx-xx-0036-2021 nömrəli arayış təqdim edilmişdir ki, bu arayış onun xx.xx.2012-ci il tarixdən əmək şəraiti ağır və zərərli işlərdə işlədiyini əks etdirir. Göründüyü kimi qanunla tələb olunan şərtlər ödənilmir. İddiaçının xx.xx.2012-ci il tarixindən bugünədək "xxxx" QSC-nin X9 Bazasında işlədiyi doldurucu və terminal operatoru vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsində (10) nəzərdə tutulmamışdır. Bu səbəbdən İddiaçı güzəştli iş stajı yoxdur. Eyni zamanda qeyd etmək lazımdır ki, SOCAR tərəfindən təqdim olunmuş xx.xx.2021- ci il tarixli QX-xx-xx-0036-2021 nömrəli arayış qəbul olunduğu halda belə iddiaçının xx.xx.2012-ci il tarixdən (işə qəbul) xx.xx.2021-ci il tarixədək (müraciət tarixi) mövcud dövr ( 09 il 03 ay 15 gün) tələb olunan 12 il 06 aydan azdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti birinci instansiya məhkəməsində təqdim edilmiş etiraz dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, "xxxx" QSC-nin məhkəməyə təqdim etdiyi sənədlərdə iddiaçının xx.xx.2012-ci ildən əvvəl işlədiyi dövrlərə münasibət bildirilməmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. -iddiaçıya məxsus ИТ-1 № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.2020-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 441 nömrəli arayışında bildirilir ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. -"xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli, XO-xx-xx-0036-2021 nömrəli arayışında bildirilir ki, İddiaçı Ağaxan oğlu xx.xx.2012-ci ildən "xxxx" QSC-nin 11 nömrəli X9 Bazasında zərərli doldurucu (xx.xx.2012-ci il 084/21 saylı əmr), xx.xx.2016-cı il tarixdən zərərli dərəcəli terminal operatoru (ştat cədvəli), xx.xx.2019-cu il tarixdən 4-cü zərərli dərəcəli terminal operatoru (əmr 323k, xx.xx.2019), xx.xx.2020-ci il tarixdən 3-cü zərərli dərəcəli terminal operatoru (əmr 086k, xx.xx.2020) peşəsində çalışır. Bu peşələr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların , peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 10.05.2 bəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. -X6 filialının xx.xx.2022-ci il tarixli, 18/915 nömrəli arxiv arayışında bildirilir ki, Əkbərov X3 Neft Məhsulları Təminatı müəssisəsinin 27 yanvar 1997-ci il tarixli 24 №-li əmrilə § 2, operator 4 dər. normal şərait, dərəcəsi təsdiq edilmişdir. X10 31 oktyabr 2003cü il tarixli 102 №-li əmri ilə bazada daimi fəaliyyət göstərən ixtisasartırma komissiyasının müsbət rəyi nəzərə alınaraq 5 zərərli ixtisas dərəcəsi verilmişdir. X10 16 dekabr 2008-ci il tarixli 120-k №-li əmri ilə 2009-cu il üçün ştat cədvəlində nəzərdə tutulan 5-ci dərəcəli operator vəzifəsindən 4 dərəcəli operator vəzifəsinə keçirilmişdir. -"xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, XO-xx-xx-0200-2022 nömrəli məktubunda bildirilir ki, İddiaçı xx.xx.2012-ci il tarixdən "xxxx" QSC-nin 11 saylı X9 bazasında süzücütökücü (doldurucu), xx.xx.2016-cı il tarixdən terminal operatoru adlandırılmış fəhlə peşəsində, xx.xx.2021-ci il tarixdən isə işlədiyi peşə yenidən Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçasına uyğun olaraq süzücü-tökücü (doldurucu) adlandırılmış fəhlə peşəsində işləyir. İşlədiyi peşənin adlandırılmasının fərqli yazılışına baxmayaraq işçi işlədiyi bütün dövrdə eyni əmək funksiyasını yerinə yetirmişdir. İşçinin faktiki yerinə yetirdiyi əmək funksiyası NTB-yə neft məhsulları daxil olarkən dəmiryol sisternasının aşağı lyukuna USN-150 neft məhsulları boşaltma qurğusunu qoşmaq, vaqonun üst qapağın açaraq xüsusi mexanizm vasitəsi ilə aşağı lyukun qapağını açıb neft məhsullarının boru vasitəsi ilə çənlərə doldurulmasını təmin etmək, boşalmış vaqonlardan USN-i ayıraraq vaqonun qapağını bağlamaq, bundan sonra neft məhsullarının satışı həyata keçirilərkən çənlərin üzərindəki siyirtmələri açmaq, ASN qurğusunun altına daxil olan nəqliyyat vasitələrinin çənlərinin üzərinə çıxıb üst qapağı açaraq ASN qurğusunun qolunu çənə daxil edib onun dolma prosesinə nəzarət etmək, nəqliyyat vasitələrinin çənləri doldurulduqdan sonra isə qapağını kip bağlamaq, dövri olaraq tərtib edilmiş qrafik üzrə NTB-nin ərazisində yanacağın qəbul edildiyi çənlərin içərisinin təmizlənməsində iştirak etməkdən ibarətdir. İşçinin yerinə yetirdiyi əmək funksiyasının dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı’nın 10.5.1-ci bəndində qeyd edilən "... neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri” sahələrində işləyən fəhlə kateqoriyasına aid edilmiş “əmtəə operatoru’nun əmək funksiyasına aid edilə bilər. -"xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, XO-xx-xx-0648-2022 nömrəli məktubunda bildirilir ki, İddiaçı xx.xx.2012-ci il tarixdən "xxxx" QSC-nin 11 saylı X9 bazasında süzücütökücü (doldurucu) peşəsində işləyir. İddiaçı yerinə yetirdiyi əmək funksiyasının dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin” siyahısının 10.5.1 -ci bəndində nəzərdə tutulmuş fəhlə kateqoriyasına aid edilmiş “əmtəə operatoru” nun əmək funksiyasına, eyni zamanda “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şiştin emalı bölməsində kod 2130301a-16085 aid edilə bilər. -SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş 15 aprel 2024-cü il tarixli, 14-2-6/2-167/2024 nömrəli məktubda bildirilir ki, X10 əmlakları SOCAR-ın müvafiq sərəncamına əsasən SOCAR MİƏİ-nin balansından çıxarılmışdır və işçilərin şəxsi işləri Azərbaycan Respublikası Dövlət X1 təhvil verilmişdir. Hazırda İddiaçı aid heç bir sənəd SOCAR MİƏİ-də mövcud deyil. Bununla yanaşı, Arxiv tərəfindən təqdim olunan arayışa əsasən İddiaçı X10 SOCAR MİƏİnin nəzdində olduğu müddət ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq etdiyi «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 10-cu maddəsinin «Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı» 10.5.1-ci bəndinə əsasən 5-ci dərəcəli əmtəə operatoru vəzifəsində xx.xx.2003-cü il tarixdən xx.xx.2008-ci il tarixədək işlədiyi müddət ərzində əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən güzəştli əmək (sığorta) stajı sayılır. Qeyd olunan məktublla cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri təkzib olunur və iddiaçının güzəştli iş stajının birinci instansiya məhkəməsinin müəyyən etdiyi həcmdə olması öz təsdiqini tapır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). İddiaçının iddia etdiyi hüququnun yarandığı tarixdə qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar – 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən həmin qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmçinin hazırda qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olub-olmaması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Həmin maddənin təsiri altına düşmək üçün isə iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək, yəni xx.xx.2006-cı il tarixədək azı 25 il sığorta stajına malik olmalı və bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə işlərdə çalışmalıdır. Bu tələblər ödənildiyi halda yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə, yəni “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə müvafiq surətdə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2-1(120)-165/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-44/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-44/2024
28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver