Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-443/2024 18.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlunun və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi ilə. İddiaçı, cavabdehin nümayəndəsi Cavabdeh2 iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2-1(120)427/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq qərar qəbul etdi. İ. İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illəri iş stajı kimi nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Sonradan İddiaçı məhkəməyə ərizə təqdim edərək və iddianın dəyişdirilərək “hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəqiqləşdirilməsi qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2-1(120)427/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı hüququnun yarandığı tarixdən, yəni 22 avqust 2022-ci il tarixdən yaşa görə əmək pensiyasını təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. İİ. Apellyasiya şikayətinin dəlilləri: Şirvan İnzibati Məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılmasının tələb olunması sübuta yetirilir və bu səbəbdən qərar ləğv edilməlidir və iddiaçının iddiasının təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən iddiaçının işlədiyi illərlə bağlı arxiv sənədlərinin olmamasına dair cavabdehin irəli sürdüyü mülahizələrə münasibətdə məhkəmə bildirir ki, adıçəkilən müəssisə ilə bağlı arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Hazırkı halda inzibati orqanların bazasında olan məlumatlar arasında əmək haqqı cədvəllərinin mövcud olmaması və ya hər hansı hal nəticəsində yararsız hala düşməsi iddiaçının pensiya hüququnun təminini istisna edən hal hesab edilməməlidir. Bu səbəbdən məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almır, əksinə həmin qeydlər əsasında iddiaçının xx.xx.2006-cı ilə kimi işlədiyi illəri onun sığorta stajına daxil edir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı hüququnun yarandığı tarixdən, yəni 22 avqust 2022-ci il tarixdən yaşa görə əmək pensiyasını təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Lakin məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmırlar, çünki “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmununa uyğun olaraq, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası hüququnun yaranması üçün qanunla nəzərdə tutulan yaş həddinə 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdə çatmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; 2) azı 25 il sığorta stajı olduqda. Lakin iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtlərdən heç birini ödəmir. İddiaçının mübahisələndirilməyən sığorta stajı təqdim etdiyi 148 nömrəli attestata əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək təhsil aldığı 10 ay 16 gün, ******* nömrəli hərbi biletə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət keçdiyi 2 il 3 gün, ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1987-ci il tarixədək və xx.xx.1987-ci il tarixdən xx.xx.1996-cı il tarixədək işlədiyi 17 il 8 ay 28 gün müddətdir ki, ümumilikdə 21 il 4 ay 18 gün təşkil edir. İddiaçının mübahisələndirilən sığorta stajı xx.xx.1996-cı il tarixdən xx.xx.2009-cu il tarixədək İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzində işlədiyini iddia etdiyi 13 il 04 ay 18 gün təşkil edir. ИТ-1 ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının xx.xx.2009-cu il tarixədək işlədiyi qeyd olunmasına baxmayaraq fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonra pensiya kapitalı qeydə alınmadığından onun İstehsalat və Xidmət X1 əmək fəaliyyəti dövrlərinin mötəbərliyinə əsaslı şübhə yaranmışdır. Məhkəmə müvafiq dövrlərin əmək kitabçasında qeyd edilməsi ilə kifayətlənərək xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzində işlədiyi dövrləri sosial sığorta stajına daxil edərək iddia tələbini təmin etmişdir. Mərkəzi filialın Hüquq, Daxili nəzarət və Monitorinq Departamentinin xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktına əsasən qeyd olunan müəssisənin əmək haqqı hesablama cədvəllərində iddiaçının adına xx.xx.1996-cı il tarixdən sonrakı dövrlərə aid heç bir qeydiyyat aparılmadıqından, eyni zamanda İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonra pensiya kapitalı qeydə alınmadığından xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzində işlədiyini iddia etdiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Göstərilənlərdən məlum olur ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq normalarını pozmuşdur. Odur ki, Şirvan İnzibati Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2-1(120)427/2024 nömrəli qərarının ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunur. İİİ. Proses iştirakçılarının çıxışları: İddiaçı iddia tələbinin əsaslarını müdafiə edərək, Şirvan İnzibati Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2-1(120)427/2024 nömrəli qərarının qüvvəsində saxlanılmasını, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi Cavabdeh2 şikayətin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İV. Maddi və prosessual normalar: - Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: -2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -34.1.Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. -68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: -1.0.1.əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, -1.0.2. sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -7.63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. V. Apellyasiya instansiyasının məhkəmə icraatının nəticəsi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, müraciət üzrə mübahisələndirilən hallar əsassızdır, iddia tələbinin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı aşağıda qeyd olunan və tədqiq olunmuş sübutlara əsaslanır: -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********561700 nömrəli məktubundan görünür ki, dövlət reyestrində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2001-ci il tarixdə D-484 nömrə ilə dövlət qeydiyyatından keçməsi və Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə həmin İdarəetmə Mərkəzinin əsasında İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “X2 və Koordinasiya Mərkəzi” X4 (VÖEN: **********) yaradılması barədə məlumat mövcuddur. xx.xx.2023-ci il tarixə “X2 və Koordinasiya Mərkəzi” X5 vergi, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları üzrə borcu mövcud deyildir. xx.xx.1996xx.xx.2006-cı il dövr ərzində aparılmış səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri barədə məlumatların Dövlət Vergi Xidmətinin informasiya sistemində əks olunmadığı üçün təqdim edilməsi mümkün olmamışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********439800 nömrəli məktubuna əlavə edilmiş çıxarışdan görünür ki, “X2 və Koordinasiya Mərkəzi” X7 dövlət qeydiyyatına (VÖEN) ********** alınmışdır. Nizamnamə kapitalının miqdarı (elan edilmiş əvvəlki) 100.00 manat, nizamnamənin kapitalının miqdarı (elan edilmiş hazırki) 708,232.00 manat, təsisçilər və nizamnamə kapitalında mayalarının Azərbaycan Respublikası- 100% Qanuni təmsilçisi (əvvəlki) X3, çıxarışın verildiyi tarix və № xx.xx.2021, **********672900-dür. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, **********327100 nömrəli məktubunda qeyd edilmişdir ki, dövlət reyestrində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2001-ci il tarixdə D-484 nömrə ilə dövlət qeydiyyatından keçməsi və Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə həmin İdarəetmə Mərkəzinin əsasında İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “X2 və Koordinasiya Mərkəzi” X4 (VÖEN: **********) yaradılması barədə məlumat aşkar edilmişdir. “X2 və Koordinasiya Mərkəzi” X5 xx.xx.2023-ci il tarixə vergi, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları üzrə borcu mövcud deyildir. -Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-34/2-375/01-3/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi (sonradan “X2 və Koordinasiya Mərkəzi” X7) 30 oktyabr 1997-ci il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. Bununla yanaşı nəzərinizə çatdırırıq ki, statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X2 və Koordinasiya Mərkəzi” X4 xx.xx.2023-cü il tarixli, 3-21-3-06/2-421/2023 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əhaliyə Məişət Xidməti Nazirliyinin (ƏMXN) keçmiş “Azərməişəttexnikatəmir” İstehsalat Birliyinin (İB) Sabirabad rayon sahəsində 6-cı dərəcəli çilingər işləmiş, 1957-ci il təvəllüdlü İddiaçı ümumi gəlir: 1987, 1992- 1993-cü illər üzrə: 74784 rubl 41 qəpik (yetmiş dörd min yeddi yüz səksən dörd rubl 41 qəpik); 1994-cü il üzrə: AZM : 2254 manat 00 qəpik (AZM: iki min iki yüz əlli dörd manat 00 qəpik). Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli 383 №-li Sərəncamı ilə “Xidmət” Konserni (keçmiş ƏMXN-nin əsasında) ləğv edilərək, müəssisə və obyektləri Dövlət Əmlak Komitəsinin (DƏK) tabeliyinə verilmişdir. DƏK-in xx.xx.1997-ci il tarixli 116 №-li Sərəncamı və həmin tarixli 58 №-li əmri ilə keçmiş “Xidmət” Konserninin idarə və müəssisələri DƏK-in nəzdində olan Bakı şəhəri Əhaliyə Məişət Xidməti İdarəsinin (ƏMXİ) tabeliyinə verilmişdir. DƏK-in xx.xx.1997-ci il tarixli 864 №-li sərəncamı və həmin tarixli 197 №-li əmri ilə Bakı şəhəri ƏMXİ ləğv edilərək, onun müəssisə və obyektləri DƏK-in “İstehsalat və Təsərrüfat” İdarəsinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 229 №-li Fərmanı ilə DƏK ləğv edilərək, Dövlət Əmlakı Nazirliyi (DƏN) yaradılmışdır. DƏN-in xx.xx.1999cu il tarixli 01 №-li əmri ilə “İstehsalat və Təsərrüfat” İdarəsi ləğv edilərək, xx.xx.2000-ci il tarixli 05 №-li əmri ilə onun əsasında Ticarət və xidmət müəssisə və obyektlərin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzi (TXMOFƏM) yaradılmışdır (bundan sonra-Mərkəz). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 475 №-li Fərmanı ilə Mərkəzin təsisçisi - DƏNin və bir sıra keçmiş dövlət təşkilatlarının əsasında İqtisadi İnkişaf Nazirliyi (İİN) yaradılmışdır. İİN-in xx.xx.2004-cü il tarixli 03 №-li əmri ilə TXMOFƏM-nin əsasında Ticarət, xidmət və istehsalat müəssisə və obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzi (TXİMOFƏM) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 313 №-li Fərmanı ilə yaradılmış Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin (DƏİEDK) xx.xx.2005-ci il tarixli 11 №-li əmri ilə tabeliyinə verilmiş TXİMOFƏM-nin adı dəyişdirilərək İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi (İXMİM) olmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 116 №-li Fərmanı ilə DƏİEDK-in əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanının 7.3-cü yarımbəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin keçmiş İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin hüquqi varisi İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətin tabeliyində olan “X2 və Koordinasiya Mərkəzi” X7dir (bundan sonra - Mərkəz). Arayış arxivdə mövcud olan əməkhaqqı hesablama cədvəllərin əsasında tərtib edilərək, Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsinə təqdim etmək üçün verilir (xx.xx.2023-cü il tarixli, 2-1(120)-1449/2023 nömrəli işə əsasən). Qeyd: Mərkəzin arxivinə İddiaçı 1988-1991-ci illər, 1992-ci ilin iyul- dekabr ayları, 1994-cü ilin yanvar-aprel və iyun-dekabr ayları və 1995-2009-cu illərin əmək haqqı hesablama cədvəlləri təhvil verilməmişdir. İddiaçı məxsus xx.xx.1976-cı il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən iddiaçı xx.xx.1975-ci ildən xx.xx.2009-cu il tarixədək müxtəlif idarələrdə və vəzifələrdə işləmişdir. İddiaçı xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək 10 ay 16 gün təhsil aldığı dövr, xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixədək 2 il 3 gün hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixədək, xx.xx.1991-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1987-ci il tarixədək, xx.xx.1987-ci il tarixindən xx.xx.1996-cı il tarixədək 18 il 6 ay 9 gün əmək fəaliyyəti dövrü olmaqla onun ümumi 21 il 4 ay 18 gün mübahisələndirilməyən sığorta stajı vardır. Mübahisəli illər isə iddiaçının xx.xx.1996-cı ildən xx.xx.2006-cı il tarixədək dövlə bağlı əmək haqqı cədvəllərinin olmaması və bununla da 25 il ümumi iş stajının olmamasıdır. Hüquq münasibətinin yarandığı dövrə münasibətdə yaşa görə əmək pensiyası yaşı 65 və fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. İddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuş və xx.xx.2022-ci il tarixdə 65 yaşı tamam olmaqla pensiya yaşına çatmış və əmək pensiyasının təyin edilməsi ilə bağlı hüququ həmin tarixdə yaranmışdır. İddiaçıya məxsus əmək kitabçasında xx.xx.1996-cı ildən xx.xx.2006-cı il tarixədək olan dövrü əhatə edən əmək fəaliyyəti ilə müvafiq qeydlər vardır. Nəzərə alınmalıdır ki, əmək haqqı cədvəllərinin saxlanılması və ya arxivə təhvil verilməsi işçinin vəzifəsi deyil. Odur ki, məhz həmin əsasla əmək kitabçasında olan mübahisəli illərə aid qeydlərin mötəbərliyinə şübhə ilə yanaşma doğru deyil. Cavabdeh tərəf həmin qeydlərin mötəbər olmaması barədə heç bir sübut təqdim eməmişdir. Məhkəmə Kollegiyasının qənaətinə görə də təqsirinin olmadığı hala görə mübahisəli halı sübut etmək iddiaçının vəzifəsi sayıla bilməz. Cavabdeh tərəfin mövqeyi “İnzibati icraat haqqında” Qanunun ümumi prinsiplərinə ziddir. Eyni növ məhkəmə mübahisələri bağlı məhkəmə qərarlarının icrası artıq inzibati orqan olaraq cavabdeh tərəfdə inzibati praktika yaratmışdır və həmin Qanunun 13-cü maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Belə ki, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Bununla belə cavabdeh tərəfin eyni növ və eyni əsaslarla olan müaciətlərə imitna verməklə məhkəmə mübahisələri yaratması başadüşülən hal deyil və məhkəmə bu hala tənqidi yanaşır. Cavabdeh tərəf xidməti vəzifəsindən irəli gələn hallara görə öz təşəbbüsü ilə həmin praktikanı tətbiq etməyə borcludur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Nəzərə alınmalıdır ki, sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ konstitusion hüquq olan sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Azərbaycan Respublikasında pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin gücləndirilməsində, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Göründüyü kimi, imtinanın əsası olan hallar barədə müstəqil şəkildə və öz hesabına dəlillərin mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görməli olduğu halda, inzibati orqan olaraq cavabdeh tərəfindən heç bir araşdırma aparılmadan, formal mülahizələrə mübahisəli qərar qəbul edilmiş və bununla da qanunsuz hərəkətə yol verilməklə yanaşı, iddiaçının sosial təminat hüququ pozulmuşdur. Məhkəmə kollegiyasının mövqeyinə görə, birinci instansiya məhkəməsində işin faktiki halları ilə əlaqədar təqdim olunan sənədlər və dəlillərin həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qərar qanuni və əsaslıdır, qərarın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2-1(120)427/2024 nömrəli qərarı dəyişirilməsin. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-443/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-443/2024
18.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver