Məhkəmə qərarları › İş №2-1(106)-444/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-444/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-444/2025 15.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Masallı Rayonu Miyanku Bələdiyyəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: apellyasiya şikayətinin mümkün sayılmaması barədə) Hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X7 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Masallı Rayonu Miyanku Bələdiyyəsinə qarşı “Masallı rayonunun Miyanku Bələdiyyəsinə daxil olan Kübin kəndi ərazisində X3 tərəfindən, o cümlədən iddiaçıya və kənd sakinlərinə məxsus heyvanların otlaması üçün nəzərdə tutulmuş, ümumi istifadədə olan örüş sahəsinin 30-40 sot hissəsinin qanunsuz zəbt edilməsi, həmin sahədə qanunsuz tikilmiş tövlənin sökülməsi, iddiaçının mülkiyyətində olan ********** saylı, xx.xx.2022-ci il tarixli çıxarışla qeydiyyata alınmış torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və ümumi istifadədə olan torpaq sahəsinin zəbtinə, tövlənin tikilməsinə şərait yaradılmasının cinayət xarakterli əməllər kimi qiymətləndirilməsi, bu barədə xüsusi qərardad çıxarılaraq aidiyyəti üzrə prokurorluq orqanlarına göndərilməsi” barədə iddia tələbi üzrə qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli 2-1(120)- 2390/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılmasına məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Masallı Rayonu Miyanku Bələdiyyəsinə qarşı Şirvan İnzibati Məhkəməsinə müraciət edərək “Masallı rayonunun Miyanku Bələdiyyəsinə daxil olan Kübin kəndi ərazisində X3 tərəfindən, o cümlədən iddiaçıya və kənd sakinlərinə məxsus heyvanların otlaması üçün nəzərdə tutulmuş, ümumi istifadədə olan örüş sahəsinin 30-40 sot hissəsinin qanunsuz zəbt edilməsi, həmin sahədə qanunsuz tikilmiş tövlənin sökülməsi, iddiaçının mülkiyyətində olan ********** saylı, xx.xx.2022-ci il tarixli çıxarışla qeydiyyata alınmış torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və ümumi istifadədə olan torpaq sahəsinin zəbtinə, tövlənin tikilməsinə şərait yaradılmasının cinayət xarakterli əməllər kimi qiymətləndirilməsi, bu barədə xüsusi qərardad çıxarılaraq aidiyyəti üzrə prokurorluq orqanlarına göndərilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Masallı rayonu Kübin kənd sakini X4 cinayət əməli törədərək kənd əhalisinin mal-qarası üçün örüş yeri kimi nəzərdə tutulan 30- 40 sot yararsız bələdiyyə torpağını zəbt etmişdir. Bununla da o, Azərbaycan Respublikası CM-in 188-ci maddəsi ilə cinayət tərkibi yaradan əməllər törətmişdir. Həmin maddəyə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsinin özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma halları qəsdən törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Bir ildən çoxdur ki, aidiyyətli dövlət orqanları tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onun tərəfindən həmin torpaq sahəsinin qanunsuz olaraq zəbt etməkdə davam etməsi ilə sübut olunur ki, (özü də etiraf edir ki, həmin sahəni hasarlanmış vəziyyətə saxlayaraq indi də becərir) həmin torpaq sahəsi onun tərəfindən qəsdən zəbt edilmişdir. Bu da yuxarıda göstərdiyi kimi, açıq-aşkar cinayət əməlidir. O, bu barədə Masallı Rayon Polis şöbəsinə də ərizə ilə müraciət etmişdir. Lakin Masallı RPŞ-nin TB-nin təhqiqatçısı tərəfindən xx.xx.2024-cü il tarixli HK-1/223 nömrəli material üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar verilmişdir. Halbuki, həmin qərarla da tamamilə təsdiq olunur ki, həmin torpaq sahəsi qanunsuz zəbt olunmuşdur. Belə ki, həmin qərarın 2-ci səhifəsinin 4-cü abzasında göstərilmişdir ki, “...2017-ci ilin yay aylarında Masallı rayon Kübin kənd sakini X3 yaşadığı evdən təxminən 30-40 metr kənarda 0,30 ha bələdiyyə kənd təsərrüfatının yararsız təyinatlı torpaq sahəsini dayısı arvadı X5 məxsus olduğunu zənn edərək, sözügedən torpaq sahəsini bələdiyyə kənd təsərrüfatı təyinatlı yararsız torpaq sahəsi olduğunu bilmədən orada mişar daşlardan tövlə inşa etmişdir. Bu halın özü Azərbaycan Respublikası CM-in 188-ci maddəsi ilə cinayət tərkibi yaradan əməllərdir. Həmin maddəyə əsasən, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsinin özbaşına hasarlama, becərmə, və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma halları qəsdən törədildikdə cinayət məsuliyyətinə səbəb olur, lakin Fariz Qənbərov sözügedən torpaq sahəsini qəsdən tutmamış, həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğunu bilməmiş, torpaq sahəsini zəbt etmək fikri olmamış bunu arzu etməmişdir, bu səbəbdən onun əməlində CMin 188-ci maddəsinin tərkibi əlamətləri yoxdur. Eyni zamanda vət. X1 əməlində Azərbaycan Respublikası İXM-in 395-ci özbaşına tikinti işlərinin aparılması maddəsinin tərkibi əlamətləri olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qəbul edilmiş qərarın surəti Boradigah PB-nin sahə rəisinə göndərilməlidir. Bütün bunlardan sonra Masallı rayonu Miyanku Bələdiyyəsinin sədri S.Kişiyev qanunsuz olaraq zəbt olunmuş Bələdiyyə torpağının zəbtdən azad olunmasını və həmin torpaq sahəsində tikilmiş tövlənin sökülməsini təmin etmək əvəzinə torpaq zəbt etməklə cinayət törədən Fariz Qənbərovun cinayət hərəkətlərini müdafiə etməyə başladı. Dəhşətlisi odur ki, Bələdiyyə sədri vəzifəsindən istifadə edərək Fariz Qənbərovun cinayət törətməklə zəbt etdiyi torpaq sahəsini onun adına sənədləşdirmək üçün yollar axtarmağa başladı. Onda olan məlumatlara görə torpaq sahəsini nəyinsə müqabilində qanunsuz zəbt edən Qənbərov Farizin adına sənədləşdirmək istəyir. Sonradan o, da ona məlum olub ki, X12 Polisində də müdafiə edən Bələdiyyə sədri Kişiyev Sərhad olmuşdur. Ona görə də onu öyrədərək bildirmişdir ki, polisdə izahat verəndə o, həmin torpağın bələdiyyə torpağı olduğunu bilməmişdir, elə bilib ki, dayısının həyat yoldaşı Ağayeva Mətanətin toıpaq sahəsidir, deyəsən, səni cinayət məsuliyyətindən azad edərlər. Bu yolla onu cinayət məsuliyyətindən azad edən Bələdiyyə Sədri onu inzibati cəzadan da azad etmişdir. Məlumat üçün onu da bildirir ki, işin faktiki halları ilə də təsdiq olunur ki, qanunsuz olaraq torpaq sahənizi zəbt edən F.Qənbərovu Bələdiyyə sədri S.Kişiyev müdafiə edir. Belə ki, ona polisdən və digər aidiyyəti dövlət orqanlarından bildirdilər ki, Bələdiyəyə müraciət edin, Bələdiyyə dərhal həmin torpaq sahəsini zəbtdən azad edəcəkdir. O, isə Bələdiyyənin sədrinə müraciət edəndə dəhşətə gəlmişdir. Belə ki, Bələdiyyə sədri ona cavabında bildirb ki, “sözügedən ərazi örüş yeri olaraq bələdiyyə fonduna aiddir, o, da bir bələdiyyə sədri kimi bildirir ki, həmin 30 sot torpaq sahəsinin kənd sakini X2 şəxsi istifadəsi üçün vermişdir, bununla bağlı kimə və hara istəyirsən şikayət” deyə ona bildirdi. Lənkəran Regional Ədliyyə İdarəsindən də ona məktub gəldi ki, bu barədə məhkəməyə müraciət edin. Həmin cavabı da ərizəyə əlavə edir. Qəribəsi odur ki, Bələdiyyə Sədri S.Kişiyev ona verdiyi cavabında göstərmişdir ki, guya torpağı o, onunla bir yerdə zəbt etmişdir, tövləni də bir yerdə tikmişlər. Düzü o, Bələdiyyə sədrinin bu kimi iradlarından heç nə başa düşməmişdir. Ona bir vəzifəli şəxs kimi müraciət etmişdir ki, qanunla öhdəsinə düşən vəzifəsini yerinə yetirməklə zəbt olunmuş torpaq sahəsinin və qanunsuz tikilmiş tövlənin sökülməsini təmin etsin. O, isə yuxarıda göstərdiyi kimi, gizli surətdə qanunsuz torpaq zəbt edənin cinayət hərəkətlərinə saxta sənədlərlə hüquqi don geyindirmək istəyir. Bu barədə Miyankü Bələdiyyəsinə və Cəlilabad şəhərində olan Əmlak İdarəsinə sorğu versəniz hər şey aydın olar. Belə ki, yuxarıda göstərdiyi kimi, qanunsuz zəbt olunan torpaq sahəsi barəsində intizam tənbehi qaydasında cəza tədbiri görülən Qənbərov Farizin adına sənədləşdirmək üçün ilkin sənədləri hazırlamağa başlamışdır. Bununla da Bələdiyə sədri torpaq zəbt etməklə cinayət hərəkətlərinə yol verən Qənbərov Farizə qoşulmuşdur. Ona görə də hər ikisinin barəsində məhkəmə tərəfindən xüsusi qərardad çıxarılıb aidiyyəti prokurorluq orqanlarına göndərilməlidir. Şirvan İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli 2-1(120)-2390/2025 saylı qərardadı ilə (hakim Pərvanə Qurbanova) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, iş üzrə qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli 2-1(120)-2390/2025 saylı qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbi birinci instansiya məhkəməsinə aydın olmamışdır. Azərbaycan Pespublikası İnzibati Prosessual Məcəlləsinə əsasən bələdiyyələrə qarşı qaldırılan iddiara aidiyyətli inzibati məhkəmələr tərəfindən baxılır. Mübahisə ilə bağlı qanunla nəzərdə tutulan qaydada aidiyyəti üzrə Miyanku Bələdiyyəsinə müraciət etmişdir. İmtina cavabından sonra da qanunla nəzərdə tutulan qaydada aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Mübahisələndirilən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Bələdiyyə sədri bilərəkdən, yaxud bilməyərəkdən o, da daxil olmaqla heyvandarlıqla məşğul olan sakinlərin ümumi istifadəsi üçün nəzərdə tutulan 30-40 sot torpaq sahəsinin hamsını qanunsuz olaraq bir nəfərə vermiş, yaxud zəbt edilməsinə göz yummuşdur. O, da Miyanku Bələdiyyəsinin ərazisində yaşayan və kənd təsərrüfatı ilə məşğul olan insanlar özlərinə bələdiyyə üzvləri seçmişdirlər ki, həmin torpaq sahəsini onlar üçün qorusunlar ki, onlar da təyinatı üzrə mal-qara saxlamaq üçün istifadə etsinlər. Onun da müəyyən qədər heyvanları var. Həmin heyvanları da saxlamaq üçün nəzərdə tutulan kənd təsərrüfatı təyinatlı ümumi örüş sahəsinin müəyyən bir hissəsi Miyanku Bələdiyyəsinin təqsiri ucbatından zəbt olunmuşdur. Onun verdiyi vergi ilə fəaliyyət göstərən Miyanku Bələdiyyəsinin vəzifəsi idi ki, həmin torpaq sahəsini onun üçün qorusun. Qoruya bilmədiyi üçün, zəbtdən azad edib əvvəlki vəziyyətə gətirmək onun vəzifə borcudur. Həmin vəzifə borcunu yerinə yetirməyən Miyanku Bələdiyyəsinin üzərinə həmin vəzifə məhkəmə qaydasında qoyulmalıdır. Azərbaycan Pespublikası Mülki Prosessual Məcəlləsinin aidiyyətli normalarına əsasən mülki işin baxılması zamanı cinayət tərkibli əməllər aşkar olunarsa, işə baxan hakim bu barədə xüsusi qərardad çıxarıb aidiyyətli prokurorluq orqanlarına göndərməlidir. Azərbaycan Pespublikası İnzibati Prosessual Məcəlləsinin aidiyyətli normalarında isə göstərilmişdir ki, bu Məcəllə ilə tənzimlənməsi nəzərdə tutulmayan halları tənzimləmək üçün Azərbaycan Pespublikası Mülki Prosessual Məcəlləsinin aidiyyətli hüquq normaları tətbiq olunur. Bütün bunlardan belə bir nəticə çıxır ki, məhkəmə inzibati işə baxarkən cinayət tərkibli əməlləri aşkar edərsə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aidiyyəti normalarını tətbiq etməklə xüsusi qəradad çıxarıb aidiyyətli prokurorluq orqanlarına göndərməlidir. İddiaçı prosessual müddətin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qərardadın elektron kabinetinə yerləşdirilməsi, həmin qərardadın tərəfə rəsmi surətdə təqdim olunması demək deyil. Elektron kabinetin məxsus olduğu tərəf kabinetdə qərardadın yerləşdirildiyi səhifənin açması haqqında göndərənə məlumat çatdıqdan sonra qərardad tərəf rəsmi surətdə təqdim olunmuş hesab olunur. Ona məxsus olan elektron kabinetinə gəldikdə isə həqiqətən təxmini 2025-ci ilin fevral ayında Masallı Rayon Məhkəməsində olan mülki bir işlə bağlı apellyasiya şikayəti verən zaman onun adına bu işi bilən bir adamın vasitəsi ilə həmin kabineti açmağa məcbur olmuşdur ki, şikayətini Apellyasiya Məhkəməsinə göndərsin. Yoxlamaq da olar ki, ondan sonra həmin elektron kabinetindən istifadə etməmişdir, çünki istifadə etməyi bacarmır. Qərardad həmin kabinetə oturubsa da, çox güman ki, ona indiyə qədər baxan olmamışdır. Məhkəmə görünür onun elektron variantla qərardadla tanış ola bilmədiyini yəqin etdikdən sonra həmin qərardadın çap variantını poçt vasitəsi ilə ona göndərmişdir ki, apellyasiya şikayəti verə bilsin. Qərardad ona 12 aprel 2025-ci il tarixdə poçt vasitəsi ilə təqdim olunmuşdur. Belə olan halda şikayətin verilməsi üçün nəzərdə tutulan 10 gün müddət 22 aprel 2025-ci il tarixinə qədər olsa da, bildirişdə də göstərildiyi kimi, şikayəti 5 gün qabaq, yəni 17 aprel 2025-ci il tarixdə poçta təqdim etmişdir. Apellyasiya şikayəti qanunla nəzərdə tutulan müddətdə verildiyi üçün icraata qəbul olunub baxılmalıdır. Elektron variantı baxımından müddətin ötürülməsinə gəldikdə isə işin faktiki halları ilə tam təsdiq olunur ki, həmin variantda onun məhkəmə qərardadı ilə tanış olmağı imkanı xaricindədir. Belə olan halda ötürülmüş müddət üzürlü hesab edilməli və ötürülən müddət bərpa olunmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi ayrı-ayrılqda müddətin bərpa olunması barədə ərizəyə uyğun izahat verərək, müddətin bərpa olunmasını, şikayətin mümkün sayılmasını və qərardadın ləğv edilərək, işə mahiyyəti üzrə baxılmasını xahiş etdilər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 9-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə aktlarının, ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 9-1.3. İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 9-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. Maddə 68.2-1. Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qərarını yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş sübutlar və məhkəmə icraatında tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırır. Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra - Ali Məhkəməyə) şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.5. bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Apellyasiya şikayətinin mümkünlüyünə dair məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqların pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. Bununla belə ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda məhkəmə müdafiəsi hüququnun, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Həmçinin, qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən inzibati məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şirvan İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli 2-1(120)-2390/2025 saylı qərardadı 17 mart 2025-ci il tarixdə saat 16:08-də İddiaçı məxsus elektron kabinetə yerləşdirilmişdir. İş materiallarından görünür ki, Şirvan İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli 2-1(120)-2390/2025 saylı qərardadından verilmiş apellyasiya şikayəti 17 aprel 2025ci il tarixdə imzalanmış və həmin tarixdə poçta təqdim edilmişdir. Yuxarıda qeyd edilən sübutlardan müəyyən olunur ki, Şirvan İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli 2-1(120)-2390/2025 saylı qərardadı 17 mart 2025-ci il tarixdə saat 16:08-də iddiaçıya məxsus elektron kabinetinə yerləşdirilmişdir. İddiaçı tərəfindən həmin qərardaddan apellyasiya şikayəti verilmiş və həmin şikayət 17 aprel 2025-ci il tarixdə imzalanmış və Şirvan İnzibati Məhkəməsinin dəftərxanasına 22 aprel 2025-ci il tarixdə daxil olmuşdur. Halbuki, qeyri-iş günləri nəzərə alınmaqla şikayətin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin sonuncu günü 01 aprel 2025-ci il tarixində bitir. Yəni, iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti həmin qərardadın rəsmi qaydada alındığı gündən 10 gündən gec poçt vasitəsi ilə Şirvan İnzibati Məhkəməsinə ünvanlanmışdır. Başqa sözlə, verilmiş apellyasiya şikayəti, qanunla şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddətdən 15 gün gec verilmişdir. Bununla da, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş 10 günlük müddəti ötürmüşdür. Məhkəmə kollegiyasının mövqeyinə görə təqdimetmə qanunla nəzərdə tutulmuş formada tərtib edilən və həyata keçirilən bir hərəkətdir ki, bunun vasitəsilə ünvanlanan şəxsə hər hansı bir sənədlə bağlı münasibət bildirmək imkanı yaradılır. Təqdimetmə müvafiq sənədin onun ünvanlandığı şəxs tərəfindən alınmasının təsdiq olunmasına və müddətlərin hesablanmasına xidmət edir. Tərəflərə aid olan müddətləri isə qanunla nəzərdə tutulmuş müddətlərə və hakim tərəfindən təyin olunan müddətlərə bölmək olar. Qanunla nəzərdə tutulmuş müddətlər müddətin başlanması və davamının qanunla müəyyən edilməsi ilə səciyyələnir. Buraya, xüsusilə, iddia qaldırma müddətləri və şikayət vermə müddətləri aiddir. Qanunla müəyyən edilmiş müddətin axımı müvafiq qanundakı göstərişlər əsas götürülməklə başlayır. Əlbəttə ki, proses iştirakçılarına məhkəmə qərarları müxtəlif günlərdə təqdim edilərsə, onlar üçün müddət axımının başlanma anı müxtəlif ola bilər. Nəzərə almaq lazımdır ki, İnzibati Prosessual Məcəllənin 20.3-cü və 22.1-ci maddələrinə əsasən məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir və müddətin axımı təqdim edilmə anından başlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.8-ci maddəsinə əsasən Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Məhkəmə kollegiyası yuxarıda şərh olunan hüquq normalarının tələblərini hazırki işin müəyyən edilmiş faktiki halarına tətbiq edərək belə qənaətə gəlir ki, məhkəmənin yekun aktı iddiaçının elektron kabinetinə 17 mart 2025-ci il tarixdə saat 16:08-də yerləşdirildiyindən və iddiaçı tərəfindən həmin qərardan verilmiş apellyasiya şikayəti 17 aprel 2025-ci il tarixində imzalandığından və 17 aprel 2025-ci il tarixdə poçta təqdim edildiyindən, iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün 10 günlük prosessual müddət ötürülmüşdür. Məhkəmə kollegiyası iddiaçının buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizəsində göstərdiyi - elektron kabinetdən istifadə edə bilməməsi, qərardadın elektron kabinetə yerləşdirildiyindən məlumatının olmaması və qərardadı poçt vasitəsi ilə aldıqdan sonra müddət ötürmədən 10 gün müddətində şikayət verilməsi ilə bağlı mövqelərə münasibətdə bildirir ki, qanunverilicilk “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu və tərəflərin “elektron kabinet”inin mövcud olduğu məhkəmələrdə məhkəmə aktlarının tərəflərə məxsus elektron kabinetdə yerləşdirilməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 20.3-cü maddəsində nəzərdə tutulmuş təqdim etməni özündə ehtiva edir. Başqa sözlə, məhkəmə aktının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış tərəflərə məxsus elektron kabinetə yerləşdirilməsi həmin aktın təqdim edilməsi kimi qəbul edilir. Şəxsin qeyd etdiyi kimi elektron kabinetdən istifadə edə bilməməsindən, qərardadın elektron kabinetə yerləşdirildiyindən məlumatının olmamasından doğan hüquqi nəticələrini onun özü daşıyır. Məhkəmənin belə bir vəzifəsi yoxdur ki, şəxsin elektron kabinetdən istifadə edə bilibbilməməsini və s. məsələləri yoxlasın. Bunun əksi, yəni “Elektron kabinetə yerləşdirilməklə” təqdim edilmənin tanınmaması qanunvericiliyin pozulması olar, elektron kabineti olan şəxslərin məhkəmə aktından şikayət verilmə müddətini ötürərlərsə, elektron kabinetdən istifadə edə bilmədiklərini qeyd etməklə süni şəkildə bu hal üzürlü hesab edilərək müddət bərpa edilər, nəticə etibarı ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış tərəflərə məxsus elektron kabinetə yerləşdirilməklə təqdim edilmə əhəmiyyətsiz olar. Məhkəmə kollegiyası qeyd edilənləri ümumiləşdirərək bu nəticəyə gəlir ki, iddiaçının buraxılmış prosessual müddətin bərpa olunması barədə göstərdiyi dəlillər müddətin bərpası üçün əsas ola bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. X6rşı iş üzrə Qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də şikayətin qəbuledilənlik şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir (Luordo İtaliyaya qarşı iş üzrə 2003-cü il 17 oktyabr tarixli Qərar). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadından apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüş və iddiaçı müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməməli, apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 27, 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməsin. İddiaçı Şirvan İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli 2-1(120)-2390/2025 saylı qərardadından vermiş olduğu apellyasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar