Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-445/2024 10.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi X7, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X3 iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 16 may 2024-cü il tarixli 2-1(120)1570/2024 nömrəli qərarından cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq qərar qəbul etdi. İ.İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Ünvanlı dövlət sosial yardımın dayandırılmasının qanunsuz hesab edilərək yardımın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan ərizə ilə məhkəməyə müraciət edərək, “xx.xx.2022-ci il tarixli müraciətinə əsasən təyin olunmuş ünvanlı sosial yardımın xx.xx.2023-cü il tarixdən bərpa edilərək həmin tarixdən ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2005-ci ildə Masallı rayonu Qodman kənd sakini Amid Səmədovla xx.xx.2007-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahlarından 6 uşaqları vardır. Ailələri böyük olduğundan, gəlirləri isə normal dolanışıqlarını təmin etmədiyindən ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət etmişdir. Ailə vəziyyətləri yoxlanıldıqdan sonra ötən ilin oktyabr ayından 1 il müddətinə onlara ünvanlı yardım təyin edilmişdir. Lakin cari ilin iyun ayından ünvanlı yardım dayandırılmışdır. Halbuki həmin yardımı cari ilin oktyabr ayınadək almalı idi. Maraqlanarkən isə məlum olmuşdur ki, iyun ayında yoxlama keçirilən gün qaynına məxsus idarə etdiyi avtomobillə evlərinə həkim gətirərkən bunu görüb istifadələrində və ya mülkiyyətlərində nəqliyyat vasitəsi olması qənaətinə gəlinmişdirlər. Halbuki qaynı onun ailə tərkibinə daxil deyil, o, özü ayrı təsərrüfatdır. O isə gəlin köçdüyü evdə yaşayır. Yəni ailə vəziyyətində heç bir dəyişiklik baş verməmiş, mülkiyyətlərində və ya istifadələrində hər hansı nəqliyyat vasitəsi yoxdur. «Ünvanlı dövlət sosial yardımı haqqında» Qanunun 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Qanunvericiliyin tələbinə əsasən aztəminatlı olduğumdan ünvanlı dövlət sosial yardımı almaq hüququna malikəm. Ünvanlı yardım yalnız mənə ailə üzvlərimə hesablanmışdır. Ailə tərkibimdə heç bir dəyişiklik olmamışdır. Mülkiyyətlərində və ya istifadələrində hər hansı nəqliyyat vasitəsi yoxdur. Onlarda olmayan nəqliyyat vasitəsi əsasına görə ünvanlı yardımın dayandırılması hesab edir ki, həm hüquqlarının pozuntusu, həm də qeyd olunan Qanuna ziddr. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Qanunvericiliyə uyğun olaraq mənə ünvanlı dövlət sosial yardımının verilməsi qanunsuz dayandırıldığından həmin ünvanlı dövlət sosial yardımının verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması məhkəmə qaydasında həyata keçirilməlidir. Şirvan İnzibati Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2-1(120)-1570/2024 saylı qərarı ilə iddianın təmin olunması və İddiaçı xx.xx.2022-ci il tarixli müraciətinə əsasən təyin olunmuş ünvanlı sosial yardımın xx.xx.2023-cü il tarixdən bərpa edilərək həmin tarixdən ödənilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması haqqında qərar qəbul edilmişdir. İİ. Apellyasiya şikayətinin dəlilləri: -İddiaçı xx.xx.2022-ci il tarixdə **********809 nömrəli ərizəyə ünvanlı dövlət sosial yardımın təyin olunması ilə bağlı inzibati orqana VEMTAS üzərindən müraciət etmiş, 01 oktyabr 2022-ci tarixdən iddiaçıya ünvanlı sosial yardım təyin olunmuşdur. Lakin monitorinqin aparılması nəticəsində 16 iyun 2023-cü il tarixdən ünvanlı dövlət sosial yardımın ödənilməsi dayandırılmışdır. -Masallı rayonunun sakini tərəfindən İddiaçı ailəsinin istifadəsində VAZ-2104 markalı 90FC365 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması ilə bağlı məktub daxil olmuşdur. Həmin məktuba əsasən rəhbərlik tərəfindən Mərkəzi Filiala qeyd olunan ailəyə təyin edilmiş sosial yardımın qanunauyğunluqunun yoxlanılması tapşırığı verilmişdir. xx.xx.2023-cü il tarixdə Mərkəzi Filial tərəfindən monitorinq aparılmışdır. Monitorinq zamanı İddiaçı müraciətdə qeyd olunmuş VAZ-2104 markalı 90FC365 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qaynı X8 məxsus olduğunu, həyat yoldasının səxsi məqsədləri üçün istifadə etdiyini bildirmişdir. Həmçinin monitorinq zamanı ünvanda avtomobil ehtiyat hissələri də müşahidə olunmuşdur. -Monitorinq video çəkilişlə qeydə alınmış, müayinə zamanı əldə olunan məlumatlar akta qeyd edildikdən sonra, həmin məlumatlar İddiaçı və həyət yoldası X9 şəxsi imzası ilə təsdiqlənmişdir. İddiaçıya ünvanlanan 16 iyun 2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququ aşağıda qeyd olunan əsasa görə 1 (bir) il müddətinə məhdudlaşdırılmışdır: Ailənin istifadəsində nəqliyyat vasitəsinin olması və bunun İddiaçı və onun həyat yoldaşı A.Səmədov tərəfindən etiraf edilməsi müəyyən edilmişdir. Həmin əsasa münasibətdə iddiaçı tərəfindən ərizəbəyannamədə ailənin istifadəsində “nəqliyyat vasitəsinin’’ olmaması qevd edilsə də, monitorinq nəticəsində ailənin istifadəsində nəqliyyat vasitəsinin olduğu müəyyən edilmişdir. Bu da “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qavdaları'nın 4.3.6-cı bəndi ilə ziddiyyət təşkil edir (ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlar). Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Göstərilən əsaslara görə Şirvan İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli qərarının ləğv olunması xahiş olunur. İİİ. Proses iştirakçılarının çıxışları: Cavabeh tərəfin nümayəndəsi Rəcəbli Ayşən qızı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X16 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək bildirdi ki, onun hal-hazırda yeddi övladı vardır və İddiaçı arvadıdır. Cavabdeh tərəfin qeyd etdiyi avtomobil onun qardaşına, yəni İddiaçı qaynına məxsusdur. Anası onunla birlikdə yaşayır, onu həkimə aparıb-gətirmək üçün bəzən həmin avtomobildən istifadə edir. Bu o demək deyil ki, avtomobil ona məxsusdur. Bundan başqa avtomobilin bizə məxsus olması barədə ifadəmiz olmamışdır. İddiaçı yazıb-oxuma bilmir, bu barədə yazılan aktın məzmunundan da məlumatlı olmamış, monitorinqə gələnlərin istəyinə görə akta imza etmişdir. Göstərdiyi əsaslara görə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İV. Maddi və prosessual normalar: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi; -2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunvericilik; “Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdir. Qanun aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində qeyd olunmuşdur ki, sosial yardım almaq hüququ olan ailələr Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Qeyd olunan Qanunun 6-cı maddəsinə əsasən; -6.1. Sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. -6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 7-ci maddəsi; -7.1. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır; -7.2. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır; -7.3. Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 8.1-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. V. Apellyasiya instansiyasının məhkəmə icraatının nəticəsi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, müraciət üzrə mübahisələndirilən hallar əsassızdır, iddia tələbinin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmuşdur. Məhkəmə kollegiyası hüquqi nəticə ilə əlaqədar qeyd edir: -İddiaçı tərəfin hüquqi mənafeyi işin hallarına əsasən pozulmuşdur. Belə ki, ailənin ünvanlı dövlət sosial yardım ödənişi xx.xx.2023-cü il tarixində dayandırılmışdır. -Qeyd olunan ödənişin dayandırılmasının hüquqi əsası kimi aparılmış xx.xx.2023-cü il tarixli monitorinq nəticəsinə əsasən ailənin istifadəsində nəqliyyat vasitəsinin olması ilə əlaqədar “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları’na istinad edilmişdir. Belə ki, Masallı rayonu sakini tərəfindən İddiaçı ailəsinin istifadəsində VAZ-2104 markalı 90FC365 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması ilə bağlı daxil olmuş məktuba əsasən ailənin sosial yardım almaq hüququna yenidən baxılması məqsədilə xx.xx.2023-cü il tarixdə Mərkəzi Filial tərəfindən monitorinq aparılmışdır. Monitorinq zamanı İddiaçı müraciətdə qeyd olunmuş VAZ-2104 markalı 90FC365 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qaynı X8 məxsus olduğunu, həyat yoldasının səxsi məqsədləri üçün istifadə etdiyini bildirməsi barədə akt tərtib olunmuşdur. -Birinci instansiya məhkəməsinin araşırması ilə müəyyən olunmuşdur ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən Masallı rayonu Qodman kənd sakini X9 (iddiaçının əri) adına və etibarnamə ilə istifadəsində nəqliyyat vasitəsi qeydiyyata alınmamışdır. “VAZ 21041” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə X1 adına qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq X6 adına rəsmiləşdirilmişdir. Sözügedən nəqliyyat vasitəsinin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş alqısatqı müqavilələrinin, əlavə olaraq digər sənədlərin surəti, nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri və etibarnamə verilmiş şəxslər barədə məlumatların kompüter çıxarışı əlavə etmişdir. -Cavabdeh tərəfindən sübut kimi təqdim edilən diskə birinci instansiya məhkəməsində baxış keçirilən zaman qeyd edilən avtomobilin və iddiaçıya məxsus yaşayış sahəsində olan avtomobil hissələrinin iddiaçının ailə üzvü olmayan şəxsə, yəni X8 məxsus olduğu aşkar olunur. -İşin hallarına əsasən Masallı rayon Qodman kənd sakini xx.xx.1985-ci il təvəllüdlü İddiaçı ailə üzvləri həyat yoldaşı X17, qızı X10, oğlu X11, qızı X12, qızı X13, oğlu X18, oğlu X14, qayınanası X4r. “İnzibati icraat haqqında” Qanunun 24.2.-24.4-cü maddələrinə müvafiq olaraq inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Monitorinq zamanı müəyyən edilmiş avtomobilin iddiaçı tərəfin həyətində olması əsası ilə cavabdeh tərəfin səlahiyyəlti şəxslərinin öz mülahizəsinə əsasən İddiaçı ailə üzvlərinin istifadəsində olması kimi qiymətləndirilməsi əsas verir ki, aidiyyəti vəzifəli şəxslər öz təşəbbüsləri ilə heç bir araşdırma aparmamışlar, yalnız faktiki görünüşə görə qərar qəbul etmişlər. Halbuki ki, monitorinq zamanı da iddiaçı tərəfin avtomobilin yaxın qohumuna (iddiaçının qaynına) aid olması, yaranmış zərurətlə əlaqədar istifadə olunması barədə məlumat verməsi işin faktiki halları ilə təsdiq olunur. “Ünvanlı sosial dövlət yardımı haqqında” qanunun 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. “Yaşayış minimumu haqqında” Qanunun 1.0.9-cu maddəsi ilə müyyən edilmişdir ki, ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd nəzərdə tutulur. Qanunun 1.0.2.-ci maddəsinə əsasən isə yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Qeyd olunan Qanunun 5.1- 5.3.-cü maddələrinə görə ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əməkhaqqının minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsinin əsasım təşkil edir. Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlar ixtisassız əməklə məşğul olan işçilərinə əməkhaqqını minimum əməkhaqqı məbləğindən az olmayaraq ödəməlidir. Ölkə üzrə əməkhaqqının minimum məbləğinin, müavinətlərin, təqaüdlərin , ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddinin məbləğinin yaşayış minimumuna nisbəti hər il müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri, eləcə də iddiaçının ünvanlı dövlət sosial yardımının dayandırılmasına əsas olmuş hallar məhkəmə araşdırmasınin nəticəsi ilə tam təkzib olunmuşdur. Məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, hər hansı əmlaka müvəqqəti sahiblik və ya istifadə etmə, istifadə edənin özününkü kimi qiymətləndirilməsi tamamilə qanunsuz yanaşmadır. Monitorinq zamanı əmlak müəyyən olunmuş olsa belə, yenə də dəyərləndirmə ehtiyac meyarına uyğun aparılmalı, bu hala uyğun qərar qəbul olunmalıdır. Bu tip yanaşmaların hüquqi nəticəsi olaraq hüququ təmin olunmuş şəxslər qanuni mənafelərindən məhrum olmuş olurlar və bu da eyni zamanda əsassız məhkəmə mübahisələrinin yaranmasına şərait yaradır. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qərar qanuni və əsaslıdır, qərarın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 16 may 2024-cü il tarixli 2-1(120)1570/2024 saylı qərarı dəyişirilməsin. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-445/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-445/2024
10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver