Məhkəmə qərarları › İş №2-1(106)-444/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-444/2024

12.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-444/2024 12.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzivati Kollegiyasının hakimi Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkib, məhkəmə iclas katibi Atakişiyeva Nuranə Fadil qızının katibliyi ilə, üçüncü şəxs X8 nümayəndəsi Nümayəndə2 iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2-1(120)419/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq məhkəmə kollegiyası qərar qəbul etdi. İşin halları: İddiaçı Neftçala rayonu Yeniqışlaq bələdiyyəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı “JN-5603 KOD 80700001 nömrəli, Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamənin ləğv edilməsi, icarəyə verilmiş 44.0 ha torpaq sahəsinə yerqurluşu plan ölçüsünün hazırlanması və çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X13 və X5 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdirlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 ərizə təqdim edərək, iş üzrə iddia tələbini dəqiqləşdirərək JN-5603, kod 80700001 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamənin Neftçala rayonu Yeniqışlaq Bələdiyyəsi tərəfindən "Elita” müəssisəsinə icarəyə verilmiş 44.0 ha torpaq sahəsi ilə üstüstə düşən hissəsində ləgv edilməsi, Neftçala rayonu Yeniqışlaq Bələdiyyəsi tərəfindən "Elita” müəssisəsinə icarəyə verilmiş həmin 44.0 ha torpaq sahəsinə yerqurluşu plan ölçüsünün hazırlanması və çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi, iş üzrə Neftçala rayon İcra Hakimiyyəti və “Elita” müəssisəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 ərizə təqdim edərək, iş üzrə iddia tələbinin dəqiqləşdirərək JN-5603, kod 80700001 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamənin Neftçala rayonu Yeniqışlaq Bələdiyyəsi tərəfindən "Elita’ müəssisəsinə icarəyə verilmiş 44.0 ha torpaq sahəsi ilə üstüstə düşən 16.54 ha hissəsində ləğv edilməsi, Neftçala rayonu Haqverdilər kəndi ərazisində yerləşən “Elita” müəssisəsinə ayrılmış 40,41 ha torpaq sahəsinə bələdiyyənin xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın reyestri xidmətində qeydə alınaraq bu barədə çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2-1(120)419/2024 nömrəli qərarı ilə (hakim Hilal Nəcəfov) iddia tələbi təmin edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə JN-5603, kod 80700001 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamənin Neftçala rayonu Yeniqışlaq Bələdiyyəsi tərəfindən “Elita” müəssisəsinə icarəyə verilmiş 44.0 ha torpaq sahəsi ilə üst-üstə düşən 16.54 ha hissəsində ləğv edilməsi, Neftçala rayonu Haqverdilər kəndi ərazisində yerləşən “Elita” müəssisəsinə ayrılmış 40,41 ha torpaq sahəsinə bələdiyyənin xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın reyestri xidmətində qeydə alınaraq bu barədə çıxarış verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi qərardan apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Apellyasiya şikayətinin dəlilləri: X1 icarəsinə verilmiş torpaq sahəsinə dair JN-5603 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” sənədinə aid məlumatların elektron bazadan silinməsi və icarə hüquqlarının ləğv edilməsi üçün iddiaçı tərəfindən müraciət məktubuna əlavə olaraq, “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” sənədinin əsli, icarə müqaviləsinə xitam verilməsi haqqında bələdiyyənin iclas protokolundan çıxarışı, vətəndaşın notarial qaydada təsdiq olunmuş icarə hüquqlarına xitam verilməsinə və şəhadətnamənin ləğv edilməsinə dair razılıq ərizəsi və icarənin ləğvi ilə bağlı ödəniş qəbzləri təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən qeyd edilən sənədlər təqdim edilmədiyindən JN-5603 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” sənədinə aid məlumatların elektron bazadan silinməsi mümkün olmamışdır. Torpaq sahələrinə dair bələdiyyənin mülkiyyət hüququ aşağıda göstərilən sənədlər əsasında rəsmiləşdirilir: 1. Bələdiyyənin iclas protokolunun qərarından çıxarış; 2. Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq ərazi şöbəsi tərəfindən torpaq sahəsinin ümumi xüsusiyyətləri barədə verilmiş rəy; 3. Torpaq sahəsinin yerquruluşu sxemi. Müvafiq çıxarışın verilməsi prosesinin yuxarıda qeyd olunmuş ardıcıllıqla getməsinə baxmayaraq, iddiaçıYeniqışlaq bələdiyyəsi tərəfindən sadalanan sənədlər Ərazi İdarəsinə təqdim edilməmişdir. Belə ki, proses bələdiyyə sənədlərinin hazırlanması mərhələsində müvafiq torpaq sahəsinə dair digər şəxsin adına kadastr məlumatlarının olması səbəbindən dayandırılmış və iddiaçıya bildirilmişdir ki, yuxarıda qeyd edilən sənədlər və ya məlumatların elektron bazadan silinməsi üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim olunacağı təqdirdə müraciətin icrası istiqamətində qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır. Lakin iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən təkcə digər şəxsin adına verilmiş torpaq sahəsinin müvafiq sahə ilə üst-üstə düşən hissədə ləğv edilməsi deyil, həm də bələdiyyənin mülkiyyət hüquqlarının qeydiyyata alınması tələbi də qoyulmuşdur. İşin icrasının mümkün olmaması ilə bağlı iddiaçıya göndərilmiş cavab məktubunda da bildirilmişdir ki, icranı qeyri-mümkün edən əsas məsələ müvafiq torpaq sahəsinin məhz digər şəxsin adına verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsidir. Bu məsələ məhkəmə yolu ilə aradan qaldırıldıqdan sonra yekun olaraq bələdiyyənin adına dövlət reyestrindən çıxarışın verilməsi prosesinin həlli istiqamətində qanunvericiliklə müəyyən edilmiş qaydada işlər görüləcəkdir. Məhkəmə tərəfindən 13 saylı Şirvan Ərazi İdarəsinin qeyd olunmuş qanunvericiliyə uyğun hərəkətləri heç bir hüquqi əsası olmadan edilmiş hərəkət kimi qiymətləndirilmiş və əlavə olaraq bələdiyyənin mülkiyyət hüququnun tanınması öhdəliyi də Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Göstərilən dəlillərə əsasən Şirvan İnzibati Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2- 1(120)419/2024 nömrəli qərarının ləğv edilməsi və bu barədə iddia tələbinin təmin olunmaması ilə bağlı yeni qərar qəbul edilməsi xahiş olunur. İİİ.Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 iyul 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İV. Proses iştirakçılarının çıxışları: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddia tələbinin əsaslarına uyğun çıxış etmiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Üçüncü şəxs X8 nümayəndəsi Nümayəndə2 iddia tələbinin əsaslı olmasını, odur ki, qərarın qüvvədə saxlanılmasını, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndə məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə rəsmi məlumat verilməmişdir. İşin hallarına əsasən məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Maddi və prosessual normalar: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 2.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 3.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.2-ci maddəsinə əsasən Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 5.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın:

3. Dövlət reyestrini tərtib edən və aparan dövlət orqanı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərtib edilir və aparılır.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: -qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; -qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi. Maddə 51. Torpaq sahəsi üzərində icarə hüququ; -1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. -2. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. -3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. -4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. -6. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir Maddə 55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: -müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; -hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; -məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; -vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 59. Fərdi və kooperativ mənzil, bağ evləri və qaraj tikintisi, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün torpaq sahələrinin verilməsi: Yaşayış məntəqələrində bələdiyyələrin ehtiyat fondu torpaqlarından sahələr aşağıdakı məqsədlər üçün verilir: -sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün bu Məcəllənin 48-ci maddəsinin 3-cü bəndində göstərilən hüquqi və fiziki şəxslərin icarəsinə, habelə dəyəri ödənilməklə Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə. Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər: -1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. -2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı -1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. -2.Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.2.-Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19. Mötəbərlik prezumpsiyası -19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2 Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. -87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Vİ. Apellyasiya instansiyasının məhkəmə icraatının nəticəsi:

Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşin faktiki və mübahisəli olmayan halları ilə birinci instansiya məhkəməsində müəyyən olunmuşdur ki, qeyd olunan torpaq sahəsi bələdiyyə mülkiyətindədir, torpaq sahəsinin istifadə olunmasına dair işdə adı keçən üçüncü şəxlər, eləcə də digər şəxslər arasında mübahisə yoxdur. Həmçinin təyin olunmuş məhkəmə-tikinti texniki ekspertizası ilə də müəyyən olunmuşdur ki, natural vəziyyətə görə torpaq sahəsi üst-üstə düşmür, yalnız daşınmaz əmlakın dövlət reyestr xidmətində tərtib olunmuş və hal-hazırda cavabdeh tərəfin elektron bazada olan sənədlərlə üst-üstə düşmə faktı vardır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 10/7436 nömrəli ekspert rəyindən görünür ki; -Neftçala rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 2067 nömrəli sərəncamı, xx.xx.1999-cu il tarixli, 141 saylı icarə müqaviləsinə və Neftçala rayonu Yeniqışlaq bələdiyyəsinin xx.xx.2016-cı il tarixli, 03 saylı torpaq icarə müqaviləsi əsasında (JN-8713 saylı “Şəhadətnamə”) “Elita” müəssisəsinə ayrılmış Neftçala rayonu Haqverdilər kəndi ərazisində yerləşən 44,0 ha (faktiki olaraq 40.41 ha) torpaq sahəsi Yeniqışlaq bələdiyyəsinin mülkiyyətinə aid ərazidə yerləşir, torpaq sahəsinin faktiki (natura) konfiqurasiya parametrləri və cəhətlərə uyğun yerləşmə mövqeyi ilə sənəd əsasən yerləşmə mövqeyi arasında uyğunsuzluq mövcuddur, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir, uqodiyası örüş, “Elita” müəssisəsinin istifadəsindədir və təyinatı üzrə istifadə olunur (sxem tərtib edilib). -Neftçala rayonu Yeniqışlaq bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 09 saylı qərarı və xx.xx.2004-cü il tarixli, 49 saylı torpaq icarə müqaviləsi əsasında (JN-5603 saylı “Şəhadətnamə”) X4 ayrılmış Neftçala rayonu Haqverdilər kəndi ərazisində yerləşən 100,0 ha torpaq sahəsi Yeniqışlaq bələdiyyəsinin mülkiyyətinə aid ərazidə yerləşir, torpaq sahəsinin faktiki (natura) konfiqurasiya parametrləri və cəhətlərə uyğun yerləşmə mövqeyi ilə sənəd əsasən yerləşmə mövqeyi arasında uyğunsuzluq mövcuddur, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir, 89.11 ha hissəsi əkin, 10.89 ha hissəsi yararsız torpaq sahəsidir və sənədə əsasən X2 istifadəsindədir (sxem tərtib edilib). -Neftçala rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 2067 nömrəli sərəncamı, xx.xx.1999-cu il tarixli, 141 saylı icarə müqaviləsinə və Neftçala rayonu Yeniqışlaq bələdiyyəsinin xx.xx.2016-cı il tarixli, 03 saylı torpaq icarə müqaviləsi əsasında“Elita” müəssisəsinin faktiki istifadəsində olan 40.41 ha (sənəd üzrə 44.0 ha) torpaq sahəsinin 16.54 ha hissəsi sənədə əsasən Neftçala rayonu Yeniqışlaq bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 09 nömrəli qərarı və xx.xx.2004-cü il tarixli, 49 saylı torpaq icarə müqaviləsi əsasında (İN- 5603) X4 ayrılmış Neftçala rayonu Haqverdilər kəndi ərazisində yerləşən 100,0 ha torpaq sahəsi ilə üst-üstə düşür (sxem tərtib edilib). Qeyd:Haqverdilər kəndi ərazisində “Kür” təsərrüfatının Kompleks Yerquruluşu Layihəsində mövcud olan Neftçala rayonu Yeniqışlaq bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 09 saylı qərarı və xx.xx.2004-cü il tarixli, 49 saylı torpaq icarə müqaviləsi əsasında X4 ayrılan 100,0 ha torpaq sahəsinə verilmiş torpaqlardan müvəqqəti istifadə hüququna dair JN-5603 saylı “Şəhadətnamə”-nin heç bir hüquqi statusu yoxdur və elektron kadastr bazasından silinməlidir. Beləki, "Şəhadətnamə" nömrəsi JN 5603 olan torpaq sahəsinə xx.xx.2008-ci il tarixində Daşınmaz Əmlakın Dövlət Reyestrindən X2 adına sahəsi 12.40ha, qeydiyyat nömrəsi ********* (reyestr No **********95), sahəsi 62.60 ha, qeydiyyat nömrəsi ********* (reyestr No **********92), X7 adına sahəsi 50.0 ha, qeydiyyat nömrəsi ********* (reyestr No **********92)" olan Çıxarış"-la xüsusi mülkiyyətə verilmişdir (adları qeyd olunan vətəndaşlar eyni ailəyə mənsubdur). Bu "Çıxarış"-larla verilən torpaq sahələrinin sənəd üzrə və faktiki (naturada) sərhədləri Neftçala rayonu Yeniqışlaq bələdiyyəsi tərəfindən "Elita” müəssisəsinə icarəyə veriləcək 44.0 ha torpaq sahəsi ilə üstüstə düşmür (sxem tərtib edilib). JN-8713 KOD 80700001 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamənin surətindən görünür ki, Neftçala rayonunda yerləşən “Elita” müəsissəsinə Neftçala rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 2067 nömrəli sərəncamı və xx.xx.1999-cu il tarixli, 141 saylı torpaq icarə müqaviləsi ilə Neftçala rayon keçmiş “Kür” kolxozunun bələdiyyə fondundan kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 15 il müddətinə 44.00 hektar torpaq sahəsi müvəqqəti “Elita” müəsissəsinə verilmişdir. İş materiallarında olan Neftçala rayon Torpaq şöbəsinin müdiri S.S.Bədəlovun, torpaq şöbəsinin baş mütəxəssisi Ə.F.İmanovun, “Elita” müəsissəsinin direktoru X8 iştirakları ilə tərtib etdikləri “Kür” təsərrüfatının ərazisində xx.xx.1999-cu il tarixli aktdan görünür ki, Neftçala rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 2067 nömrəli sərəncamına əsasən “Elita” müəsissəsinə “Kür” kolxozunun bələdiyyə fondundan 15 il müddətinə 44 (qırx dörd) hektar əkinə az yararlı torpaq sahəsinin müvəqqəti istifadəyə ayrılması məqsədə müvafiq hesab edilmişdir. İş materiallarında olan bələdiyyə torpaq sahəsinin müvəqqəti istifadəyə və ya icarəyə verilməsi barədə xx.xx.1999-cu il tarixli, 141 nömrəli müqavilənin surətindən görünür ki, Neftçala rayon İcra Hakimiyyəti ilə “Elita” müəsissəsi arasında 15 il müddətinə 44 (qırx dörd) hektar torpaq sahəsi icarəyə verilmişdir. İş materiallarında olan JN-5603 KOD 80707028 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamənin surətindən görünür ki, Bakı şəhər sakini X4 Neftçala rayonu Yeniqışlaq bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 09 saylı qərarı və xx.xx.2004-cü il tarixli, 49 saylı icarə müqaviləsi ilə Neftçala rayonu Yeniqışlaq bələdiyyəsinin ərazi torpaq sahəsindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 50 il müddətinə 100.00 hektar torpaq sahəsi müvəqqəti istifadəsinə verilmişdir. İsitinad olunmuş sənədlərə əsasən bələdiyyənin 44 ha torpaq sahəsi üzərində bələdiyyə mülkiyyəti hüququ, yəni sərəncam, istifadə və sahiblik hüququ vardır. Məhz bu hüquqa istinadən bələdiyyə torpaq sahəsi ilə bağlı sənədləşmə işlərini həyata keçirmək, mülkiyyət hüququnun qeydə alınması üçün qanunla müəyyən olunmuş qaydada aidiyyəti müəssisəyə müraciət etmək kimi hərəkətlər edə bilər. Qeyd olunan hallara əsasən birinci instansiya məhkəməsi işin halları ilə bağlı bu nəticəyə gəlmişdir ki, Neftçala rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 2067 nömrəli sərəncamı, xx.xx.1999-cu il tarixli, 141 saylı icarə müqaviləsinə və Neftçala rayonu Yeniqışlaq bələdiyyəsinin xx.xx.2016-cı il tarixli, 03 saylı torpaq icarə müqaviləsi əsasında “Elita” müəssisəsinin faktiki istifadəsində olan 40.41 ha (sənəd üzrə 44.0 ha) torpaq sahəsinin 16.54 ha hissəsi sənədə əsasən Neftçala rayonu Yeniqışlaq bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 09 nömrəli qərarı və xx.xx.2004-cü il tarixli, 49 saylı torpaq icarə müqaviləsi əsasında (İN-5603) X4 ayrılmış Neftçala rayonu Haqverdilər kəndi ərazisində yerləşən 100,0 ha torpaq sahəsi ilə üst-üstə düşür. Lakin iş materiallarına və eləcə də, ekspert rəyinə nəzər etdirilən zaman müəyyən edilir ki, torpaqlardan müvəqqəti istifadə hüququna dair JN-5603 saylı “Şəhadətnamə”-si formal xarakter daşıyır, yəni hüquqi statusu yoxdur. Belə ki, "Şəhadətnamə" nömrəsi JN 5603 olan torpaq sahəsinə xx.xx.2008-ci il tarixində Daşınmaz Əmlakın Dövlət Reyestrindən X3 adına sahəsi 12.40ha, qeydiyyat nömrəsi ********* (reyestr No **********95), sahəsi 62.60 ha, qeydiyyat nömrəsi ********* (reyestr No **********92), X7 adına sahəsi 50.0 ha, qeydiyyat nömrəsi ********* (reyestr No **********92)" olan Çıxarış"-la xüsusi mülkiyyətə verilmişdir (adları qeyd olunan vətəndaşlar eyni ailəyə mənsubdur). Bu "Çıxarış"-larla verilən torpaq sahələrinin sənəd üzrə və faktiki (naturada) sərhədləri Neftçala rayonu Yeniqışlaq bələdiyyəsi tərəfindən "Elita” müəssisəsinə icarəyə veriləcək 44.0 ha torpaq sahəsi ilə üstüstə düşmür (sxem tərtib edilib). Müəyyən olunur ki, vaxtilə X4 ayrılmış şəhadətnamədə göstərilən topaq sahəsinə müxtəlif dövrlərdə çıxarışlar verilmişdir ki, həmin çıxarışları halhazırki iddia tələbində qeyd edilən torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilir. Həmin şəhadətnamənin formal əsaslarla baza məlumatlarında qalması isə iddiaçı tərəfin hüquqlarının pozulması ilə nəticələnmişdir. 44 ha torpaq sahəsi “Elita” müəssisəsinə icarəyə verilmiş, icarə müddəti başa çatmışdlr. Hal-hazırda qeyd olunan sahənin yenidən icarəyə verilməsi üçün torpaq sahəsinə plan ölçü sənədi tərtib olunmalı, eləcə də daşınmaz əmlakın dövlət reyestr xidmətindən mülkiyyət hüququnun qeydə alınmasına dair çıxarış əldə olunmalıdır. Lakin cavabdeh tərəf, etirazlarının əsasını təşkil edən məsələ ilə bağlı mübahisə olmadığı halda, qanuni əsas olmadan iddiaçının müraciətindən imtina etmiş, bununla da iddiaçı tərəfin qanunla qorunan mülkiyyə hüququnu pozmuşdur. Belə ki, 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 238.1.-ci maddəsində qeyd olunmuşdur ki, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Göründüyü kimi hüququn qeydə alınmasından imtina üçün əsaslar müəyyən olunmur, aşkar haldır ki, cavabdeh tərəfin mövqeyi qanunsuzdur və bu hal “İnzibati icraat haqqında” Qanunun ümumi (qanunçuluq və digər) prinsiplərini pozma kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası bu növ müraciətlərdən əsassız imtinalara tənqidi yanaşır və xüsusilə qeyd edir ki, vətəndaşların qanuni mənafelərinin pozulması halı uzun müddət davam etməklə yanaşı, məhkəmə mübahisələrinin də yaranmasına səbəb olur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir hüquqi əsası olmadığından təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qərar qanuni və əsaslıdır, qərarın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2-1(120)419/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 30 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar