Məhkəmə qərarları › İş №2-1(106)-442/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-442/2024

18.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-442/2024 18.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 08 may 2024-cü il tarixli, e-2-1(120)640/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq qərar qəbul etdi. İ. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Təminat Xidmətinə qarşı “müavinətin verilməsinin bərpa edilməsi və hazıradək almalı olduğu, lakin ala bilmədiyi 25 aya görə yığılıb qalmış müavinətin yenidən hesablanaraq ödənilməsi öhdəliyinin Əmək və Əhalnin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək, iş üzrə cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilmiş, həmçinin inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək, iş üzrə cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialı əvəz edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 08 may 2024-cü il tarixli e-2-1(120)640/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı müavinətin ödənilməsinin bərpa edilməsi və hazıradək almalı olduğu, lakin ala bilmədiyi 25 aya görə yığılıb qalmış müavinətin yenidən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə X24 İnzibati Məhkəməsinin 08 may 2024-cü il tarixli e-2-1(120)640/2024 nömrəli qərarın ləğv edilməsi ilə bağlı apellyasiya şikayəti vermişdir. İnzibati iş Şirvan Apellyasiya Məhkəməsinin icraatında olarkən İddiaçı ərizə göndərərək, iddia tələbində dəqiqləşmə aparmış, eləcə də cavabdehin əsl çavabdehlə əvəz olunmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 noyabr 2024-cü il tarixli qərardadı ilə tələb “müavinətin verilməsinin bərpa edilməsi və 2020-ci ilin sentyabr ayından hal-hazıradək almalı olduğu, lakin ala bilmədiyi müavinətin yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialı üzərinə qoyulması” kimi dəqiqləşdirilmiş, eləcə də 18 noyabr 2024-cü il tarixli qərardadla ilk cavabdeh əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz olunmuşdur. İİ. Apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsinin gəldiyi nəicə iş üzrə mühüm əhəmiyyəli olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı ciddi prosessual pozuntular səbəbindən ləğv edilməli, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Müavinətin yenidən hesablanması üçün zəruri sənədlərin əsillərinin Mərkəzi filiala təqdim edilməsi həm İddiaçı, həm də onun nümayəndəsi Vəkil bildirilsə də, sənədlərin əsli bu günə qədər təqdim edilməmişdir. Sənədlərin əsli Mərkəzi filiala təqdim edilmədiyindən vətəndaşa müraciətində qeyd edilən müavinətin ödənilməsinə imtina edilmişdir. Göründüyü kimi İddiaçı cavabdehə müraciəti üzrə inzibati orqan tərəfindən müvafiq olaraq araşdırma aparılmış və araşdırma zamanı mərhum R.Səfərovun ölümünə səbəb olmuş bədbəxt hadisənin təhqiqat materiallarının X20 Xidmətinin arxivində olmadığı müəyyən olunmuşdur. Həmçinin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-120436/2023 nömrəli məktuba əsasən İddiaçı müraciəti üzrə təkrar araşdırma aparılmış və nəticə olaraq ödənişlərin həyata keçirilməs üçün təqdim edilmiş sənədlərin və İZ formalı aktın əslinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinin tələblərinə riayət edilməklə tərtib edildiyi təqdirdə məqsədəmüvafiq hesab edilmişdir. Eyni zamanda məhkəmənin diqqətinə çatdırırıq ki, birinci instansiya məhkəməsi qərarında bədbəxt hadisə ilə bağlı cinayət işi üzrə Masaliı Rayon məhkəməsinin Hökmünə istinad etmişdir. Belə ki, Qərarın 6-cı səhifəsinə qeyd olunur ki, iş materiallarında olan Masallı rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli Hökmündən göründüyü kimi X22 Azərbaycan Respublikası Cinayət Məsəlləsinin 208-ci maddəsinin 2-ci hissəsi, 117-ci maddəsilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsinin hissəsi ilə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə 660.000 manat cərimə cəzasına məhkum edilmişdir. Lakin məhkəmə sözügedən cinayət işinin və X13 hazırkı iş ilə əlaqəsini əsaslandırmadan Masallı Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli Hökmünə istinad etmişdir. Qeyd edilməlidir ki, “...bədbəxt hadisənin xüsusi təhqiqat aktı”nın surəti və xx.xx.1998ci il tarixli 01 nömrəli “X7 haqqında akt”ın surətindən görünür ki, bədbəxt hadisə nəticəsində zərərçəkənlərin siyahısında Azərbaycan Respublikası Yardımlı rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin baş mühasibi X14, direktoru X9, Yardımlı rayon poçtamtın sürücüsü X18 və Yardımlı rayon Özəlləşdirmə şöbəsinin işçisi X10 adı qeyd olunmuşdur. Lakin iş materiallarında X13 adına rast gəlinmir. Şirvan İnzibati Məhkəməsinin Qərarından görünür ki, iş materiallarında olan Yardımlı rayon Prokurorluğunun məktubuna əsasən Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yardımlı rayon şöbəsinin sabiq direktoru X9 və qeyrilərinin xx.xx.1998-ci ildə Yardımlı-Masali yolunda "VAZ 2106" markalı avtomobil ilə hərəkətdə olarkən qəzaya uğrayaraq həlak olmaları barədə Yardımlı rayon prokurorluğunda cinayət işi istintaq edilməmişdir. İş materiallarında olan Yardımlı rayorı Polis şöbəsinin məktubuna əsasən X9, X11 və X6 xx.xx.19998-ci il tarixdə Vaz 2106 markalı avtomobildə yol-nəqliyyat hadisəsi zamanı ölmələri faktı ilə bağlı Yardımlı Rayon Polis Şöbəsində cinayət işı üzrə istintaq aparılmamışdır. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən isə X18 barəsində cinayət işi aşkar olunmamışdır. İddiaçı məxsus olmadığından və hadisənin təhqiqat materiallarının əsillərinin X20 Xidmətinin arxivində olmaması səbəbindən iddiaçının tələbi ilə sözügedən müavinətinin ödənişinin icrası mümkün olmamışdır. İddiaçının tələbi üzrə ona müavinətin təyin edilməsi və dayandırılması hazırki cavabdeh Fondun Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən icra edilməmiş, iddiaçıya vəfat edənin iş yerindən ödənilmişdir. Bu səbəbdən Fondun Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filialı cavabdeh qismində olmamalıdır. Odur ki, Şirvan İnzibati Məhkəməsinin 08 may 2024-cü il tarixli e-2-1(120)640/2024 nömrəli saylı qərarının ləğv olunması və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş olunur. İİİ. Proses iştirakçılarının çıxışları: İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası işin hallarına görə apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X2 şikayətin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İV. Maddi və prosessual normalar: - Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin qeyd olunan maddələrinə əsasən; -2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -34.1.Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 1998-ci ildə qüvvədə olan Azərbaycan SSR Mülki Məcəllənin 443-cü maddəsinin tələbinə əsasən təşkilat öz işçilərinin əmək (qulluq) vəzifələrinin yerinə yetirərkən onların təqsiri üzündən vurulmuş ziyanı ödəməyə borcludur. 1998-ci ildə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 24 sentyabr tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə və yaxud bu səbəblərdən həlak olmuş işçilərin ailələrinə müəssisələr, idarələr, təşkilatlar tərəfindən zərərin ödənilməsi Qaydaları»nın 22-ci bəndi ilə müəyyən edilmişdir ki, istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı, respublikada dövlət tərəfindən və yaxud təsərrüfat hesablı, həmçinin mülkiyyət formasından asılı olmayaraq başqa təqsirkar müəssisələr tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada işçilərin tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı təshih olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə və yaxud bu səbəblərdən həlak olmuş işçilərin ailələrinə müəssisələr, idarələr, təşkilatlar tərəfindən zərərin ödənilməsi Qaydaları”nın tətbiqinə dair təlimatın təsdiq edilməsi haqqında 21 fevral 1997-ci il tarixli, 13-3 saylı Qərarında qeyd olunmuşdur: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 sentyabr 1996-cı il tarixli 129 saylı qərarının 2-ci bəndinin icrası olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyası qərara alır:

1. “Əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə və yaxud bu səbəblərdən həlak olmuş işçilərin ailələrinə müəssisələr, idarələr, təşkilatlar tərəfindən zərərin ödənilməsi Qaydaları”nın tətbiqinə dair Təlimat təsdiq edilsin.

2. “Əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə və yaxud bu səbəblərdən həlak olmuş işçilərin ailələrinə müəssisələr, idarələr, təşkilatlar tərəfindən zərərin ödənilməsi qaydalarının tətbiqinə dair Təlimat”ın əməyin mühafizəsi sahəsində normativ hüquqi akt kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmaq üçün təsdiq olunsun. Qeyd olunan və 1998-ci ildə qüvvədə olan Təlimata əsasən:

1. Müəssisələrin, idarələrin və təşkilatların ərazisində və yaxud onların hüdudlarından kənarda həmin müəssisələrlə əmək münasibətlərində olan işçilər əmək vəzifələrini yerinə yetirərkən xəsarət aldıqda, peşə xəstəliyinə tutulduqda və yaxud həlak olduqda-təqsirkar müəssisələr dəymiş zərərə görə maddi məsuliyyət daşıyır və dəymiş zərərin əvəzini öz vəsaitləri hesabına ödəyirlər. Müəssisələr, idarələr və təşkilatlar deyildikdə mülkiyyət formasından, təsərrüfatçılıq növündən və ya təşkilati-hüquqi tabeçiliyindən asılı olmayaraq Azərbaycan Respublikası ərazisində yerləşən, habelə respublikadan kənarda qanunvericiliklə nəzərdə tutulmuş qaydada fəaliyyət göstərən müəssisə, təşkilat və idarələr başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 sentyabr 1996-cı il tarixli, 129 saylı qərarı ilə təsdiq edilmiş və 1 oktyabr 1996-cı ildən qüvvədə olan “Əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə və yaxud bu səbəblərdən həlak olmuş işçilərin ailələrinə müəssisələr, idarələr, təşkilatlar tərəfindən zərərin ödənilməsi Qaydaları” hazırkı Təlimat yalnız mövcud əmək qanunvericiliyi əsasında əmək müqaviləsi (kontraktı) ilə işləyən və əmək vəzifələrini yerinə yetirərkən istehsalatla və yaxud işlə əlaqədar olaraq bədbəxt hadisələr nəticəsində xəsarət alan, peşə xəstəliyinə tutulan işçilərin özlərinə və yaxud bu səbəblərdən həlak olan işçilərin ailə üzvlərinə dəyən zərərin ödənilməsini tənzim edir. Təlimatda nəzərdə tutulan xəsarət deyildikdə, işçinin əmək vəzifələrini yerinə yetirərkən səhhətinin hər hansı bir formada pozulması və yaxud bunun nəticəsində ölümü başa düşülür.

2. İstehsalatda əmək xəsarəti müdiriyyət tərəfindən işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməməsi səbəbindən törənmişsə, o müəssisəsinin günahı üzündən baş vermiş hesab edilir.

3. Aşağıdakı hallardan biri mövcud olduqda müəssisələr təqsirkar hesab edilə bilərlər və dəymiş zərərin əvəzini zərərçəkənə və yaxud zərərə görə ödənc almaq hüququna malik olan şəxslərə ödəməlidirlər: - bədbəxt hadisənin olmasını təsdiq edən akt; -bədbəxt hadisənin baş verməsində müəssisənin təqsirkar hesab edilməsi barədə xüsusi təhqiqat aktı, məhkəmənin hökmü, qərarı, prokurorluğun və yaxud digər istintaq orqanlarının qərarı; -sağlamlığının pozulması səbəbləri barədə əmək şəraiti, əməyin mühafizəsi üzrə dövlət nəzarətini həyata keçirən orqanın və yaxud əməyin mühafizəsi sahəsində və əmək qanunvericiliyinə riayət olunmasına nəzarət edən digər vəzifəli şəxslərin (orqanların) arayışı; -peşə xəstəliyini təsdiq edən tibbi sənəd; -təqsirkar şəxslərə intizam tənbehi və inzibati cəza verilməsi haqqında, əmr, qərar; -əmək xəsarəti ilə əlaqədar olaraq iş qabiliyyətini müvəqqəti olaraq itirdiyinə görə işçilərə verilən müavinət xərclərinin müəssisələr tərəfindən sosial sığorta büdcəsinə ödənilməsi haqqında həmkarlar ittifaqı komitəsinin qərarı; -şahidlərin ifadələri və yaxud bədbəxt hadisənin istehsalatla bağlı olmasını təsdiq edən başqa sənədlər. Aşağıdakı şərtlərin olması müəssisənin zərərçəkən qarşısında maddi məsuliyyət daşıması üçün əsas sayılır: -işçinin həmin təşkilatla əmək münasibətlərində olması; -işçinin səhhətinin pozulmasının səbəbinin istehsalatda əmək vəzifələrinin yerinə yetirilməsi ilə əlaqəsinin olması; -işçinin işlədiyi müəssisənin xəsarətin yetirilməsində təqsirinin olması sübut edildikdə.

10. Zərərə görə ödənclər zərərçəkənin özünə və yaxud zərərçəkən həlak olduqda zərərin əvəzini almaq hüququna malik olan şəxslərə ödənilir.

12. İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkən şəxsə ödənilməli olan aylıq ödəncin məbləği, onun xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi vaxtdan əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilir. İstehsalatda əmək xəsarəti nəticəsində həlak olmuş şəxsin öhdəsində olmuş zərərə görə ödənc almaq hüququna malik olan şəxslərə aylıq ödənc, himayəçinin vəfatı ilə əlaqədar olaraq onlara dəyən zərərin faktiki miqdarında müəyyən edilir. Həlak olmuş şəxsin himayəsində olmuş zərərə görə aylıq edən almaq hüququna malik olan şəxslər, Təlimatın 43-cü bəndində göstərilən hallar istisna olmaqla, həmin ödəncdən bərabər pay almalıdırlar. Zərərə görə aylıq ödənci almaq hüququna malik olan şəxslər bu hüququ itirdikləri halda və yaxud bu hüquqa malik şəxs yenidən yarandıqda (məsələn, vəfat edənin ölümündən sonra onun doğulmuş uşağı), zərərə görə aylıq ödəncdə onların payları bərabər hüquqla yenidən hesablanaraq tapılır. Bu hallarda zərərə görə aylıq ödənc onu almaq hüququna malik olan həddi-buluğa çatmış şəxsin özünə və yaxud ailə üzvlərinin birinə, yaxud himayədarına verilir.

34. Zərərə görə ödənclər istehsalatda əmək xəsarəti almış işçilərə dəyən zərərə görə məsuliyyət daşıyan müəssisə (hüquqi varis və yaxud da yuxarı təşkilat) tərəfindən ödənilir.

35. Zərərçəkənlərə və yaxud zərərə görə ödənci almaq hüququna malik olan şəxslərə ödənclər aşağıdakı vaxtdan verilir: b) işçinin vəfatı ilə əlaqədar olaraq zərərin ödənilən miqdarını almaq hüququna malik olan şəxslərə-mərhumun vəfat etdiyi gündən, lakin zərərin ödənilən məbləğini almaq hüququnu əldə etdiyi gündən tez olmayaraq.

36. İşçinin vəfatı ilə əlaqədar olaraq zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə aylıq ödənclər aşağıdakı müddətlərdə ödənilir: Həddi-buluğa çatmamış şəxslərə-16 yaşına (təqaüd almayan məktəbli uşaqlara 18 yaşına) çatana qədər; qanunvericilikdə müəyyən olunmuş yaşa görə pensiya hüququna malik olan şəxslərəömürlük; əlillərə-əmək qabiliyyətinin itirildiyi bütün dövr ərzində; vəfat etmiş ailə başçısının 16 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə qulluq edən və işləməyən valideynə, ər-arvada və yaxud ailənin başqa üzvlərinə-uşaq 16 yaşına çatana qədər.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə tərkibi qeyd edir ki, cavabdehin iddiaya qarşı etirazında qeyd etdiyi imtinanın əsasını İddiaçı mərhum həyat yoldaşı X5 ölümünə səbəb olmuş bədbəxt hadisənin təhqiqat materiallarının X20 Xidmətinin arxivində olmaması səbəbindən işin həqiqiliyini yoxlamağın və müvafiq ödənişin icrasının mümkün olmaması təşkil etmişdir. Göstərilən imtina səbəbi apellyasiya şikayətinin dəlillərində də öz əksini tapmışdır. Bundan başqa şikayətdə zəruri sənədlərin əsillərinin iddiaçı tərəfindən tələb olunması, lakin təmin olunmaması, təkrar araşdırmanın nəticəsinə görə ödənişlərin həyata keçirilməsi üçün təqdim edilmiş sənədlərin və İZ formalı aktın əslinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinin tələblərinə riayət edilməklə tərtib edildiyi təqdirdə müavinətin verilməsinin mümkün olması, bədbəxt hadisə ilə bağlı cinayət işi üzrə Masaliı rayon məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü üzrə cinayət işinin və X13 hazırkı iş ilə əlaqəsinin məhkəmə qərarında əsaslanıdırlmaması, “...bədbəxt hadisənin xüsusi təhqiqat aktı”nın və xx.xx.1998-ci il tarixli 01 nömrəli “X7 haqqında akt”ın surətlərinə əsasən bədbəxt hadisə nəticəsində zərərçəkənlərin siyahısında X13 adının olmaması, X3 X4 və X6 xx.xx.1998-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı ölmələri faktı ilə bağlı cinayət işı üzrə istintaqın aparılmaması qeyd olunmuşdur. Kollegiya hər bir dəlilə ayrı-ayrılıqda hüquqi qiymət vermiş və aşağıda qeyd olunan işin hallarına görə apellyasiya müraciətinin dəlillərini əsassız hesab etmişdir. -“X7 Haqqında” xx.xx.1998-ci il tarixdə tərtib edilmiş 1 nömrəli aktdan görünür ki, Yardımlı-Masallı əsas yolunun 29-cu km-də Yardımlı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin baş mühasibi X14 10 iyun 1998-ci il tarixdə, saat təxminən 6 radələrində yol nəqliyyat hadisəsi zamanı hadisə yerində həlak (ölmüşdür) ölmüşdür. Avtomobil qəzası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin rəsmi çağırışına əsasən təşkil etdiyi müşavirədə iştirak etmək üçün gedərkən baş vermişdir. -Baş vermiş hadisə ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin 19 iyun 1998-ci il tarixli, 66 saylı əmrinə əsasən yaradılmış komissiya xüsusi tədqiqat aparmaqla, bu barədə akt tərtib etmişdir. Komissiyanın rəyinə əsasən qrup halında baş vermiş bədbəxt hadisə istehsalat xarakterli sayılmış və “İZ” formasının aktla rəsmləşdirilməsi qərara alınmış, mərhum X5 arvadı İddiaçı Səttar qızı, azyaşlı övladları X19, X23, X15, X12, X16 zərərçəkən kimi qeyd olunmuşlar. -“X7 haqqında” 16 iyul 1998-ci il tarixli akta (“İZ” forması) əsasən Yardımlı rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin yuxarı təsərrüfat orqanı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, işçini göndərmiş müəssisə Yardımlı rayon Əhalinin Sosial Müdafiə Mərkəzidir. Bədbəxt hadisə 10 iyun 1998-ci il tarixdə baş vermiş, yol-nəqliyyat hadisəsi nəticəsində müəssisənin baş mühasibi vəzifəsində işləyən X14 hadisə yerində ölmüşdür. Axırıncı əmək təhlükəsizliyi üzrə keçirilən təlimat tarixi 10 sentyabr 1981-ci ildir, əmək təhlükəsizliyinin sonrakı illər üzrə təlimatılar müəyyən olunmur. -Əmək vəzifələrini yerinə yetirərkən həlak olmuş və xəsarət almış işçilərə zərərin ödənilməsi barədə Yardımlı rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin 23 iyun 1998-ci il tarixli əmrinə əsasən X5 ölümü ilə bağlı ömürlük hər ay 105000 manat aylıq ödəncin verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə Kollegiyasının istinad etidyi hallar cavabdeh tərəfin birinci instansiya məhkəməsinə təqdim etdiyi, etibarsızlığı müəyyən olunmamış rəsmi sənədlərlə müəyyən olunur. Kollegiyanın qənaətinə görə, nə qədər ki, həmin rəsmi sənədlərin qanunsuz olması sübuta yetirilməyib, onların qüvvədə olmaqla mötəbər sənəd sayılması prezumpsiyası qəbul olunmalıdır. Belə ki, Azərbaycan Respublikası “İnzibati icraat haqqinda” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Nəzərə alınmalıdır ki, baş vermiş hadisə ilə əlaqədar yaradılmış xüsusi tədqiqat aktı üzrə komissiya üzvlərinin yekun rəyinə əsasən müəssisə olaraq Yardımlı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi əmək təhlükəsizliyi qaydalarına əməl olunmamasına görə təqsirli hesab edilmiş və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə və yaxud bu səbəblərdən həlak olmuş işçilərin ailələrinə müəssisələr, idarələr, təşkilatlar tərəfindən zərərin ödənilməsi Qaydaları”nın tətbiqinə dair təlimatın təsdiq edilməsi haqqında 21 fevral 1997-ci il tarixli, 13-3 saylı Qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 sentyabr 1996-cı il tarixli, 129 saylı qərarının və “Əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə və yaxud bu səbəblərdən həlak olmuş işçilərin ailələrinə müəssisələr, idarələr, təşkilatlar tərəfindən zərərin ödənilməsi Qaydaları”nın tətbiqinə dair Təlimatla müəyyən edilmiş vəzifələrə əsasən müvafiq əmr və “İZ” formalı akt əsasında mərhum Rüfət Səfərovun ailə üzvü olan zərərçəkmiş İddiaçı ömürlük aylıq ödənc nəzərdə tutulmuşdur. Apellyasiya dəlillərindən biri də təkrar araşdırmanın nəticəsinə görə ödənişlərin həyata keçirilməsi üçün təqdim edilmiş sənədlərin və “İZ” formalı aktın əslinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinin tələblərinə riayət edilməklə tərtib edildiyi təqdirdə müavinətin verilməsinin mümkün olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin mövqe Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə ziddir. Bundan əlavə Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi cavabdeh tərəfin həmin mövqeyinin heç bir qanuni əsası yoxdur və bu qənaəti başadüşülən deyil. Bütün qeyd olunanlara baxmayaraq, heç bir yeni əsas olmadan arxivdə sənədlərin olmaması əsası ilə aylıq ödəncin dayandırılması yuxarıda istinad olunmuş Qanunvericilik normalarına tam zidd olmaqla yanaşı, “İnzibati icraat haqqında” Qanunun ümumi prinsiplərinin pozuntusudur. Belə ki, Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. (maddə15.1; 15.2.) Kollegiyanın qənaətinə görə, iddiaçının müavinəti formal əsaslarla dayandırılmış, bununla onun sosial təminat hüququ pozulmuş, hətta pozulmaqda davam edir. İddiaçı tərəfin tələb olunan sənədləri təqdim etməməsi, yaxud arxiv sənədlərinin olmaması əsaslı və qanuni imtina hesab edilə bilməz. Çünki iş materiallarından görünür ki, istinad olunmuş sənədlər iddiaçı tərəfin vəkilinin və məhkəmənin sorğusuna əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən təqdim olunmuşdur. (cild 1, səh 142-155; cild 2,səh. 209-211) Bu hal ona əsas verir ki, cavabdeh tərəf həmin sənədləri iddiaçı tərəfdən tələb etmək əvəzinə, tabeçilyində olan Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialından əldə edə bilərdi. Apellyasiya baxışında iddiaçı tərəfin tələbində dəqiqləşmə aparması ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İPM-nin 13 və 48.1-ci maddəsinin tələblərinə uyğun olaraq əvvəlki “Müavinətin verilməsinin bərpa edilməsi və hazıradək almalı olduğu, lakin ala bilmədiyi 25 aya görə yığılıb qalmış müavinətin yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbin “25 aya görə yığılıb qalmış” hissəsi iddiaçının məhkəməyə müraciət etdiyi dövrə qədər olan müddəti əhatə etdiyinə görə, kollegiyanın qənaətinə əsasən həmin hissənin iddia tələbində yer alması münasib hesab edilməmişdir və gələcəkdə yeni mübahisənin yaranması ilə nəticələnə bilərdi. Çünki aşkar haldır ki, iddiaçıya müavinət ömürlük təyin olunmuşdur və iddianın hüquqi mahiyyəti məhkəmə qərarı icra olunana qədər ödənilməmiş müavinətin ödənilməsi ilə bağlıdır. Qeyd olunan hissə isə məhdudiyyət yaradaraq, yalnız 25 ay müddəti əhatə edir. Bu səbəblə iddiada dəqiqləşmə aparılmış və “müavinətin verilməsinin bərpa edilməsi və 2020-ci ilin sentyabr ayından hazıradək almalı olduğu, lakin ala bilmədiyi müavinətin yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. İddianın dəqiqləşdirilməsi yeni tələb deyil, işin mahiyyətinə təsir etmir, əksinə daha münasib tələb formasıdır. Odur ki, bununla əlaqədar olaraq qərarda dəyişiklik edilməli, qərar qeyd olunan tələbə uyğun qəbul olunmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, lakin birinci instansiya məhkəməsinin qərarı qeyd olunan qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü tərəfindən maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Şirvan İnzibati Məhkəməsinin 08 may 2024-cü il tarixli e-2-1(120)640/2024 nömrəli qərarı dəyişdirilsin. İddiaçı müavinətin ödənilməsi bərpa edilsin və 2020-ci ilin sentyabr ayından hazıradək almalı olduğu, lakin ala bilmədiyi müavinətin yenidən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar