Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-440/2025 27.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X1 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 2-1(120)-1146/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş idarəsinə qarşı daşınmaz əmlakın alınmasına ödənilmiş məbləğin 18 faiz Əlavə dəyər vergisinin geri qaytarılması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş idarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın alınmasına ödənilmiş məbləğin 18 faiz ƏDV-nin geri qaytarılması və 90 gün müddətin bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 14 mart 2025-ci il tarixli, 2-1(120)- 1146/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması barədə Vergi Məcəlləsinin 165.6-cı maddəsi 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş, iddiaçı mənzilin ödənişini 28 yanvar 2021-ci il tarixdə ödəmiş, ƏDV-nin qaytarılması ilə bağlı portal 21 noyabr 2022-ci il tarixdən istifadəyə verilmiş, iddiaçı ƏDV-nin qaytarılması ilə bağlı cavabdehə 11 sentyabr 2023-cü il tarixdə müraciət etmişdir. Həmin Qaydaların tələbindən də müəyyən edildiyi kimi yaşayış sahəsinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 gündən gec olmayaraq müraciət edilməsi nəzərdə tutulsa da, cavabdehin də bildirdiyi kimi, müraciət edilməsi ilə bağlı portal 21 noyabr 2022-ci il tarixdən istifadəyə verilmişdir ki, bu səbəbdən də 90 günlük müraciət müddət portalın istifadəyə verildiyi vaxtdan hesablanmalıdır. İşin mübahisəsiz halı isə ondan ibarətdir ki, həmin müraciət iddiaçı tərəfindən 11 sentyabr 2023-cü il tarixdə, yəni portalın istifadəyə verildiyi vaxtdan da 90 günlük müddət bitdikdən sonra edilmişdir ki, məhkəmə hesab edir ki, konkret qanunvericiliyin tələblərinə uyğun olaraq da müddətin göstərilən formada ötürülməsi müraciətin təminindən imtina üçün əsasdır. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci ildə Mida MMC ilə ünvan 2 ünvana dair ipoteka müqaviləsi bağlayaraq bank BTB-də vasitəsi ilə evin mülkiyyətçisi olmuş, ona məxsus həmin daşınmaz əmlakın alınmasında ödənilmiş məbləğin 18% ƏDV vasitəsi ilə geri qaytarıldığını bildikdən sonra xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə ƏDV-nin qaytarılması ilə əlaqədar müraciət etmiş, lakin imtina cavabı verilmişdir. Qanundan xəbərsiz və məlumatsız olduğu üçün müddəti keçirmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının vergi orqanına təqdim etdiyi xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə və xx.xx.2021-ci il tarixli bank ödəniş tapşırığına əsasən müəyyən etmək olur ki, alıcı İddiaçı tərəfindən yaşayış sahəsinin dəyəri satıcıya nağdsız qaydada tam şəkildə xx.xx.2021-ci il tarixində ödənilmişdir. Bununla əlaqədar bildirilir ki, yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması üçün fərmanla yaradılması nəzərdə tutulmuş elektron portal xx.xx.2022-ci il tarixindən istifadəyə verilmişdir. İddiaçının əldə etdiyi yaşayış sahəsinə görə ödənişin xx.xx.2021-ci il tarixində başa çatdırıldığı nəzərə alsaq, onun tərəfindən müraciət qanunvericiliklə müəyyən edilmiş müddət ötürüldükdən sonra, yəni xx.xx.2023-cü il tarixdə edilmişdir. Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və sənədləri skan edərək portala göndərir. Qaydanın 5.3-cü bəndinə əsasən isə dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə həmin Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. Bundan başqa Qaydaların keçid müddəalarına əsasən aşağıdakılar müəyyən edilmişdir: 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. 6.2. Bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş hallar üzrə alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, mənzilin alqı-satqı müqaviləsi bağlanan tarixdə 90 gün müddətin tətbiqi barədə tələb mövcud olmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi hazırki mübahisəyə hüquq münasibətlərinin yarandığı tarixdən sonra qəbul edilmiş normaları tətbiq etmişdir. Prosessual məsələlər İddiaçı apellyasiya şikayətini müdafiə etmiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi ev 5, mənzil 3 Yeni qaydalarla” Az 1089, Bakı şəhəri, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, 147, M2, m3 nömrəli 38.5 kv.metr mənzil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydiyyata alınmışdır. -xx.xx.2021-ci il tarixli, MİDA-057/21/11 nömrəli güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, kreditor-ipoteka saxlayan: Bank "xxxx" ASC “Azadlıq” filialı ilə alıcı-ipoteka qoyan: İddiaçı arasında ipoteka müqavilə bağlanmışdır. -Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi ev 5, mənzil 3 Yeni qaydalarla” Az 1089, Bakı şəhəri, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, 147, M2, m3 nömrəli 38.5 kv.metr mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 3456 nömrəli reyestr kitabının 323994 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş idarəsinin xx.xx.2023-cü il tarixli, **********948500 nömrəli qərarının surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. İşin faktiki halları və şərh olunan sənədlərlə müəyyən edilir ki, iddiaçı mənzilin dəyərini 28 yanvar 2021-ci il tarixdə ödəmiş, ƏDV-nin qaytarılması ilə bağlı portal 21 noyabr 2022-ci il tarixdən istifadəyə verilsə də, iddiaçı ƏDV-nin qaytarılması ilə bağlı cavabdehə 11 sentyabr 2023-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın: 1.1-ci bəndinə əsasən Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 1.4. bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 1.6. yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. 5.1. alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: (5.1.1) yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; (5.1.2) alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı; 2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi; 3. ödənişin təyinatı. 5.3. dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. 5.6. operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyriyaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: (6.1.1) ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; (6.1.2) bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyriyaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hüquq normalarının tətbiqi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, Vergi Məcəlləsinin 165.6-ci maddəsi Məcəlləyə 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilsə də, ƏDV-nin qaytarılması şərtlərinin və qaydasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilməsi təsbit olunmuşdur. Başqa sözlə, qeyd olunan Məcəllədə fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması nəzərdə tutulsa da, həmin maddənin tətbiqi yalnız müvafiq icra hakimiyyəti orqanının təqsdiq etməli olduğu qaydalar əsasında həyata keçirilməli idi. Qaydalar isə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş və qaydaların özündə müvafiq şərtlər nəzərdə tutulmuşdur ki, bu şərtlərdən biri də alıcının yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, portalda qeydiyyatdan keçməsidir. Odur ki, iddiaçının dəlilləri əsaslı deyil. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81- 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 2-1(120)-1146/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-440/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-440/2025
27.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver