Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-443/2025 09.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ömürlük müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2-1(120)-348/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X5 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ömürlük müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ömürlük müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-873/2024 nömrəli qərardadı ilə iddia tələbinə “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ona ömürlük müavinətin və mənəvi zərər kimi tələb etidiyi 10000 manat pulun cavabdeh sözü gedən təşkilatdan alınıb ona verilməsi” kimi baxılması qərara alınmışdır. Sonradan İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, “ömürlük müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(120)-873/2024 nömrəli qərardadı ilə iddia tələbinə “ömürlük müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1977-ci ildə Masallı rayonu, Kolatan kəndində anadan olmuş, 1998-ci ildə ali hüquq təhsilini başa vurandan sonra Masallı Rayon Məhkəməsində əmək fəaliyyətinə başlamış, uzun illər Masallı Rayon Məhkəməsində dövlət qulluğunda çalışmışdır. Səhhətində tez-tez narahatçılıqlar olduğuna görə ərizəsinə əsasən işdən azad olunmuşdur. Qeyri dövlət orqanında işləməyinə baxmayaraq səhhətində narahatçılığa görə işlərinin öhdəsindən gələ bilməmişdir. Məhkəmədə işləyən vaxtı iki dəfə ürək infarktı keçirmiş, sonradan da, yəni 2020-ci ildə yenidən infarkt keçirtmiş və ürək əməliyyatına məruz qalmışdır. Həkimlər tərəfindən ona ömürlük dərmanlar yazılmış, həmin dərmanlardan, yəni (dərmanların adları rosvaks, karvent, aspirin kordion və təziqlə bağlı dərmanlar) istifadə etməsə, özünü çox pis hiss edir. Dərmansız yaşaya bilmir, onlardan həmişə istifadə edilməsi bildirilmişdir. 2017-ci ildə onun xəstəliyi ilə bağlı pensiya ilə əlaqədar əlillik dərəcəsi təyin olunmuşdur. Halbuki, həmin vaxtlar infarkt və digər xəstəlikləri olsa da, ürəyində stend yox idi. ikinci dəfə təkrar ona əlillik dərəcəsi təyin edilmişdir. Halbuki, onun vəziyyəti 2017-ci ilə baxanda sonradan ağırlaşmış və ağırlaşma hazırda da davam edir. İşə qəbulla bağlı müvafiq təşkilatlara sənədlər versə də, səhhətində problemlər olduğu üçün onun yalnız mülki sahədə işləyə biləcəyi bildirilmişdir. Bununla bağlı müvafiq sənədlərini əvvəlki ərizələrinə əlavə edərək ona ömürlük müavinətin təyin edilməsi üçün dəfələrlə cavabdeh təşkilata müraciət etmiş, lakin heç bir nəticəyə nail ola bilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olumasını xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 7.0.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş tələblərinə əsasən dövlət qulluqçularına ömürlük müavinət "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (5 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda təyin edilirdi. Eləcə də, bu Qanunda dəyişiklik edilməsi barədə 6 mart 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən 7.0.1-ci maddəsində “dövlət qulluğunda xidmət illərinin minimum həddinə (5 il)” sözləri “dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il)” sözləri ilə əvəz edilmişdir. Həmçinin dövlət qulluqçularına ömürlük müavinətin təyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 fevral tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya yaşına çatmasına, əlilliyə görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum 15 il qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydaları” ilə tənzimlənir. Həmin Qaydaların 2ci bəndinə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi 2001-ci il sentyabrın 1-dən icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğunu davam etdirən və ya yeni qəbul edilən, bu Qanuna uyğun olaraq inzibati və ya yardımçı vəzifəni tutan, müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə dövlət orqanlarından könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum 15 il qulluq stajına (həmin Qanunun 23.2-1-ci maddəsi ilə nəzərdə tutulan hal istisna olmaqla) və əmək pensiyasına almaq hüququna malik olmayan dövlət qulluqçusunun müavinət almaq hüququ vardır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 22 iyun 2021-ci il tarixli Azərbaycan Respublikası Qanuna əsasən həmin Qanunun 23.3-cü maddəsindən o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna” sözləri çıxarılmışdır. Bildiririk ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən İddiaçı xx.xx.2017ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ümumi xəstəlik səbəbindən İİ dərəcə əlilliyi müəyyən edilib və müvafiq olaraq ona həmin dövrlər üzrə İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilib. Qeyd olunanlara əsasən bildiririk ki, iddiaçı hazırda pensiya yaşına çatmadığına və ya könüllü işdən azad olunduğu xx.xx.2014-cü il tarixdə əlillik dərəcəsi olmadığı üçün ona dövlət qulluqçularına ömürlük müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. iddiaçı iddia ərizəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 23.3-cü maddəsindən o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna” sözlərinin 22 iyun 2021-ci il tarixdə çıxarıldığını və onun xx.xx.2014-cü il tarixdə işdə könüllü olaraq çıxmasına məhz sağlamlıq imkanlarının məhdud olması səbəb olmuşdur. İddiaçının yuxarıda qeyd edilən dəlilinə münasibətdə bildiririk ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsində əlilliyi olan şəxs sözünün anlayışı verilmişdir. Həmin maddəyə əsasən əlilliyi olan şəxs dedikdə - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 vasınadək uşaqlar nəzərdə tutulur. Həmçinin Azərbaycan Respublikasının bütün qanunvericilik aktlarında cümlədən sağlamlıq imkanları məhdud dedikdə 18 yasınadək uşaqlar nəzərdə tutulur. 22 iyun 2021-ci il tarixdən etibarən isə bütün qanunvericilik aktlarında sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar sözü, ya ümumiyyətlə çıxarılmış ya da. “18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş uşaq” sözləri ilə əvəz edilmişdir. Göründüyü kimi, sağlamlıq imkanları məhdud ifadəsi Azərbaycan Respublikası qanunvericilik aktlarında məhz 18 yaşınadək uşaqlar üçün nəzərdə tutulduğundan, İddiaçı münasibətdə həmin ifadənin istifidə edilməsi mümkün deyildir. Bundan əlavə qeyd edirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə gərann qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət) tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmçinin qeyd olunan Əsasnamənin 4.26-cı bəndində göstərilmişdir ki, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. İddiaçı əlilliyi xx.xx.2017-ci il tarixdə müəyyən edilmişdir. Göstərilənlərə əsasən İddiaçı əlilliyi onun işdən könüllü azad olduğu xx.xx.2014-cü ildən sonra müəyyən edildiyi (xx.xx.2017- ci il tarixdə) üçün ona dövlət qulluqçularına ödənilən ömürlük müavinətin təyin edilməsi barədə iddia tələbi təmin edilə bilməz. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi xahiş edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2-1(120)-348/2025 saylı qərarı (hakim Hilal Nəcəfov) ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2-1(120)-348/2025 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, 1998-ci ildə Masallı rayon Məhkəməsində makinaçı işinə təyin edilmişdir. 2000-ci ildə həmin vəzifədən azad olunaraq məhkəmə iclas katibi vəzifəsinə təyin olunmuş, ümumilikdə, 16 il 1 ay Masallı rayon Məhkəməsində əmək fəaliyyəti ilə məşğul olmuşdur. 25 avqust 2014-cü il tarixdə sağlamlıq imkanlarının məhdudluğu ilə bağlı işdən azad olunmuşdur. Belə ki, iddiaçının səhhətində 1992-ci ildə narahatlıqlar olmuş və müalicələr almağa başlamışdır. O, həmçinin iki dəfə ürək infarktı keçirmişdir və ürəyində stentlər vardır. İddiaçı bu əsaslarla ona ömürlük müavinətin təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş tələblərinə əsasən dövlət qulluqçularına ömürlük müavinət “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati və yardımçı vəzifəni tutan dövlət qulluqçularına pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (5 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda təyin edilirdi. İddiaçı sağlamlıq imkanlarının məhdud olması ilə bağlı işdən azad olunmuşdur. İddiaçı qeyd edir ki, onun Şirvan İnzibati Məhkəməsinə təqdim etdiyi ekspert rəyindən aydın olur ki, o, 1992-ci ildən etibarən xroniki ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkir. X4 Məhkəməsi iddia tələbi üzrə tam və hərtərəfli araşdırma aparmamış, iddiaçı tərəfindən təqdim edilmiş sübutlara müqayisəli formada hüquqi qiymət verməmiş, həmçinin cavabdeh orqanın bir-birinə zidd olan imtina üslublarına da qiymət verməmişdir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2-1(120)-348/2025 saylı qərarının ləğv edilərək iddianın təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2-1(120)-348/2025 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2017-ci ilə qədərki redaksiya): Maddə 7.0. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: Maddə 7.0.1. Dövlət qulluqçularına ömürlük müavinət –“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğunda xidmət illərinin minimum həddinə (5 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda; “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2018-ci ilə qədərki redaksiya): Maddə 23.3 Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 fevral 2004-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya yaşına çatmasına, əlilliyə görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum 15 il qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması” Qaydaları (xx.xx.2018-ci ilə qədərki redaksiya): Hissə 2. Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi 2001-ci il sentyabrın 1-dən icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğunu davam etdirən və ya yeni qəbul edilən, bu Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifəni tutan, müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə dövlət orqanından könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə (5 il) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusunun (bundan sonra – dövlət qulluqçusu) müavinət almaq hüququ vardır. Hissə 4. Müavinətin təyin edilməsi üçün şəxsin ərizəsi ilə birlikdə Fondun müvafiq yerli qurumuna və ya “DOST” mərkəzinə aşağıdakı təsdiqedici sənədlər təqdim edilməlidir: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surəti; əmək kitabçasından çıxarış və ya əmək kitabçasının notariat qaydada təsdiq edilmiş surəti; əlillik, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu barədə Tibbi Sosial Ekspert Komissiyasının arayışı (əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxdıqda); dövlət qulluqçusunun məvacibi barədə dövlət orqanının arayışı. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: -1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; -1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; -1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Maddə 3. Əlilliyin müəyyən edilməsi -3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” qaydası: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.6. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 64.1. inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün qeyd edilmişdir. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman tələbi “ömürlük müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının könüllü olaraq işdən çıxdığı vaxt, yəni xx.xx.2014-cü il tarixində qüvvədə olmuş “Dövlət qulluğu haqqında” Qanunun 23.3-cü maddəsinə əsasən müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində bu Qanunun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir. Lakin iddiaçı vəzifəsindən könüllü azad olunduğu tarixdə əlillik təyinatı almamış, ona ilk dəfə xx.xx.2017-ci ildə İİ dərəcə əlillik təyin olunmuşdur. Eyni zamanda iddiaçı iddia ərizəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 23.3-cü maddəsindən o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna” sözlərinin 22 iyun 2021-ci il tarixdə çıxarıldığını və onun xx.xx.2014-cü il tarixdə işdə könüllü olaraq çıxmasına məhz sağlamlıq imkanlarının məhdud olması səbəbi olduğunu qeyd etsə də, həmin halları sübut edə bilməmişdir. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının cavabdehə qarşı qaldırılmış olduğu iddia tələbində qeyd olunan ömürlük müavinətin təyin edilməsi tələbi əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. Məhkəmə araşdırması zamanı müəyən edilmişdir ki, İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Masallı rayon Məhkəməsində makinaçı vəzifəsində işləmişdir. Daha sonra xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixədək məhkəmə iclas katibi vəzifəsində işləmiş, xx.xx.2003-cü il tarixdən həmin vəzifə məsləhətçi (məhkəmə iclas katibi) adlandırılmış və iddiaçı xx.xx.2014-cü il tarixədək məsləhətçi (məhkəmə iclas katibi) vəzifəsində işləmiş, xx.xx.2014-cü il tarixdə könüllü olaraq öz ərizəsi əsasında vəzifəsindən azad edilmişdir. İddiaçının səhhətində mövcud olan problemlərlə əlaqədar ona Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2017-ci il tarixli, 0286003AAMM5 nömrəli göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixdən 5 illik müddətə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçının əlilliyinin xx.xx.2022ci il tarixdə növbəti qiymətləndirilməsi zamanı ona əlilliyin təyin edilməsindən “əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina edilmişdir. İddiaçının əlilliyinin sonuncu qiymətləndirilməsi xx.xx.2022-ci il tarixdə aparılmış və ona əlilliyin təyin edilməsindən yenə “əlavə müalicəyə ehtiyacının” olması səbəbi ilə imtina edilmişdir. İddiaçı dövlət qulluğu vəzifəsindən xx.xx.2014-cü il tarixdən azad olmasının səbəbinin sağlamlıq imkanlarının məhdudluğu ilə bağlı olduğunu qeyd edərək ona ömürlük müavinətin təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, həmin müraciətə verilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/2-A-125150/2023 nömrəli cavab məktubu ilə “Sosial müavinətlər haqqında” Qanununun 7.0.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş tələbləri nəzərə alınmaqla pensiya yaşına çatmadığı, həmçinin könüllü işdən azad olunduğu xx.xx.2014-cü il tarixdə əlillik dərəcəsi olmadığı üçün ona dövlət qulluqçuları üçün nəzərdə tutulmuş ömürlük müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı daha sonra bir neçə dəfə cavabdeh inzibati orqana və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ömürlük müavinətin təyin edilməsi üçün müraciət etmiş, sonuncu olaraq Dövlət Sosial Müdafiə Fondundan cavabdeh inzibati orqana daxil olmuş ərizəyə verilmiş xx.xx.2023-cü il tarixli, № 3-17-1/2-A-145406/5/2023 nömrəli cavab məktubunda da iddiaçının pensiya yaşına çatmadığı və könüllü olaraq işdən azad olunduğu tarixdə əlilliyi müəyyən olunmadığı üçün ona ömürlük müavinətin təyin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Belə ki, xx.xx.2017-ci il tarixinədək (iddiaçının işdən azad olunduğu xx.xx.2014-cü il tarixdə) qüvvədə olmuş “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.1-ci maddəsinə əsasən dövlət qulluqçularına ömürlük müavinət “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğunda xidmət illərinin minimum həddinə (5 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda təyin edilir. “Dövlət qulluğu haqqında” Qanunun xx.xx.2018-ci il tarixinədək (iddiaçının işdən azad olunduğu xx.xx.2014-cü il tarixdə) qüvvədə olan redaksiyasının 23.3-cü maddəsinə əsasən pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 fevral 2004-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya yaşına çatmasına, əlilliyə görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2ci maddəsi ilə müəyyən edilmiş minimum 15 il qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması” Qaydalarının xx.xx.2018-ci il tarixinədək (iddiaçının işdən azad olunduğu xx.xx.2014-cü il tarixdə) qüvvədə olan redaksiyasının 2-ci hissəsinə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi 2001-ci il sentyabrın 1-dən icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğunu davam etdirən və ya yeni qəbul edilən, bu Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifəni tutan, müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə dövlət orqanından könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə (5 il) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusunun (bundan sonra – dövlət qulluqçusu) müavinət almaq hüququ vardır. Həmin Qaydaların xx.xx.2022-ci il tarixinədək (iddiaçının işdən azad olunduğu xx.xx.2014-cü il tarixdə) qüvvədə olmuş 4-cü hissəsinə əsasən müavinətin təyin edilməsi üçün əlillik, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu barədə Tibbi Sosial Ekspert Komissiyasının arayışı (əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxdıqda) da Fondun müvafiq yerli qurumuna və ya “DOST” mərkəzinə təqdim edilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan qanunvericilik normaları əsasında belə qənaətə gəlir ki, iddiaçıya ömürlük müavinətin təyin edilməsi üçün onun əmək fəaliyyəti dövründə əlilliyi yaxud sağlamlıq imkanlarının məhdudluğu Tibbi-Sosial Ekspert Komissiyasının arayışı (qərarı) əsasında müəyyən edilməli və ona əlilliyinə yaxud sağlamlıq imkanlarının məhdudluğuna görə müavinətin təyin edilməsi ilə bağlı müvafiq arayış Dövlət Sosial Müdafiə Fondunun müvafiq yerli qurumuna və ya “DOST” Mərkəzinə təqdim edilməli idi. Lakin iddiaçının əmək fəaliyyəti dövründə əlilliyini, o cümlədən sağlamlıq imkanlarının məhdudluğunu təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının arayışı (qərarı) iş materiallarında mövcud deyildir. Təsadüfi deyildir ki, əlilliyin müəyyən olunması ilə bağlı səlahiyyətli orqan yalnız Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyalarıdır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) (xx.xx.2020-ci il tarixədək qüvvədə olan redaksiyaya əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan qanunvericilik normalarına istinadən qeyd edir ki, iddiaçı barəsində onun əmək fəaliyyəti dövründə (xx.xx.1998-xx.xx.2014), xüsusilə də işdən azad olunduğu xx.xx.2014-cü il tarixə əlilliyini, o cümlədən sağlamlıq imkanlarının məhdudluğunu təsdiq edən TSEK-in müvafiq arayışı (qərarı) mövcud olmadığından iddiaçının tələbi qanunvericilik baxımından əsaslı deyildir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan işin faktiki hallarını qanunvericilik normaları əsasında qiymətləndirərək belə qənaətə gəlir ki, İddiaçı xx.xx.2014-cü il tarixdə könüllü surətdə Masallı rayon Məhkəməsindəki məsləhətçi (məhkəmə iclas katibi) vəzifəsindən azad olunduğu zaman onun sağlamlıq imkanlarının məhdudluğu və əlilliyi qanunvericiliyə uyğun qaydada müəyyən edilmədiyindən ona ömürlük müavinətin təyin edilməsi ilə bağlı tələbi əsaslı hesab oluna bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya ömürlük müavinətin təyin edilməsindən imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri qanuni və əsaslıdır. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının cavabdehə qarşı qaldırmış olduğu ona ömürlük müavinətin təyin edilməsi tələbi əsaslı sayıla bilməz. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2-1(120)-348/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2-1(120)-348/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.